Məhkəmə qərarları › İş №2(009)-2088/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2088/2024

20.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2088/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “qeydiyyatın bərpası” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “qeydiyyatın bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların qeydiyyatının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 fevral 2011-ci il tarixli, 2(009)-232/2011 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2, X1 və İddiaçı4 Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, 112 saylı evə olan qeydiyyatlarının ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli, 2(103)- 5255/2015 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2, X4 və İddiaçı4 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 fevral 2011ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı X3 cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2, X2 və İddiaçı4 və maraqlı şəxs Səbail rayon Polis İdarəsinə qarşı yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda iddiaçılar onların qeydiyyatının bərpa edilməsini, başqa sözlə, inzibati - dövlət orqanının üzərinə vəzifə qoyulmasını xahiş edirlər. Hesab edir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterli olduğundan, iddiaya ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “qeydiyyatın bərpası” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmalı və həmin iddia tələbi ilə onların müvafiq polis orqanına, polis orqanı imtina edildiyi halda isə həmin orqanın hərəkətindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “qeydiyyatın bərpası” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. İddiaçılara izah edilsin ki, qeydiyyatın bərpası ilə bağlı müvafiq polis orqanına, imtina edildiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət edə bilərlər. Məhkəməyə müraciət etmək üçün İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar