Məhkəmə qərarları › İş №2(009)-2158/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2158/2023

20.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2158/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinin əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və "xxxx" MMC Cavabdeh qarşı “borc tələbinin əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 543/17 saylı icra vərəqindən görünür ki, "xxxx" MTK-dan 860090 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən icra məmuru aşağıdakı məcburi icra tədbirləri görə bilər: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Bu səbəbdən hakim hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbə iddia icraatı qaydasında baxılmasına yol verilmədiyindən iddia ərizəsinin qəbulundan iddianın yol verilməzliyinə görə imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinin əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. İddiaçı1 tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi 15601, əməliyyat İD 3********) geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə (elektron qaydada, əlavə 2-yə uyğun olaraq) şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar