Məhkəmə qərarları › İş №2(009)-2086/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2086/2025

25.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2086/2025 25.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdehlə xx.xx.2000-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2004-cü il təvəllüdlü X1 adlı uşaqları var. Cavabdehlə aralarında bağlanmış rəsmi nikah Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17.012025-ci il tarixli, e-2(009)-104/2025 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. O, xx.xx.2015-ci il tarixdə şəxsi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,045 ha olan torpaq sahəsini iş üzrə cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh hədiyyə etmişdir. Göstərilən torpaq sahəsinin üzərində birgə nikah dövründə 2 mərtəbə və bir mansardan ibarət fərdi yaşayış evi tikilmişdir. Torpaq sahəsini iş üzrə cavabdehə hədiyyə etsə də, torpaq sahəsinin üzərində olan ev ona hədiyyə edilməmişdir. 2016-cı ildə tikilən evdə təmin işlərini o, yekunlaşdırmışdır və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Aralarında olan nikah rəsmi qaydada ləğv edildikdən sonra da o, göstərilən ünvanda yerləşən torpaq sahəsinin üzərində tərəfindən inşa edilmiş fərdi yaşayış evində 2025-ci ilin 07 ayına qədər yaşamışdır. Onun bütün şəxsi əşyaları bu evdədir. Bu yaxınlarda cavabdeh birgə nikah dövründə tikib ərsə gətirdiyi fərdi yaşayış evinin qapılarını bağlamış, yəni qapının qıfılını dəyişmiş və onu evə qoymamışdır. Bu ev birgə nikah dövründə olsa da belə onun vəsaiti hesabına tikilmiş və təmir edilmişdir. Cavabdehin bu evin tikintisində heç bir iştirakı olmamışdır. Qapıları qıfılını dəyişib bağladıqdan sonra açılmasını cavabdehdən xahiş etsə də, heç bir müsbət nəticə ilə qarşılaşmamışdır. Bu səbəbdən o, məcburiyyət nəticəsində məhkəməyə müraciət edəsi olmuşdur. O, birgə nikah dövründə tikilən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadığından və birgə təsərrüfat apardığından Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123-cü maddəsinə əsasən mübahisəli evə istifadə hüququ əldə etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onu ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,045 ha olan torpaq sahəsi üzərində Cavabdeh ilə birgə nikah dövründə tikdirdikləri 2 mərtəbə və bir mansardan ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, torpaq sahəsində olan tikili onun vəsaiti hesabına 2016-cı ildə tikilib. Cavabdehin həmin tikilini tikməyə heç bir maddi imkanı olmayıb. Qeydiyyatda olduğu mənzil isə valideyninə məxsus olmuş, 9 nəfər qeydiyyatda olan şəxs var, qardaşı, bacısı və ailə üzvləri də orada qeydiyyatdadır. O, evdən könüllü çıxmamışdır, qıfıl dəyişdirilmiş və onun evdə yaşamasına maneçilik törədilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı iddia ərizəsi verilənə qədər mübahisəli evdə yaşayıb. 2017-ci ildən 2025-ci ilə qədər iddiaçı o evdə yaşayıb. Bunu təsdiq edən aktı məhkəməyə təqdim etmişlər. İddiaçının həmin mənzildə yaşamaması cavabdeh tərəfindən qıfılın dəyişdirilməsi və onun evə buraxılmaması olmuşdur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, ev hüquqi statusuna görə özbaşına tikilidir. Torpaq sahəsi əvəzsiz olaraq iddiaçı tərəfindən cavabdehə bağışlanmışdır. Tikili də həmin torpaq sahəsi üzərində inşa edilmişdir. Vəsaiti cavabdeh çəkmişdir. Tərəflərin nikahı pozulmuş, iddiaçı hətta onlar tərəfindən məhkəməyə nikahın pozulması ilə bağlı iddia verilərkən mediasiya prosesində evdən çıxıb getmişdir. Barışıq üçün verilən vaxt ərzində də barışıq əldə olunmamışdır. Cavabdeh iddiaçının həmin evdə yaşamasına razı deyil, ailə münasibətləri pozulmuşdur, birgə yaşayış mümkün deyil. İddiaçının yaşamaq üçün qeydiyyatda olduğu mənzil var. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerlşən ümumi sahəsi 0,045 ha olan torpaq sahəsini Cavabdeh bağışlamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən ünvan 1ndə yerləşən 0,045 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-104/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2000-ci il tarixdə 969 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, sahə 744G ünvanında yerləşən 0,0441 ha yaşayış məntəqələrinin torpaq sahəsi, ünvan 4 ünvanında yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaq sahəsi Cavabdeh ilə İddiaçı birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilmiş və həmin əmlakın ½ hissəsinə Cavabdeh mülkiyyət hüquqları müəyyən edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh Elmar qızı nikahı Səbail rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 46 No ilə qeyd edilmişdir. İş üzrə Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı “evə köçürmə və yaşayış hüququnun təmin edilməsi” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 11.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2000-ci il tarixdə rəsmi nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü Murad və xx.xx.2004cü il təvəllüdlü Kamran adlı uşaqları anadan olmuşdur. Cavabdeh nikahın pozulması və əmlak tələbi barədə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, sahə 744G ünvanında yerləşən 0,0441 ha yaşayış məntəqələrinin torpaq sahəsi, ünvan 4 ünvanında yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaq sahəsi Cavabdeh ilə İddiaçı birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilmiş və həmin əmlakın ½ hissəsinə Cavabdeh mülkiyyət hüquqları müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,045 ha olan torpaq sahəsi 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli bağışlanma müqaviləsinə əsasən Cavabdeh bağışlanmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının köçmək istədiyi tikili cavabdehə bağışladığı torpaq sahəsində yerləşir və hüquqi statusuna görə özbaşına tikilidir. İddiaçı tərəfdən irəli sürülən tələbdən görünür ki, o, xx.xx.2015-ci il tarixdə şəxsi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,045 ha olan torpaq sahəsini iş üzrə cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh hədiyyə etmişdir. Göstərilən torpaq sahəsinin üzərində birgə nikah dövründə 2 mərtəbə və bir mansardan ibarət fərdi yaşayış evi tikilmişdir. Torpaq sahəsini iş üzrə cavabdehə hədiyyə etsə də, torpaq sahəsinin üzərində olan ev ona hədiyyə edilməmişdir. 2016-cı ildə tikilən evdə təmin işlərini o, yekunlaşdırmışdır və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Aralarında olan nikah rəsmi qaydada ləğv edildikdən sonra da o, göstərilən ünvanda yerləşən torpaq sahəsinin üzərində tərəfindən inşa edilmiş fərdi yaşayış evində 2025-ci ilin 07 ayına qədər yaşamışdır. Onun bütün şəxsi əşyaları bu evdədir. Bu yaxınlarda cavabdeh birgə nikah dövründə tikib ərsə gətirdiyi fərdi yaşayış evinin qapılarını bağlamış, yəni qapının qıfılını dəyişmiş və onu evə qoymamışdır. Bu ev birgə nikah dövründə olsa da belə onun vəsaiti hesabına tikilmiş və təmir edilmişdir. Cavabdehin bu evin tikintisində heç bir iştirakı olmamışdır. Qapıları qıfılını dəyişib bağladıqdan sonra açılmasını cavabdehdən xahiş etsə də, heç bir müsbət nəticə ilə qarşılaşmamışdır.Bu səbəbdən iddiaçı onu ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,045 ha olan torpaq sahəsi üzərində Cavabdeh ilə birgə nikah dövründə tikdirdikləri 2 mərtəbə və bir mansardan ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ— subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və onun subyekti qismində bir və ya bir neçə şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə bu münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Mülki Məcəllənin bağışlama haqqında müddəalarından həmçinin görünür ki, bağışalma müqaviləsi hər hansı şərtlərdən və ya öhdəliklərdən asılı edilə bilər. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Məhkəmə qeyd ki, tərəflər arasında torpaq sahəsinə dair bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, bağışlama müqaviləsi nəticəsində bağışlayan şəxsin əmlak üzərində olan mülkiyyət hüquqları (istifadə, sahiblik və sərəncam) itirilmiş olur. İddiaçı tələbinin əsası kimi cavabdehə bağışladığı torpaq sahəsi üzərində birgə nikah dövründə olduğu müddət ərzində mübahisəli tikilinin inşa etmələrini, nikah pozulanadək həmin tikilidə yaşamasına istinad etmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi isə həmin tikilinin cavabdehin vəsaiti hesabına inşa edildiyini, cavabdehin iddiaçının həmin tikiliyə köçürülməsinə razı olmadığını, birgə yaşayışın mümkün olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, tikili özbaşına tikili olduğundan, şəxsin həmin tikilidə yaşaması istifadə hüququnun yaranmasına səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qanunun göstərilən tələblərindən göründüyü kimi daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalı və yalnız qeydiyyata alınmış mülkiyyət hüquqların müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının 4.11-ci bəndindən görünür ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ərarvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarınında izah olunmuşdur ki: 3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 5.13. Qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları əsasında həmin anı mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildirsə mülki işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəmə Mülki Prosessual Məcəllənin 14.1 və 167.1-ci maddələrinə əsasən bu məsələni tərəflərlə müzakirə etməli, 77.3-cü maddəsinə əsasən sübutetmə yükünə uyğun olaraq tərəflərə müvafiq sübutları təqdim etməyi təklif etməlidir. İddiaçı iddia tələbini əsaslandırmaq üçün Ali Məhkəmənin Plenumunun yuxarıdakı Qərarının 4.4-cü bəndinə istinad edərək göstərir ki, qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Məhkəmə araşdırması zamanı hər bir tərəf mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi üzərində mövcud olan mübahisəli tikilinin öz vəsaiti hesabına inşa etdiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, bu hal ayrıca məhkəmə mübahisəsinin predmeti olaraq araşdırılmalıdır. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri). Məhkəmə iddiaçı tərəfindən bağışlanan, bununla da daşınmaz əmlak üzərində mövcud olan istifadə, sahiblik və sərəncam hüququnu könüllü olaraq cavabdehə verən iddiaçının həmin torpaq sahəsi üzərində inşa edilmiş statusuna görə özbaşına hesab edilən tikiliyə köçürülməsinə cavabdehin razı olmamasını, tərəflər arasında nikahın pozulmasını, bununla da birgə yaşayışın mümkün olmamasını, nikah pozulanadək həmin tikilidə yaşaması halının iddiaçının mənzilə köçürülməsinin hüquqi əsası kimi qiymətləndirilməli olmamasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı onu ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,045 ha olan torpaq sahəsi üzərində Cavabdeh ilə birgə nikah dövründə tikdirdikləri 2 mərtəbə və bir mansardan ibarət fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar