Məhkəmə qərarları › İş №2(009)-2107/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2107/2024

25.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2107/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçı Bəylərov Nazı̇ m Aslan oğlunun, cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə3, İddiaçı Bəylərov Nazı̇ m Aslan oğlunun cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı əmrin ləğvi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bəylərov Nazı̇ m Aslan oğlu cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tutduğu vəzifədən AR Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə azad olunması barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onu tutuduğu vəzifəyə bərpa olunması, tutuduğu vəzifədən azad olunduğu vaxtdan faktiki işə bərpa olunacağı vaxtadək ona hesablanmalı olan əmək haqqının və tərəfindən mediasiya sessiyasında ödənilən 55 manat rüsumun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərpoçt MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə o, tutduğu vəzifədən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən azad olmuş və onunla olan əmək müqaviləsi ləğv edilib. Qeyd edilən əmrin verilməsinə əsas X3 Daxili Nəzarət Departamenti tərəfindən aparılmış yoxlamanın nəticələri göstərilmişdir. Daxili Nəzarət Departamentinin aktına əsasən aparılmış yoxlama nəticəsində aşkar olunan hallar aşağıdakılardan ibarət olmuşdur: 1. 4860 manat nağd pul əskikliyi müəyyən edilmişdir. 2. PÖN üzrə 5892,70 manat qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. 3. Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 manat çatışmamazlıq aşkar edilmişdir 4. Azərcell danışıq kartları üzrə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Yuxarıda qeyd etdiyi kimi cavabdeh onu AR Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad etməklə səbəb kimi yuxarıdakıları əsas gətirmişdir. Hesab edir ki, qeyd edilən hallara istinad etməklə onun işdən azad olunması qanunsuz və əsassız olmuşdur. Belə ki, işdən azad olma əmrində istinad olunan hallarla bağlı məqamları aşağıda qeyd edir. 4860 manat nəgd pul əksikliyi barədə. Məlumat üçün bildirir ki, həqiqətən də yoxlama aparılan zaman xəzinədə qeyd edilən məbləğdə pul əskikliyi olmuşdur. Səbəbi o olmuşdur ki, o, poçtun dövriyyəsini artırmaq və nəticə olaraq daha çox mənfəət vermək üçün vergi və s. ödənişlərini rəhbərlik etdiyi poçt vasitəsilə aparılması məqsədilə bir neçə sahibkarı cəlb etmişdir. Həmin sahibkarlar qeyd etdiyi ödənişlərini rəhbərlik etdiyi poçt vasitəsilə edirdilər. Hansı ki, onlar bunu elektron ödəniş sistemləri və ya banklar vasitəsilə də edə bilərdilər. Sırf şəxsi əlaqələri nəticəsində onlar bu ödənişlərini rəhbərlik etdiyi poçt vasitəsilə edirdilər. Ödəniş etdikləri müddətdə təxminən 1 310 000 manat həcmində ödənişlər edilmişdir ki, bunların da nəticəsində Azərpoçt MMC-yə təxmini 5000-6000 manat məbləğində mənfəət verilmişdir. Qeyd etdiyi sahibkarlar ödənişləri barədə ona bildirdikdə, o onların ödənişlərini edir və sahibkarların ona verdikləri kartdakı vəsaitlərindən silirdi. Sonuncu ödənişləri zamanı (may 2024-də) adəti üzrə poçt vasitəsilə onların 4860 manat məbləğində ödənişləri edildi, lakin kartlarında problem olduğu üçün həmin vəsaiti kartdan silə bimədi və kart problemlərini həll etmələri müəyyən müddət çəkdi. Poçt filialı üçün vacib müştəri olduqları üçün o onlara dərhal pulu ödəmələrini tələb edə bilmədi və kartda olan problemin tez bir zamanda aradan qalxacağını, bu səbəbdən gözləməyi xahiş etdilər. Yoxlama da bu dövrə tasədüf etdiyi üçün bu fakt pozuntu kimi qəbul edildi. Bu irad ona bildirilən kimi, o, sahibkarlara bunu bildirdi və onlar onun şəxsi kartına bu vəsaiti göndərdilər, o da öz növbəsində həmin vəsaiti məxaric edərək dərhal poçtun kassasına ödədi. Göründüyü kimi, bu pozuntu halında onun məqsədi oğurluq, mənimsəmə və s. kimi şəxsi maraq güdən hal olmamışdır. Sadəcə olaraq, qeyd etdiyi kartda yaranmış problem səbəbindən gecikmənin yaranması olmuşdur. 2. PÖN üzrə 5892,70 manat qalıq olduğu halda göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Bu halın mahiyyəti ondan ibarətdir ki, yoxlama zamanı sistem üzrə 5892,70 manatlıq zərfin poçtda olduğu (istifadə edilmədiyi) görünsə də, onların faktiki olaraq yerində olmadığı qeyd edilmişdir. Lakin faktiki olaraq bildirmək istəyir ki, qeyd edilən zərflərin sistemdə qalıq kimi görünməsi texniki səhvdir. Faktiki olaraq qeyd edilən məbləğdə zərflər poçt tərəfindən işlənmiş və əldə olunan vəsaitləri də ümumi qaydada (müəssisə-təşkilatlar tərəfindən köçürmə qaydasında) ödənilmişdir. Bu zərflər 2019-2021ci illər ərzində Kəlbəcər rayon DYP idarəsi və Kəlbəcər rayon icra hakimiyyəti tərəfindən sifariş olunmuş, işlənmiş və köçürmələri də edilmişdir. Hər birində 60 ədəd olmaqla 115 reyestr tərtib edilmiş və xidmət üzrə göndərişlər çatdırılmışdır. Bu zərflərin Azərpoçtun sistemində qalıq kimi görünməsi texniki haldır. Bu halda yenə də onun şəxsi bir marağı, məsuliyyətsizliyi və s. kimi təqsirli hərəkətləri yoxdur. Əsas odur ki, qeyd edilən texniki faktın sənədlərlə elə olmadığı öz təsdiqini tapır və texniki halın digər sənəd-sübutlarla öz təsdiqini tapmadığı halda onun günahlandırılması əsassızdır. Texnikada hər bir səhvlik ola bilər. Lakin bunu digər yanakı hallarla müəyyən etməyə inkan varsa, faktiki hal araşdırılmalıdır. Primitiv olaraq texnikaya əsaslanmaqla yekun nəticəyə gəlmək əsassızıdr. Məlumat üçün bildirir ki, o, təsdiqedici sənədləri yoxlama zamanı təqdim etmişdir. Lakin onlar həmin dövrün məlumatlarının arxivlə yoxlanılmasının mümkün olmadığını əsas gətirərək, həmin sənədlərin üzləşdirilməsi, müəyyən edilməsini araşdırmadılar. Primitiv olaraq texnikanın məlumatlarına əsaslandılar. Eyni zamanda bildirir ki, bu hal 2020-ci ildə Azərpoçt MMC tərəfindən rəhbərlik etdiyi poçt şöbəsində yoxlama aparılarkən pozuntu kimi qeyd edilməmişdir. 3. Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 manat çatışmamazlıq aşkar edilmişdir. Qeyd edilənlə bağlı bildirmək istəyir ki, bu qeydin mahiyyəti ondan ibarətdir ki, 2021-2023-cü illər üzrə 1462 manatlıq zərf poçt şöbəsində yoxdur. Əslində isə qeyd edilən zərflər qeyd edilən dövrlərdə işlənmiş və onların işlənməsindən əldə olunan vəsait Azərpoçta ödənilmişdir. Belə ki, Kəlbəcər RİH və digər orqanlara təqdim edilən həmin zərflər təyinatına uyğun olaraq istifadə edilmişdir. Bunu müvafiq orqanların tərtib etdikləri Qaimə-Fakturaların məzmunundan da müəyyən etmək olur. Həmin fakturaları yoxlamaya da təqdim etmişdir. Cavab olaraq bildirdilər ki, fakturaları qəbul edirlər, lakin sistemdə də, gərək bunlar görünər və silinərdi ki, onun poçtu üzərində qalıq kimi görünməsin. Yəni yoxlama özü də əmin oldu ki, “aşkarlanmayan”, sanki satılıb pulu onun tərəfindən özününküləşdirilən zərflər əslində təyinatına uyğun işlənilib və əldə olunan vəsait kassaya ödənilib (müəssisə-təşkilatlar köçürmə edib). Bu halda da, hər hansı maddi ziyan vurulmayıb. Qalır onların sistemdən silinməsinə, bu, əməliyyatçıların işidir. Həmçinin texniki məqam olduğu, hər hansı maddi maraq və s. ziyan olmadığı üçün bu pozuntu da, 70 “ç” tətbiq etmək üçün əsas deyil. 4. Azərcell danışıq kartları üzrə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Qeyd edilən halla bağlı bildirir ki, bəli yoxlama zamanı satış məqsədilə verilmiş poçtda 690 manat məbləğində Azərcell kartları (kontur) aşkar edilməmişdir. Bunun səbəbi isə odur ki, həmin kartlar poçt şöbəsində satılmadığı, qaldığı üçün onların satılması məqsədilə qonşu mağazaya vermişdir. Yoxlama bunu irad bildirən kimi, onları mağazadan götürüb yoxlamaya təqdim etdi. Bəli, o bu halı pozuntu kimi qəbul etsə də, ancaq bu kimi texniki hallar onun AR Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad olmağı üçün əsas deyil. Bu kimi şəxsi maraq, oğurluq, mənimsəmə, işəgötürənə maddi zərər vurmayan pozuntular istənilən təşkilatmüəssisələrdə ola bilər. Bunlar aradan qaldırılması asan və mümkün olan pozuntulardır. Bu kimi hallarla bağlı işçiyə xəbərdarlıq, töhmət və ya ağırlıq dərəcəsinə görə şiddətli töhmət də verilə bilər. Lakin Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad olunması çox ağır cəzadır. O, 1987-ci ildən Poçtda işləyir. 2009-cü ildən Azərpoçt MMC-nin X4 rəisi vəzifəsində çalışır. Poçt sahəsində işlədiyi 1987-ci ildən hesablanarsa 37 illik, X4 rəisi vəzifəsində işlədiyi 15 illik dövrdə hər hansı pozuntusu, inzibati tənbehi və ya xoşagəlməz hər hansı əməli olmayıb. Əksinə, dəfələrlə rəhbərlik tərəfindən Fəxri fərmanlarla və digər təltiflərlə qiymətləndirilmişdir. Bu sahə üzrə bir neçə sertifikatın sahibidir. Belə ki, Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçısı ilə xx.xx.2009-xx.xx.2009-cu illərdə keçrilmiş filialların idarə edilməsi mövzusunda keçirilən təlim üzrə müvafiq sertifikata layiq görülmüşdür. AR Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Əli Abbasov tərəfindən xx.xx.2009-cu il tarixli Fəxri Fərmanla təltif edilmişdir. xx.xx.2022-ci ildə YAP Kəlbəcər rayon təşkilatının sədri cənab Həbib Misirov tərəfindən YAP-n fəal üzvü olaraq, uzun müddət partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirak etdiyi üçün təltif edilmişdir. Respublika qəzetinin xx.xx.2015-ci il tarixli buraxılışında rəhbərlik etdiyi Poçt şöbəsində işin düzgün təşkili ilə bağlı məqalə dərc olunmuşdur. Dəgər Fəxri fərman və təltiflərə layiq görülmüşdür. 2021-2024-cü illər ərzində işlədiyi dövrdə rəsmi olaraq filial rəisi olsa da, işçi çatışmamazlığı səbəbindən aşağıda qeyd etdiyi vəzifələri icra etmişdir: Poçt əməliyyatları üzrə mühasib, xəzinadar, inkassator, kargüzar, əməliyyatçı və ya poçtalyon məzuniyyətdə və ya başqa səbəbdən işdə olmadığı dövrdə onları da əvəz etmişdir. Yəni rəsmi vəzifəsi rəis olsa da, ailəsini dolandırmaq üçün ona tapşırılan bütün işləri vicdanla görməyə çalışmışdır. Heç vaxt işlədiyi təşkilata maddi maraq naminə hər hansı formada maddi ziyan vurmamışdır. Özü 3-cü qrup əlildir, ailəlidir və 3 qız övladının atasıdır. Yuxarıda qeyd etdiyi kimi, xırda nöqsanlarını qəbul edir. Lakin işin hallarından göründüyü kimi, aşkar olan pozuntular onun 37 illik iş həyatını Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə məhv etməyə əsas vermir. Onun iş həyatı bu formada məhv edilməklə, həmçinin himayəsində 3 qız övladı olan bir ailənin məhv olması ilə nəticələnir. Mübahisələndirdiyi əmrin məzmunundan və işin digər hallarından göründüyü kimi, o, təşkilata hər hansı maddi ziyan vurmamışdır. Hazırda da, təşkilata ödəməli olduğu hər hansı maddi ziyan yoxdur. Bu səbəblərdən də hesab edir ki, ona tətbiq edilən cəza işin hallarına uyğun gəlmir. Məhkəmə iclasında iddiaçı Bəylərov Nazı̇ m Aslan oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək, onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, poçtun dövriyyəsini artırmaq və nəticə olaraq Cəmiyyətə daha çox mənfəət vermək üçün vergi və s. ödənişlərini rəhbərlik etdiyi poçt vasitəsi ilə aparılması məqsədi ilə bir neçə sahibkarı cəlb etmişdir. İddiaçının mövqeyinə əsasən məhz həmin sahibkarların ödənişlərinin poçt vasitəsi ilə həyata keçirilməsi Cavabdeh MMC-yə təxminən 5000-6000 manat məbləğində mənfəət verilmişdir. İddiaçı qeyd edir ki, həmin sahibkarlar ödənişləri barədə ona bildirdikdə, iddiaçı onların ödənişlərini edir və sahibkarların ona verdikləri kartlardakı vəsaitlərindən silirdi. Sonuncu ödəniş zamanı (may 2024-də) həmişəki kimi, poçt vasitəsi ilə onların 4860 manat məbləğində ödənişləri edildi, lakin iddiaçının deməsinə görə sahibkarların kartlarında problem olduğu üçün həmin vəsaiti kartdan silə bilməmiş və həmin kart problemlərini həll etmələri bir müddət çəkmişdir. Lakin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının bu mövqeyi və öz özbaşına fəaliyyətini ört-bastır etmə cəhdləri tamamilə əsassızdır. İddiaçı qeyd edir ki, həmin şəxslər poçt filialı üçün vacib müştəri olduğundan, o həmin şəxslərdən dərhal pul ödəmələrini tələb edə bilməmiş və həmin şəxslərin kartlarda olan problemin tez bir zamanda aradan qalxacağı, bu səbəbdən gözləmək barədə xahişini qəbul etmişdir. Bu fakt özlüyündə İddiaçı işinə qarşı məsuliyyətsiz yanaşdığını, öz şəxsi əlaqələrini rəhbərlik etdiyi poçt filialının fəaliyyətindən daha üstün tutduğunun bariz göstəricisidir. Bu fakt onu göstərir ki, İddiaçı üçün poçt filialının kassasında əskikliyin olması, əlaqədə olduğu şəxslərlə münasibətinin pozulmamasından önəmli deyil. Bununla yanaşı bildirmək istəyir ki, İddiaçı iddia ərizəsində bildirmişdir ki, 4860 manat yaranmış fərq “əməkdaşlıq” etdiyi sahibkarların may ayında həyata keçirdiyi ödənişlə bağlı olmuşdur. Lakin diqqətə çatdırmaq lazımdır ki, müvafiq nöqsanların aşkarlanması xx.xx.2024-cü il tarixində baş vermişdir. Yəni 2 aya yaxın müddət ərzində iddiaçının qeyd etdiyi və səbəbini açıqlamadığı “kart problemləri” öz həllini tapmamışdır. Lakin maraqlıdır ki, yoxlama baş tutduqdan və müvafiq nöqsanlar aşkarlandığı andan qısa müddət sonra 4860 manat pul məbləği kassaya bərpa edilmişdir. Belə görünür ki, müvafiq yoxlama baş tutmasaydı, iddiaçının “əməkdaşlıq” etdiyi şəxslər həmin pul vəsaitini göndərməyi bir qədər də uzadacaqdı və ya heç həyata keçirməyəcəkdi. Heç bir şəxsi və ya digər marağı olmadığını iddia edən İddiaçı isə bu vəziyyətdən narahat deyilmiş kimi görünürdü. Həmçinin qeyd etmək istəyir ki, 01 iyul 2024-cü ildə X3 aparılan qəfləti yoxlama zamanı məlum olmuşdur ki, PÖN üzrə 5862,70 manat çatışmazlıq vardır. Faktiki olaraq aşkar edilməyən zərflərin çatışmazlığının əsas səbəbi olaraq texniki xətanın baş verdiyi və bunun səbəbini sənədlərlə də sübut edildiyi qeyd edilir, lakin iddiaçının qeyd etdiyi 2019-2020-ci illərin üzləşmə aktları və qaimələr təqdim olunmadığından, sistem məlumatları arxivləşdirildiyindən, Kəlbəcər PF tərəfindən göstərilən xidmətlərin araşdırılması qeyri-mümkündür. Yəni iddiaçı bununla bağlı heç bir sübut təqdim edə bilmir və faktiki olaraq zərflərin çatışmazlığının həmin zərflərin işləndiyi və sistemdə qeyd edildiyi üçün baş verməsini sübut edə bilməmişdir. Eyni zamanda 01 iyul 2024-cü ildə X3 aparılan qəfləti yoxlama zamanı "xxxx" MMC-yə məxsus 690 manat məbləğində danışıq kartlarının olmaması aşkar edilmişdir. İddiaçı danışıq kartlarının olmama səbəbi kimi həmin kartları qonşu mağazaya satılması üçün verdiyini qeyd etmişdir. Məqsədinin maraq, oğurluq, mənimsəmə və ya başqa şəkildə ziyan vurmadığını iddia edən iddiaçı heç bir tabeçilik və subordinasiya qaydalarına riayət etmədən kifayət qədər önəmli hesab edilən (690 manat) məbləğdə danışıq kartını digər bir sahibkarlıq obyektinə satılması üçün təqdim etmişdir. Nəzərə alınsa ki, həmin danışıq kartları iddiaçının rəhbərlik etdiyi poçt filialına satılması üçün təqdim olunmuşdur və müvafiq kartların daha tez satılması üçün həmin kartları digər sahibkarlıq obyektinə həvalə etmək kimi bir vəzifə filialın rəisinin üzərinə qoyulmamışdır, habelə filialın rəisinə belə bir hüquq və ya səlahiyyət verilməmişdir, İddiaçı heç bir rəsmi razılıq almadan belə bir addım atması maddi maraq gözləyib-gözləməməsindən asılı olaraq birbaşa olaraq əmək funksiyalarını pozmaq və əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmək kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən İddiaçı əməlləri AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işçinin əmək müqaviləsinin ləğv edilməsi üçün hüquqi əsas yaratmışdır. Qeyd etmək lazımdır ki, Rabitə işçiləri X1 “Bakı-2" şöbəsinin xx.xx.2024-cü il tarixli iclasında xidməti fəaliyyətində nöqsana yol verməsinin müvafiq sənədlərlə təsdiq edildiyini və bununla bağlı aparılan araşdırmada prosedur qaydalarına əməl olunduğunu nəzərə alaraq, iclas iştirakçıları İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək, onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etmiş və Nümayəndə1 izahatı ilə razı olduğunu bildirmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Xəyyam Əli-zadənin X4 (PF) rəisi İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.32024-cü il tarixli əmrindən görünür ki, Daxili Nəzarət Departamentindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-27-109/16/2/3-1-16022/2024 nömrəli təqdimatda 01 iyul 2024-cü il tarixində Kəlbəcər PF-nin baş xəzinəsində və tabeli poçt şöbələrində həyata keçirilmiş qəfləti yoxlama zamanı nağd pul və digər qiymətlilər sistem üzərindən üzləşdirilərkən bir neçə halda çatışmamazlıq aşkar edildiyi bildirilmişdir. Belə ki, baş xəzinədə 4860,0 AZN nağd pul əskikliyi müəyyən edilmiş və PÖN üzrə 5892,70 AZN qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı baş xəzinədə olan nağd pul çatışmamazlığını Gömrük Komitəsinə ödənişlər edildiyini və həmin məbləğin sahibkarlar tərəfindən ona verilmiş plastik kart hesabında olduğunu bildirmişdir (filial rəisinin izahatları əlavə edilir). Nağd pul çatışmazlığı yoxlama zamanı İddiaçı tərəfindən tam bərpa edilmişdir (sistem üzərindən xx.xx.2024-cü il tarixli “hesabdan çıxarış”əlavə edilir). Cari ilin iyun ayı üzrə sistem üzərindən araşdırılma aparılarkən məlum olmuşdur ki, Kəlbəcər PF üzrə yalnız xx.xx.2024-cü il tarixdə 2328,84 AZN gömrük komitəsinə ödənişlər edilmişdir. Yəni Baş xəzinədə olan çatışmamazlıqla iyun ayında Gömrük Komitəsinə edilmiş ödənişlər arasındakı fərqin 2531,16 AZN hissəsi daha əvvəlki aylarda yarandığı məlum olur. İddiaçı PÖN və markalı zərflər üzrə çatışmamazlığın səbəbini 2019- 2021-ci illərdə qaimə əsasında hüquqi şəxslərə verdiyini, lakin sistem üzrə məxaric edilmədiyini bildirmişdir. Həmçinin filialın Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 AZN və “Azərcell” danışıq kartları üzrə isə 690,0 AZN dəyərində çatışmamazlıq aşkar edilmişdir. Aşkar edilmiş çatışmayan məbləğ (690,0 AZN) araşdırma zamanı bərpa etdirilmişdir (xx.xx.2024-cü il tarixli ödəniş qəbzi əlavə edilir). Kəlbəcər PFnin rəisi İddiaçı xidməti işində yol verdiyi nöqsan AR Əmək Məcəlləsinin 72-ci maddəsinin (“Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar”) tələblərinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin “ç”bəndinə əsasən işdən azad edilməsinə hüquqi əsas yaradır. Beləliklə, İddiaçı əmək funksiyası və vəzifə təlimatı üzrə öhdəliklərini yerinə yetirməməsinin zəruri hüquqi sənədlərlə təsdiq edildiyini, həmçinin işəgötürənin təşəbbüsü ilə onun işdən azad olunmasına dair Həmkarlar Komitəsinin müvafiq rəyini nəzərə alıb, AR ƏM-nin 70-ci maddəsinin "ç" bəndini rəhbər tutaraq, Cavabdeh MMC-nin X4 (PF) rəisi İddiaçı AR ƏMnin 70-ci maddəsinin “ç”bəndinə əsasən xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması əmr edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İ.Mustafayevə ünvanlanmış izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə filialın baş xəzinəsində və MXŞ-də yoxlama aparılıb və aşağıdakılar müəyyən edilmişdir: Baş xəzinə üzrə 4680,0 manat nağd pul, 5892,70 manat PÖN çatışmamazlığı aşkar edilmişdi. MXŞ-də isə 1412.62 manat PÖN və 690.0 manat Azərcell ödəmə kartları çatışmamazlığı aşkar edilmişdir. Bunun səbəbini bununla izah edir ki, sahibkarlar üçün gömrük komitəsinə ödəniş aparılmış, bu ödənişlərə sahibkarlara məxsus bank kartından çıxarır. Sahibkarların kartında yaranmış problemə görə həmin vəsaitin çıxarılması gecikmişdir. Yoxlama olduğu dövrdə həmin pul kartdan çıxarılaraq 25 dəqiqə ərzində bərpa olunmuşdur. Baş xəzinədə yaranmış PÖN çatışmamazlığı ilə bağlı qeyd etmək istəyir ki, hüquqi şəxslərə verilmiş PÖN və markalı zərflər tərəfindən qaimə əsasında verilmiş, lakin sistemdə silinmə aparılmamışdır. Bununla bağlı Gəncə RPF-nin baş mühasibinə hansı təşkilata nə qədər mal verdiyi barədə məlumat vermiş və həmən təşkilata qaimə vurulmasını xahiş etmişdir. MXŞ-də PÖN çatışmamazlığı ilə bağlı bildirmək istəyir ki, əməliyyata tərəfindən PÖN və markalı zərflərin satışını təyinatı üzrə düzgün işlənməsi səbəbində azalma olmuş, lakin həmin vəsait MXŞ-nin xəzinəsinə təyinatından kənar mədaxil olunub. Həmçinin Azərsell ödəmə kartları ilə bağlı bildirir ki, həmin kartların satışını həyata keçirilməsi ilə bağlı marketlərə vermiş və yoxlama zamanı həmin pul MXŞnin xəzinəsinə mədaxil olmuşdur. Yoxlama ərzində baş xəzinə və MXŞ-nin xəzinələri (nağd pul) sıfırlanıb. İş materiallarında olan DND-nin PƏNŞ-nin aparıcı mütəxəssisi - Rəşad Soltanov, Gəncə RPF-nin PƏM-1 Lətif Məmmədov, Kəlbəcər PF nin rəisi- İddiaçı, Kəlbəcər PF-nin MXŞ-nin əməliyyatçısı - Ülviyyə Fərmanzadənin iştirakı ilə tərtib edilmiş Kəlbəcər RF-nin xx.xx.2024-cü il tarixli Aktından görünür ki, xx.xx.2024-cü il tarixdə Baş xəzinə və MXŞ-də nağd pul və digər qiymətlilər sistem üzrə üzləşdirildi bir neçə halda əskikliklər müəyyən edilmişdir. Belə kı, sistem üzrə Baş xəzinədə 4680,0 AZN (dörd min altı yüz səksən) nağd pul əskikliyi və 5892,70 AZN PÖN və markalı zərfin ümumiyyətlə baş xəzinədə olmadığı aşkar edilmişdir. MXŞ-də PÖN və markalı zərflər üzrə 1412,62 AZN (bir min dörd yüz on iki) və Azərcell ödəmə kartları üzrə isə 690,0 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Azərcell ödəmə kartları üzrə 690,0 manat məlbəğ satış əməliyyatı olunaraq vəsait MXŞ-nin xəzinəsinə bərpa edildi. Filial rəisi Nazım Bəylərov izahatında baş xəzinədə olan nağd pul əskikliyinin səbəbini sahibkarlar tərəfindən gömrük komitəsinə məxsus rüsumların ödənildiyini qeyd edərək həmin pulların kart hesabında olduğunu bildirmiş və dərhal əskiklik kartdan çıxarılaraq tarn olaraq bərpa edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Daxili Nəzarət Departamentinin direktoru Vyaçeslav Məmmədov tərəfindən tərəfindən Cavabdeh MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İ.Mustafayevə ünvanlanmış Təqdimatından görünür ki, 01 iyul 2024-cü il tarixində Kəlbəcər PF-nin baş xəzinəsində və tabeli Poçt şöbələrində qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı naqd pul və digər qiymətlilər sistem üzrə üzləşdirilərkən bir neçə halda çatışmamazlıq aşkarlanmış və sənədləşdirilmişdir. Belə ki, baş xəzinədə 4860,0 AZN nağd pul əskikliyi müəyyən edilmiş və PÖN üzrə 5892,70 AZN qalıq olduğu halda göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı baş xəzinədə olan nağd pul çatışmamazlığını Gömrük komitəsinə ödənişlər edildiyini və həmin məbləğin sahibkarlar tərəfindən ona verilmiş plastik kart hesabında olduğunu bildirmişdir. Nağd pul çatışmamazlığı yoxlama zamanı İddiaçı tərəfindən tam bərpa edilmişdir. İyun ayı üzrə Departament tərəfindən sistem üzərindən araşdırılma aparılmış və məlum olmuşdur ki, Kəlbəcər PF üzrə yalnız xx.xx.2024-cü il tarixdə 2328,84 AZN gömrük komitəsinə ödənişlər qəbul edilmişdir. Yəni baş xəzinədə olan çatışmamazlıqla iyun ayında gömrük komitəsinə edilmiş ödənişlər arasınadakı fərqin 2531,16 AZN hissəsi daha əvvəlki aylardan gəldiyi ehtimal olunur. İddiaçı PÖN və markalı zərflər üzrə çatışmamazlığın səbəbini 2019-2021-ci illərdə qaimə əsasında hüquqi şəxslərə verdiyini, lakin sistem üzrə məxaric edilmədiyini bildirmişdir. Qeyd olunan illərin üzləşmə aktları və qaimələr təqdim olunmadığından, sistem məlumatları arxivləşdirildiyindən, Kəlbəcər PF tərəfindən göstərilən xidmətlərin araşdırılması imkan xaricindədir. MXŞ-də PÖN və markalı zərflər üzrə 1412,62 manat və Azərcell danışıq kartları üzrə isə 690,0 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Azərcell danışıq kartları üzrə yoxlama zamanı 690,0 AZN məbləğ Ü.Fərmanzadə tərəfindən satış əməliyyatı edilmiş və əskiklik bərpa edilmişdir. MXŞ-nin müdiri əvəzi Ü.Fərmanzadə MXŞ-də olan PÖN və markalı zərflər üzrə çatışmamazlığı hüququ şəxslərə təyinatı üzrə düzgün satış etmədiyini (yəni zərf satışı kimi) və sistem üzərindən düzgün işlənmədiyini (yəni markalayıcı həkki kimi) bildirmişdir. 2022-ci il tarixdən bu günədək PÖN və markalı zərflər üzrə çatışmamazlığın Departament tərəfindən sistem üzrə araşdırılması aparılmış və həmin məbləğin 1123,50 AZN təyinatı üzrə düzgün satış edilmədiyi və zərf satışı kimi sistemə işlənildiyi, digər hissəsi markalayıcı həkki kimi işləndiyi təsdiqini tapmışdır. Bu baxımdan MXŞ-nin sistem üzərindən PÖN qalığından 1412,62 AZN məbləğin azaldılmasına etiraz etmirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, aidiyyatı üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Təqdim olunmuş İdarə Heyətinin sədri vəzifəsini icra edən İşi Mustafayev tərəfindən Rabitə işçiləri X1 Bakı 2 şöbəsinin sədri Nüsrət Səmədova ünvanlanmış məktubdan görünür ki, Daxili Nəzarət Departamentindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-27- 109/16/2/3-1-16022/2024 nömrəli təqdimatda bildirilir ki, 01 iyul 2024-cü il tarixində Kəlbəcər PF-nin baş xəzinəsində və tabeli Poçt şöbələrində qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı nağd pul və digər qiymətlilər sistem üzərindən üzləşdirilərkən bir neçə halda çatışmamazlıq aşkar edilmişdir. Belə ki, baş xəzinədə 4860.0 AZN nağd pul əskikliyi müəyyən edilmiş və PÖN üzrə 5892.70 AZN qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı baş xəzinədə olan nağd pul çatışmamazlığını Gömrük Komitəsinə ödənişlər edildiyini və həmin məbləğin sahibkarlar tərəfindən ona verilmiş plastik kart hesabında olduğunu bildirmişdir. Nağd pul çatışmazlığı yoxlama zamanı İddiaçı tərəfindən tam bərpa edilmişdir. Cari ilin iyun ayı üzrə sistem üzərindən araşdırılma aparılarkən məlum olmuşdur ki, Kəlbəcər PF üzrə yalnız xx.xx.2024-cü il tarixdə 2328.84 AZN gömrük komitəsinə ödənişlər edilmişdir. Yəni Baş xəzinədə olan çatışmamazlıqla iyun ayında Gömrük Komitəsinə edilmiş ödənişlər arasındakı fərqin 2531.16 AZN hissəsi daha əvvəlki aylarda yarandığı məlum olur. İddiaçı PÖN və markalı zərflər üzrə çatışmamazlığın səbəbini 2019- 2021-ci illərdə qaimə əsasında hüquqi şəxslərə verdiyini, lakin sistem üzrə məxaric edilmədiyini bildirmişdir. Filialın Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412.62 AZN və “Azərcell” danışıq kartları üzrə isə 690.0 AZN dəyərində çatışmamazlıq aşkar edilmişdir. Aşkar edilmiş çatışmayan məbləğ (690.0 AZN) araşdırma zamanı bərpa etdirilmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı xidməti işində yol verdiyi nöqsan AR Əmək Məcəlləsinin 72-ci maddəsinin (“Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar”) tələblərinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə hüquqi əsas yaradır. Qeyd olunan hüquqi əsasları nəzərə alaraq, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına Həmkarlar Komitəsinin iclasında baxıb nəticəsi barədə müvafiq rəyin Cavabdeh MMC-yə təqdim edilməsi xahiş olunur. Həmçinin bildirilir ki, göstərilən məsələnin müzakirəsi zamanı Həmkarlar İttifaqının iclasındakı çıxışlar, səslənən fikirlər iclas protokolunda geniş və ətraflı əks olunmalı, qəbul olunacaq qərar iclasda iştirak edən komitə üzvlərinin hər biri tərəfindən imza edilməli, yol verilmiş nöqsanın sübutu üçün tələb olunan zəruri sənədlər (akt, izahat) protokola əlavə olunmalıdır. Təqdim olunmuş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rabitə işçiləri X1 “Bakı-2” şöbəsinin iclasının 27 nömrəli, xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, xidməti fəaliyyətində ciddi nöqsana yol verməsinin müvafiq hüquqi sənədlərlə təsdiq edildiyini və bununla bağlı aparılan araşdırmada hüquq prosedur qaydalarına əməl olunduğunu nəzərə alaraq HİK-nin Bakı 2 şöbəsinin iclas iştirakçıları Kəlbəcər RPF-nin rəisi İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etmir. Təqdim olunmuş Cavabdeh Milli Operatorun xx.xx.2011-ci il tarixli, 47 nömrəli əmrindən görünür ki, RRQ-də işləməyən rabitəçilərə minium əmək haqqı və çörək pulu xərclərinin ödənilməsi üçün ayrılmış vəsaitin ödənişinin nöqsanlı həyata keçirildiyinə, mühasibat uçotuna və istismar fəaliyyətinə lazımı nəzarəti təmin etmədiyinə və audit aktında göstərilmiş digər nöqsanlara görə RRQ-nin rəisi İddiaçı "töhmət" elan edilmişdir. Təqdim olunmuş Cavabdeh Milli Operatorun xx.xx.2020-ci il tarixli, 259 nömrəli əmrindən görünür ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 152 nömrəli əmri ilə X2 maliyyə-təsərrüfat fəaliyyətinin auditi zamanı aşkar edilmiş ciddi nöqsan və çatışmazlığı nəzərə alaraq X2 rəisi İddiaçı xx.xx.2020-cı il tarixdən aşkar edilmiş çatışmazlığın aradan qaldırıldığı son tarixədək vəzifəsindən kənarlaşdırılmışdır. Təqdim olunmuş Cavabdeh Milli Operatorun xx.xx.2020-ci il tarixli, 465 nömrəli əmrindən görünür ki, Cavabdeh MMC-nin X2 (RQ) rəisi İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Təqdim olunmuş Cavabdeh MMC-nin İdarə Heyətinin sədri X5 tənbehi verilməsi haqqında xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, Cavabdeh MMC-nin ... Kəlbəcər PFnin rəisi İddiaçı “töhmət" verilmiş, xidməti fəaliyyətlərində təkrar nöqsana yol verəcəkləri halda, barələrində daha ciddi intizam tənbehi görüləcəyi onların nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər” başlıqlı 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, iddiaçıya istinad olunan pozuntu onun qəsdi, səhlənkarlığı, yaxud etinasızlığı səbəbindən baş verməmiş, eləcə də, həmin pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, yoxlama zamanı müəyyən edilmiş nağd pul çatışmamazlığı iddiaçı tərəfindən tam bərpa edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, işlədiyi müddət ərzində iddiaçı əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən Cavabdeh MMC-nin X4 (PF) rəisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad olunması açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin 30 iyul 2024-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Bəylərov Nazı̇ m Aslan oğlu "xxxx" MMC-nin X4 rəisi vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilsin. Cavabdeh "xxxx" MMC-dən mediasiya sesiyasına ödənilmiş 55 (əlli beş) manat rüsum tutularaq iddiaçı Bəylərov Nazı̇ m Aslan oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar