Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2215/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyasına qarşı “ işə bərpa və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 dekabr 2023cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyasına qarşı “ işə bərpa və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, buraxılmış məcburi iş günlərinə görə əmək haqqının ödənilməsi, cavabdehdən 5000 manat mənəvi ziyanın və mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-ci ildən etibarən müddətsiz əmək müqaviləsi bağlamaqla Azərbaycan Milli Konservatoriyasında işləməyə başlamışdır. Lakin, bu müddət ərzində bağladığı əmək müqaviləsinin surətini əldə etməmişdir. Bu səbəbdən də həmin müqaviləni məhkəməyə təqdim edə bilmir. Qeyd etmək istəyir ki, işlədiyi müddət ərzində heç vaxt əmək intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb edilməmişdir. Təxminən 2022-ci ilin may ayında çalışdığı müəssisənin müdiriyyəti tərəfindən ona və digər həmkarlarına əmək müqaviləsində müqavilənin müddəti ilə bağlı dəyişiklik edilməsi barədə müraciət edilsə də, iddiaçı həmin dəyişikliklərin edilməsi ilə razılaşmadı. Lakin, 2023-cü ilin sentyabr ayının 12-də onun əmək müqaviləsinə heç bir əsas olmadan xitam verilməsi barədə ona məlumat verilmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 109/k nömrəli əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, yəni, əmək müqaviləsinin müddətinin qurtarması əsas götürülmüşdür. Lakin bir daha qeyd etmək istəyir ki, onun 2005-ci ildə bağladığı əmək müqaviləsi müddətsiz olmuş, sonradan isə əmək müqaviləsinə onun razılığı ilə heç bir dəyişiklik edilməmişdir. İddiaçı adı çəkilən əmri əldə etmək istədikdə isə ona əmək müqaviləsinə dəyişiklik edilməsinə dair razılıq verməyi barədə müqaviləyə imza atmayacağı təqdirdə təqdim etməyəcəklərini bildirdilər. İlkin mediasiya prosesində iştirakla bağlı mediasiya xərcləri qismində tərəfindən 50 manat məbləğində rüsum ödənilmiş və xx.xx.2023-cü il tarixindən etibarən işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyi üçün həmin tarixdən xx.xx.2023-cü il tarixinədək 850 manat məbləğində, eləcə də həmin tarixdən indiyədək orta aylıq əməkhaqqından məhrum olmuşdur. Həmçinin nəzərə almaq lazımdır ki, 18 ildən artıq işlədiyi əmək kollektivi arasında ona qarşı bu cür qanunsuzluğun, ədalətsizliyin edilməsi onun həmin əmək kollektivi və tələbələri arasında işgüzar nüfuzuna, iddiaçıya qarşı duyulan inama, hörmətə əhəmiyyətli dərəcədə mənfi təsir göstərmişdir. 18 il müddətində əmək verdiyi bir müəssisənin ona çəkdiyi əziyyətin qarşılığında bu cür “təşəkkür etməsi” iddiaçını mənəvi cəhətdən sarsıtmışdır. Bütün bu müddət ərzində bir çox dövlət qurumlarına, vəzifəli şəxslərə müraciətlər ünvanlayaraq ona qarşı edilən haqsızlıqlara son qoyulmasını xahiş etmiş və hər dəfə belə müraciətləri zamanı əsəb, stress keçirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 290-cı maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan maddənin qeydinə əsasən isə bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, həmçinin vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin kollektiv arasında gözdən salınması məqsədi ilə əməllər və hərəkətlər başa düşülməlidir. Qeyd olunanlar əsasında hesab edir ki, onun əmək müqaviləsinə razılığı olmadan dəyişikliyin edilməsi nəticəsində əsassız olaraq işdən çıxarılmağına və bununla da yuxarıda sadalanan hallarla bağlı ona dəymiş mənəvi zərər 5000 (beş min) manat məbləğində hesablanmalı və bu məbləğ məhkəmə tərəfindən ədalətli hesab edilməlidir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı Azərbaycan Milli Konservatoriyasının “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında dossent vəzifəsi tutmaqla müəllim kimi əmək funksiyası yerinə yetirmişdir. Bununla əlaqədar olaraq onunla ilk dəfə xx.xx.2005-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Sonradan işçi İddiaçı razılığı əsasinda onun əmək müqaviləsində dəyişiklik edilərək o, müddətli əmək müqaviləsinə keçirilmişdir. Onun müddətli əmək müqaviləsinə keçirilməsi 06 may 2022-ci il tarixində rəsmi ərizə əsasında həyata keçirilmiş və əmək müqaviləsinin müddəti 01 sentyabr 2022-ci il tarixə kimi uzadılmışdır. Bu dəyişiklik elektron sistemdə 24 may 2022-ci il tarixli “əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi“ ilə təsdiq olunur. Müddət başa çatdıqdan sonra işçi İddiaçı yenidən 05 sentyabr 2022- ci il tarixində ərizə ilə müraciət edərək əmək müqaviləsinin müddətini 01 sentyabr 2023-cü il tarixinə kimi uzadılmasını xahiş etmişdir. Həmin ərizə əsasında onun əmək müqaviləsinin müddəti 01 sentyabr 2023-cü il tarixinə kimi uzadılmışdır. Bu dəyişiklik elektron sistemdə 27 oktyabr 2022-ci il tarixli “əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi“ ilə təsdiq olunur. Lakin işçi İddiaçı 01 sentyabr 2023-cü il tarixində əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar olaraq bu müqavilənin yenidən uzadılmasına dair ərizə ilə müraciət etməmişdir. Onun barəsində əmək müqaviləsinə 01 sentyabr 2023-cü il tarixdə müddətin bitməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Dəfələrlə bununla əlaqədar olaraq ona bildirilməsinə baxmayaraq İddiaçı əmək kitabçasını götürməkdən imtina etmişdir. Ona görə də əmək kitabçası kuryer xidməti vasitəsi ilə onun ev ünvanına göndərilməsinə baxmayaraq göndəriş məktubuna imza etməkdən imtina edərək əmək kitabçasını qəbul etməmişdir. İddiaçı iddia ərizəsində əsassız olaraq hüquqlarının pozulmasını iddia etməsinə baxmayaraq bu pozuntuların nədən ibarət olmasını əsaslandırmamışdır. Çünki onun əmək hüquqlarının pozulması ilə bağlı yazdığı ərizə əsasında Əmək Müfəttişliyi tərəfindən də yoxlama aparılmış və heç bir fakt aşkar edilməmişdir. Azərbaycan Milli Konservatoriyası tərəfindən işəgötürən kimi işçi İddiaçı rəsmi ərizəsi əsasında onun əmək müqaviləsində dəyişiklik edilmiş və əmək müqaviləsinin müddəti müddətli olaraq uzadılmışdır. Sonradan işçi İddiaçı tərəfindən təşəbbüs göstərilmədiyinə görə əmək müqaviləsinin müddəti uzadılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, müddətli əmək müqaviləsinə keçmək ilə bağlı ərizəni özü yazmasına baxmayaraq, bunu iradəsinə zidd formada etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, iddiaçı digər işçilər kimi əmək müqaviləsinin müddəti bitdikdən sonra müqavilənin uzadılması üçün işəgötürənə müraciət etməmişdir. Bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi və işçi tərəfindən əmək münasibətlərinə davam etmək üçün təşəbbüs göstərilmədiyi səbəbindən xitam verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2005-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Milli Konservatoriyasının “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndində qeyd edilmişdir ki, əmək müqaviləsi müddətsiz bağlanmışdır. 06 may 2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasında 1 illik dosent vəzifəsində çalışmağına icazə verilməsi xahiş etmişdir. 06 may 2022-ci il tarixli 038/k1 saylı əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə xx.xx.2022-ci il tarixinədək “MTN” kafedrasının dosenti müddətli müqaviləyə keçirilmişdir. 05 sentyabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı müqaviləsinin vaxtının uzadılmasını xahiş etmişdir. 05 sentyabr 2022-ci il tarixli 117k 1 saylı əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixədək uzadılmışdır. 01 sentyabr 2023-cü il tarixli 109/k saylı əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 15 dekabr 2005-ci il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan Milli Konservatoriyasının “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim vəzifəsinə işə qəbul edilmişdir. Həmin vaxt müqavilə müddətsiz bağlanmışdır. Sonradan 06 may 2022-ci il tarixli ərizə ilə İddiaçı cavabdehə müraciət edərək, “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasında 1 illik dosent vəzifəsində çalışmağına icazə verilməsini xahiş etmiş və eyni tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsi müddətli müqaviləyə keçirilmişdir. Sonuncu dəfə iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixədək uzadılmışdır. 01 sentyabr 2023-cü il tarixli 109/k saylı əmr ilə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Beləliklə, işçi ilə sonuncu dəfə 05 sentyabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti 01 sentyabr 2023-cü il tarixinədək uzadılmışdır. Həmin əmək müqaviləsi müddətli olmaqla 01 sentyabr 2023-cü il tarixinədək bağlanmışdır. Əmək müqaviləsinin müddəti 05 sentyabr 2023-cü il tarixdə uzadıldığından və müddətli olduğundan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin müddət bitdikdən sonra 01 sentyabr 2023-cü il tarixdə xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ərizəsində onunla bağlanmış müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edildiyinin birtərəfli qaydada onun razılığı olmadan həyata keçirildiyini göstərsə də, iş materiallarında olan iddiaçı tərəfindən yazılmış ərizənin surətindən və cavabdehin məhkəmə iclasında izahatından görünür ki, onunla bağlanmış əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilməsi zamanı işçinin razılığı alınmışdır. Belə olan halda iddiaçının Əmək Məcəlləsinin 45.3-cü maddəsinə istinadən qeyd etdikləri əsassızdır. Məhkəmə iddia tələbinin mənəvi zərər ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi iddiaçının işə bərpa olunması tələbindən yarandığından və iddia həmin hissədə təmin edilmədiyindən mənəvi zərər hissəsində də əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyasına qarşı “işə bərpa və s.” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya xərci qismində ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2215/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2215/2023
13.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver