Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2132/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - Cavabdeh ASC-yə qarşı «zaminlik müqaviləsinə xitam verilməsi» barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı «zaminlik müqaviləsinə xitam verilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xitam verilmiş kredit müqaviləsi üzrə iddiaçı ilə bank arasında bağlanmış 08 avqust 2014-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin tələbi təmin edilərək, cavabdehlərdən, o cümlədən zamin olaraq iddiaçıdan 8788,64 ABŞ dolları əsas borc və 1559,43 ABŞ dolları faiz borcu olmaqla cəmi 10348,07 ABŞ dolları pulun tutularaq Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Qeyd edilən kredit müqaviləsi 08 avqust 2014-cü il tarixdə bağlanmışdır və həmin müqavilə 28 fevral 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşür. Borclu ilə bank arasında borcun restrukturizasiyasından sonra yeni müqavilə bağlanmış və həmin müqaviləni iddiaçı zamin kimi imzalamamışdır. Bununla köhnə kredit müqaviləsinə xitam verildiyindən iddiaçının imzaladığı zaminlik müqaviləsinə də xitam verilmiş sayılmalıdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini tam müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sözügedən kredit müqaviləsi restrukturizasiya olunmamışdır. Bundan başqa məhkəmə qətnaməsi ilə həmin kredit müqaviləsi üzrə borc məbləği borclulardan tutulmuşdur və həmin qətnamə hazırda icra mərhələsindədir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-11623/2015 saylı, 07 dekabr 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ASC ilə X4 arasında bağlanmış 08 avqust 2014-cü il kredit müqaviləsi ləğv edilmiş, 8788,64 ABŞ dolları əsas borc, 1259,43 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları penya olmaqla cəmi 10348,07 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlər X4, İddiaçı və X2 müştərək qaydada tutularaq Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi onun əsaslarına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə X4 arasında 08 avqust 2014-cü il tarixli “Kredit müqaviləsi” bağlanmış və İddiaçı həmin müqavilə üzrə bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu X4 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Yasamal rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli qətnaməsi ilə sözügedən kredit müqaviləsi ləğv edilmiş və yaranmış borcun borclu X4 ilə birlikdə eyni zamanda İddiaçı müştərək qaydada tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Məhkəmə yuxarıda göstərilən maddi normaya istinad edərək eyni zamanda qeyd edir ki, iddiaçı sözügedən kredit müqaviləsinin restrukturizasiya olunduğuna və borclu ilə bank arasında yeni kredit müqaviləsi bağlandığına istinad etsə də, iş materialları ilə iddiaçının iddia etdiyi bu əsas öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu) iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı «zaminlik müqaviləsinə xitam verilməsi» barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2132/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2132/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver