Məhkəmə qərarları › İş №2(009)-2224/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2224/2021

03.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2224/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 23.10.2004-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev (Q.Rəhmanov) küçəsi, ev 96-da yerləşən yaşayış evini Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda onun anası X1 satmışdır. 26.10.2013-cü il tarixli Bakı şəhəri 2 saylı X4 təsdiq edilmiş müqaviləyə əsasən (reyestrin qeydiyyat No-si 47/1-176) onun anası X2 Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev (Q.Rəhmanov) küçəsi, ev 96-da yerləşən fərdi yaşayış evini İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.01.2017-ci il tarixli, seriya RX ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 onun tam mülkiyyətindədir. Onun mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və onun qızı Cavabdeh2 mənzili onun anasına satdıqdan sonra 30 gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirsə də, lakin onlar əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdırlar ki, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehlərin harada yaşamaları da ona məlum deyil. 04.08.2021-ci il tarixdə Bakı şəhəri ASAN-1 tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* No-li arayışından görünür ki, cavabdehlər hazırda ünvan 1 ünvanında qeydiyyatda qalmışdırlar. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 96 saylı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onların axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 23.10.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq edilmiş surətinə əsasən X2 Bakı şəhəri, Səbail rayonu, Q.Rəhmanov küçəsində yerləşən 96 saylı evini Cavabdeh1 almışdır. İş üzrə Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və X2 ilə İddiaçı arasında bağlanılmış 26.10.2013-cü il tarixli fərdi yaşayış evinin bağışlanması müqaviləsinin kserosurətinə əsasən A.Qədirova mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Rəhmanov küçəsində yerləşən 96 nömrəli evini qızı İddiaçı bağışlamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.01.2017-ci il tarixli çıxarışının təsdiq olunmuş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 96 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 96 saylı fərdi yaşayış evin yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının anası Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 96 saylı fərdi yaşayış evi alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almışdır. Həmin ev 26.10.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçının anası tərəfindən qızı İddiaçı bağışlanmışdır. Həmin ev hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər həmin mənzilin əvvəlki mülkiyyətçisinin və onun ailə üzvü olub və mübahisəli evdə qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar, ev alınarkən cavabdehlərin həmin evdə istifadə hüququnun saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 96 saylı evində yaşayış yeri üzrə qeydiyyatda qalması onların mülkiyyət hüququnu pozur və bu səbəbdən cavabdehlərin həmin evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 96 saylı evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar