Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-22/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı –cavabdeh "xxxx" Firmasına qarşı «torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair iddiası barədə mülki işə 02 mart 2022-ci il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" Firmasına qarşı «torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən iddiaçıya məxsus 0,12 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması və həmin torpaq sahəsindən istifadəyə maneələrin yaradılmasının cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 31.01.2020-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini alqı-satqı yolu ilə mülkiyyətə almışdır. Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 681 nömrəli reyestr kitabının 64497 nömrəli vərəqində qeydiyyata alınmaqla Dövlət Reyestrindən Çıxarış verilmişdir. Məlum pandemiya səbəbindən bir necə aydır ki torpaq sahəsinə gedə bilmir. Bir neçə gün əvvəl torpaq sahəsində olarkən ona məlum olmuşdur ki, onun mülkiyyəti tanımadığı şəxslər tərəfindən zəbt edilmiş, torpaq sahəsində ağır texnika və xeyli sayda işci vasitəsi ilə planlama işləri aparılır. Yaranmış problemin həlli üçün Səbail rayon Prokurorluğuna və Səbail rayon Polis İdarəsinə müraciət etsə də, bunun hər hansı bir nəticəsi olmamış və onlara məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Səbail rayon Polis İdarəsinin 41-ci PB-dən şikayətləri ilə bağlı araşdırma aparılsa da DƏDRX-nin qanuni əsaslarla vermiş olduğu “Çıxarışı” nəzərə almadan, guya qanunsuz zəbt olunma ilə bağlı faktın müəyyən olunmamışdır. Araşdırma zamanı mülkiyyətində olan torpaq sahəsini "xxxx" adlı firmaya guya Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli 115 saylı sərəncamı ilə icarəyə verilmişdir. Polis heç bir hüquqi əhəmiyyətli sənəd hesab edilməyən, doğruluğu şübhə doğuran, dövlət reyestrində qeydə alınmayan sənədlər əsasında onun daşınmaz əmlakın dövlət reyestrində 681 nömrəli reyestr kitabının 64497 nömrəli vərəqində qeydiyyata alınmaqla Dövlət Reyestrindən Çıxarışı ilə qorunan mülkiyyət hüququnu dövlət müdafiəsi təminatından məhrum etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələblərini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata 31.01.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2022-ci il tarixli 10/6401 saylı rəyindən görünür ki: İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə "xxxx" firmasının istifadəsində olan torpaq sahəsinin sərhədləri üst-üstə düşür. İddiaçı mülkiyyətində olan torpaq sahəsi tamamı ilə "xxxx" firmasına verilmiş plan-ölçü hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçinin öz mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə zəruri və etibarlı məlumatların məcmusudur. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68.1-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla ona məxsusdur. Cavabdeh isə torpaq kadastrına əsasən həmin torpaqdan istifafə hüququ almışdır. Cavabdeh hazırda özünün hərəkətləri ilə iddiaçının mübahisəli əmlakdan istifadəsinə maneçilik törətməklə, iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Ona görə də iddiaçı öz mülkiyyət hüquqlarının müdafiəsi və təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmək istəyi cavabdehə münasibətdə qanunidir. Odur ki, onun mülkiyyətində olan əmlaka dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı mülkiyyətindən istifadəsinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, mübahisəli əmlakdan istifadəsinə yaradılmış maneələrin qadağan edilməsini tələb etməkdə haqlıdır və onun iddia tələbi əsaslı hesab edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə cavabdehə aid edilməli, yəni iddia təmin edildiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilməli, ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat pul vəsaiti cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" firması İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılsın və onun üzərində İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə hər hansı maneəçilik törədilməsi cavabdeh "xxxx" firmasına qadağan edilsin. Ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddaçıya ödənilsin. İş üzrə Az. Res. ƏN. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 07.01.2022-ci il tarixli 10/6401 №-li məhkəmə ekspertizası tədqiqatının dəyəri kimi 50 manat məbləğində pul vəsaiti "xxxx" firmasından tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********; X1, kod:210005; müxbir hesab:AZ41NABZ********************; S.W.İ.F.T. Bik CTREAZ22) köçürülsün Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-22/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-22/2022
02.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver