Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-207/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 750 manat son haqq-hesabının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 18 iyul 2022-ci il tarixdən Bakı şəhəri, Xətai rayonunun 8 noyabr küçəsində yerləşən Yeni Həyatın binasında olan meqafonda mühafizəçi işinə qəbul edilmişdir. Onun aylıq əmək haqqı 500 manat olmuşdur. 2022-ci ilin sentyabr ayında işlədiyi qurum ləğv edilmiş və o, cavabdehin əmri ilə işdən azad edilmişdir. Lakin cavabdeh onu işdən azad etsə də, nə əmrin surətini, nə onun əmək kitabçasını, nə də onun son haqqhesabını ödəməmişdir. O, 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda başlamış döyüşlərdə iştirak etmiş və psixi pozuntulara məruz qalmış və ona “Postkommotsion sindrom” F07.2 diaqnozu təyin edilmişdir. O, Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyinin üzvüdür. Bütün bunlara baxmayaraq, cavabdeh ona verməli olduğu 750 manat son haqq-hesabı ödəməkdən boyun qaçırır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilən hazırlıq iclasında iddiaçı X2 iddianı müdafiə edərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti onu işə götürən zaman onunla rəsmi qaydada əmək müqaviləsi bağlamamış, onunla xidməti müqavilə bağlamış, ona bildirmişlər ki, o, işə başladıqdan sonra onunla əmək müqaviləsi bağlanacaqdır. Lakin sonra da onunla əmək müqaviləsi bağlamamışlar. O, cavabdehə əmək kitabçasını təqdim etməmişdir və orada heç bir qeydiyyat aparılmamışdır, əmək kitabçası onun özündədir. Bir ay yarım işlədikdən sonra onu və onunla birlikdə digər işçiləri işdən çıxardılar və onlara aid bütün sənədləri götürüb getdilər. O vaxtdan bugünədək, cavabdehdən heç bir xəbər ala bilməmişdir. Məhkəmə iclasında iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli, 13908 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli “Postkommotsion sindrom”. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş silkələnməsindən sonrakı vegetetiv damar davamsızlığı. Sol alın nahiyyəsinin dətialtı qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozu qoyulmuşdur. İş materiallarında olan 76027 nömrəli Azərbaycan Vətən müharibəsi veteranları ictimai birliyinin vəsiqəsindən görünür ki, İddiaçı AVMVİB-nin üzvüdür. İş materiallarında olan 12993 nömrəli Azərbaycan Respublikası “X3” ictimai birliyinin vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyinin üzvüdür. İş materiallarında olan AA******* xxxxxxx şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən əmək müqavifəsi yazılı formada bağlanır. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfı işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qanunun yuxarıda qeyd olunan tələblərinə zidd olaraq iddiaçı iddia tələbini təsdiq edən sübutları təqdim etmədi. Onun dəlilləri əsassızdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsassızdır və ona görə də, təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında (prosesində) tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-207/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-207/2023
16.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver