Məhkəmə qərarları › İş №2(009)-2116/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2116/2023

23.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2116/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1, 3-cü şəxs G.M.Salmanlının iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə müdaxilələrin qadağan edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh1 qarşı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə müdaxilələrin qadağan edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Aralıq kəndində qeydiyyatda olsa da, işlə əlaqədar artıq uzun illərdir ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Ailəsinin yaşayış sahəsinə olan ehtiyacını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsində 13 kv.m.həyətyanı torpaq sahəsini X1, bir neçə gün sonra isə həmin torpaq sahəsinin yanında yerləşən 1 otaqdan ibarət ünvanı ünvan 1ş evini X5 hər iki daşınmaz əmlakı sahibləri ilə öz aralarında əldə edilmiş razılaşma əsasında satın almışdır. O, Xəyal Məmmədova demişdir ki, “Xəyal, əgər sən evi mənə satacaqsansa 13 kv.m. torpaq sahəsini Azayeva Zümrüddən alım.” Xəyal onu əmin etmişdir ki, 1 otaqlı evi ona satacaq. O, hər iki daşınmaz əmlakı almaqda qərarlı idi, yalnız birini almaq niyyəti yox idi. Çünki əvvəla həyəti olmayan evi almaq fikri heç vaxt olmayıb, tək torpaq sahəsini isə kvadrat metri az olduğu üçün (13 kv.m.), yəni ev tikməyə kifayət edəcək qədər olmadığına görə almağın bir mənası yox idi. Buna görə də, Xəyalla şifahi razılaşdıqdan sonra o, 13 kv.m-dən ibarət torpaq sahəsini Azayeva Zümrüddən almışdır. Bir neçə gün sonra isə eyni üsulla Məmmədov Xəyaldan 1 otaqdan ibarət evi almışdır. Sözügedən torpaq sahəsinin öz aralarında apardıqları alqı-satqısında Məmmədov Xəyal və hazırki iş üzrə Cavabdeh1 da iştirak etmişdir. Həmin evin kommunal xidmətlərinə dair müqavilələr onunla bağlanılmışdır və ödənişlər onun tərəfindən aparılır. Aşağıda adlarını qeyd etdiyi qonşuları məhkəməyə çağırılmaqla sözügedən torpaq sahəsinin alqı-satqısında şahidlik etdiklərini və xx.xx.2019-cu il tarixdən hal-hazıradək sahəsinin ona, yəni onların ailəsinə məxsusluğu faktını və fasiləsiz olaraq yalnız onların ailənin istifadə etdiyini təsdiq edə bilərlər: X11, X9, X2, X6. Bir daha onu bildirir ki, hazırki iş üzrə Cavabdeh1 13 kv.m. torpaq sahəsinin X4 tərəfindən ona satılmasında iştirak edərək şahidlik etmişdir. Qeyd etdiyi kimi, xx.xx.2019-cu ilin avqust ayının ilk günlərindən etibarən 13 kv.m. torpaq sahəsi olan Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsində E.İsmayılov 75B ünvanda yerləşən 1 otaqdan ibarət fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Sözügedən evi aldıqdan sonra bir müddət cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan cavabdeh qanunsuz və əsassız olaraq onların evə, evin həyətinə, damına, hasarına müdaxilələr etməyə başladı. Belə ki, cavabdeh və onun ailə üzvləri tez-tez, həm də onlardan soruşmadan onların həyətə girib-çıxırlar, istədiklərini edirlər, hətta onların evdə olmadıqları vaxt ona məxsus həyətyanı sahənin hasarını söküblər. Sonradan öyrənmişlər ki, cavabdeh və onun ailə üzvləri tərəfindən hasarın sökülməsinə Zərifə adlı polis əməkdaşı havadarlıq etmişdir. Cavabdeh bu və digər qanunsuz hərəkətləri ilə ona 2000 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh qızına qanunsuz olaraq tikdirdiyi evin bütün kommunal xətlərini (kommunal xətlərin hər biri qeyri-rəsmi, yəni müvafiq dövlət orqanlarından icazələr alınmadan, gizli şəkildə çəkilmişdir) evdə olmadıqları vaxt, yəni xəbərləri olmadan onun evinin damından, şiferlərin üzərindən keçirməklə çəkmişdir. Buna görə də hər dəfə öz evlərinin damına çıxmaq zərurəti yarananda (su çənində, su və qaz xətlərində problem olanda) yaxud qızının evinə gedən xətlərdə nasazlıq yarananda həyətindən keçirlər, evinin damına çıxırlar, oradan da öz evinin, qızının evinin damına keçirlər və hər dəfə də ona ziyan vururlar. Bu hərəkətlər hər gün, hətta bəzən gün ərzində bir neçə dəfə baş verir. Onlar evdə olmayan vaxtlar isə cavabdeh və onun ailə üzvləri tərəfindən bu hərəkətlər daha kobud formada baş verir. Evə qayıtdıqdan sonra evin damındakı şiferlərin vəziyyəti, yaxud yağış yağan günlərdə evin damından otağa su keçməsi bunu deməyə əsas verir. “Nəyə görə öz evinizin (qızının evinin) damına mənim evimin damından istifadə etməklə çıxmalısınız” deyə soruşduqda cavab verirlər ki, öz evlərinin damına çıxmaq üçün gərək hər dəfə nərdivan qoysunlar, belə narahat olduqlarına görə daha rahat yol kimi onun evinin damına çıxaraq kommunikasiya xətlərini yoxlayır, nasazlıq olduqda aradan qaldırır, zərurət olduqda oradan da öz evlərinin damına keçməyi üstün tuturlar. O, onlara “Axı sizə rahat olan hal mənim və ailəmizin rahatlığını pozur, şiferi sındırırsınız, yağış yağanda ev zərər görür, mənə həm əziyyət verirsiniz, həm də maddi cəhətdən ziyan vurursunuz” deyəndə cavabdeh nəinki onun sözlərinə məhəl qoymur, hətta belə etirazlarına görə, habelə baş verən pozuntularla bağlı hüquq mühafizə orqanlarına müraciət etdikləri üçün onları hədələyir, üstünə dəstələr göndərib həyat və sağlamlıqları təhdid edir. Cavabdehin onun əmlak hüquqlarının pozulması ilə müşayiət olunan hərəkətləri onların normal həyatlarını alt-üst etmişdir. Vəziyyət artıq dözülməz həddə çatmışdır. Buna görə də, yəni danışıqlar nəticə vermədiyi üçün pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ona məxsus Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov 75B ünvanda yerləşən fərdi yaşayış evinin damından Cavabdeh1 tərəfindən çəkilmiş kommunikasiya xətlərinin cavabdehin vəsaiti hesabına sökülməsi, həmin evə və evin 13 kv.m-dən ibarət həyətyanı torpaq sahəsin müdaxilələrin cavabdehə qadağan edilməsi, ona dəymiş 2.000 manat məbləğində maddi ziyanın və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki,hazırda istifadəsində olan 1 otaqlı evi alarkən onun həyətyanı sahəsi olmadığı üçün evin üst tərəfində təxminən 13 kv.m. ibarət torpaq sahəsinin kimə məxsus olmasını öyrənmiş, Yaqut xanım bildirmişdir ki, o sahə qonşu Zümrüdündür, o, Yaqut xanımın 1 otaqlı evi ona satan Xəyalın və digər şahidlərin iştirakı ilə Zümrüd xanıma 600 manat pul verərək həmin sahəni almışdır. Həmin sahə ona çən yerləşdirmək və paltar sərmək üçün zivə quraşdırmaq üçün lazım olmuşdur. Həm iddiaçı, həm də onun qızı su çənlərinə nərdivan vasitəsilə çıxaraq baxış keçirə bilərlər. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdi edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi əsassızdır, iddia edilən tələb üzrə sübutlar təqdim edilməyib və təqdim ediln sənədlər sözügedən tələbləri sübut etmir. İddiaçı mübahisə predmeti olan sahəyə mülkiyyət hüququnun olmasına dair heç bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçının daşınmaz əmlak barədə mülkiyyət hüquqları dövlət tərəfindən qeydiyyata alındıqda yaranır. İddiaçı mübahisə predmeti olan sahənin ona məxsus olmasına dair dövlət reyestrindən çıxarışı mövcud deyil və iddia ərizəsində qeyd edilən şahidlər iddiaçının mülkiyyət hüququnun yaranması üçün əsas deyil. İddiaçının daşınmaz əmlaka mülkiyyət hüququ şahid ifadələri ilə sübut edilə bilməz. İddiaçı tərəfindən tələb edilən 2000 manat pul vəsaiti əsassızdır. İddiaçı ona dəymiş 2000 manat pul vəsaitinin mövcudluğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir, həmin ziyanın hansı əsasla yaranması barədə məlumatlar iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilməmişdir. Cavabdeh həmçinin izahatında göstərmişdir ki, o, 30 ildir ki, orada yaşayır. İlkin olaraq hazırda iddiaçının istifadəsində olan 1 otaq da ona məxsus olmuşdur. 10 il bundan əvvəl həmin evi Xəyal adlı şəxsə satmışdır, Xəyal da 2019cu ildə həmin evi Malikə satmışdır. Malik 1 otaqlı evi aldıqdan sonra hazırda mübahisə predmeti olan torpaq sahəsinin aşağısında və Malikin evinin sağ tərəfində olan torpaq sahəsində qızı üçün ev tikmişdir. Malikin özünün hesab etdiyi torpaq sahəsindən 30 ildir ki, istifadə edir, su sayğacı və evinin üzərində olan çənə baxış keçirmək üçün oradan istifadə etməlidir. Malik ona həmin sahənin kimə məxsus olmasını soruşduqda o, demişdir ki, həmin sahə ona aid deyil, qonşu Zümrüdündür, lakin heç bir sənədi yoxdur, qanunsuz istifadə olunur. Eyni zamanda Malikin həmin torpaq sahəsini alınması üçün Zümrüdə 600 manat pul verilməsini görməmiş, orada iştirak etməmişdir. Hasarı əvvəllər o çəkmiş, Malik qapıya qıfıl vurduğu üçün həmin əraziyə daxil olmaq məqsədilə hasarı sökmüşdür. Qaz xətti ilə bağlı isə müvafiq quruma müraciət olunmuşdur, onun yeri dəyişdiriləcək. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianı rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş X3 izahatında göstərmişdir ki, anası ona Malikin evinin yanında ev tikmiş, qaz xətti həqiqətən evlərin üzəri ilə gəlir, onun yeri dəyişdiriləcəkdir. Lakin iddiaçının qeyd etdiyi torpaq sahəsindən keçməklə həm anasına, həm də ona məxsus su çənlərinə, su sayğaclarına baxış keçirilməsi yalnız həmin sahədən istifadə edilməklə mümkündür. Bir metr iddiaçı tərəfindən heç olmasa onlara keçid üçün yer verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, mübahisəli sahəyə baxış keçirib, tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, o, iddiaçı və cavabdehi tanıyır. 20 ildir ki, həmin ərazidə yaşayır. Malikin torpaq sahəsini alan zaman orada iştirak etmiş, həmin vaxt həmin yerdə Yaqut xanım, Xəyal, onun həyat yoldaşı da olmuşdur. 600 manata həmin torpağı Malik Zümrüdgildən almışdır. İş üzrə “Paylayıcı” qismində “Azəriqaz” İB ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Elşən İsmayılov küçəsi, 75B-da yerləşən evə dair bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, AKX-01169xx/xx- 2019 nömrəli müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, E.İsmayılov küçəsində yerləşən 75A saylı ev və iddiaçının yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, E.İsmayılov küçəsində yerləşən 75B saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidirlər və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişlər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində 13 kv.m.həyətyanı torpaq sahəsini X1, bir neçə gün sonra isə həmin torpaq sahəsinin yanında yerləşən 1 otaqdan ibarət tikilini - ünvan 1ş evini X5 hər iki daşınmaz əmlakın sahibləri ilə öz aralarında əldə edilmiş razılaşma əsasında satın almışdır. Həmin evi aldıqdan sonra cavabdeh qanunsuz və əsassız olaraq onların evə, evin həyətinə, damına, hasarına müdaxilələr etməyə başlamışdır. Cavabdeh və onun ailə üzvləri iddiaçıdan soruşmadan tez-tez onun həyətə girib-çıxırlar, istədiklərini edirlər, hətta o, evdə olmadığı vaxta ona məxsus həyətyanı sahənin hasarını söküblər. Cavabdeh bu və digər qanunsuz hərəkətləri ilə ona 2000 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh qızına qanunsuz olaraq tikdirdiyi evin bütün kommunal xətlərini iddiaçının xəbəri olmadan onun evinin damından, şiferlərin üzərindən keçirməklə çəkmişdir. Buna görə də hər dəfə öz evlərinin damına çıxmaq zərurəti yarananda (su çənində, su və qaz xətlərində problem olanda) yaxud qızının evinə gedən xətlərdə nasazlıq yarananda həyətindən keçirlər, evinin damına çıxırlar, oradan da öz evinin, qızının evinin damına keçirlər və hər dəfə də ona ziyan vururlar. Bu səbəbdən iddiaçı ona məxsus Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov 75B ünvanda yerləşən fərdi yaşayış evinin damından Cavabdeh1 tərəfindən çəkilmiş kommunikasiya xətlərinin cavabdehin vəsaiti hesabına sökülməsi, həmin evə və evin 13 kv.m-dən ibarət həyətyanı torpaq sahəsinə müdaxilələrin cavabdehə qadağan edilməsi, ona dəymiş 2.000 manat məbləğində maddi ziyanın və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən verilmiş tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdən əvvəl iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.2-ci maddəsinə əsasən mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən: “...mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün”. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəlləsinin 13.3-cü maddəsi).” Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qeyd edir ki, mübahisəli evlər öz hüquqi statusuna görə özbaşına tikililər olsa da, iddiaçı hesab etdiyi pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Yəni məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etməyə subyektiv hüququ mövcuddur. Bu səbəbdən məhkəmə cavabdehin iddiaçının ev üzərində mülkiyyət hüququnun mövcud olmama səbəbi ilə iddiasının əsassız olması barədə dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır(maddə 4.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «…İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən və torpaq sahəsindən istifadə ilə əlaqədar cavabdeh tərəfindən maneçilik törədilməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Qeyd edilən Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi və özbaşına tikili statusuna malik olması, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmaması kimi qiymətləndirilə bilməz. Lakin məhkəmə hesab edir ki, iddia tələbi yalnız o halda əsaslı hesab edilə bilər ki, iddiaçının yaşadığı özbaşına tikiliyə münasibətdə cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində iddiaçının öz evindən istifadə edilməsi ilə bağlı hüquqlarını məhdudlaşdırmış olsun. Məhkəmə tərəfindən mübahisəli yaşayış sahələrinə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, qaz xətti borusunun cavabdehin yaşadığı evin üzərindən başlayaraq iddiaçının yaşadığı evin üzərindən keçməklə cavabdehin qızının yaşadığı evə getməsi, işıq və telefon xəttinin evlərdən kənar keçməklə küçədəki ağaca bərkidilməklə iddiaçının mənzilinin önündən keçməsi, iddiaçı tərəfindən mübahisələndirilən 13 kv.m.-lik həyatyanı torpaq sahəsinə girişin açıq olması, orada iddiaçıya məxsus su çəninin olması, həmin sahədən çoxlu sayda su borularının keçməsi, cavabdehin yaşadığı evin üzərində, həmçinin 3-cü şəxsin yaşadığı evin üzərində su çənlərinin mövcud olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan mənzilin dam örtüyündən cavabdehin istifadəsində olan mənzilin dam örtüyü hissəsindən başlayaraq qonşu tikiliyə - 3-cü şəxs qismində cəlb edilmiş Gülgəz Salmanlının mənzilinə yalnız qaz xətti keçir, digər kommunikasiya xətləri G.Salmanlının mənzilinə küçə tərəfdən iddiaçının mənafeyinə xələl gətirmədən çəkilmişdir. Məhkəmə qaz xəttinin iddiaçının evinin dam örtüyündən keçməklə sonradan çəkilməsini və buna iddiaçının etiraz etməsini, həmçinin belə xəttin həmin yerdən keçməsinin təhlükəli hesab edilə bilməsini nəzərə alaraq hesab edir ki, qaz xəttinin cavabdehin vəsaiti hesabına sökülməsi hissəsində tələb əsaslı hesab edilməlidir. “Qaz təchizatı haqqında” AR Qanunun 16-cı maddəsinin 2-ci bəndinə əsasən qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. Digər kommunikasiya xətlərinin – işıq və telefon xətti, sökülməsi hissəsində məhkəmə iddianı əsaslı hesab etmir, yuxarıda qeyd edildiyi kimi həmin xətlər cavabdehin evinin damından deyil, küçədən keçməklə çəkilmiş, bu hal iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan və cavabdeh tərəfindən də iddiaçının qanuni istifadəsi kimi dəyərləndirilən 13 kv.m-dən ibarət həyətyanı torpaq sahəsində iddiaçıya məxsus su çəni quraşdırılmış, həmin sahədən həm iddiaçının, həm də cavabdehin istifadəsində olan tikililərin dam örtüyünə keçilməsi mümkündür, cavabdeh həmin sahədən öz damında quraşdırılmış su çəninə və su sayğacına baxış keçirmək üçün istifadə edir. Məhkəmə qeyd edir ki, 13 kv.m-dən ibarət həyətyanı torpaq sahəsi iddiaçının istifadəsində olduğundan, həmin sahədən cavabdehin keçməsinə və bununla da onun müdaxiləsinə iddiaçı tərəfindən etiraz edildiyindən, su çəninə baxış keçirilərkən iddiaçının damının zədələnmə ehtimalının olmasını, digər tərəfdən cavabdehin və 3-cü şəxsin damlarında quraşdırılmış su çənlərinə küçədən nərdivan qoyulmaqla baxış keçirilməsinin mümkün olmasını, su sayğaclarının isə həmin sahədən köçürülməsi mümkünlüyünü də nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin torpaq sahəsinə cavabdehin müdaxiləsinin qadağan edilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyana görə 2.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən bunu təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərdən görünüdyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində maddi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 2.000 (iki min) manat maddi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 tərəfindən İddiaçı istifadəsində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin damından çəkilmiş qaz xətti Cavabdeh1 vəsaiti hesabına sökülsün. İddiaçı istifadəsində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin 13 kv.m. ibarət həyətyanı torpaq sahəsinə müdaxilə etməsi Cavabdeh1 qadağan edilsin. Cavabdeh1 İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar