Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2076/2021 11.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, iddiaçı X2 və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, iddiaçı X2 - cavabdeh "xxxx" QSC-yə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 3-cü şəxs qismində göstərilməklə) qarşı «əmrin ləğv ediməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişinin həyata keçirilməsi və mənəvi zərər» tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 - cavabdeh "xxxx" QSC-yə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 3-cü şəxs qismində göstərilməklə) qarşı «əmrin ləğv ediməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişinin həyata keçirilməsi və mənəvi zərər» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi və 50.000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ilin sentyabr ayından etibarən AZTV-nin “Azərbaycan radiosunda” müxbir işçi kimi əmək fəaliyyətinə başlamışdır. 2013-cü ildən qurumun “Uşaq, gənclik və maarifçilik” baş redaksiyasının redaktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. 19 oktyabr 2020-ci il tarixdə cavabdeh qurumun rəhbərinin 491 №li əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əsassız və qanunsuz olaraq işdən azad edilmişdir. İddiaçının çalışdığı iş yeri onun və ailəsinin yeganə gəlir mənbəyidir. Cavabdeh dövlət şirkəti olaraq hər il dövlət büdcəsindən maliyyələşir. Cavabdehin gəlirləri dövlət büdcəsindən ayrılan vəsaitdən başqa, kommersiya fəaliyyətindən əldə edilən vəsaitlərdən, qrantlardan və digər fəaliyyət növlərindən əldə edilən vəsaitlər hesabına formalaşır. Odur ki, işçini ixtisaretmə vacibliyinə münasibətdə cavabdehin əmlak vəziyyətinin pisləşməsi haqqında düşünmək mümkünsüz olar. Bu da ona dəlalət edir ki, cavabdeh tərəfindən ixtisar əsası ilə iddiaçının işdən azad edilməsi üçün heç bir real əsas olmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, 24 iyul 2020-ci il tarixdə cavabdeh qurumun rəhbərinə iddiaçının tutduğu vəzifəsinin ixtisar edilməsi ilə əlaqədar təqdimat daxil olmuşdur. X3 göndərilmişdir. Həmkarlar İttifaqı 08 avqust 2020-ci il tarixdə bununla bağlı iclas keçirmiş və təqdimatın təmin olunmasına etiraz olunmamışdır. Daha sonra iddiaçı 17 avqust 2020-ci il tarixdə rəsmi qaydada bu barədə xəbərdar edilmişdir. İddiaçı işdən azad olunduqdan sonra əmri və əmək kitabçasını almaq üçün gəlməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: 2346 nömrəli Əmək müqaviləsinin surətindən görünür ki, X4 “Uşaq və Gənclik verilişləri” baş redaksiyasında redaktor vəzifəsinə təyin edilmişdir. 24.07.2020-ci il tarixli təqdimatdan görünür ki, “Uşaq, Gənclik və Maarifçilik” baş redaksiyasının işçi saylarının çoxluğu nəzərə alınaraq 1 ədəd ştat vahidinin ixtisar olunması xahiş olunmuşdur. Həmkarlar İttifaqının 10.08.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Həmkarlar İttifaqı Komitəsinin üzvləri X1 tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar əmək müqaviləsinin ləğv olunmasına etiraz etmir. "xxxx" QSC-nin rəhbərinin 19.10.2020-ci il tarixli, 491 k/d nömrəli əmrindən görünür ki, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 2006-cı il tarixli əmək müqaviləsinə əsasən iddiaçı «Azərbaycan radiosunda» müxbir işçi vəzifəsinə qəbul edilmişdir. Daha sonra iddiaçı cavabdeh qurumun müvafiq əmri ilə “Uşaq və Gənclik verilişləri” baş redaksiyasında redaktor vəzifəsinə təyin edilmişdir. İddiaçının vəzifə ştatının ixtisarı ilə bağlı cavabdeh qurumun rəhbərinə təqdimat ünvanlandıqdan sonra baxılması üçün Həmkarlar İttifaqına göndərilmişdir. Həmkarlar İttifaqı Komitəsinin üzvləri keçirdikləri iclasda iddiaçının əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmiş və bu barədə cavabdeh qurumun rəhbərliyi məlumatlandırılmışdır. Bundan sonra iddiaçı işdən azad olunacağı ilə bağlı məlumatlandırılmış və "xxxx" QSC-nin 19 oktyabr 2020-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “ə” bəndinə əsasən işəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77-ci maddəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə: orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, o, ştatların ixtisarı həyata keçirilərkən onun yeganə gəlir mənbəyi olan iş yerinin itirilməsinə istinad edərək, onun əmək müqaviləsinin ləğv edilməsini Əmək Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirmişdir. Məhkəmə iddiaçının bu dəlillərini də əsassız hesab edir. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Qeyd olunan maddənin məzmunundan da görünür ki, qanunvericilik işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, şəxslərin işdə saxlanılma üstünlüyü hüququnu işəgötürənin seçim etmək imkanı və hüququ ilə əlaqələndirmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə aparılmış araşdırma zamanı Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair 19.10.2020-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsaslarla ləğv edildiyindən, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən asılıdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə hissəsi də rədd edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin mənəvi ziyanın əvəzi kimi 50.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Az. Resp. Əmək Məcəlləsinin 290-cı maddəsinin qeydində nəzərdə tutulmuşdur ki, bu maddənin 3-cü hissəsində işçiyə vurulmuş «mənəvi ziyan» dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya münasibətdə hərəkətlərində yuxarıda qeyd edilən halların mövcudluğu sübuta yetirilmədiyindən, bu hissədə də iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 - cavabdeh "xxxx" QSC-yə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 3-cü şəxs qismində göstərilməklə) qarşı «əmrin ləğv ediməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişinin həyata keçirilməsi və mənəvi zərərin ödənilməsi» tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2076/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2076/2021
11.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver