Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2119/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və cavabdeh Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “Yeni Azərbaycan" Partiyası Səbail rayon təşkilatınin sədri Muxtar Nağıyev tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, 06 nömrəli "Əmək müqaviləsinə xitam verilməsi haqqında" əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mən xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası “Yeni Azərbaycan” Partiyası Səbail rayon təşkilatında işləmiş və xx.xx.2021 ci il tarixdə işdən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası “Yeni Azərbaycan" Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tərəfindən imzalanmış xx.xx.2021 -ci il tarixli, 06 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında" əmrə əsasan həmin təşkilatın aparatında kompüter-mütəxəssisi vəzifəsində işlədiyi zaman əmək müqaviləsinə öz xahişini əsas göstərilməklə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən xitam verilmişdir. Aşağıda göstərilənlərə əsasən o həmin əmri qanunsuz hesab etmiş və hesab edir ki, həmin əmr qanunsuz qəbul edildiyindən ləğv edilməli, o işə bərpa edilməlidir və məcburi işburaxma üçün ona pul ödənilməlidir. Azərbaycan Respublikası “Yeni Azərbaycan" Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tərəfindən işdən azad edilərkən bildirdi ki, işdən azad edilməyinin səbəbi struktur və kadr islahatlarıdır. Lakin M.Nağıyev tərəfindən işdən çıxarılmağının səbəbi kimi göstərilən həmin səbəblər olduğu halda əmək qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1 -ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir; bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Əmək qanunvericiliyinin göstərilən normasının məzmunundan da göründüyü kimi işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi qabaqcadan işçini rəsmi xəbərdar etməlidir. Lakin işəgötürən Azərbaycan Respublikası “Yeni Azərbaycan" Partiyası Səbail rayon təşkilatınin sədri Muxtar Nağıyev tərəfindən o işdən çıxarıldığını vaxtdan azı dörd təqvim həftəsi qabaqcadan rəsmi xəbərdar edilməmiş və o xx.xx.2021-ci il tarixdə rəsmi xəbərdarlıq edilmiş və həmin xəbərdarlıq xx.xx.2021-ci il tarixindən nəzərdə tutulmuşdur. Göründüyü kimi işəgötürən Azərbaycan Respublikası "Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatınin sədri Muxtar Nağıyev tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1 -ci hissəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "a" və “b" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir; bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1.4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1.7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək qanunvericiliyinin göstərilən normasının məzmunundan da göründüyü kimi işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq - bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Lakin işəgötürən Azərbaycan Respublikası “Yeni Azərbaycan" Partiyası Səbail rayon təşkilatınin sədri Muxtar Nağıyev tərəfindən ona qeyd olunan normada göstərilən miqdarda işdənçıxarma müavinəti ödənilməmişdir. Göründüyü kimi işəgötürən Azərbaycan Respublikası “Yeni Azərbaycan" Partiyası Səbail rayon təşkilatınin sədri Muxtar Nağıyev tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası “Yeni Azərbaycan" Partiyası Səbail rayon təşkilatınin sədri Muxtar Nağıyev tərəfindən ona xx.xx.2021-ci il tarixdə rəsmi xəbərdarlıq edilsə də xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci il tarixindən etibarən əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsini nəzərdə tutan ərizə yazmağı üçün ona və digər işçilərə hazır mətn təqdim edildi (köçürmək üçün). Bütün əməkdaşlar eyni gündə bu mətni bir-birinə ötürərək köçürüb imzaladılar. Mən də şəxsən digər əməkdaşlar kimi bu mətni köçürüb imzalamağın riskli olduğunu düşünmürdü, çünki hamısı bu məsələnin prosedurun bir hissəsi olduğunu və yenidən işə təsdiq olunacaqlarını düşünürdülər. Üstəlik ərizə sədr tərəfindən təqdim edildiyinə görə heç kim etiraz, da edə bilməzdi. Ancaq bu ərizələr Muxtar Nağıyev tərəfindən bir neçə gün, yəni xx.xx.2021-ci il tarixinə qədər imzalanmadı. xx.xx.2021-ci il tarixdə isə sadəcə onun və başqa bir əməkdaşın ərizəsi imzalandı. M.Nağıyevdən bunun səbəbini soruşduqda isə o, “Mən təşkilatda daha uzun müddət stajı olan işçilərin işdən azad edə bilmərəm” sözlərini dedi. O isə əslində elə olmadığını ondan illər sonra işə götürülən əməkdaşlar olduğunu deyəndə onun cavabı “ Onları da işdən azad edəcəyik” oldu. Bu məlumatın da həqiqətin əks etdirmədiyini zaman göstərdi, çünki qalan bütün əməkdaşların işdə saxlanılmaları bir neçə ay sonra təsdiq olundu. Hətta onunla birlikdə eyni gündə işdən azad olunan əməkdaş da yenidən Yeni Azərbaycan Partiyasının başqa bir rayon təşkilatında işlə təmin olundu. Eyni zamanda o Muxtar Nağıyevdən təhsil səviyyəsi, dil bilikləri nəzərə alnınıb-alınmadığını soruşanda “Xeyr, bura“ tərcümə mərkəzi deyil”, “bura elm mərkəzi deyil” kimi cavablar verdi. Yəni qısacası onu Azərbaycan Respublikası “Yeni Azərbaycan" Partiyası Səbail rayon təşkilatınin sədri Muxtar Nağıyev vəzifəyə təyin olunduqdan iki həftə sonra bilik və bacarıqlarını yoxlamadan, hər hansı müsahibə təşkil etmədən, qeyd- şərtsiz qanuna zidd olaraq işdən azad etmişdir. Azərbaycan Respublikası ‘‘Yeni Azərbaycan" Partiyası Səbail rayon təşkilatınin sədri Muxtar Nağıyev xəbərdarlıq müddəti bitmədən vəzifədən azad olunmağı üçün müraciət etdiyini iddia edir. Ancaq bu məlumat tamamilə yalan və iftiradan ibarətdir, çünki onun könüllü işdən çıxmağı üçün heç bir səbəb yox idi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Qeyd edir ki, əmək qanunvericiliyinin göstərilən normasının məzmunundan da göründüyü kimi işçi özü könüllü olaraq işdən çıxması üçün bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Lakin onun tərəfindən işəgötürən olan Azərbaycan Respublikası "Yeni Azərbaycan” Partiyası Səbail rayon təşkilatınin sədri Muxtar Nağıyevə heç bir yazılı ərizə təqdim edilməmişdir. Əksinə xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixdən etibarən əmək müqaviləsinin işçi tərəfindən ləğvi üçün ərizə yazmağı üçün hazır mətn təqdim edildi. Üstəlik digər əməkdaşlarla birlikdə xx.xx.2021-ci il tarixədək əmək fəaliyyətinə davan etdim və həmin müddət üçün də ona heç bir əməkhaqqı ödənilmədi. Hesab edir ki, Azərbaycan Respublikası “Yeni Azərbaycan” Partiyası Səbail rayon təşkilatınin sədri Muxtar Nağıyev tərəfindən hazır ərizə formasının təqdim edilməsi işdən çıxarma müavinətinin ödənilməməsi üçün olmuşdur. Göründüyü kimi işəgötürən Azərbaycan Respublikası "Yeni Azərbaycan" Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. İddia tələbi təmin edilməli, işəgötürən - Azərbaycan Respublikası “Yeni Azərbaycan" Partiyası Səbail rayon təşkilatınin sədri Muxtar Nağıyev tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları pozulduğundan onunla əmək münasibətlərinə xitam verildiyindən xx.xx.2021-ci il tarixli, 06 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında'" əmr ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun işə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, işdən özü istəyərək çıxmamış, məcbur edilərək işdən çıxma ərizəsini yazmışdır. Həmçinin bildirmişdir ki, o, əmək kitabçasını əmr verildikdən təxminən bir həftə sonra almış, əmr barədə də məlumatlı olmuşdur. İşlə təmin ediləcəyinə ümid etdiyindən əmri dərhal mübahisələndirməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək göstərmişdir ki, işin materiallarında olan iddiaçının təqdim etdiyi iddia ərizəsindən görünür ki, iddianın əsasını Azərbaycan Respublikası “Yeni Azərbaycan” Partiyası Səbail rayon təşkilatının xx.xx.2021-ci il tarixli,06 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmri təşkil edir. İddiaçı, Azərbaycan Respublikası “Yeni Azərbaycan” Partiyasında həyata keçirilən struktur dəyişiklikləri ilə əlaqədar işdən azad edilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli Ərizəsində “xx.xx.2021-ci il tarixdən öz istəyini nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini” xahiş etmişdir. Qeyd olunan Əmrlə onun xahişi təmin olunmuşdur. Bu əsasla da hesab edirik ki, "işçilərin sayının azaldılması və ya ştatların ixtisarı barədə” qanunvericiliyi iddiaçıya şamil oluna bilməz. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur: “Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1- ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair» 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışma hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Yuxarıda qeyd olunanlardan və Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbindən görünür ki, bu hal üzrə iddia müddəti bir ay müəyyən edilib. İş materiallarından göründüyü kimi, İddiaçı tərəfindən hazırkı mübahisə barədə qaldırılmış iddia üzrə 2021-cı ilin 01 oktyabr tarixdən ona məlum idi.Həmin tarixdə Bank vasitəsilə ona son hesablaşma təqdim olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd olunanlara və Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır, iddia əsassız olduğundan və iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədrinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı təqdim edilmiş xəbərdarlıq müddəti bitməmişdən əvvəl onunla bağlanmış əmək müqaviləsinə 01 oktyabr 2021-ci il tarixində öz istəyi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin surətini xx.xx.2022-ci il tarixində qəbul etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus xx.xx.2015-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatına kompyuter-mütəxəssis vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının 01 oktyabr 2021-ci tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı aparatının kompyutermütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə 2021-ci il oktyabr ayının 1-dən xitam verilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatına kompyuter-mütəxəssis vəzifəsinə təyin edilmiş, 01 oktyabr 2021-ci il tarixində ərizə ilə müraciət edərək xəbərdarlıq müddəti bitmədən öz istəyi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və işəgötürənin 01 oktyabr 2021-ci tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı aparatının kompyuter-mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə 2021-ci il oktyabr ayının 1-dən xitam verilmişdir. Hazırda iddiaçı işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız və qanunsuz olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: [122] bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. İş materialları və işin faktiki hallarından da göründüyü kimi, iddiaçının əmək müqaviləsinə 01 oktyabr 2021-ci il tarixli 06 saylı əmrlə 01 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq (tərəflərdən birinin təşəbbüsü) öz xahişi ilə xitam verilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya xəbərdarlıq edilmiş və o, xəbərdarlıq müddəti bitməmişdən əvvəl öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etmişdir. İddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının öz izahatı ilə də müəyyən edilmişdir ki, o, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr barədə əmr verildikdən bir həftə sonra xəbərdar olmuş və əmək kitabçasını da almışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tələb irəli sürməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi iddiaçı özü də məhkəmə iclasında əmək kitabçasını təxminən əmr verildikdən bir həftə sonra (təxminən 08 oktyabr 2021-ci il) tarixdə götürdüyünü və hazırki iddia tələbi ilə məhkəməyə hüququnun pozulmasının aşkar edildiyi gündən 1 ay müddət keçdikdən sonra müraciət etməsini işə götürənin onu yenidən işlə təmin edəcəyinə ümid etməsi ilə əsaslandırmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, iddia tələbinin işə bərpa hissəsi əsassız olduğundan, eləcə də iddia müddəti tətbiq edilərək rədd edildiyindən, iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova