Məhkəmə qərarları › İş №2(009)-212/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-212/2025

28.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-212/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1, onun vəkili Vəkil2, İlkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı3, İddiaçı2, İlkin iddia üzrə İddiaçı4, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 (Sahibovanın), İlkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs S.Q.Sahibovanın iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Sahibova (Sarıyeva) Ruhiyyə Bəydadaş qızına, Cavabdeh3 qarşı mənzildən çıxarılması tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Sahibova (Sarıyeva) Ruhiyyə Bəydadaş qızının cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı mənzildən və qeydiyyatdan çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Sahibova (Sarıyeva) Ruhiyyə Bəydadaş qızına, Cavabdeh3 qarşı mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki,hazırkı iddiada cavabdehlərin çıxarılması tələb olunan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, 115 saylı evin 11-ci mənzili qanuni sahiblik hüququ əsaslarla onlara məxsusdur. Cavabdehlər məqsədli olaraq onların iradələrinə zidd həmin mənzilə özbaşına girməklə, onların mənzildə yaşamasına imkan vermirlər. Mənzildə baş verən mübahisələrə görə dəfələrlə ünvana polis əməkdaşları gəlsə də, xeyri olmamışdır. Cavabdehlər həmin mənzili ələ keçirmək, onları oradan sıxışdırıb çıxarmaq üçün birgə hərəkətdə davam etməkdədirlər. Ona görə də məsələnin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Belə ki, o, İddiaçı1 ilkin olaraq gəlin kimi 1995-ci ildə qaynatası (həm də əmisi) mərhum İddiaçı3 Həsənağa oğlunun adına olan 7-ci Badamdarda yerləşən 4 otaqlı mənzilə köçmüşdür. Ailə başçısı olan qaynatası həmin mənzili 1997-ci ildə satıb, əldə edilən pula baldızı Cavabdeh1 Lökbatan qəsəbəsində mənzil almış və Sevil ailəsi ilə birgə kirayə qaldığı mənzildən yeni mənzilə köçmüşdür. Bir müddətdən sonra 2 uşağı olduğu nəzərə alınaraq ailə başçısı kimi qaynatası İddiaçı3 Həsənağa oğluna 1998-ci ildə Neft şirkətindən hazırda yaşadıqları ünvan 1-də yerləşən 11-ci mənzil onlara verilmişdir. Bu mənzilə köçəndə ailə tərkibləri o, keçmiş əri, 2 uşağı, iddiaçılar İddiaçı2 və İddiaçı3, baldızı cavabdeh Sahibova (Sarıyeva) Ruhiyyə Bəydadaş qızı, qaynatası və qaynanası olmaqla ailə üzvləri 7 nəfərdən ibarət olmuşdur. Sonra onun 1 övladı da İddiaçı4 dünyaya gəlmiş, baldızı Ruhiyyə da ərə getmiş və ər evinə Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən ər evinə gəlin köçmüşdür. Sonradan onun da 2 uşağı X24 və X25 olmuşdur. Ruhiyyə ərə gedib,başqa ünvana ər evinə köçməsinə baxmayaraq qeydiyyatda onların mənzildə qaldığından, uşaqları da onların mənzildə qeydiyyata alınmışlar. Rəsmi qeydiyyat üzrə ailə üzvlərinin sayı 10 nəfərə çatmışdır. Sonra ailə sayları 10 nəfər olduğu nəzərə alınmaqla, əlavə bir mənzil də veriləcəyi əsasdan Səbail rayon İcra Hakimiyyətində növbəti mənzil növbəsinə dayanmışlar. Bu arada 2005-ci ildə qaynatası rəhmətə getmişdir. Ruhiyyənin də daha 1 övladı X15 dünyaya gəlmişdir. Yenə də ailəsi ev növbəsində qaldıqları 10 nəfər sayı dəyişilməz qalmışdır. Ev növbəsi çatanda Abşeron rayonu, Digah qəsəbəsi, Zaur Həbibov küçəsi, 1D saylı evdə, 1 nömrəli 3 otaqlı mənzil verilmişdir. Həm qaldıqları və həm də təzə verilmiş mənzillərin hər ikisi Dövlət tərəfindən verildiyindən ailə üzvlərinin mənzilə görə bölgüsü aparılmalı idi. 10 nəfər ailə üzvü yığışaraq iki mənzili aralarında bölgü aparıb razılaşmışlar. Ailə üzvlərindən o, keçmiş yoldaşı və 3 uşağı hazırkı mənzildə qalmışlar.X3, baldızı Ruhiyyə Sahibova və 3 uşağı ilə həmin yeni alınmış mənzildə payları müəyyən olunmuş və həmin mənzilə köçmüşlər. Lakin qeydiyyatlar əvvəlki kimi onların yaşadıqları mənzildə qalmışdır. Yeni alınmış mənzildə tələb edildiyindən Ruhiyyə sonradan onların ünvandan qeydiyyatdan çıxıb, yaşadığı həmin yeni mənzilə qeydiyyata alınmışdır. Bu şəkildə də uzun müddət hər kəs öz evində yaşamaqda davam etmişdir. Yoldaşı ilə münasibəti pozulduğundan, 2022-ci ildə boşanmaya vermişdir. Vəziyyəti belə görən qaynatası köçüb onlara gəlmişdir. Birazdan növbə ilə baldızları da uşaqları ilə gəlmişlər. Etiraz etmələrinə baxmayaraq zor gücünə, dava dalaşla mənzilə soxulmuşlar. Bundan sonra onu və uşaqlarını mənzildə sıxışdırmağa başlamışlar. Əvvəlcə qaynanası mənzili öz adına rəsmiləşdirmək istəmişdir. O, etiraz etmişdir ki, dövlət tərəfindən onlara verilən mənzillərdə paylara görə bu mənzil onun ailəsinə aid edilmişdir. Mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmışdır. Mənzil sahəsinin genişləndirilməsi ilə bu mənzillərin verildiyi müəyyən olunmuş və qaynanasının iddiası rədd edilmişdir. Bundan sonra keçmiş əri başqa arvad almışdır. Onu mənzilə gətirmək istəmişlər. Etiraz etmişlər və aralarında mübahisə yaranmışdır. Keçmiş əri aldığı yeni arvadı mənzilə köçürülməsi üçün iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisəyə Səbail rayon Məhkəməsində baxılmış və iddiası rədd edilmişdir. Bundan sonra da baldızı Ruhiyyə uşaqları ilə onların mənzilə gəlmiş, 1 otaqdan uşaqlarının əşyalarını çıxarıb ora yerləşmişdir. Halbuki, onların ailə saylarına görə verilmiş və ailəsi ilə orada yaşadığı mənzildən başqa ərinin Qaradağ rayonunda gəlin getdiyi fərdi yaşayış evləri də vardır. Bir müddətdən sonra da digər baldızı Cavabdeh1 da oğlu və gəlini ilə birlikdə onların mənzilə köçmüş və onlar da bir otağı zəbt etmişlər. Hazırda hamı birləşib onu və uşaqlarını mənzildən çıxıb getmək üçün bütün təsir vasitələrdən istifadə edirlər. Hər gün mənzildə dava dalaşdır. Mənzildə tərpənməyə yeri yoxdur. Mənzildən gündüzlər çıxıb ancaq yatmağa gəlmək məcburiyyətində qalmışlar. Cavabdehlər də özbaşınalıqda davam etməkdədirlər və özbaşınalıqlarına son qoymaq üçün mənzildən çıxarılmalıdırlar. Göründüyü kimi cavabdehlərin çıxarılması tələb olunan mübahisəli mənzil sahəsi üzərində mövcud hüququnu iddiaçılar Dövlət Reyestrində qeydiyyata alıb, mülkiyyət hüququnu əldə etməsələr də, qanuni əsaslarla əldə etdiyi baxımından onların qanuni sahibliyindədir. Ona görə də həmin mənzil sahəsinin başqasının özbaşına zəbtindən geri tələb etmək hüququna malikdirlər. Göstərilənləri nəzərə alaraq iddiaçılar ünvan 1 ünvanında yerləşən 11-ci mənzil sahəsindən cavabdehlər Cavabdeh1, Sarıyeva (Sahibova) Ruhiyyə Bəydadaş qızının və Cavabdeh3 (uşaqları ilə birgə) çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı Sahibova (Sarıyeva) Ruhiyyə Bəydadaş qızı cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı mənzildən və qeydiyyatdan çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə anası X1 olduğu Bakı şəhəri, Badamdar qəsəbəsi, ev 115, mənzil 11-də yaşayır. Cavabdeh İddiaçı1 qardaşı X5 həyat yoldaşı olmuşdur. İddiaçı1 qardaşı ilə 2023-cü ilin yay aylarında ondan boşanmışdır. Qardaşı Xəqanin özü və uşaqları üçün Badamdar qəsəbəsi və Bayıl qəsəbəsində iki ədəd 3 otaqlı özbaşına tikilmiş ev almışdır. Cavabdehlər onu həmin evlərdən qovub çıxartmış və evləri mənimsəmişlər. Hazırda cavabdehlər Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci dairə, Arif İsmayılov küçəsi, ev 17 və Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi, ev 17 B-də yaşayırlar. Qardaşı Xəqani evləndiyinə görə cavabdehlər tez-tez onların evə gəlir, müxtəlif bəhanələrlə dava salır və sonra çıxıb gedirlər. Polis şöbəsində onları münaqişəli ailə kimi qeydiyyata alıblar. Hətta cavabdehlər onlar evdə olmayanda gəlib evin istilik qurğularını söküb aparmışlar. Bu barədə polisə şikayət verilmişdir. Hətta cavabdehlər qısa müddətə gələrkən anası və onlara məxsus mebel və yumşaq kreslo və divanı evin qapısına yığıb evdə yaşayan adamların evə girməsini çətinləşdirirlər. Hər dəfə cavabdehlər gələndə anası Sahibə Sahibovanın əmlakları evdən yoxa çıxır. Cavabdehlər dava salıb yorulandan sonra öz evlərinə gedir və bir həftə dincəldikdən sonra yenidən gəlib hadisələri təkrarlayırlar. Cavabdeh İddiaçı1 onların ondan şikayət verəcəyini bilib, tez evlərinin kommunal xərclərini qardaşının adına keçirtmişdir. Cavabdehlər bütün şəraiti və rahatlığı olan 2 ədəd üç otaqlı mənzildə yaşadıqlarından onların anası Sahibova Sahibə və onlara məxsus evdə yaşaması və qeydiyyatda qalması qanunda qadağan edilir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər İddiaçı1, İddiaçı2 Xəqani oğlunun, İddiaçı3 Xəqani oğlunun Badamdar qəsəbəsi, Badamdar küçəsi, ev 115, mənzil 11-də yaşamadıqlarından, daimi yaşayış yerləri olduğundan mənzildən və qeydiyyatdan çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. İddiaçı1 həmçinin izahatında göstərmişdir ki, o, keçmiş həyat yoldаşı olan əmisioğlu ilə 1995-ci ildə ailə quraraq onların evinə gəlin gəlmişdir. Sonradan əmisi evi satıb bu evi almış, 3 uşağı anadan olmuşdur. Bu ev 4 otaqlı olmuşdur. Onlara 1998-ci ildən dövlət tərəfindən verilmişdir. Həmin vaxtdan onlar burada qalırlar- qaynatası, qaynanası, baldızı və yoldaşı yaşamışlar. Sonradan baldızı ərə getmişdir. 2006-cı ildə qaynatası rəhmətə getmişdir. O, yoldaşından boşanmış, yoldaşı yeni ailə qurmuş və təzə arvadını mübahisəli evə gətirmək istəmişdir. Baldızı Sevilin başqa evi var. Ruhiyyənin Digah qəsəbəsində evi var. Qabil Ruhiyyənin yoldaşıdır. 3 aydır ki, Sevil gəlini və nəvəsi ilə həmin evə köçmüş, onların birgə yaşayışı mümkün olmadığı üçün məcburiyyət qarışısında qalır, qardaşına məxsus evdə kirayədə yaşayır. Həmin evi Xaqani almamışdır. Yəni birgə yaşayış mümkün olmadığından onlar məcbur olub evdən çıxmışlar. Hərbi xidmətdən qayıdan oğlu o evdə tək qalır. Qaynanası onlarla qalır. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı3 ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. İddiaçı3 həmçinin izahatında göstərmişdir ki, o, həmin evdə yaşamışdır. 2022-ci ildə ailə həyatı qurmuşdur. Yoldaşını həmin evə gətirilmə zamanı sıxlıq yaranacağını görüb, həmin evdən çıxıb dayısına məxsus evə getmişdir, lakin o, həmin evdə ailəsi ilə birlikdə yaşamaq istəyir, buna onun haqqı var. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. İddiaçı2 həmçinin izahatında göstərmişdir ki, o, Vətən Müharibəsində iştirak edib qayıtdıqdan sonra həmin evdə qalmışdır. 2024-cü ilin yayında evlənmiş, onların birgə yaşayışına imkan vermədikləri üçün evdən çıxmışdır. Hazırda kirayədə qalır. Lakin həmin evə gedib-gəlir, gedib-gələndə də bibisi qalmaqal yaradır, polisə şikayət edirlər. Onların birgə yaşayış mümkün deyil. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə İddiaçı4 ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı4 həmçinin izahatında göstərmişdir ki, o, həmin evdə anadan olmuşdur. Əsgərlikdən gəldikdən sonra hazırkı vaxtadək həmin evdə yaşayır. Evin 1 otağı anası tərəfindən bağlanılıb, 2 otağını nənəsi bağlayıb, hamı 1 otaqda qalır, həmin otaqda o, nənəsi, Xaqani, Sevil, Sevilin oğlu qalır. Ruhiyyə arada gəlib-gedir, orada qalmır. Qabil də orada qalmır. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Sahibova (Sarıyeva) Ruhiyyə Bəydadaş qızı ilkin iddia tələbini qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. R.Sahibova (Sarıyeva) həmçinin izahatında göstərmişdir ki, o, həmin evdə uşaqları ilə birlikdə yaşayır, uşaqlarının qeydiyyatı həmin ünvanadır. Onların həmin evdə yaşamağa hüquqları var. Analarını tək qoymamaq üçün Sevil də onunla birlikdə yaşayır, gəlini də orada uşağı ilə birlikdə yaşayır. Yoldaşı Qabildən boşanmışdır, Qabil həmin evdə qalmır. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. Nümayəndə ilkin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edərək həmçinin izahatında göstərmişdir ki, Cavabdeh1 kirayədarın qızı olmaqla yanaşı 1998-ci tarixdə verilmiş orderlə mənzilin istifadəçisi kimi tanınmışdır. Digər cavabdehlər Ruhiyyə Sahibova, onun uşaqları və həyat yoldaşı Cavabdeh3 mənzilin istifadəçisi kimi orderdə göstərilmişdir. Belə olan halda onların mənzilə istifadə və yaşamaq hüquqlarının heç kəs məhdudlaşdıra bilməz. İddiaçılar o mənzildə yaşamırlar, Xaqaninin aldığı evdə yaşayırlar. Hətta evdən istilik sistemini çıxarıb aparmışlar, bu da onların həmin evdə yaşamamasını təsdiq edir. Qanunvericilik daimi yaşamaq üçün köçən şəxslərin qeydiyyatının ləğvini nəzərdə tutur. Sevilin evə gəlməsinə anası razılıq vermişdir. Orderdə də adı var. Məhkəmə iclasında izahatı alınmış məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş X12 izahatında göstərmişdir ki, Sevil və Ruhiyyə onun qızlarıdır. Hər iki qızı boşanmışdır. Sevil uzun müddət həmin evdə yaşamış, sonra ərə gedib ev alıb, ev bank vasitəsi ilə satılmış, Sevil yoldaşından boşandığı üçün onu evinə gətirmiş, Sevilin oğlu hərbi xidmətdə olduğu üçün Sevilin gəlinini və nəvəsini də yanına gətirmişdir. Həmin evdə Ruhiyyə və uşaqları da qalır, Qabil o evdə yaşamır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə ilkin iddia üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 209 nömrəli sərəncamına əsasən verilmiş xx.xx.1998-ci il tarixli 047865 nömrəli orderin surətindən görünür ki, İddiaçı3 Həsənağa oğlu 7 nəfər ailə üzvləri (1948-ci il təvəllüdlü İddiaçı3 Həsənağa oğlu (özü), 1953-cü il təvəllüdlü S.Q.Sahibova (həyat yoldaşı), 1972-ci il təvəllüdlü Cavabdeh1 (qızı), 1976-cı il təvəllüdlü R.İddiaçı3 (qızı), 1971-ci il təvəllüdlü Q.N.Rəsulov (kürəkəni), 1995-ci il təvəllüdlü F.Q.Rəsulov (nəvəsi) və 1996-cı il təvəllüdlü G.Q.Qəsulova (nəvəsi) ilə birlikdə ünvan 2 ünvanında 4 otaqdan ibarət 58,29 kv.m. yaşayış sahəsində yaşamaq hüququna malikdir. İş üzrə Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 Həsənağa oğlu xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin Sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə xx.xx.2011-ci il tarixli 340 M saylı əmrin surətindən görünür ki, X12 ARNDŞ-nin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə müraciət edərək yaşadığı Bakı şəhəri, Səbail rayonu, C.Hasilov küçəsi, 115 saylı evin 11 saylı mənzilinin sosial kirayə müqaviləsinin həyat yoldaşı İddiaçı3 Həsənağa oğlunun vəfatı ilə əlaqədar öz adına dəyişdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlərdən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, C.Hasilov küçəsi, 115 saylı evin sahəsi 58,29 kv.m.olan 4 otaqdan ibarət 11 saylı mənzilin icarədarı İddiaçı3 Həsənağa oğlu olmuşdur və xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Hal-hazırda həmin mənzildə ərizə 8 nəfər ailə üzvü ilə (özü, oğlu, gəlini, qızı və dörd nəvəsi) yaşayır. X2 müraciəti və müvafiq sənədlər baxılması üçün ARDNŞ-nin Sosial İnkişaf İdarəsinə təqdim edilmiş və Sosial İnkişaf İdarəsinin xx.xx.2011-ci il tarixli Qİ xx-xx/7912 saylı məktubu ilə mənzilin sosial kirayə müqaviləsinin onun adına dəyişdirilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinin 2-ci bəndinə əsasən Bakı şəhəri, Səbail rayonu, C.Hasilov küçəsi, 115 saylı evin yaşayış sahəsi 58,29 kv.m. olan 4 otaqdan ibarət 11 saylı mənzilin sosial kirayə müqaviləsi 8 nəfər ailə üzvü ilə (özü,oğlu Sahibov Xaqani, gəlini İddiaçı1, qızı Cavabdeh2, dörd nəvəsi – İddiaçı3, İddiaçı2, Sarıyev S.,Sarayev A.) X4 adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanması, İddiaçı3 Həsənağa oğlunun adına olan sosial kirayə müqaviləsinin bağlanılması və X4 adına yeni müqavilənin açılması MKXD-nin 20 saylı MİS-nə tapşırılması əmr edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X16 ilə İddiaçı1 arasında nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4031/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, iddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X14, İddiaçı2, X8, X25, İddiaçı1, X24, X15, İddiaçı4, İddiaçı3. Cavabdeh1, X9, X17, X13) çıxarışın verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışına əsasən X12, X14 (xx.xx.1974-cü il təvəllüdlü), X25 (xx.xx.2012-ci il təvəllüdlü), X15 (xx.xx.2007-ci il təvəllüdlü), İddiaçı1 (xx.xx.1977-ci il təvəllüdlü), İddiaçı2 (xx.xx.1996-cı il təvəllüdlü), İddiaçı4 (xx.xx.2005-ci il təvəllüdlü), X24 (xx.xx.2005-ci il təvəllüdlü) ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin (hakim R.N.Qafarova) surətindən görünür ki, iddiaçı X10 (X14 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər İddiaçı1 və X6 qarşı “mənzilə köçürmə” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş üzrə A.İ.Şirinova, S.Ə.Qasımova, M.H.Eyvazova, M.A.Bayramova və N.M.Abdullayeva tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu 115 saylı evin 11 saylı mənzilində Cavabdeh1 ailə üzvləri ilə birlikdə 1998-ci ildən hal-hazıra kimi yaşayır. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində yerləşən 115 saylı evin 4 otaqlı 11 saylı mənzili xx.xx.1998-ci il tarixli, 047865 nömrəli orderinə əsasən İddiaçı3 Həsənağa oğluna verilmişdir. Həmin orderdə İddiaçı3 7 nəfər ailə üzvləri – özü, S.Q.Sahibova (həyat yoldaşı), Cavabdeh1 (qızı), R.İddiaçı3 (qızı), Q.N.Rəsulov (kürəkəni), F.Q.Rəsulov (nəvəsi), G.Q.Rəsulova (nəvəsi) göstərilmişdir. İddiaçı3 Həsənağa oğlu xx.xx.2006-cı ildə vəfat etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2011-ci il tarixli 340 M saylı əmrinə əsasən Bakı şəhəri, Səbail rayonu, C.Hasilov küçəsində yerləşən 115 saylı evin yaşayış sahəsi 58,29 kv.m. olan 4 otaqdan ibarət 11 saylı mənzilin sosial kirayə müqaviləsinin 8 nəfər ailə üzvü ilə (özü, oğlu Sahibov Xaqani, gəlini İddiaçı1, qızı Cavabdeh2, dörd nəvəsi – İddiaçı3, İddiaçı2, Sarıyev S., Sarıyev A.) X4 adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, hazırda mübahisəli mənzildə mənzilin kirayəçisi X12, nəvəsi İddiaçı4, qızı Cavabdeh1, onun gəlini və uşağı, Sahibova Ruhiyyə və iki övladı yaşayırlar. Mübahisəli mənzil özəlləşdirilməmiş və mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İlkin iddia üzrə iddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlər öz ailə üzvləri ilə qanunsuz olaraq mübahisəli mənzilə köçərək otaqları zəbt etmiş, cavabdehlərin həmin mənzildə yaşamaları mənzilin qanuni sakinləri kimi onların hüquqlarını pozur, birgə yaşayışın mümkünsüz edir, başqa yaşayış sahəsində müvəqqəti yaşamaq məcburiyyətində qoyur, bu səbəbdən iddiaçılar ünvan 1 ünvanında yerləşən 11-ci mənzil sahəsindən cavabdehlər Cavabdeh1 Bəydada qızının, Sahibova (Sarıyeva) Ruhiyyə Bəydadaş qızının və Cavabdeh3 (uşaqları ilə birgə) çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli mənzil üzrə Sahabə Sahibovanın, Dadaş Sarıyevin, Sahil Sarıyevin, Ağakərim Sarıyevin, İddiaçı2, Xaqani Sahibovun, İddiaçı4 və İddiaçı3 yaşayış yeri üzrə qeydiyyatları vardır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsirni kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göstərilən Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsinə əsasən Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 17.3.1-ci maddəsinə əsasən sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. Qeyd edilən Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır (maddə 59.2.). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil (maddə 59.3.). Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır (maddə 59.4.). Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Göstərilən Məcəllənin 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. Ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz (maddə 61.2.). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 66.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 66.1.1. yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək; 66.1.2. yaşayış sahəsini ikinci əldən kirayəyə vermək; 66.1.3. yaşayış sahəsində müvəqqəti sakinlərin yaşamasına icazə vermək; 66.1.4. yaşayış sahəsini dəyişdirmək və ya başqası ilə əvəz etmək; 66.1.5. kirayəyə verəndən yaşayış sahəsinin vaxtlı-vaxtında əsaslı təmirinin aparılmasını, çoxmənzilli binanın ümumi əmlakının saxlanmasında lazımınca iştirak etməyi, habelə lazımi kommunal xidmətlərin göstərilməsini tələb etmək. 66.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin bu Məcəllənin 66.1-ci maddəsində göstərilən hüquqlardan başqa bu Məcəllə ilə, digər qanunlarla və yaşayış sahəsinin sosial kirayə müqaviləsi ilə nəzərdə tutulmuş digər hüquqları ola bilər. Göstərilən Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. - Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. - Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. - Maddə 69.1. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Məhkəmə qeyd edir ki, mənzil qanunvericiliyi kirayəçinin öz ailə üzvlərini yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Məhkəmə araşdırılması zamanı mübahisəli mənzildə yalnız mənzil kirayəçisi Sahibə Sahibovanın ailə üzvü kimi qızı Cavabdeh1, gəlini və nəvəsi ilə, Ruhiyyə Sahibovanın övladları ilə birgə yaşadıqları, digər cavabdeh qismində göstərilən Cavabdeh3 isə yaşamadığı müəyyən edildiyindən, kirayəçi isə ailə üzvlərini yaşayış sahəsinə köçürmə hüququna malik olduğundan, bunun üçün kirayəçinin digər ailə üzvlərinin razılığı tələb olunmadığından, eyni zamanda Cavabdeh3 övladlarının həmin yaşayış yeri üzrə qeydiyyatları olduğundan məhkəmə hesab edir ki, cavabdehlərin mənzildən çıxarılması ilə bağlı ilkin iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, ailə üzvləri ilə birlikdə anası X1 olduğu Bakı şəhəri, Badamdar qəsəbəsi, ev 115, mənzil 11-də yaşayır. Cavabdeh İddiaçı1 qardaşı X7 həyat yoldaşı olmuşdur. İddiaçı1 2023-cü ilin yay aylarında ondan boşanmışdır. Qardaşı Xəqanin özü və uşaqları üçün Badamdar qəsəbəsi və Bayıl qəsəbəsində iki ədəd 3 otaqlı özbaşına tikilmiş ev almışdır. Cavabdehlər onu həmin evlərdən qovub çıxartmış və evləri mənimsəmişlər. Hazırda cavabdehlər Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci dairə, Arif İsmayılov küçəsi, ev 17 və Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi, ev 17 B-də yaşayırlar. Cavabdehlər bütün şəraiti və rahatlığı olan 2 ədəd üç otaqlı mənzildə yaşadıqlarından onların anası Sahibova Sahibə və onlara məxsus evdə yaşaması və qeydiyyatda qalması qanunda qadağan edilir. Bu səbəbdən iddiaçı cavabdehlər İddiaçı1, İddiaçı2 Xəqani oğlunun, İddiaçı3 Xəqani oğlunun Badamdar qəsəbəsi, Badamdar küçəsi, ev 115, mənzil 11-də yaşamadıqlarından, daimi yaşayış yerləri olduğundan mənzildən və qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Yuxarıda qeyd edildiyi kimi məhkəmə araşdırılması zamanı İddiaçı1 övladlarından yalnız İddiaçı4 mübahisəli mənzildə yaşadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı1 və onun digər 2 övladı mübahisəli mənzildə yaşamırlar, yaşamadıqlarının səbəbini birgə yaşayışın mümkün olmaması ilə əlaqələndirmişlər və müvəqqəti olaraq başqa yaşayış sahəsində yaşadıqlarını qeyd etmişlər. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdehlər ailə üzvü kimi sosial kirayə müqaviləsində göstərildiyindən və mənzil qanunvericiliyi sosial kirayə müqaviləsi üzrə kirayəçi və onun ailə üzvlərinin müvəqqəti başqa yerə getməsini həmin mənzilə olan hüquqların (istifadə, yaşamaq və s.) itirilməsi kimi qiymətləndirilmədiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri ilkin və qarşılıqlı iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Sahibova (Sarıyeva) Ruhiyyə Bəydadaş qızına, Cavabdeh3 qarşı ünvan 1 ünvanında yerləşən 11-ci mənzil sahəsindən cavabdehlər Cavabdeh1, Sahibova (Sarıyeva) Ruhiyyə Bəydadaş qızının və Cavabdeh3 (uşaqları ilə birgə) çıxarılması barədə ilkin iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçılara aid edilsin. İddiaçı Sahibova (Sarıyeva) Ruhiyyə Bəydadaş qızının cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı cavabdehlər İddiaçı1, İddiaçı2 Xəqani oğlunun, İddiaçı3 Xəqani oğlunun Badamdar qəsəbəsi, Badamdar küçəsi, ev 115, mənzil 11-də yaşamadıqlarından, daimi yaşayış yerləri olduğundan mənzildən və qeydiyyatdan çıxarılmaları barədə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar