Məhkəmə qərarları › İş №2(009)-2138/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2138/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2138/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzillərin təmirinə çəkilmiş xərcin tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzillərin təmirinə çəkilmiş xərcin tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının 36 saylı, 58 saylı, 56 saylı və 60 saylı mənzillərinə çəkilmiş təmir xərclərinin "xxxx" MMC-dən və digər cavabdeh fiziki şəxslərdən alınıb geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, mülki prosessual qanunvericilik iddiaçının bir və ya bir neçə cavabdehə qarşı iddia tələblərinin iddia ərizəsində birləşdirmək hüququnu nəzərdə tutur. Belə ki, AR MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Hakim eyni zamanda qeyd edir ki, iddiaçının qeyd edilən hüququnun həyata keçirilməsi üçün zəruri şərt ondan ibarətdir ki, həmin iddia tələbləri arasında bağlılıq olsun. İddia ərizəsində göstərilən iddia tələbləri arasında əlaqə olmadıqda iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, AR MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər ayrı-ayrı mənzillərə dair bağlanılmış müqavilə əsasında və hal-hazırda cavabdeh qismində göstərilən fiziki şəxslərin istifadə və sahibliyində olan mənzillərdə onun tərəfindən aparılmış təmirlə əlaqədar çəkilmiş xərclərinin tutulması ilə bağlıdır. Yəni ayrı-ayrı müqavilə münasibətləri üzrə yaranan mübahisə ilə bağlı iddiaçı məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən hakim hesab edir ki, iddia ərizəsində müxtəlif cavabdehlərə qarşı qaldırılan tələblər arasında heç bir əlaqə yoxdur. Beləliklə hakim hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən, ərizənin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim izah edir ki, iddiaçı cavabdeh qismində göstərdiyi şəxslərə qarşı ayrıca şəkildə tələb irəli sürməklə məhkəməyə müraciət edə bilər. Hakim digər tərəfdən qeyd edir ki, iddaçı tərəfindən qaldırılan tələb pul tələbi ilə bağlı olsa da, həmin tələblərə müstəsna aidiyyət kimi təmirin həyata keçirildiyi mənzillərin yerləşdiyi rayon məhkəməsində baxılmalıdır. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Belə ki, AR MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hakim hesab edir ki, iddiaçının qaldırdığı tələb ayrı-ayrı mənzillərdə aparılmış təmirə görə çəkilmiş xərclərin ödənilməsi ilə bağlı olduğundan, həmin iddia aidiyyat qaydalarının pozulması ilə Səbail rayon məhkəməsi təqdim edilmişdir. Mənzillərin yerləşdiyi yer isə Abşeron rayonu ərazisidir. Hakim izah edir ki, iddiaçının irəli sürdüyü tələbin taleyi mübahisə obyekti olan daşınmaz əmlakların yerində müayinəsindən, həmin əmlaka, habelə daşımalara dair sənədlərin vaxtında toplanmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən və ekspertizanın keçirilməsindən asılıdır ki, bu hərəkətlər mübahisəli mənzillərin yerləşdiyi yerdə daha uğurla həyata keçirilə bilər. Digər tərəfdən hazırki işə Abşeron rayon məhkəməsində baxılması, iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğur. Qeyd edilənləri nəzərə alaraq hakim hesab edir ki, hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 151.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzillərin təmirinə çəkilmiş xərcin tutulması tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından və bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdiyindən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar