Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2214/2021 11.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 08.10.1980-cı il tarixdən 07.03.1981-ci il tarixədək Baş Tikinti İdarəsinin Mərkəzinin göndərişi əsasında Sumqayıt şəhərində yerləşən X1 texniki peşə təhsili alaraq 071531 Noli vəsiqə alması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu tarixli 3 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4-cü bəndə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin qərarın 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Ərizəçi məhkəmədən peşə təhsil alması ilə bağlı vəsiqə alması faktının müəyyən edilməsini xahiş edir. Hakim qeyd edir ki, ərizəçi müəyyən olunmasını xahiş etdiyi faktın başqa yolla alınmasının, itirilmiş sənədlərin bərpasının qeyri-mümkünsüzlüyü (həmin sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmması) ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Hakim həmçinin qeyd edir ki, hər hansı təhsil müəssisəsini bitirmə kimi, bitirdiyi təqdirdə müvafiq vəsiqənin alınması kimi hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi ümumiyyətlə yolverilməzdir və bu səbəbdən ərizəçinin ərizəsi məhkəmədə baxılmalı olmadığından onun icraata götürülməsindən imtina edilməlidir. Hakim izah edir ki, peşə təhsilinin alınması müvafiq sənədlərlə təsdiq olunur (diplom, şəhadətnamə) və həmin sənədi ya təhsil müəssisəsinin özü, ya da müvafiq icra hakimiyyəti orqanı (əgər təhsil müəssisəsi ləğv olunubsa) tərəfindən verilir. Ərizəçi aldığı texniki peşə təhsili ilə bağlı sənədi (diplom, şəhadətnamə, itirildiyi halda onun dublikatını) almaq üçün müvafiq qaydada təhsil müəssissənin özünə, həmin təhsil müəssisəsi ləğv olunduğu halda müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə aldığı texniki peşə təhsili ilə bağlı sənədi (diplom, şəhadətnamə, itirildiyi halda onun dublikatını) almaq üçün müvafiq qaydada təhsil müəssissənin özünə, həmin təhsil müəssisəsi ləğv olunduğu halda müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2214/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2214/2021
11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver