Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2177/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə hüquqların olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə hüquqların olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 23 saylı evin 5 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 2016-cı il tarixdən onun mülkiyyətindədir. İş üzrə cavabdeh onun qardaşının keçmiş həyat yoldaşıdır. X12 Cavabdeh ilə 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bir müddət sonra qardaşı ilə gəlininin xasiyyətləri uyğun gəlmədiyindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2038/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən qardaşı X8 ilə gəlini Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə rəsmiləşdirilmiş nikah pozulmuş və uşaqlar anaları ilə saxlanılmışdır. Həmin vaxtdan sonra cavabdeh onun mülkiyyətində olan mənzildə yaşamır. Hazırda cavabdeh uzun müddətdir ki, atasının evində yaşayır və faktiki olaraq qardaşından ayrılmışdır. Bu yaxınlarda isə məlum olmuşdur ki, cavabdeh hələ də mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. Hesab edir ki, cavabdehin onun mənzilinə olan qeydiyyatı formal xarakter daşıdığı üçün eyni zamanda mənzilə onun hər hansı istifadə hüquqları yaranmadığı üçün, onun həmin mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Onunla cavabdeh arasında notariat qaydada təsdiq edilmiş müqavilə olmadığından, cavabdeh mübahisəli mənzildə yaşamadığından və onun həmin mənzilə olan qeydiyyatı yalnız formal xarakter daşıdığından, onun Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 23 saylı evin, 5 saylı mənzilinə olan yaşayış yeri üzrə qeydiyyatı hüquqi nəticəyə səbəb ola bilməz və bu səbəbdən də onun həmin mənzilə olan istifadə hüquqları itirilməlidir. Cavabdehin hər hansı hüquqi əsas olmadan ona məxsus mənzildə qeydiyyatda qalması onun qanunla qorunan hüquqlarını məhdudlaşdırılır. Cavabdehin adı çəkilən evə hər hansı əşya hüququnun olmadığını, eləcə də onun faktiki olaraq həmin ünvanda yaşamamasını nəzərə alaraq hesab edir ki, cavabdehin qeydiyyatı formal xarakter daşıyır, onun həmin yaşayış evindən istifadə hüququ yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin mənzilə qeydiyyatı notarial əməliyyatları ilə bağlı formalaşmış mövcud təcrübəyə əsasən onun öz əmlakı üzərində sərbəst şəkildə sərəncam vermək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 23 saylı evin, 5 saylı mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və çıxarılacaq qətnamənin onun yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olmasının göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, mübahisəli ev mərhum anasına məxsus olmuş ,anası 2015-ci ildə vəfat etmişdir. Cavabdeh anası vəfat etdikdən sonra uşaqları da götürüb evdən çıxıb getmişdir. Sonradan o bilmişdir ki, qardaşı ilə cavabdeh boşanmışdır. Hazırda məlumat əldə etmişdir ki, cavabdeh qeyri-rəsmi digər şəxslə ailə qurmuş və ondan bir uşağı var. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin təmin edilməlidir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin kserosurətinə əsasən X8 ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 18 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Şəfiyev, arvada Şəfiyeva soyadı verilmişdir. İş üzrə X8 ilə İddiaçı arasında bağlanılmış və Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli miras payın bağışlama müqaviləsindən görünür ki, X8 Bakı şəhəri 46 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə 2V/69 saylı reyestrlə təsdiq edilmiş ünvan 1 mənzil 5 ünvanında yerləşən ümumi sahəsi 44,9 kv.m. olan 2 otaqlı mənzilə dair qanun üzrə vərəsəlik şəhadhətnaməsinə əsasən ona məxsus miras paynı (1/2 hissə) İddiaçı bağışlamış, göstərilən hədiyyəni İddiaçı qəbul etmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 23 saylı evin 5 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-2038/2019 saylı qətnaməsinin kserosurətindən görünür ki, X3 ilə X8 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış və 18 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 iddiaçı (anası) X1 yanında saxlanılması, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit məbləğində 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment cavabdeh X6 tutularaq X2 ödənilməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 23 saylı evin 5 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 23 saylı evin 5 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir və iş üzrə Cavabdeh iddiaçının qardaşının keçmiş arvadıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının X12 ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanılmış və həmin nikah Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzilə ailə münasibətlərinə daxil olduqdan bir müddət sonra qeydiyyata düşmüşdür, həmin vaxtı mübahisəli evin mülkiyyətçisi iddiaçının anası olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının qardaşı X8 xx.xx.2016-cı il tarixli miras payın bağışlama müqaviləsinə əsasən ünvan 2 mənzil 5 ünvanında yerləşən 2 otaqlı mənzilə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ona məxsus 1/2 payını İddiaçı bağışlamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehin mülkiyyətində olan mənzilinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi hüquq münasibətləri 2005-ci il tarixdə yarandığından, hazırki tələbə qüvvədə olan Mülki Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. AR MPM-nin 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə Kontsitusiya Məhkəməsinin göstərilən qərarını əsas tutaraq hesab edir ki, hazırki mübahisəyə qüvvədə olan AR Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. AR Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin onunla birgə yaşayan ailə üzvləri ( əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin ( ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya məhkəməsinin həmin Qərarında göstərilmişdir ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci iltarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından cavabdehin mübahisəli evə istifadə hüquqlarının yaranması üçün mülkiyyətçi ilə onun arasında notariat qaydada təsdiq olunmuş razılaşmanın olması vacibdir, eyni zamanda bu razılaşma (müqavilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin məhkəmə qeyd edir ki, nə mənzilin əvvəlki mülkiyyətçisi, nə dəki indiki mülkiyyətçisi ilə cavabdeh arasında mübahisəli mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma bağlanmamışıdr. Eyni zamanda iddiaçı mübahisəli əmlak üzərində mülkiyyət hüququ qazandığı vaxt cavabdeh həmin mənzildə yaşamamış və hazırki iddiaçıya münasibətdə o, Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından (Konstiutsiya Məhkəməsinin həmin maddə ilə əlaqədar qərarında formalaşan hüquqi mövqeyə də uyğun olaraq) ailə üzvü hesab edilmir. Ona görə də cavabdehin mübahisəli mənzilə hər hansı istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə iddiası əsaslıdır və təmin edilməlidir. Məhkəmə çıxarılacaq qətnamənin cavabdehin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab ediməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyindən, bu hal onun yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 23 saylı evin 5 saylı mənzilinə istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamə Cavabdeh yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2177/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2177/2020
03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver