Məhkəmə qərarları › İş №2(009)-2154/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2154/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2154/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehin nümayəndəsi E.A.Kərimovun iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, yəni mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, yəni mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 76a ünvanında yerləşən mənzildə yaşamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 117 nömrəli sərənamına əsasən Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 72-74-76-76a ünvanlarında 0,5 ha olan ərazidə istismar müddətini ötmür 1-4 mərtəbəli binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binasının pilot layihə əsasında layihələndirilməsi qərara alınmış və tikinti üçün Cavabdeh MMC-yə icazə verilmişdir. Buna uyğun olaraq Cavabdeh MMC ilə iddiaçılar arasında “Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilələr bağlanmışdır. Belə ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 76a unvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü, yaşayış kompleksinin tikintisini həyata keçirir. İstifadəçi istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 76a ünvanında yerləşən ümumi sahəsi 114,6 kv.m. mənzili yaşayış kompleksinin tikintisi məqsədilə “Cəmiyyətə” təhvil verir. “Cəmiyyət” isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və 20 faizə qədər əlavə sahəsini (təmirli olmaq şərtilə) təmirli mənzili “İstifadəçiyə” təhvil verir. Onun istifadəsində olan mənzilin ümumi sahəsi 114,6 kv.m., otaqların sayı isə 4 olmuşdur. Kirayə xərclərinin kompensasiya məbləği 450 manat olmuşdur. Müqavilənin 4-cü bəndinin şərtlərinə əsasən, yəni mənzilin ümumi sahəsi təhvil götürülən mənzilin sahəsindən az olmamalıdır. Cavabdeh 36-48 ay müddətində yeni mənzili ona təhvil verməlidir. O, mənzil şəraitinin yaxşılaşdırılacağına güman edərək, cavabdehlə yuxarıda göstərilən məzmunda müqavilə bağlamış, yaşayış sahəsini boşaltmış, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, onun yaşadığı mənzili sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada onu yeni mənzillə təmin etməmişdir. Buna görə də o, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, cavabdehin müqavilə şərtlərinə əməl etməməsi onun mənzil şəraitlərini daha da pisləşdirmiş, qeyrimüəyyən vəziyyətdə saxlamışdır. Bina tikilib hazır olsa da, cavabdeh ilkin olaraq söküntüsünü həyata keçirdiyi mənzillərin sakinlərini yerləşdirməli olsa da, buna əməl etməmiş, daha çox qazanc əldə etmək niyyəti ilə (mənzilləri başqa şəxslərə satır) 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş, nəticədə o, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsi, 76a ünvanında yerləşən Cavabdeh MMC tərəfindən sökülmüş ümumi sahəsi 114,6 kv.m. olan 4 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından ona təmirli yeni mənzilin verilməsi və mənzil verilənə qədər kirayə kompensasiyasının ödəmək Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı poçt vasitəsi ilə teqeram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) X2 öz izahatında göstərmişdir ki, pandemiya ilə əlaqədar binanın tikintisi ləngimiş, hazırda tikinti davam edir, iddiaçıya müqavilədə nəzərdə tutulan sahəli mənzil veriləcək, kirayə haqlarının vaxtında ödənilməməsi isə bank hesabı üzərinə sərəncamın qoyulması olmuşdur. Artıq sərəncam ləğv edilib, ödənişlər həyata keçirilir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə “Cəmiyyət” qismində Cavabdeh MMC ilə “İstifadəçi” qismində İddiaçı arasında bağlanılmış “Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” xx.xx.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən müqavilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı Xəzər rayonlarının ərizəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarına əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yarasız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması məqsədi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin 117 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 76a ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü, kompleksinin tikintisini həyata keçirir. “İstifadəçi” istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 76a ünvanında yerləşən ümumi sahəsi 114,6 kv.m. mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə “Cəmiyyətə”-ə təhvil verir. “Cəmiyyət” isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və 20%-ə qədər əlavə sahəni təmirli olmaq şərtilə təmirli mənzili “İstifadəçi”yə təhvil verir (bənd 1). Cəmiyyət İstifadəçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşaması üçün İstifadəçinin kirayə xərclərinin kompensasiyası aşağıdakı şərtlərdə kompensasiya verir: kirayə xərclərinin kompensasiya məbləği 1 aylıq: 450 manat müəyyən edilmişdir; kirayə xərclərinin ödənilməsi tərəflərin razılığına əsasən mənzilin təhvil verilməsi zamanı ödəniləcək (bənd 3.3,3.4.1, 3.4.2). Yeni mənzilin təhvil verilməsi olduğu tarix: 36-48 ay (dəqiq tarixlər yeni mənzilin yerləşdiyi binanın tikinti layihəsi ilə müəyyən ediləcək) (bənd. 4.1.2). İş üzrə "xxxx" ASC-nin “Yubiley” filialı tərəfindən verilmiş FJB**********385 nömrəli, xx.xx.2023cü il tarixli kassa məxaric orderin surətindən görünür ki, Cavabdeh MTK tərəfindən İddiaçı 26.805,00 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə onunla (İddiaçı) ilə Cavabdeh MMC arasında “Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən mənzili ona təhvil verilənə qədər hər ay 450 manat kirayə kompensasiyası ödənilməli idi. Həmçinin müqavilə şərtinə əsasən 3 il müddətinə əmlakları Q.Abbasov 76a ünvanından verilməli idi. Bu günə kimi Cavabdeh MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Müqavilə bağlandığı gündən artıq 6 il ötüb və Cavabdeh MMC onun mənzilini təhvil vermir. Hazırda binanın inşası da bitib. Digər sakinlərin hamısı mənzilini alıb, hətta çıxarışlarını belə alıb. Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək istəyirlərsə 10 gün müddətinə mənzilini təhvil verilsin, əks təqdirdə məhkəməyə müraciət edəcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsi, 76a saylı ünvanda yerləşən ümumi sahəsi 114,6 kv.m. olan 4 otaqlı mənzildə yaşamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı Xəzər rayonlarının ərizəsində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarına əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yarasız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması məqsədi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin 117 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi,76a ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü kompleksinin tikintisini həyata keçirir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanılmış “Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” xx.xx.2017-ci il tarixli müqavilənin müvafiq şərtlərinə əsasən iddiaçı cavabdehə yaşayış kompleksinin tikintisi məqsədi ilə 114,6 kv.m. 4 otaqlı mənzilini təhvil vermiş, cavabdeh isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və əlavə olaraq onun 20% artıq sahəsini təmirli olmaq şərti ilə iddiaçının mülkiyyətinə verməsi, iddiaçının, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşamaları üçün onun kirayə xərclərini 1 aylıq 450 manat olmaqla ödəməsi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MTK tərəfindən iddiaçıya aylıq kirayə haqqından 26.805,00 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərini pozaraq iddiaçıya yeni mənzilin təhvil verilməsini və müvəqqəti yaşaması kirayə haqqının ödənilməsi tam şəkildə həyata keçirilməmiş, bununla da müqavilə öhdəlikləri icra edilməmişdir. Bu səbəbdən iddiaçı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsi, 76a ünvanında yerləşən Cavabdeh MMC tərəfindən sökülmüş ümumi sahəsi 114,6 kv.m. olan 4 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından ona təmirli yeni mənzilin verilməsi və mənzil verilənə qədər kirayə kompensasiyasının ödənilməsi Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi müqavilə şərtlərinə əsasən cavabdeh mübahisəli mənzilin yerində inşa ediləcək binadan yeni təmirli mənzil verilməsini və həmin mənzili təhvil verənədək kirayə haqqı ödənilməsini öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etmədiyindən iddiaçının müqavilə öhdəliyinin icrası ilə bağlı hazırkı tələblə məhkəməyə müraciət etməsi əsaslı hesab edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 76a ünvanda olan, cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 114,6 kv.m. olan 4 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından təmirli yeni mənzilin verilməsi və mənzil təhvil verilənədək müqavilə şərtlərinə əsasən hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqının ödənilməsi vəzifəsi qoyulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, X3 76a ünvanda olan, cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 114,6 kv.m. olan 4 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından təmirli yeni mənzilin verilməsi və təmirli mənzil təhvil verilən günə kimi hər ay 450 (dörd yüz əlli) manat olmaqla kirayə haqqının İddiaçı ödənilməsi Cavabdeh MTK-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar