Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2179/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh1 ilə nikahları 14.10.2019-cu il tarixdə pozulmuşdur. Birgə nikah dövründə ünvan 1-də yaşamışlar və orada yaşayarkən övladları X2 anadan olmuşdur. Uşaq xəstə doğulduğundan, cavabdeh və onun anası uşağın evdə saxlanılmamasını, iynə vurularaq öldürülməsi təkidini etmişdir. O isə əsla etməyəcəyini bildirmişdir. Onu ata evinə yola salaraq övladını orda saxlamağı bildirmişdilər. Ötən iki il ərzində Cavabdeh1 uşağın müalicəsiylə maraqlanmamış və sonunda boşanma ərizəsiylə məhkəməyə müraciət edərək 14.10.2019-cu il tarixdə rəsmi nikah pozulmuşdur. Atası evində şəraitin olmaması və uşağın Bakıda daha yaxşı müalicəsi üçün, o və xəstə oğlu həmin evdə otaqların birində yaşamaq istəyir. Buna cavabdehlər mane olurlar. Cavabdehin atası Məmmədov Əhməm atasına zəng vuraraq ev satdığa qoyulduğu üçün ona aid mebelləri və digər əşyaların götürülməsini bildirmişdir. Cavabdeh1 yaşadığı ünvan 1 18.08.2021-ci il tarixdə iddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə xx.xx.1996-cı il təvəllüdlü İddiaçı və övladı 21.03.2018-ci il təvəllüdlü X1 istifadə hüquqlarının müəyyən edilməsi və mənzilə köçürülməyi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.08.2021-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirmişdir. Ev Cavabdeh2 məxsusdur. İddiaçının keçmiş ərinin valideyninə məxsus olan evdən istifadə hüququnun tanınmasını və mənzilə köçürülməsini tələb etmək hüququ yoxdur. Cavabdeh1 belə evə istifadə hüququ yoxdur. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə AZ-İ 221658 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh1 ilə Məmmədova (Əliyeva) Aysel Tofiq qızı arasında olan nikah pozulmuş və bu barədə 14.10.2019-cu ildə 38 saylı akt qeydi icra edilmişdir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhər icra hakimiyyəti başçısının aparatı Texnki İnvetarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (indiki AR ƏMDK yanında DƏDRX) tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin təsdiq olunmuş kserosurətindən görünür ki, ünvan 1 -06.01.2006-cı il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 06.01.2006-cı il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. İddiaçı Cavabdeh2 övladı - Cavabdeh1 həyat yoldaşıdır və onlar arasında nikah 19.03.2017-ci il tarixdə bağlanılmışdır. İddiaçı ilə Cavabdeh1 birgə nikahdan bir övladı anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər 2017-ci il tarixdən etibarən yarandığından hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə münasibətdə onun ailə üzvü hesab olunmur. Mənzilin mülkiyyətçisi olan cavabdehlə iddiaçı arasında mübahisəli mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma bağlanmadığından, iddiaçının mübahisəli mənzilə hər hansı istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, idida tələbi iddiaçının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 428 saylı evə istifadə hüququnun müəyyən edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının övladları olan 21.03.2018-ci il təvəllüdlü X1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 428 saylı evə istifadə hüququnun müəyyən edilməsi tələbi üzrə qeyd edir ki, həmin hissəsində tələb təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə münasibətdə ailə üzvü hesab olunmasa da, onun yetkinlik yaşına çatmayan uşağı cavabdehə münasibətdə ailə üzvü hesab olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarına əsasən
1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində ailənin başqa üzvlərinin aliment öhdəlikləri barədə bəhs edilir və həmin Məcəllənin 89 və 90-cı maddələri nənə və babaların, həmçinin nəvələrin bir-birlərinin saxlanılması üçün aliment tələb etmək hüquqları müəyyən edilmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından formalaşan hüquqi mövqeyini və Ailə Məcəlləsinin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının yetkinlik yaşına çatmayan uşaqları cavabdehin ailə üzvləri hesab olunur. Belə olan halda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin tələbləri baxımından iddiaçının yetkinlik yaşına çatmayan uşağının mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının yetkinlik yaşına çatmayan uşağının mübahisəli mənzilə istifadə hüququnun yaranması müəyyən edildiyindən, iddia tələbi onun həmin mənzilə istifadə hüququnun müəyyən edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. 21.03.2018-ci il təvəllüdlü X1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 428 saylı evə istifadə hüququnun olması müəyyən edilsin. İddia tələbi İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 428 saylı evə hüququnun müəyyən edilməsi və həmin mənzilə köçürülməsi hissəsində əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəhla Süleymanova