Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2084/2025 07.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ondan borc pul istəmişdir. O, da ona inanıb "xxxx"da olan depozit hesabından 10.000 manat pul vermişdir. Razılığa əsasən həmin pulu ona 2-3 ay mddətində qaytarmalı idi. O, pulu cavabdehə 2024-cü ilin may-iyun aylarında vermişdir. Sonradan o, pulunu ondan bir neçə dəfə tələb etmiş, cavabdeh isə müxtəlif bəhanələr gətirməklə onun pulunu vermir. Ona görə də o, iddia qaldırmalı olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 10.000 manat pulunu və ödədiyi dövlət rüsumunu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, bankdan götürülən 10.000 manat krediti Samirə vermiş, Samir bir neçə ay ödəniş etdikdən sonra ödənişi həyata keçirməmiş və məcbur olub banka 7093 manat ödəniş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, bankdan götürülən 10.000 manatın təxminən 3.000 manata yaxın hissəsi onun tərəfindən ödənilmiş, lakin sonra ödənişləri edə bilməmişdir. İddiaçıya 7093 manat borcunun olmasını etiraf edir, növbəti aydan borcu hissə-hissə ödəyəcək. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh hesabına 7093 manat məbləğində pul mədaxil edilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, o, 2024-cü ildə "xxxx" QSC-də depozit hesabından onun əvəzinə ödədiyi 10.000 manat pulu xx.xx.2025-ci ilə qədər ödəməsini xahiş etmişdir. Əks təqdirdə məhkəməyə müraciət edəcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında pulun verilməsinə dair şifahi qaydada borc müqaviləsi bağlanılmışdır. Tərəflər 10.000 manat məbləğində bankdan götürülən pulun cavabdeh tərəfindən aylıq ödəniş həyata keçirilməklə ödənilməsi barədə razılığa gəlmiş, cavabdeh bir müddət bank qarşısında olan öhdəliyi icra etsə də, onun 7093 manat borc mövcud olmuşdur və həmin borc iddiaçı tərəfindən qarşılamış "xxxx" QSC-nin hesabına keçirilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bu səbəbdən iddiaçı cavabdehdən 10000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Məhkəmə cavabdehin şifahi borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 10.000 manat borc pul verməsini iddia etsədə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı yalnız "xxxx" QSC-yə 7093 manat məbləğində pul vəsaiti mədaxil etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən,iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 7.093 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 90,93 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 7.093 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90,93 manat, cəmi 7.183,93 (yeddi min yüz səksən üç manat, doxsan üç qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2084/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2084/2025
07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver