Məhkəmə qərarları › İş №2(009)-2083/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2083/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2083/2025 10.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı olan fiziki şəxs İddiaçı Cavabdeh dəyəri 630 manat olan mətbəx 210 manat ilkin ödəniş ödəyərək 6 ay müddətinə, hər ay 105 manat ödəmək şərti ilə satılmışdır. Cavabdeh qeyd edilmiş müqavilənin şərtlərini pozaraq, heç bir ödəniş etməmişdir, ümumi məbləğini bu günədək ödəməmişdir. Ona edilmiş xəbərdarlıqlara baxmayaraq, bu günədək ödəniş etməmişdir. Hazırda cavabdehin ödəmədiyi 630 manat, həmçinin ödənişi gecikdirdiyi hər gün üçün cəmi 113 manat borcu vardır. xx.xx.2025-ci il tarixli nisyə alqısatqı müqaviləsinin 2.1.1-ci maddəsinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək, ödəniş cədvəli ilə müəyyən edilmiş ödənişlər “Alıcı” tərəfindən 30 təqvim günündən artıq müddət ərzində ödənilmədikdə və ya müqavilə müddəti ərzində 2 dəfədən çox gecikdirildikdə müqavilə üzrə bütün qalıq borcu tələb edə bilər. Həmin müqavilənin 2.4.3-cü maddəsinə əsasən “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5% həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. Göstərilənləri nəzərə alaraq iddiaçı 630 manat pulun, 110 günün cəriməsi (dəbbə pulu) 113 manat və ödənilmiş dövlət rüsumu olan 30 manat , cəmi toplam 773 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“Bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə fiziki şəxs (VÖEN 1********) İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 13 mart 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh mətbəx mebeli 6 ay müddətinə ödənilmək şərti ilə (ayda 105 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 630 manat (210 manat ilkin ödəniş edilməklə) təşkil edir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli təklifin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən ona 525 manat məbləğində pul borcludur. Həmçinin həmin müqavilənin 2.4.3-cü maddəsinə əsasən “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5% həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. Cavabdeh aralarında olan razılaşmanın şərtlərinə əməl etmir, nəticədə aralarında bağlanmış müqavilənin şərtləri pozulur. Aralarında olan müqavilənin ləğv edilməsini və Cavabdeh ona borclu olduğu 525 manat pulu 15 gün müddətində qaytarmasını təklif etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 630 manat (210 manat ilkin ödəniş edilməklə) məbləğində olan mətbəx mebeli Cavabdeh 6 ay müddətinə, hər ay 105 manat ödəmək şərti ilə satılmış və həmin əmlak cavabdehə təhvil verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə şərtləri, yəni hər ay ödənilməli olan pul məbləği ödənilməmiş və nəticədə cavabdehin ödənilməmiş borcu yaranmışdır. İddiaçı cavabdeh tərəfindən öhdəliyinin icra edilməməsi ilə əlaqədar müqavilə üzrə ödənilməmiş qalan 525 manat borcun 15 gün müddətində qaytarılmasına dair cavabdehə təklif göndərmiş, lakin cavabdeh həmin məbləği ödəmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin məhkəmə iddiaçının iddia ərizəsində cavabdeh tərəfindən ödənilməyən məbləğin 630 manat təşkil etməsini bildirərək həmin həddə tələb irəli sürsə də, cavabdehə göndərdiyi təklifində (pretenziya) ödənilməyən məbləğin 525 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə yaranmış borcun məbləğinin həmin həddə olması nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi yaranmış borcun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 525 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb qismən təmin edilməlidir. Müqavilə şərtinin 2.4.3-cü bəndində “Alıcı”nın borcun ödənilməsinin gecikdirdiyi halında gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5%-i həddində cərimə öhdəliyi daşıması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən icarəyə götürülmüş əmlakın alqı-satqı qiymətini, ödənilməmiş qalmış borcun və hesablanmış cərimənin əmlakın qiymətinə və ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə cərimə pulu 40 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar yaranmış 525 manat borc, 40 manat cərimə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 595 (beş yüz doxsan beş) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar