Məhkəmə qərarları › İş №2(009)-2104/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2104/2022

25.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2104/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə arasında xx.xx.2022-ci ildə, 1318 reyestr nömrəsi ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ümumi tanışlıq münasibətləri var. O ipoteka ilə ev almaq istəyirdi. Lakin, əmək haqqı bunun üçün kifayət deyildi. Onun da daimi iş yeri və stabil maaşı olduğu üçün, ondan xahiş etdi ki, görünüş olaraq nikaha girsinlər ki, aylıq gəlirləri çox görünsün və bununla da qısa müddətli ipoteka ala bilsinlər. Onlar birlikdə gedib Bakı nikah evində xx.xx.2022-ci ildə nikaha daxil oldular. Lakin, keçən ay cavabdeh bildirdi ki, ipoteka növbəsinə dayanmaq mümkün olmayıb və ipoteka almaq alınmır. Hesab edir ki, nikahları formal xarakterli olduğundan, etibarsız hesab edilməlidir. İddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. (Mediasiya prosesinə dair arayış ərizəyə əlavə edilir) Ailə Məcəlləsinin 5.1 -ci maddəsinə görə, tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Cavabdeh ilə arasında xx.xx.2022-ci ildə, 1318 reyestr nömrəsi ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etdiyini, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin iddianı etiraf etməsinə də hüquqi qiymət verməklə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Səadət Sarayının qeydiyyat şöbəsində nikahın bağlanmasına dair 1318 sayı ilə qeyd aparılmış və iddiaçıya “Dadaşzadə” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı cavabdehlə birlikdə deyil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim etdiyi yazılı ərizədə nikahın etibarsız hesab edilməsinə dair iddianı etiraf etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə görə isə, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa, nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız hesab edilməsini tələb edə bilər. Qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda, həmçinin tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda isə nikahın etibarsız sayılması bu institutun mahiyyətindən irəli gəlir, çünkü həm Azərbaycan Respublikası Konstitusiyasının 34.2-ci maddəsinə, həm İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin 16.2-ci maddəsinə, həm də Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə qeydiyyata alınan könüllü ittifaqıdır və heç kəs zorla evləndirilə bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər əslində ailə qurmaq niyyəti olmadan evlənmiş və nikahlarını formal olaraq qeyd etdirmişlər. Bununla belə, onlar faktiki olaraq birlikdə yaşamamış, toy mərasimi keçirilməmiş və ümumiyyətlə ailə münasibətlərində olub birgə təsərrüfat aparmamışlar. Beləliklə, tərəflərin ailə qurmaq niyyəti olmadan nikaha daxil olmaları faktı məhkəmə iclasında müəyyən olunmuşdur. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil nikahın etibarsızlığı iddiasını yazılı ərizə verməklə etiraf etməsini, onun iddiaçı ilə ailə qurmaq niyyəti olmadan nikaha daxil olmasının təsdiqi kimi qiymətləndirərək məhkəmə, nikahın etibarsız sayılması tələbini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci ildə, 1318 reyestr nömrəsi ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar