Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2200/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi V.İ.Cabbarovanın iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı müavinətin tam ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı müavinətin tam ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ARDNŞnin struktur təşkilatı olan Cavabdeh xx.xx.2021-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. “ARDNŞ”-də işçilərin əməyin ödənilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X5 Həmkarları İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli birgə Əmr Qərarında göstərilmişdir ki, “Bu Əmr-Qərar verildiyi tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr Qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı daxil olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və ona orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq, həmin məbləğdən gəlir vergisi tutmuşdur. O, dəfələrlə cavabdehə müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasının qanunvericilkdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat müxtəlif bəhanələr gətirməklə müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. Ona müəssisə tərəfindən ödənilən orta əmək haqqının beş misli miqdarında birdəfəlik maliyyə vəsaiti işdənçıxma müavinətidir. İşdən çıxma ilə bağlı Dövlət Neft Şirkəti tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı qanuni deyildir. Dövlət Neft Şirkətinin sabit əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə artıq onlardan qanunsuz tutulmuş məbləğlər geri qaytarılmış, Dövlət Neft Şirkətinin bəzi idarələri isə məhkəmə araşdırmanı gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği işçilərə geri qaytarmışlar. Qanunvericiliyin tələblərinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır, tutulmuş məbləğ geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh təşkilat ARDNŞ-nin Cavabdeh ödədiyi müavinətdən gəlir vergisi kimi tutulmuş 2154,94 manat məbləğin ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, pandemiya olduğuna görə məhkəməyə gec müraciət etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək və iddiaya yazılı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, İddiaçı ərizə yazaraq öz təşəbbüsləri ilə işdən azad olunmuşdur. İddiaçı ilə “Azneft” İB xx.xx.2021-ci il tarixdə orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik ödəniş edilməsinə dair razılaşma bağlanmışdır. “Azneft” İB-nin xx.xx.2021-ci il tarixli SOCAR**********0070020B00363 saylı əmri ilə İddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarının 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinətindən vergi qanunvericiliyinə uyğun gəlir vergisi tutulacağından xəbəri olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmanın 1.3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona (işçiyə) ödənilən işdənçıxarma müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən,...işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 10.719,75 manat işdənçıxma müavinət hesablamağı və həmin işdənçıxma müavinətindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. Müqaviləyə xitam verilərkən iddiaçıya ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma mavinəti ödənilib, ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarının 4-cü bəndinə əsasən bu əmr-qərar verildiyi tarixdən bir təqdim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində qeyd edilib ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd ARDNŞ-nin xx.xx.2009-cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrinin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və sənədlərin təkmilləşdirilməsidir”. Sözügedən əmr-qərara müvafiq olaraq müəssislərəin işçilərinə orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən azad oluna biləcəkləri nəzərlərinə çatdırılmış və iddiaçı da ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almış və onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə, yəni tərəflərin qarşılıqlı razılığına əsasən ləğv edilmiş və bununla əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra həmin məbləğ iddiaçıya ödənilmişdir. Vəsatətin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsaslanaraq hesab edirlər ki, iddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olunması üçün heç bir qanuni əsası yoxdur. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçı ilə “Azneft” İB arasında xx.xx.2021-ci il tarixdə razılaşma bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinətinin veriləcəyindən xəbəri olmuşdur. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. Faktiki hallardan göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixədək məhkəməyə müraciət etməli idi. İddiaçı bu tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcuddur. Lakin, iş materiallarından göründüyü kimi, İddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 illik məhkəməyə müraciət etmə müddətini ötürməklə Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbləri əsassız olduğu üçün və iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 öz izahatında göstərmişdir ki, Cavabdeh tərəfindən düzgün olaraq iddiaçıya verilən müavinətdən vergi tutulmuşdur. İddiaçı Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad edərək iddianın əsaslı olmasını göstərir. Lakin bu hal həmin maddələrin təsiri altına düşə bilməz. Həmin maddələrə istinad etməsi əsassızdır. Digər tərəfdən iddiaçı işəgötürənlə müvafiq razılaşmaya imza atmışdır, bundan sonra məhkəməyə onun müraciəti əsaslı hesab edilə bilməz. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə İddiaçı əmək kitabçasının kserosurətindən görünür ki, o, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Cavabdeh əsaslı tikinti, neft-mədən qurğularının və boru kəmərlərinin təmiri və layihə smetaların ekspertiza şöbəsinin 13-cü dərəcəli mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. İş üzrə “İşəgötürən” qismində “Azneft” İB ilə "xxxx" qismində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdeh Əsaslı tikinti və layihələrin ekspertizası şöbəsinin 15-ci dərəcəli böyük mühəndisi İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair İşəgötürənlə İşçi arasında xx.xx.2021-ci il tarixli razılaşmanın surətindən görünür ki, tərəflər SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sizişin 5.16-cı bəndində “qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət vermək” qaydası müəyyən edildiyini nəzərə alaraq aşağıdakılar barədə razılığa gəlirlər: 1.1.Bu razılaşmanın şərtlərinə uyğun olaraq İşəgötürənlə bağlanmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi (İşçi yaşa görə əmək pensiyasına çıxdıqda) ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədi ilə müraciət edir. 1.2.İşçi İşəgötürənlə bağlanmış əmək müqaviləsinə ərizəsinə və hazırki Razılaşmaya uyğun olaraq xitam verildikdən sonra SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda, eləcə də SOCAR-ın iştirak etdiyi Birgə müəssisələrdə və Əməliyyat Şirkətində işə bərpa olunma barədə (işə qəbul olunma) hər hansı iddia və tələblər irəli sürmür. 1.3. Əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən işdənçıxarma müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa İşəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. 1.4. SOCAR-ı, o cümlədən İşəgötürəni bu Razılaşmanın 2-3 bəndləri də nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı iddia və tələblərdən azad edir və bununla əlaqədar baş verə biləcək hadisələr, məhkəmə çəkişmələri və hər hansı digər hərəkətlərə görə onlara dəymiş ziyanı ödəyir. 2.1 Bu Razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə İşçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 10.719,75 manat işdənçıxarma müavinət hesablamağı və həmin işdənçıxarma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. 2.2. Bu Razılaşmanın 2.1-ci bəndində müəyyən olmuş işdənçıxarma müavinətin məbləğini İşçiyə son haqq-hesab edilməsi ilə bir vaxtda, yaxud əmək müqaviləsinə xitam verildiyi tarixdən 3 gün müddətindən gec olmamaqla ödəyir. İş üzrə İddiaçı tərəfindən “Azneft” İB-nin baş direktoru Ş.Hüseynova ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, o, İB-nin aparatının sabiq böyük mühəndisi İddiaçı xx.xx.2021-ci il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olmuşdur. Buna görə ona orta aylıq əmək haqqının beş misli miqdarında birdəfəlik müavinət verilmiş və müavintədən gəlir vergisi tutulmuşdur. İşdən çıxdığı ilə əlaqədar Səbail rayon Məhkəməsinə təqdim olunması üçün ona aylıq əmək haqqının beh misli miqdarında verilmiş birdəfəlik müavinətdən tutulmuş gəlir vergisi barədə arayışın verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş üzrə “Azneft” İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı 2021-ci ildə ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmuşdur və həmin vaxt İddiaçı ARDNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsini nəzərə alaraq hesablanmış müavinətin 1000 manat hissəsi qədər güzəşt tətbiq edilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. İddiaçı əmək müqaviləsinə xitam verilməsi işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olmadığına görə, ona ARDNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində ödənilmiş birdəfəlik müavinətə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. İş üzrə “Azneft” İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı ilə həqiqətən xx.xx.2008-ci il tarixdən əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə xx.xx.2021-ci il tarixdə işçinin öz ərizəsinə (AR Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar) əsasən xitam verilmiş və ona ARDNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarın 4-cü bəndinə və ona edilmiş xx.xx.2009-cu il tarixli 112/07-22ə nömrəli dəyişikliyə əsasən, orta aylıq əmək haqqının beş misli məbləğində 10719,75 manat müavinət ödənilmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 2.154,94 manat təşkil edir. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Azneft” X1 Raida İsmixan qızı tərəfindən təsvir edildiyi kimi ödənilmiş müavinətdən tutulmuş verginin geri qaytarılması mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə 16.00 saatında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2003-cü ildən başlayaraq “Azneft” İB-də işləməyə başlamış və xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda iddiaçıya ARDNŞnin və ANQSİHİRK-nn xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində 10.719,75 manat birdəfəlik müavinət ödənilmiş və həmin müavinət hesablandıqdan sonra həmin məbləğdən 2154,94 manat vergi tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2021-ci il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olunmuşdur və onunla əmək müqaviləsinə xitam verilərək əmək haqqının 5 misli miqdarında müavinət ödənilmişdir. Lakin müavinət ödənilərkən ondan qanunsuz olaraq vergi çıxılmışdır. İddiaçı hesab edir ki, ona ödənilən müavinətdən verginin tutulması qanunsuz olmuşdur və bu səbəbdən iddiaçı müavinətin ödənilməyən hissəsinin (vergiyə çıxılmış hissəsinin) cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar da rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilən zaman ona orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinət ARDNŞ-nin və ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarın 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22ə nömrəli dəyişikliyə əsasən ödənilmişdir. Eyni zamanda iddiaçıya ödənilən müavinətdən 2154,94 manat gəlir vergisi tutulmuşdur. AR Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən işdənçıxma müavinətindən məbləğlərin tutulmasına yol verilmir. AR Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin işəgötürən tərəfindən təmin edilməli olan təminatları müəyyən edilmişdir. Lakin həmin maddədə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsininn 97.3-cü maddəsinə əsasən gəlirlərə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aid edilir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Həmin Məcəllənin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Yuxarıda qeyd olunan maddi hüquq normasının mənasından göründüyü kimi təqaüdə çıxması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixdə müvafiq “Razılaşma” adlı sənəd imzalanmış, həmin “Razılaşma”nın 1.3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən işçi ona ödənilən işdənçıxarma müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqqhesabdan başqa İşəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. Cavabdehin nümayəndəsi yazılı etirazında qeyd edilən Razılaşmanın şərtlərinə uyğun olaraq qaldırılan iddianın əsassız olması səbəbindən rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işçi İddiaçı qanunvericiliyə uyğun vergi tutulmalarına dair razılıq bildirərək qeyd edilən sənədi imzalanmışdır. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələbləri baxımından dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azad olduğu üçün işdənçıxarma müavinətdən vergi çıxılması qanuna zidd olmuşdur. Bu səbəbdən məhkəmə işəgötürən tərəfindən iddiaçıya ödənilən müavinətdən 2154,94 manat gəlir vergisinin tutulmasını əsassız hesab edir. Lakin məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş hazırki tələblə əlaqədar məhkəməyə müraciət etmək üçün 1 illik iddia müddətini ötürmüşdür. Cavabdehin nümayəndəsi tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilən maddənin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə hesab edir ki, iddiaçı işdən çıxdığı vaxtdan (xx.xx.2021-ci il) və ona ödənilmiş müavinətdən pul çıxıldıqdan sonra pozulmuş hesab etdiyi əmək hüquqlarının müdafiəsi üçün bir il ərzində məhkəməyə müraciət etmədiyindən, bununla da onun tərəfindən iddia müddəti ötürüldüyündən və həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə əlaqədar hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar əsassız hesab edilməli və rədd edilməlidir. İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki. iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar məhkəmədə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürdüyündən, onun ödənilmiş müavinətdən gəlir vergisi kimi tutulmuş 2154,94 manat pulun qaytarılması ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələbini və etirazlarını əsaslandıran halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı müavinətdən gəlir vergisi kimi tutulan 2154,94 manat məbləğin ona ödənilməsi barədə iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2200/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2200/2022
28.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver