Məhkəmə qərarları › İş №2(009)-2124/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2124/2020

28.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2124/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt regional ərazi şöbəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməklə cavabdeh “xxxxxxxxxxxxxx” MMC qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt regional ərazi şöbəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməklə cavabdeh “xxxxxxxxxxxxxx” MMC qarşı “xx xxxxxx 2020-ci il tarixli əmrin qanunsuz olduğu üçün ləğv edilməsi, əvvəlki vəzifəyə işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 manat” ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci ildə “xxxxxxxxxxx” C. O. MMC-yə X1 İnsan Resursları üzrə mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. İşə başladığı dövrdən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək fuksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmiş, müdiriyyətin işlə əlaqədar tələblərini yerinə yetirmiş və bununla iş yoldaşlarının əmək hüquqlarını pozmamışdır. xx xxxxxx 2020-ci ildə cavabdeh şirkətin İR Departamentinin direktoru Maqsud Orucov tərəfindən ona məktub göndərilmişdir. Məktubda aşağıdakılar qeyd edilib: Cəmiyyətin İnsan Resursları X2 mütəxəssisi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020ci il tarixdən-qəsdən, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməkdən imtina etdiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması və ya birbaşa rəhbərinin hüquqlarına və qanuni qorunan mənafelərinə hər hansı formada ziyan vurmasını nəzərə alaraq Azərbayca Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilsin. Müraciəti əsasında işdən çıxarılmağı barədə əmr xx xxxxxx 2020-ci il tarixdə məktubla ona xx xxxx 2020-ci ildə poçt vasitəsi ilə çatdırılmışdır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, onun indiyə qədər nəyə görə işdən azad edilməyi) aydın deyil. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə də bu aydın yazılmayıb, əmrdə sadəcə Əmək Məcəlləsinin 70 “ç” maddəsinə istinad edilib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hal sadalanıb. Onun işdən çıxarılma əmrimdə bu halların hansının baş verdiyi göstərilməyib onun əmək vəzifələrinin konkret olaraq nəyi pozmağı izah edilməyib.xx xxxxxx 2020-ci il tarixli əmrdə işdən çıxarılma səbəbi izah edilməyib, əmrdə sadə işdən çıxarılmağa əsas kimi hansısa tərtib edilmiş akt və təqdimat göstərilib. Onun belə akt təqdimatdan xəbəri yoxdur, onun iştirakı ilə heç bir akt və təqdimat təqdim edilməyib ondan izahat yazılmağı tələb edilməyib. Ona görə də həmin sənədlər də qanunsuz və əsassızdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzin məhkəməyə müraciət edə bilər. Maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.Qeyd edir ki, işdən çıxarılmağına dair əmr ona xx.xx.2020-ci ildə təqdim edilib.Əmək Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.Əmək Məcəlləsinin 290.3-cü maddəsinə görə, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Onun işdən çıxarılmağına dair əmrdə onun əmək vəzifəsinəə səhlənkar, etinasız yanaşmağı, işlərini lazımi qaydada görməməyi qeyd edilib. Bu da onların şirkətdə işləyən işçilərdə onun bacarıqsız, səhlənkar işçi təəsüratı yaradır. Bütün bu hallar da onun şərəf və ləyaqətimi ləkələyir. Ona görə də mənəvi sarsıntı keçirmiş və ona dəymiş mənəvi zərəri 10000 manat qiymətləndirir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir. xx.xx.2018-ci il tarixdə "xxxxxxxxxxx C.O." Group Məhdud Məsulı̇yyətli Cəmiyyətinə insan resursları üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İşə başladığı dövrdən əmək funksiyalarını vicdanla yerinə yetirmişdir. xx.xx.2020-ci il tarixdə isə işdən uzaqlaşdırılmışdır. Bunların səbəbi 2019-cu ilin avqust ayında şirkətin İR departamentinin direktorunun dəyişməsi olub. Direktorun onun otaq yoldaşı Yelena xanım ilə problemi var idi, hansı ki, həmin xanım 5 il idi ki, bu şirkətdə işləyirdi. Səbəb olmadan xx xxxxxx 2020-ci il tarixdə Yelena xanıma ərizə yazıb işdən çıxmasını bildirdi. O otağına gedərək səbəbini soruşmuşdur. Sonra zəng edərək onu otağına çağırdıqda getmək istəməmişdir. Bu sualına görə isə onu işdən çıxartmışdır. Həmin gün rəsmi elektron poçtu bağlandı, sonrakı gün isə kompüteri açılmadı. İzahat yazmağını istədiklərində, komputerinin açılacağı təqdirdə izahat yazacağını bildirmişdir. 18 fevral tarixdə onu otağına çağırıb hamının qabağında göstərdi ki, onu işdən çıxarıb. Onu mühafizə zorla evə göndərmişdir, sonradan evə məktub göndərmişdirlər. Mühafizə əməkdaşları tərəfindən uzaqlaşdırıldığı üçün işdə olmamışdır. Onun iştirakı olmadan onu işdən uzaqlaşdırıblar. Təhvil-təslim olmayıb, əmək kitabçası ona təqdim olunmayıb. İşə gəlmədi deməsinlər deyə o rəsmi elektron poçt bağlansada, kompüteri işləməsədə hər gün işə gedib-gəlmişdir. O orada ola-ola yerinə başqa işçi təyin etmişlər, hansı ki, yeni direktor özü ilə gətirmişdi. İşçilərin sayı çox olduğu üçün, işləri bölürdülər. O da Yelena xanımın işi olduğu və Yelena xanım da çox prinsipial insan olduğu üçün seyfə heç toxunmurdu. Maqsud bəy gələndən sonra isə hamı rahat girib-çıxırdı. Onların şöbəsində problem olduqda Maqsud bəyə müraciət etməli idisə, Maqsud bəylə də problem olanda təftişə müraciət etməli idi. O, sənədləri yox, elektron poçt ünvanına məktub göndərmişdir. Fevralın 12-də Maqsud bəy gəlib onu öz otağına çağırmışdır. Onun getmək istəməməyinin səbəbi Yelena xanımın başqa bir şey düşünməməsi olmuşdur. O, Maqsud bəyə buyurun əyləşin, danışaq demişdir. 13-ü yenə ona Yelena xanımdan gizlin bir şeyi yoxdur, gəlin əyləşin, danışaq demişdir. Təqdimat ona verilməli idi, Yelena xanıma yox. Komputeri bağlı olduğu üçün o, izahat yaza bilməmişdir. 21 fevral tarixində o işdə olmamışdır, o olmadan akt tərtib edilmişdir. O həmişə özünə aid olan işi vaxtında yerinə yetirmişdir. Onların otağından heç xəbəri yoxdur, əmək kitabçası şəxsi işin içində olmur, dəmir seyf içində olur ki, yanğın olduğu halda məhv olmasın. Əgər o, qaydalara riayət etmirdisə bu zaman ona töhmət, xəbərdarlıq edərdilər. Geyim qaydalarına demək olar ki, heç kim riayət etmirdi. Maqsud bəy gələndən sonra məzuniyyət ilə bağlı işləri ona vermişlər, ondan əvvəl Ülviyyə xanımın işi idi. Əgər əmr yoxdursa, onda işçilərə maaş da verilməzdi, beləliklə də hamısı şikayət edərdilər. O vaxtında etmişdir, əgər əmr yoxdursa onda ödəniş də olmur. Maqsud bəy hərşeyi müasir sistemə keçirmək, rəsmiləşdirmək istəmişdir. Lakin onlarda işçi sayı çoxdur, o fiziki cəhətdən çatdıra bilməzdi. Edə bilməyəcəyi bir işi öhdəliyinə götürməli deyildir. 1000-dən artıq işçiyə əmək haqqı verilməli idi, belə bir çətin işi edə bilməzdi, həmçinin bu onun deyil, maliyyə şöbəsinin işidir. Məhkəmə iclasında cavabdeh "xxxxxxxxxxx C.O." Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X14 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddiaçı əmək müfəttişliyinə müraciət edib, gəlib araşdırma aparılıb, lakin heç bir qanun pozuntusu tapılmayıb. Yelena xanım çox yaxşı işçi olub, Nihad bəylə də çox yaxşı iş yoldaşı münasibətləri olub. Onun da həmin şirkətin hüquq departamentinin direktoru olaraq hər ikisi ilə yaxşı münasibəti olub. Lakin Yelena xanım çox prinsipial olduğundan yeni direktor ilə münasibətləri yaxşı deyildi. O, bu mübahisə ilə bağlı direktor Maqsud bəylə danışmışdır. O bildirir ki, Nihad bəy Yelena xanımın işdən çıxmağı ilə bağlı direktorun otağına keçərək səbəbini soruşub. Direktor gözləyib ki, Nihad bəy əsəbidir, biraz sakitləşsin. Sonradan Nihad bəylə danışmaq istədikdə, danışmayıb, zəngləri də açmayıb. Onunla işləmək istəmədiyini bildirib. Sonrakı gündən işləməyib. Bir gün iş dayandıqda hərşey gecikir. Bu səbəbdən yeni işçi gətiriblər ki, işləsin. Komputerin şifrəsini vermədiyi üçün akt tərtib olunaraq İT mühəndis tərəfindən şifrə qırılıb. Nihad bəyə qarşı bütün addımlar atılıb, lakin o cavab verməyib. Onun əmək haqqıda artırılıb işlədiyi dövr ərzində. İşində irəli getməsi üçün təlimə də göndərilməsi nəzərdə tutulub. Nihad bəylə problem olmadığı halda, Yelena xanıma görə işindən olub. Əmək kitabçaları olan seyfin açarı Yelena xanımda və Nihad bəydə olub, işdən getdikdən sonra Nihad bəyin əmək kitabçası oradan tapılmayıb. Yəqin ki, özündədir. Məhkəmə iclasında iştirak edən ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, İddiaçı tərəfindən şöbəyə daxil olmuş ərizə əsasında araşdırma aparılmışdır və heç bir hüquq pozuntusu aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 izahat verərək bildirmişdir ki, 2015-ci ilin fevral ayının 20-nə qədər İR üzrə aparıcı mütəxəssis işləmişdir. Seyfin açarı heç xatırlamır ki, olub ya olmayıb. Otaqda Nihad ilə ondan başqa kim isə yox idi deyə, seyfə toxunulmurdu. Ona təzə seyf verilməmişdir, işə başlayanda təhvil-təslim olmamışdır. Seyf bağlanmırdı, açıq qalırdı. Maqsud bəy gəlməzdən öncə onların otağına heç kim daxil olmurdu. O gələndən sonra Nicat və Aysel istədikləri zaman otağa girib-çıxırdılar. Maqsud bəy onlara söz deyilməsinə imkan vermirdi. Heç vaxt açar problemi olmamışdır ki, o açar üçün müraciət etsin. Maqsud bəyə desə idi, konflikt yaranacaqdı. 6 ay ərzində o sıxılmış vəziyyətdə işləmişdir. O bülletendə olan zaman təhvil-təslim etmişlər. Nihaddan başqa Sevda Quliyevanın da əmək kitabçası itmişdir. Nihadın əmək kitabçası lazım olmayıb. O özü qoyub-götürürdü deyə harada olduğunu bilirdi. Maqsud bəyin işçiləri gələndən sonra nə istəyirdilər edirdilər. Nihadın vəzifəsi işə qəbul prosesi, işçilərin davamiyyəti, işçilərin kartla təmin olunmasıdır. Məhkəmə iclasında iştirak edən şahid X9 izahat verərək bildirmişdir ki, 2019-cu ilin avqust ayında İR şöbəsinin direktoru təyin olunmuşdur. Həmin vaxtdan işçilərin yetişdirilməsi, işlərin daha müasir metodlarla həyata keçirilməsi üçün işçilərə dəstək omağa çalışmışdır. 7 ay Nihad bəylə işləmişdir. Təyin olunduqdan sonra işləri işçilər arasında bölmüşlər, geyimlərində müəyyən dəyişikliklər etmişlər. Lakin Nihad bəyə də bunlara əməl etməli olduğu deyiləndə, bəzən baş üstə demişdir, bəzən maaş verilən zaman geyim alacağını bildirmişdir. İş vəzifələrini isə demək olar ki, nisbətən yerinə yetirirdi. Cavan olduğu üçün zamanla dəyişəcəyini düşünmüşdür. Yanvar ayında Türkiyədən mütəxəssis gətirmişlər ki, maaşın köçürülməsini avtomatlaşdırılmış sistemə keçirsinlər. Bu işi də Yelena xanım ilə Nihad bəyə həvalə etmişlər. 3 gün sonra çatdırmadıqlarını bildirdilər. Məcbur olmuşlar ki, başqa işçilərə həvalə etsinlər. Fevral ayında Nihad bəyi çağırıb ona bildirmişdir ki, onlar Yelena xanım ilə yolları ayırırlar, buna görə də işləri sahiblənməsini bildirmişdir. Baş üstə deyərək getmişdir. 30 dəqiqə sonra gələrək, niyə Yelena xanımı işdən çıxardıqlarını soruşmuş və heç bir iş görməyəcəyini bildirmişdir. Otağına gedərək niyə belə etdiyini soruşduqda, heç bir iş görməyəcəyini, işlərin tökülüb qalmasını və hüquqi müstəvidə həll edəcəyini bildirmişdir. Sənədləri kiməsə verməməsi üçün, komputerini bağlatdırmışdır, riskin qarşısını almaq üçün. Sonraki gün daxili nömrəsinə, mobil nömrəsinə zəng etmişdir o isə açmamışdır. Otağına gedərək niyə zəngi açmadığını, yanına gəlməsini dedikdə, gəlmək istəmədiyini, hüququi müstəvidə həll edəcəyini bildirmişdir. İzahat yazmağını istədikdə təqdimat olmadığını bildirmişdir. Təqdimat yazıb vermişdir, yenə izahat yazmamış, təqdimatı da yox etmişlər. Yenidən təqdimat yazmışdır, bu dəfə Yelena xanım yazdı ki, Nihad bəy izahat yazmaqdan imtina edir. Bir az gözləmək qərarına gəlmişdir ki, bəlkə səhvini başa düşər. Onların şöbələrinin sənədlərini aparıb başqa şöbələrə vermişdir. Ona işləmək istəmirsə ərizə yazıb çıxa biləcəyini bildirmişdir. Bu hər hansı maddə ilə işdən çıxmaqdan yaxşıdır. İşə gəlib-getsə də heç bir iş görmədiyindən onun işlərini başqa işçilərə tapşırmışdır. Özü işləmirdi, işçilərə də öyrətmirdi. Məhkəmə iclasında iştirak edən şahid X7 izahat verərək bildirmişdir ki, bölmə müdiri işləyir. Nihad bəy əməliyyatlar şöbəsində mütəxəssis işləyirdi. Onlar uzun müddət birlikdə işləməmişlər. Qaydalara əməl etməyən biri kimi yadında qalmışdır. Geyim qaydalarına mütəmadi əməl etmirdi, bununla bağlı dəfələrlə şifahi xəbərdarlıq olunmuşdur. İşdən çıxma səbəbi tapşırıqları icra etməməsi olmuşdur. Onlar seçə bilmirlər, hansı işi etmək istəyirlər, ya yox. Müasir proqramlaşdırma sisteminə keçidlə bağlı təlim var idi, lakin son anda icra etməkdən imtina etmişdir. İşdən çıxdıqdan sonra sənədləri yerinə yerləşdirmədiyi üçün tapa bilməmişlər. Bununla bağlı fevral ayının 10-a qədər olan 104 məzuniyyət icazəsini sistemə işləmədiyi üçün xx.xx.2020-ci il tarixdə akt tərtib etmişlər. Əmək kitabçası şəxsi işin içində olur, lakin Nihad bəyin kitabçası şəxsi işdə deyildi. Məhkəmə iclasında iştirak edən X6 izahat verərək bildirmişdir ki, Nihad bəy tərbiyəli, sakit, yaxşı işçi olmuşdur. İşdən çıxma səbəbi rəhbərlik tərəfindən tapşırılan işi icra etməməsi olmuşdur. İşinin çox olduğunu, çatdıra bilmədiyini demişdir. O işdən çıxandan sonra onlar onun vaxtında etmədiyi 2019-cu ilin sentyabr, noyabr ayından qalmış məzuniyyət əmrlərini yazmışlar. Məhkəmə iclasında iştirak edən X12 izahat verərək bildirmişdir ki, İR üzrə aparıcı mütəxəssis işləyir, işə qəbulu o edir, əməliyyatları isə Nihad bəy. O Maqsud bəy direktor olduqdan sonra işə gəldiyi üçün Nihad bəylə qısa müddət işləmişdir, lakin yadında tərbiyəli, sakit biri kimi qalmışdır. Əmək haqqlarının elektronlaşdırılması onlara tapşırılsa da, imtina etdikləri üçün o icra etmişdir. Onun əmək funksiyası olmasa da, həmin mütəxəssislərə ödəniş edildiyi üçün təhvil almışdır. Yelena xanım işdən çıxdıqdan sonra Nihad bəy də öz funksiyalarından imtina edərək iş görməmişdir, onlara da öyrətməmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış 73/2019 saylı xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı həmin MMC-nin X4 mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxx” MMC-nin direktoru X10 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 48/k saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrdən görünür ki, İddiaçı qəsdən, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirməkdən imtina etdiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması və birbaşa rəhbərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduğu üçün xx xxxxxx 2020-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün ləğv edilmişdir. Əsas kimi xx.xx.2020-ci il tarixli İR direktorunun təqdimatı, xx.xx.2020-ci il tarixli izahat yazmamağı ilə bağlı akt, xx.xx.2020-ci il tarixli işlərin İR-nın digər əməkdaşlara öyrədilməməsi və işlərinin bilərəkdən ləngidilməsi ilə bağlı akt göstərilmişdir. İş materiallarında olan təqdimatdan görünür ki, İddiaçı subordinasiya və intizam qaydalarını pozması, vəzifə səlahiyyətlərini aşması, vəzifə təlimatında olan öhdəliklərinin icra etməməsi, Şirkəti iş görməməklə təhdid edilməsi və başqa bu kimi halları nəzərə alaraq işinə xitam verilməsi barədə təqdimatla xx.xx.2020-ci il tarixdə müraciət etmiş, direktor İlkin Şabanov tərəfindən xx.xx.2020-ci il tarixdə təqdimata qanunvericiliyə müvafiq qaydada baxılmasına etiraz etmədiyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, (bir tərəfli tərtib edilmiş) İddiaçı işlərin ləngiməməsi üçün gördüyü işləri Aysel Məmmədovaya ötürülməsindən və öyrədilməsindən imtina etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 68ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin İİİ bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. İntizam məsuliyyətinin növlərini nəzərdə tutan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə görə əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehinin növlərindən biri və ən ağırıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxxxxxxxxxxxx” MMC-nin direktoru X10 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 48/k saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrində iddiaçının qəsdən, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirməkdən imtina etdiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması və birbaşa rəhbərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduğu qeyd edilsədə iş materiallarından tam sübuta yetirilmir. Belə ki, iş materiallarından görünür ki, əmrin verilməsinə səbəb İddiaçı qəsdən, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirməkdən imtina etdiyi qeyd edilsə dəməhkəmə iclasında X9 ifadəsində İddiaçı komputerini bağlatdırdığını qeyd edir. Məhkəmə hesab edir ki,işçinin əsas işinin komputerdə aparıldığını nəzərə alsaq rəhbərlik tərəfindən (işçinin işdən kənarlaşdırılması barədə hər hansı əmr olmadan) komputerini bağlatdırıb və işçidən hər hansı bir işin görülməsinin tələb edilməsi, həmçinin əmək funksiyasından kənar işlərin görülməməsinə görə onunla bağlanan əmək müqaviləsini ƏM-nin 70-ci maddəsinin “ç bəndinə əsasən ləğv edilməsi tam əsassızdır. Əmək Məcəlləsının 186-cı maddəsındə əmək və icra intizamının pozulmasına görə dörd növdə intizam tənbehi müəyyən olunmuşdur və həmin maddənin 3-cü hissəsinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İntizam xətasına yol verildiyi halda işəgötürən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, törətdiyi xətanın xarakterini; törədildiyi şəraiti, ağırlıq dərəcəsini, habelə işçinin təqsirlilik dərəcəsini nəzərə almaqla qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehlərindən yalnız birini verə bilər. Bu qayda bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehinin verilməsini qadağan edir. Əgər intizam tənbehinin verilməsinə baxmayaraq, işçi əmək vəzifələrini icra etməməkdə və ya lazımi səviyyədə icra etməməkdə davam edərsə, ona yeni intizam tənbehi verilə bilər. Bu halda hətta onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-72-ci maddələrində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi, əmək müqaviləsinin ləğv olunması əsasları, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi halları konkret olaraq təsbit olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən açıq-aşkar göründüyü kimi iddiaçının iddiası qismən əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, “xxxxxxxxxxx C.O” MMC xx.xx.2020-ci il tarixli 48/k nömrəli əmri ləğv edilsin, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, “xxxxxxxxxxxxxx” MMC İnsan Resursları X2 mütəxəssisi vəfəsinə bərpa edilməlidir. İddianın mənəvi zərər hissəsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndinə görə: “Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” müddəaları və X15 Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Bununla bağlı iddiaçı hər hansı sübut təqdim etmədiyindən təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxxxxxxxxx C.O” MMC xx.xx.2020-ci il tarixli 48/k nömrəli əmri ləğv edilsin, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, “xxxxxxxxxxxxxx” MMC İnsan Resursları X2 mütəxəssisi vifəsinə bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar