Məhkəmə qərarları › İş №2(009)-212/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-212/2022

03.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-212/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 Bakı şəhəri, Səbail rayonu Salyan şossesi, Dalan 3 ünvanında yerləşən 8 saylı evin 1 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və onların pasport qeydiyyatlarının ləğv edilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 3 ünvanında yerləşən 8 saylı evin 1 saylı mənzilininin ¼ hissəsini İddiaçı1, ¾ hissəsini isə İddiaçı2 alqı-satqı müqaviləsinə əsasən satmışdır. Həmin mənzil mülkiyyət hüququ üzrə onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda onlar həmin mənzilin mülkiyyətçiləridirlər. Həmin vaxtdan ev onların sahibliyində və istifadəsindədir. Lakin Cavabdeh1 mənzili onlara təhvil versə də, onun özü və qohumları olan cavabdehlər hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışlar. Hal-hazırda cavabdehlərin onlara məxsus mənzildə qeydiyyatda qalmaları mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onların mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edirlər ki, cavabdehlərin mülkiyyətlərindəki mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmişlər və təmin edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sonuncu qeydiyyatda olduqları ünvandan məhkəmə iclasına çağırılmışlar, lakin həmin ünvanın olduğu ərazi üzrə 149 saylı MKİS tərəfindən cavabdehlərin göstərilən mənzildə qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamadıqlarına dair məktub məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin məlum olan sonuncu qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyd yazılmış məktub məhkəməyə göndərildiyindən, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxıla bilər. Məhkəmə, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 13 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 19 oktyabr 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh1 ona məxsus Bakı şəhəri, Səbail rayonu Salyan şossesi, Dalan 3 ünvanında yerləşən 8 saylı evin 1 saylı mənzilinin ¼ hissəsini İddiaçı2 satmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 13 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 19 oktyabr 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh1 ona məxsus Bakı şəhəri, Səbail rayonu Salyan şossesi, Dalan 3 ünvanında yerləşən 8 saylı evin 1 saylı mənzilinin ¾ hissəsini İddiaçı1 satmışdır. Həmin Müqavilələrin 13-cü bəndinə əsasən satıcı 19.11.2019-cu il tarixədək qeyd edilən ünvandan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında 23.11.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu Salyan şossesi, Dalan 3 ünvanında yerləşən 8 saylı evin 1 saylı mənzilində xx.xx.1945-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı2, 22.06.2012-ci il təvəllüdlü X7, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh3, 12.09.2014-cü il təvəllüdlü X8, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna əsasən 149 saylı MKİS tərəfindən verilmiş 26.01.2022-ci il tarixli, 09 nömrəli məktubdan görünür ki, Cavabdeh2, X7, Cavabdeh3, X8, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu Salyan şossesi, Dalan 3 ünvanında yerləşən 8 saylı evin 1 saylı mənzilində qeydiyyatda olmalarına baxmayaraq göstərilən ünvanda yaşamırlar. Ona görə də, məhkəmə bildirişini təqdim etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27.01.2022-ci il tarixli cavab məktubuna əlavə olunmuş Cavabdeh3oviç tərəfindən imzalanmış 19.11.2003-cü il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, dalan 3, ev 8, 1 saylı mənzilin atası X9 adına özəlləşdirilməsinə etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, dalan 3, ev 8, 1 saylı mənzil 02.01.2004-cü il tarixdə X9 adına ilkin qeydiyyatdan keçmişdir. 2 saylı DNKnın 4Ə/1-03 reyestr nömrəli 06.01.2004-cü il tarixli alqı-satqı müqaqviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir. 2 saylı DNK-nın 4Ə/3-400 reyestr nömrəli 17.11.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1/2 hissəsi X5 adına qeydiyyatdan keçmişdir. 2 saylı DNK-nın 4Ə/2-200 reyestr nömrəli 25.06.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin ½ hissəsi X6 adına qeydiyyatdan keçmişdir. 2 saylı DNKnın 4Ə/2-295 reyestı nömrəli 14.11.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin ½ hissəsi X10 adına qeydiyyatdan keçmişdir. 2 saylı DNK-nın 4Ə-2-184 reyestr nömrəli 19.08.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin ½ hissəsi X4 adına qeydiyyatdan keçmişdir. Notarius Ə.A.Hüseynov tərəfindən təsdiqlənmiş 4Ə-01-152 reyestr nömrəli 08.02.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin ½ hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 3 saylı ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu R.M.Şahgəldiyev tərəfindən təsdiqlənmiş 2V-895 reyestr nömrəli 18.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mənzilin ½ hissəsi İddiaçı2 adına qeydiyyatdan keçmişdir. 2 saylı DNK-nın 4Ə-198, 4Ə- 199 reyestr nömrəli 19.10.2019-cu il tarixli elektron alqı-satqı müqavilələrinə əsasən sözügedən mənzilin ¾ hissəsi İddiaçı2, ¼ hissəsi İddiaçı1 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08.02.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanının ¾ hissəsi İddiaçı2 adına, ¼ hissəsi İddiaçı1 adına qeydə alınmışdır və hazırda mülkiyyətlərindədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Azərbaycan Respublikasının MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu Salyan şossesi, Dalan 3 ünvanında yerləşən 8 saylı evin 1 saylı mənzili ¾ hissəsi İddiaçı2 adına, ¼ hissəsi İddiaçı1 adına reyestrdə qeydə alındığı üçün, iddiaçılar mülkiyyətçi kimi həmin əmlaka öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdirlər, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlər isə keçmiş mülkiyyətçilər, eləcə də mülkiyyətçilərin ailə üzvü olmaqla hazırda həmin mənzilə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçıların mülkiyyətində (paylı) olan mənzilə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçıların cavabdehlərin onların mülkiyyətində olan mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair tələbi qanuni və əsaslıdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2ci maddəsinə əsasən 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, 14 yaşı olmayan yetkinlik yaşına çatmayanların və qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı əsasında paylı mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan, Bakı şəhəri, Səbail rayonu Salyan şossesi, Dalan 3 ünvanında yerləşən 8 saylı evin 1 saylı mənzilindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı əsasında paylı mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan, Bakı şəhəri, Səbail rayonu Salyan şossesi, Dalan 3 ünvanında yerləşən 8 saylı evin 1 saylı mənzilindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 Bakı şəhəri, Səbail rayonu Salyan şossesi, Dalan 3 ünvanında yerləşən 8 saylı evin 1 saylı mənzilinə olan yaşayış yeri üzrə pasport qeydiyyatlarının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar