Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2222/2021 10.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı1, A.H.Mehdiyevin, İddiaçı1, İdidaçıların vəkili M.M.Məmmədovanın iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 cavabdehlər Bakı şəhəri Səbail rayon 1 saylı Notariat Ofisinə və Cavabdeh1 qarşı açıq saxlanılmış miras əmlakına paylarının müəyyən edilməsi barədə iddia tələbi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 cavabdehlər Bakı şəhəri Səbail rayon 1 saylı Notariat Ofisinə və Cavabdeh1 qarşı açıq saxlanılmış miras əmlakına paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onlar X1 vərəsələridirlər. X6 22.08.2018-ci ildə vəfat etmişdir. Vəfatından sonra qanun üzrə 1-ci dərəcəli vərəsələri, övladlarından İddiaçı1, İddiaçı2 və X5, həyat yoldaşı İddiaçı4 və mərhumun anası Cavabdeh1 qalmışdır. Mərhumun anası Cavabdeh1 ilə mərhumun həyat yoldaşı arasında miras payının bölünməsi ilə əlaqədar mübahisə yarandığı üçün, mərhumun həyat yoldaşı İddiaçı4 vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmişdi. Həmin vərəsəlik işi ilə əlaqədar Bakı şəhəri Səbail rayon Məhkəməsində 17.12.2019-cu il tarixli, 2 (009)-3159/2019 nömrəli qətnamə çıxarılmışdır. Sözügedən qətnaməyə əsasən miras əmlakı qoyan X3 həyat yoldaşı İddiaçı4 06.03.2020-ci il tarixdə 2V-12 reyestr nömrəli qanun üzrə 1/10 hissəyə vərəsəlik şəhadətnaməsi və ½ hissədə paya dair 06.03.2020-ci il tiarixdə 2V-13 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. O sözügedən miras əmlakın 6/10 hissəsinin mülkiyyətçisidir. Həmin qətnaməyə əsasən 4/10 hissə açıq qalmışdır. Sözügedən miras əmlakda onlar yaşayırlar. Evin faktiki olaraq miras əmlakı bütövlükdə qəbul etmişlər. X1 anası Cavabdeh1 Hüseyn qızı X1 vərəsəsi olsa da, o, pasport qeydiyyatında Naxçıavan MR, Babək rayonu, Nehrəm kəndindədir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 13 saylı evin 98 mənzilinin 4/10 hissədə açıq saxlanılmış miras əmlakına paylarının müəyyən olunmasına dair ərizə ilə 1 saylı notariat ofisinə müraciət etsələr də, onlara rəsmi qaydada imtina verilmiş və məhkəməyə müraciət etdikləri tövsiyyə edilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 13 saylı evin 98 mənzilinin 4/10 hissədə açıq saxlanılmış miras əmlakına paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı4 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsiən əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhər 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda işə ofisin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ididaçıların izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(009)-3159/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı4 miras qoyan X3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 13 saylı evin 98 saylı mənzilinin ½ (5/10 hissə) hissəsinə birgə əmlak kimi mülkiyyət hüquqları, 1/10 hissəsinə qanun üzrə birinci növbəli vərəsə kimi vərəsəlik hüquqları tanınmaqla həmin əmlak üzərində 6/10 hissədə payı müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 13 saylı evin 98 saylı mənzili paylı mülkiyyət hüququ üzrə 6/10 hissəsi İddiaçı4, açıq qalmış 4/10 hissəsi X3 mülkiyyətindədir. İş üzrə Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən X4 və İddiaçı4 ünvanlanmış 16.07.2021-ci il tarixli 486 və 487 saylı məktublarından görünür ki, 22.08.2018-ci ildə vəfat etmiş X3 adına Bakı şəhəri 1 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Miras qoyan X3 vəfatından sonra qanun üzrə birinci dərəcəli vərəsələri övladları İddiaçı1 oğlu, İddiaçı2, X5, arvadı İddiaçı4 və anası Cavabdeh1 qalmışdır. Lakin, İddiaçı4 Cavabdeh1 ilə münasibətlərinin olmadığı və aralarında miras payının bölünməsində mübahisənin olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin vərəsəlik işi ilə əlaqədar Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(009)-3159/2019 nömrəli qətnaməsinə əsasən miras qoyan X3 miras əmlakının 1/10 hissədə paya dair vərəsəsi arvadı İddiaçı4 adına 06.03.2020-ci il tarixdə 2V-12 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ½ (5/10) hissədə paya dair 06.03.2020-ci il tarixdə 2V-13 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda qeyd edirlər ki, həmin qətnaməyə əsasən miras əmlakın 4/10 hissədə pay açıq saxlanılmış və həmin payın hansı vərəsəyə çatmasını müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq miras əmlakın açıq saxlanılmış 4/10 hissədə payın hansı vərəsəyə verilməsini müəyyən etmək üçün məhkəməyə müraciət etməsini tövsiyyə olunur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyan X6 22.08.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və onun ölümü ilə əlaqədar miras açılmışdır. X7 Mehdiyeva arasında 02.09.1997-ci il tarixdə nikah bağlanılmış və onların həmin nikahdan xx.xx.1999-cu il təvəllüdlü Günel adlı, xx.xx.2000-ci il təvəllüdlü Gülüsüm adlı və 30.04.2003-cü il təvəllüdlü Akif adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X7 Mehdiyeva birgə nikahda olduqları vaxt Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 13 saylı evin 98 saylı mənzili əldə etmişlər və həmin mənzil mərhum H.Mehdiyevin adına qeydiyyata alınmışdır. Heydər Mehdiyevin vəfatında sonra birinci növbəli vərəsələri arasında miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisə yarandığı üçün notariat kontoru vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı4 miras qoyan X3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 13 saylı evin 98 saylı mənzilinin ½ (5/10 hissə) hissəsinə birgə əmlak kimi mülkiyyət hüquqları, 1/10 hissəsinə qanun üzrə birinci növbəli vərəsə kimi vərəsəlik hüquqları tanınmaqla həmin əmlak üzərində 6/10 hissədə payı müəyyən edilmişdir. İddiaçılardan Akif Mehdiyev və İddiaçı4 1 saylı notariat ofisinə müraciət edərək Səbail rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli qətnaməsinə əsasən açıq saxlanılmış hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Lakin notariat kontoru tərəifndən miras əmlakın açıq saxlanılmış 4/10 hissədə payın hansı vərəsəyə verilməsini müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onlar miras əmlakı faktiki bütövlükdə qəbul etmişlər, həmin evdə yaşayırlar, evin kommunal və digər xərcləri ödəyirlər. Bu səbəbdən iddiaçılar həmin mənzilin 4/10 hissədə açıq qalmış miras əmlakına paylarının müəyyən olunmasını xahiş etmişlər. Məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə iddiaçılar və cavabdeh miras qoyanın birinci növbəli vərəsələr sırasına daxildir. İddiaçılar miras qoyanın həyat yoldaşı və uşaqları, cavabdeh isə valideynidir (anası). Qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli qətnaməsi ilə miras qoyanın 5 vərəsəsi olması əsas tutulmaqla miras əmlak 5 yerə bölünmüş, eyni zamanda həmin əmlakın birgə nikah dövründə əldə olunması nəzərə alınmaqla miras əmlakın 4/10 hissəsi açıq saxlanılmışdır. Həmin qətnamə ilə eyni zamanda hazırki iş üzrə İddiaçı4 payı müəyyən edilərək həmin paya onun vərəsəlik hüquqları tanınmış və həmin qətnamə əsasında miras əmlak üzərində (6/10 hissə) onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmçinin müəyyən edilmişdir ki, İddiaçı4 miras əmlakdan pay alınması ilə bağlı notariat orqanına müraciət etsə də, ona digər vərəsə olan Cavabdeh1 ilə aralarında mrasın bölüşdürülməsi ilə bağlı mübahisənin olması əsas tutulmaqla məhkəməyə müraciət edilməsi bildirilmişdir. Eyni zamanda həmin məktubda (12.06.2019-cu il tarixli) göstərilmişdir ki, Cavabdeh1 da qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və ona məhkəməyə müraciət edilməsi barədə məktub verilmişdir. Göründüyü kimi hazırda miras əmlak üzərində yalnız miras qoyanın həyat yoldaşı olan İddiaçı4 vərəsəlik hüquqları müəyyən edilərək dövlət qeydiyyatına alınmışdır. Digər birinci növbəli vərəsələr (miras qoyanın övladları və anası) onlara düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat orqanına müraciət etsələr də, notariat orqanı payların bölüşdürülməsi ilə bağlı mübahisənin olması əsası ilə onlara imtina etmişdir. İrəli sürülmüş tələbdən görünür ki, iddiaçılar açıq saxlanılmış 4/10 hissəyə vərəsəlik hüquqlarının tanınmasını xahiş edirlər. Lakin məhkəmə qeyd edir ki, İddiaçı4 miras əmlak üzərində payı müəyyən edilərək ona ayrıldığı üçün, o, miras əmlakın açıq saxlanılmış 4/10 hissəsindən də ona payın ayrılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. İddiaçı4 o halda açıq saxlanılmış hissəyə öz vərəsəlik hüquqlarının tanınmasını tələb edə bilər ki, payı açıq saxlanılmış vərəsə mirasdan imtina etsin və yaxud onun qəbulu ilə bağlı sussun, yəni mirası müəyyən edilmiş müddətdə qəbul etməsin. AR Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci madəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq məhkəmə qeyd edir ki, Cavabdeh1 miras əmlakdan imtina etmədiyi üçün, eyni zamanda miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müəyyən edilmiş müddət ərzində ərizə verdiyi üçün, onun payı iddiaçıların payına əlavə edilə bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçıların miras əmlakda faktiki olaraq yaşamaları və miras əmlakı idarə etmələri, digər vərəsə olan Cavabdeh1 miras əmlaka olan hüquqlarından məhrum etmir. AR Mülki Məcəllənin 1243.1-ci madəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.(maddə 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir(maddə 1243.3). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd edilən Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Мirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi lə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu iki yolla – formal üsulla və qeyri-formal üsulla həyata keçirilir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbul edilməsi dedikdə, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş qaydada notariat orqanına müraciət etdiyi üçün, bununla da o, mirası qəbul etmək üçün öz iradəsini ifadə etdiyi üçün, iddiaçılar açıq saxlanılmış həmin hissəyə də onların vərəsəlik hüquqarının tanınmasını tələb etməkdə haqlı deyirlər. Bu səbəbdən həmin payın (1/10 hissəsinin) bölüşdürülməsi ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə açıq saxlanılmış digər hissəyə (3/10 hissə) iş üzrə iddiaçılardan İddiaçı1, İddiaçı2 və Akif Mehdiyevin vərəsəlik hüquqlarının tanınması ilə bağlı qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. AR Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin(miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Məhkəmə hesab edir ki, iddiaçılardan İddiaçı1, İddiaçı2 və Akif Mehdiyev miras qoyanın övladları olduqları üçün və miras əmlakdan birinci növbəli vərəsə kimi bərabər paylarda pay almaq hüquqları olduğu üçün, onların miras əmlakın açıq saxlanımlış 3/10 hissəsinə bərabər paylarla (hər birinə 1/10 hissə) vərəsəlik hüquqları tanınmalıdır. AR Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1, İddiaçı2 və X2 miras qoyan X3 mülkiyyətində olan olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 13 saylı evin 98 saylı mənziilnin açıq saxlanılmış 3/10 hissəsinə bərabər paylarla qanun üzrə birinci növbəli vərəsə kimi vərəsəlik hüquqları tanınmaqla həmin əmlak üzərində onların hər birinin 1/10 hissədə payı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2222/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2222/2021
10.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver