Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2189/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili M.M.Zalıyevin iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 saylı evin 20 nömrəli mənzili 21.09.2011-ci il tarixdə AR ƏMDK DƏDRX tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilməklə Daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ dövlət reyestrində **********5 qeydiyyat nömrəli çıxarışla mülkiyyətindədir. 07.07.2021-ci il tarixdə “ASAN xidmət” mərkəzindən aldığı arayışdan da görünür ki, ailə üzvlərindən başqa orada Cavabdeh1 və X2 onun mənzilində qeydiyyatdadır. Cavabdeh1 və Cavabdeh2 hal-hazırda harada yaşayır ona məlum deyil. Həmin şəxslərin onun ünvanında qeydiyyatda olmağı ona bir sıra problemlər yaradır. Belə ki, onun üzərində ümumiyyətlə yaşamamasına baxmayaraq o, hazırki günə qədər onun əvəzində kommunal xərcləri ödəməli olmuşdur. Bundan başqa, cavabdehlərin onun istifadəsində olan mənzildə qeydiyyatda olması onu mülkiyyətçi hüquqlarından süni məhrum etmişdir. O, yaşadığı mənzil üzərindən sərəncam verə bilmir, bütün hərəkətlərə onların da yazılı “icazə” ərizəsi tələb olunur (mənzilə kiminsə qeydiyyata alınmasında, kirayəyə verilməsində və ya özəlləşdirilməsində və sair). Ona görə də Səbail rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və X1 Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 47, mənzil 20 ünanında istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X3 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə cavabdehlərin axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.09.2011-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 47 saylı evin 20 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə AR DİN tərəfindən verilmiş 07.07.2021-ci il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 47 saylı evin 20 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə 4 saylı MKİS tərəfindən verilmiş 30.08.2021-ci il tarixli 56 saylı arayışa əsasən Cavabdeh1 (mülkiyyətçinin keçmiş qaynanası) 11.12.2003-cü il tarixdən İddiaçı mülkiyyətçisi olduğu Bakı şəhəri, Xəqani küçəsi, 47 saylı evin 20 saylı, yaşayış sahəsi 46,0 kv.m olan 2 otaqlı mənzil üzrə qeydiyyatdadır. Həmin arayışda eyni zamanda göstərilmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Xəqani küçəsi, 47 saylı evin, ikinci 20 syalı evin, sahəsi 32,5 kv.m olan 3 otaqlı mənzilinin mülkiyyətçisi olmaqla həmin evdə 16.08.1976-cı ildən qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 47 saylı evin 20 saylı mənzilin yaşayış sahəsi 46,0 kv.m olan, 2 otaqlı mənzili tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur və iş üzrə cavabdehlərdən Cavabdeh1 2003-cü ildən həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır və o, mülkiyyətçinin keçmiş qaynanasıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyata alınsa da, o həmin mənzildə yaşamır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında mübahisəli hüquq münasibətləri 2003-cü ildə yarandığı üçün, onun istifadə hüquqlarınan xitam verilməsi ilə bağlı tələbə qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. AR Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin onunla birgə yaşayan ailə üzvləri ( əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin ( ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya məhkəməsinin həmin Qərarında göstərilmişdir ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından Cavabdeh1 mübahisəli evə istifadə hüquqlarının yaranması üçün mülkiyyətçi ilə onun arasında notariat qaydada təsdiq olunmuş razılaşmanın olması vacibdir, eyni zamanda bu razılaşma (müqavilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin məhkəmə qeyd edir ki, mənzilin mülkiyyətçiləri ilə Cavabdeh1 arasında mübahisəli mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma bağlanmadığından, Cavabdeh1 mübahisəli mənzilə hər hansı istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyindən, irəli sürülmüş tələb ona təmin edilə bilməz. Bununla belə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilidyindən, bu hal iddiaçının ərizəsi əsasında cavabdehin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilər. Məhkəmə iddia tələbinin Cavabdeh2 mənzilə istifadə hüququnun itirilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Xəqani küçəsində yerləşən 47 saylı evin ikinci 20 saylı mənzili kimi qeydiyyata alınmış və yaşayış sahəsi 32,5 kv.mdən ibarət 3 otaqlı mənzilinin mülkiyyətçisi olmaqla 1976-cı ildən həmin mənzildə qeydiyyatdadır. Yəni cavabdeh öz mülkiyyətində olduğu mənzil üzrə qeydiyyata alınsa da, qeydiyyat orqanı tərəfindən iddiaçı və cavabdehin qeydiyyatları ünvanları eyni göstərilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 öz mülkiyyətində olan mənzil üzrə 1976-cı ildən qeydiyyatda olduğu üçün iddiaçının onun istifadə hüququna xitam verilməsi barədə tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin izah edir ki, yuxarıda qeyd edilən məsələyə (eyni ünvanlar üzrə yaranmış anlaşılmazlığa) aydınlıq gətirilməsi məqsədilə iddiaçı müvafiq inzibati orqanlara müraciət edə bilər. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 47 saylı evin 20 saylı mənzilinə Cavabdeh1 istifadə hüququna xitam verilməsi barədə iddia tələbi onun həmin mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən, Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilməsi barədə tələb əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2189/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2189/2021
31.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver