Məhkəmə qərarları › İş №2(009)-2060/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2060/2023

15.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2060/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağcavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2005-xx.xx.2006-cı il tarixlərdə Nəqliyyat Departametində mühəndis vəzifəsində işlədiyi müddətdə cavabdeh təşkilat tərəfindən fərdi hesabının sığorta hissəsinə ödənilməmiş məcburi dövlət sosial sığorta haqqlarının AR Rəqəmsal və Nəqliyyat İnkişaf Nazirliyindən tutularaq sosial sığorta ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası, Vedi rayonu, Şirazlı kəndində anadan olmuş, daha sonra 1977-1979-cu il tarixlərdə hərbi xidmətdə olmuşdur. İlk əmək fəaliyyətinə 1981-ci il tarixdə başlamışdır. Həmin vaxtdan 2005-ci il tarixə kimi müxtəlif yerlərdə müxtəlif vəzifələrdə çalışmışdır. İşlədiyi bütün iş yerləri barədə məlumatlar, yəni qanunvericiliyə uyğun olaraq işə qəbul əmrləri və xitam əmrlərim ona aid olan BT-İ ******* №-li, xx.xx.1981-ci il tarixli əmək kitabçasında qeyd edilmişdir. Bundan əlavə, o, 2005-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəlaiyyət göstərən Nəqliyyat Departametinə mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2006-cı il tarixdə isə əmək müqaviləsinə xitam verilməklə işdən azad olunmuşdur. Belə ki, o, sözü gedən idarədə qanunvericilik çərçivəsində 10 ay çalışmışdır. Lazımi qeydlər əmək kitabçasında da ətraflı qeyd olunmuşdur. Lakin sonrdan aldığı məlumata görə işlədiyi müddətdə ona Nəqliyyat Departamenti tərəfindən dövlət sosilal sığorta şəhadətnaməsinə ödənilməli olan məcburi dövlət sosal sığorta ödənişləri hesabına köçürülməmişdir. Həmin ödənişlərin əksikliyi onun pensiya hüquqlarını məhdudlaşdırır. Belə ki, işə qəbul olunarkən onunla Nəqliyyat Departamenti arasında əmək müqaviləsi bağlanmışdır. Lakin Azərbaycan Prezidentinin 10 iyun 2003 tarixli 880 saylı sərəncamı ilə təsdiqlənmiş "Nəqliyyat Nazirliyi haqqında əsasnamə"yə müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti ləğv edilərək onun tabeçiliyindəki müəssisə və təşkilatlar əmlakı ilə birlikdə Nəqliyyat Nazirliyinə verilməsi qərara alınmışdır. Sonradan Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutularaq Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmış və müvafiq sərəncam ilə nazirliyin adı cavabdehin adı kimi dəyişdirilmişdir. Bu səbəbdən də bu mübahisə ilə bağlı öhdəliklər cavabdehə aid edilməlidir. Hüquqlarının pozulduğunu bildiyi vaxtda o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10095/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardad məcburi dövlət sosial haqlarının ödənilməsi pensiya təyinatını həyata keçirən orqanın deyil, işəgötürənin vəzifəsi olmasına və tələbin əmək hüquq münasibətlərindən irəli gələn tələb olub işəgötürənə qarşı mülki məhkəmə icraatında mübahisələndirilməli olması ilə əsaslandırılmışdır. Məhkəmə iclasında İddiaçı tələblərini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və izah etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2006-cı il tarixli 1572 nömrəli Sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin Nəqliyyat Departamenti ləğv edilərək, onun balansında olan əmlak və müəssisələr Nəqliyyat Nazirliyinin tabeliyinə verilmişdir. Qeyd edilən müəssisənin əsasında Nəqliyyat Nazirliyi tərəfindən “Bakı Sərnişin Nəqliyyat" MMC yaradılmışdır. Daha sonra qeyd edilən MMC 2012-ci ildə adını dəyişərək, “X1 Təşkili”, daha sonra isə "xxxx" MMC adlandırılmışdır. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. İddiaçının iddia tələbini aşağıda göstərilənlərə əsasən qanunsuz və əsassız hesab edir. Əvvələ, ’’Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanın uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam silinmişdir. Beləliklə, qeyd edilən qanundan da göründüyü kimi, iddiaçının (sığortaolunanların) fərdi hesabının sığorta hissəsində ödənilmədiyi müddət kimi bildirdiyi xx.xx.2005-xx.xx.2006-cı il üzrə iddia etdiyi borc silinmişdir. Onu da qeyd etmək istəyir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci (Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması) maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Beləliklə, qeyd edilən maddədən göründüyü kimi, iddiaçının 2006-cı ilin 01 yanvarındak olan dövr üzrə, o cümlədən iddiaçının işlədiyi 2005-ci il tarixdə işlədiyi oktyabr-dekabr (cəmi 3 ay) ərzində işlədiyi müddət üzrə müvafiq olaraq pensiya kapitalına çevirilərək onun fərdi hesabında nəzərə alınmalıdır. İkincisi, iddiaçının 2006-cı ilin yanvar-iyul ayları üzrə işlədiyi müddət ərzində aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqları tam olaraq ödənilmişdir. Tərəflərindən təqdim edilmiş Dövlət vergi xidmətinin elektron sistemindən çıxarılmış Cəmiyyətə aid məlumatlardan göründüyü kimi, Cəmiyyətin xx.xx.2023-cü il tarixinə Məcburi Dövlət Sosial ödənişlər üzrə hər-hansı bir borcu yoxdur, əksinə 3790,93 manat artıq ödənişi var. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan, 03 yanvar 1981-ci il tarixli BT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Nəqliyyat Departamentinin M və HT şöbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin BŞİH Nəqliyyat Departamentinin ləğv edilməsi ilə əlaqədar xx.xx.2008-ci il tarixli 1572 No-li sərəncamına uyğun olaraq Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin MA-117 saylı, 02.05.23 tarixli Arxiv arayışından görünür ki, İddiaçı iş vaxtından sonra görülən işlərə görə əvəzetmə və birdəfəlik ödənişlər istisna olmaqla, onun əməkhaqqı (əmək haqqı, aylın mükafatlar, əlavə ödənişlər və əməkhaqqına əlavələr, o cümlədən rüblük yarımillik, illik və s.mükafatlar, əlavələr və təltiflər daxil edilməklə) 2005-ci ilin oktyabr-48000, noyabr-320000, dekabr-320000, cəmi 688000 manat, 2006-cı ilin yanvar-64.00 manat, fevral-64.00 manat, mart-64.00 manat, aprel-64.00 manat, may-64.00 manat, iyun-64.0 manat 0, iyul-64.00 manat, avqust-64.00 manat, sentyabr-64.00 manat, cəmi 547.16 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin MA-118 saylı, 02.05.23 tarixli Arxiv arayışından görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı həqiqətən oktyabr 2005-ci il tarixdən Bakı şəhəri İcra Hakimiyyətinin Nəqliyyat Departamentinə işə qəbul olunmuşdur. Avqust 2006-cı il tarixədək həmin vəzifədə işləmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 10095/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, Cəmiyyətin xx.xx.2023-cü il tarixinə Məcburi Dövlət Sosial ödənişlər üzrə hər-hansı bir borcu yoxdur, əksinə 3790,93 manat artıq ödənişi var. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları göstərir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini təmin etməlidir. Əmək Məcəlləsinin 304-cü maddəsinə əsasən sosial sığorta – müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminatı formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək Məcəlləsinin 306-cı maddəsinə əsasən işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. İşəgötürənlər, həmçinin onların birlikləri işçilərin mənafelərinin təmin olunması və əmək funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, onların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək kollektivini və ya onun ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını həyata keçirə bilərlər. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci (Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması) maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Beləliklə, qeyd edilən maddədən göründüyü kimi, iddiaçının 2006-cı ilin 01 yanvarındak olan dövr üzrə, o cümlədən iddiaçının işlədiyi 2005-ci il tarixdə işlədiyi oktyabrdekabr (cəmi 3 ay) ərzində işlədiyi müddət üzrə müvafiq olaraq pensiya kapitalına çevirilərək onun fərdi hesabında nəzərə alınmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, ’’Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanın uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam silinmişdir. Beləliklə, qeyd edilən qanundan da göründüyü kimi, iddiaçının (sığortaolunanların) fərdi hesabının sığorta hissəsində ödənilmədiyi müddət kimi bildirdiyi xx.xx.2005-xx.xx.2006-cı il üzrə iddia etdiyi borc silinmişdir. İddiaçının 2006-cı ilin yanvar-iyul ayları üzrə işlədiyi müddət ərzində aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqları tam olaraq ödənilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi”tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar