Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2109/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdeh “Azneft” İB və nümayəndəsi və vəkili Vəkil1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1.782,19 manatın və mediasiya üçün ödənilən 60 manat pulun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur təşkilatı olan "Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur. İddiaçıya işdən çıxma müavinatı olaraq əmək haqqı məbləğinin 5 (beş) misli məbləğində pulun verilməsi qərara alınmışdır və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ iddiaçıya verilmişdir. "ARDNŞ"-də işçilərin əməyin ödənilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli qərarın 4-cü bəndində görünür ki, bu əmr-qərarın verilməsində əsas məqsəd “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsüsi ilə də şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etmək, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkət daxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Bu məqsədlə cavabdeh qurum müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra iddiaçının təqaüdə çıxmasıyla əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr qərarın 4-cü bəndində işçilərlə əmək müqavilələrinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə müraciət etdikdə müstəsna hal kimi işəgötürən tərəfindən onlara aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik sosial dayanıqlığın təmin edilməsi məqsədi ilə işdənçıxma müavinətinin ödənilməsi göstərilmişdir. Buna səbəb “ARDNŞ" dövlət büdcəsində maliyyələşən müəssisə olmadığına görə yaşa görə təqaüd yaşına çatmış işçinin öz ərizəsi olmadan bağlanmış əmək müqaviləsinə xitam vermək olmur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçinin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinətlər Vergi Məcəlləsindən 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Cavabdeh “Azneft” İstehsalat Birliyi iddiaçıya ödənilmiş məbləğin işdən çıxma müavinəti olduğunu bildirir. İddiaçı ilə cavabdeh arasında bağlanmış razılaşmada da işçilərə ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsininin tələblərinə əsasən növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Qeyd olunan əmr-qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. ARDNŞ-nin Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlamış məktubuna cavab olaraq bildirilmişdir ki, ƏM-nin 77-ci maddəsinin 3-cü və 6-cı hissələrinə uyğun olaraq, əmək müqaviləsinin xitamı zamanı kollektiv müqavilələrdə və ya əmək müqaviləsinə əsasən işçilərə orta aylıq əmək haqqından yuxarı məbləğdə ödənilən müavinətlərdə gəlir vergisindən azaddır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2014-cü il tarixli **********685300 nömrəli məktubuna əsasən ödənilən məbləğdən gəlir vergisi tutulmamalıdır. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmuşdur. "Azneft" İB-nin 01 mart 2023-cü il tarixli 14-2-1-14/3-1 K-l4/2023 saylı əmri ilə İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2023-cü 11 tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQSİHİEİK arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən, pensiya yaşına çatdıqda işçilərə orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik müavinət verilmişdir. Həmin Sazişin 5.17-ci bəndinə əsasən, sazis üzrə sərbəstləşən şəxslərə verilən müavinətin ödənişini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq bəndinə uyğuh həyata keçirilir. İddiaçı ilə "Azneft" İB arasında xx.xx.2023-cü il tarixdə razılaşma bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinətindən vergi qanunvericiliyinə uyğun gəlir vergisi tutulacağından xəbəri olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmanın 1.3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən işçiyə ödənilən işdənçıxarma müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən, işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 9099,6 manat işdənçıxma müavinət hesablamağı yə həmin isdəmııxım müavinətindən Azərbaycan Respublikasının vergi ganunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında bağlanmış razılaşmaya əsasən, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ləğv edilməsi üçün müraciət rymiş, ona ödəniləcək müavinətdən qanunvericiliyə uyğun olaraq vergi tutulmasına razılıq vermiş, cavabdeh razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində əmək müqaviləsinə xitam verildiyi halda orta aylıq əmək haqqının beş mislindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödənilmişdir. Vəsaitin ödənilməsində məqsədi işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsaslanaraq hesab edirlər ki, iddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir əsası yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı “Azneft” İstehsalat Birliyi ilə bağladığı xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən iddiaçı ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənildiyini və həmin müavinətdən 1.782,19 manat gəlir vergisi tutulduğunu bildirmişdir. İddiaçı tələbini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir və ona müəssisə tərəfindən ödənilən birdəfəlik maliyyə vəsaitinin işdənçıxma müavinətidir. İddiaçının bu əsaslandırması tamamilə yanlış olmaqla qanunvericiliyə ziddir. Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Beləliklə qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyini və eyni zamanda ona verilən müavinətin işdənçıxma müavinəti olduğunu bildirir. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdənçıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilmə halını istisna edir. İddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Qeyd olunanlardan aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. İddia ərizəsində istinad olunan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildiririk ki, həmin maddə öz-üzlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Öz növbəsində həmin maddənin 4-cü hissəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “a” bəndinə görə müəssisənin ləğv edilməsi, “b” bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3- cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. İddiaçı ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, eyni predmet üzrə daha əvvəl Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli 2(103)-13645/2019 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)-1347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)- 1792/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(103)-578/2023 nömrəli qətnamələr qəbul edilmiş və həmin qətnamələr qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2019-cu il tarixli 2(103)-13645/2019 nömrəli qərarın 3-cü səhifəsinin 4-cü abzasına əsasən 1-ci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisar edilməsi səbəbi ilə xitam verilməsi kimi qiymət verməklə iddiaçıya ödənüən müavinətin gəlir vergisindən azad olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Bildiririk ki, qeyd olunan qətnamə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)- 4221/2020 nömrəli qərarı ilə qanunauyğun hesab edilməklə qüvvədə saxlanılmışdır. Təsadüfi deyil ki, analoji mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)- 1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)-578/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(103)-3223/2023 nömrəli qətnamələri əsasında birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilərək iddia tələbi rədd edilmişdir. Qeyd olunan qərarlarda məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisar edilməsi səbəbi ilə xitam verilməsi kimi qiymət verməklə iddiaçıya ödənilən müavinətin gəlir vergisindən azad olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsində qeyd edilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azneft” İB və nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 etiraz ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan SOCAR-ın 01 mart 2023-cü il tarixli №14-2-1-14/3-1K- 14/2023 saylı əmrində göstərilmişdir ki, müqavilənin ləğv edilməsinin əsası Azərbaycan Respublikası ƏM-nin 69.3 maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədardır, həmçinin Socar və ANQSİHİRK arasında 2022-2023-cü illər üçün sahə Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarılma müavinəti ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan SOCAR-ın “Azneft” X3 Emalı Zavodu ilə İddiaçı arasında bağlanmış razılaşmanın 1.3 bəndinə əsasən işçi əmək müqaviləsinə xitam verildikdən sonra ona ödənilən işdənçıxma müavinətindən (vergi çıxıldıqdan sonra) qanuvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edərək təsdiqlənmiş və gəlir vergisinin tutulmasına etiraz etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” X3 anbarlarının istismarı idarəsinin bağlanmış 79 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında 01 mart 2023cü il tarixli bağlanmış razılaşmaya əsasən, işçi işəgötürənlə bağlanmış 79 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi (işçi yaşa görə təqaüdə çıxdıqda) ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət edir. (1.1) işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 9099.60 manat müavinət ödəməyi öhdəsinə götürür. (2.1) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin İİİ hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 6-cı hissəsinə əsasən, kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. (7-ci hissə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İş materiallarından görünür ki, iddiaçıya ödənilən müavinət Əmək Məcəlləsində nəzərdə tutulmasa da, bu müavinət Əmək Məcəlləsində müəyyən edilmiş işdən çıxma müavinətinə bərabər tutulur. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir (Əmək Məcəlləsi maddə 2 hissə 2) yəni, Əmək Məcəlləsində müəyyən edilmiş müavinətlər minimumdur, daha artıq əmək müqaviləsində, kollektiv müqavilədə və kollektiv sazişdə müəyyən edilə bilər. İddiaçıya müavinət SOCAR və Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı maddəsinə əsasən ödənilmişdir. SOCAR Sosial İnkişaf İdarəsinin 01 mart 2023-cü il tarixli 14-2-1- 14/3-1K-14/2023 saylı əmrində iddiaçıya ödənilmiş müavinət «işdən çıxma müavinəti» adlandırılıb. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətin 1782.19 (bir min yeddi yüz səksən iki manat, on doqquz qəpik) manat iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 37.83 (otuz yeddi manat, səksən üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1.782.19 (bir min yeddi yüz səksən iki manat, on doqquz qəpik) manat məbləğində gəlir vergisinin əvəzi və 60 (altmış) manat mediasiya xərci cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyindən tutularaq iddiaçıya ödənilməli, cavabdeh “Azneft” İstehsalat Birliyindən 37.83 (otuz yeddi manat, səksən üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1.782.19 (bir min yeddi yüz səksən iki manat, on doqquz qəpik) manat məbləğində gəlir vergisinin əvəzi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyindən tutularaq iddiaçıya ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh “Azneft” İstehsalat Birliyindən 37.83 (otuz yeddi manat, səksən üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2109/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2109/2023
30.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver