Məhkəmə qərarları › İş №2(009)-2227/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2227/2021

08.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2227/2021 08.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili H.S.Məmmədovun iştirakları ilə İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ-nə qarşı əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ-nə qarşı əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, orta təhsilli olmaqla, 06.08.1990-cı ildən “Siyəzənneft” NQÇİ-də əmək fəaliyyətinə başlayaraq, 12.01.2011-ci ildən 5-ci dərəcə X8 İdarəetmə pultunun operatoru vəzifəsində işləmişdir. Cavabdeh SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi işçilərin sayının azaldılması haqqında 11.02.2021-ci il tarixli, AB-02/192 N-li bildirişi ona təqdim edərək ““SOCAR-ın “Azneft” İstehsalat Birliyinin strukturunun optimallaşdırılması haqqında 01.09.2020-ci il SOCAR **********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğunuz vəzifə (peşə) üzrə işçilərin sayının azaldılması nəzərdə tutulur. Bu səbəbdən, Sizinlə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 16.04.2021-ci il tarixdə ləğv ediləcəkdir və sair” bildirmişdir. O, tək qadın olduğundan, başqa yerdən heç bir qazancı (gəliri) və köməyi olmadığından verilmiş bildirişlə razı olmamışdır və almaqdan imtina etmişdir. Ona görə də sözügedən bildiriş ona poçtla təqdim edilmişdir. 08.05.2021-ci ildə cavabdeh SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” NQÇİ-nin SOCAR**********00070020B00126 No-li, 08.05.2021-ci il tarixli əmrinə əsasən baxmayaraq ki, onun stat ixtisara salınmamışdır, pensiyaya çıxmamışdır, iş yeri yeganə iş yeridir, tənha qadındır, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi əsası ilə tutduğu vəzifəsindən azad etmişdir. O, tənha qadındır və onun hər iki valideynləri vəfat etmişdir, onun başqa yerdən heç bir gəliri (qazancı) və köməyi yoxdur, rəhbərlik onun ailə və maddi vəziyyətini nəzərə alıb ən azından onu başqa işlə təmin etməli olduğu halda, ştatını ixtisara salınmasını bəhanə edərək, onu qanunsuz işdən azad etmiş, onu yeganə iş yerindən məhrum etmişdir. Halbuki o, maddi imkanı daxilində İİ Qarabağ Müharibəsi ərəfəsində Ordusuna könüllü olaraq 2020-ci ilin oktyabr ayında 50 manat, daha sonra 2020-ci ilin dekabr ayında “Yaşat” fonduna 53 manat maddi yardım etmişdir. Bu onun vətəndaşlıq borcu olmasına baxmayaraq hazırki vəziyyətdə etdiyi maddi yardımı dilinə gətirməyə məcburdur. Belə ki, o, çətin dövrdə dövlətinə, dövlət tədbirlərinə maddi imkanı daxilində maddi dəstək olmasına baxmayaraq, işlədiyi idarə onun tənha qadın olmasını, övladının olmamasını, iş yerinin onun yeganə iş yeri olmasını nəzərə almamış, onu yeganə iş yerindən məhrum etmişdir. Ona görə də mənəvi cəhətdən sarsılmışdır, əsəb və stress vəziyyətindədir. Sual yaranır əgər onun ştatın mövcuddursa, ləğv edilməmişdirsə, hansı maraqdan və hansı əsaslara görə ixtisar adı ilə cavabdeh onu işdən azad etmişdir. Ona görə də verilmiş əmrlə razı deyil və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcburdur. Hesab edir ki, o, tutduğu vəzifədən qanunsuz və əsassız olaraq işdən azad edilmişdir. Ona görə də məhkəmə tərəfindən onun işdən azad edilməsi barədə cavabdeh SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” NQÇİnin SOCAR**********00070020B00126 No-li, 08.05.2021-ci il tarixli əmri ləğv edilməli, o, öz işinə bərpa edilməli və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı cavabdehdən tutularaq ona ödənilməlidir. Göründüyü kimi o, ixtisar olunma barədə bildirişi almaqdan imtina etmişdir, ailə və maddi vəziyyəti ilə bağlı ixtisara salınmasına razı olmamışdır və onun işdən azad edilməsi işəgötürən tərəfindən birtərəfli qaydada qanun normalarının kobud şəkildə pozulması ilə, yəni ştatın ixtisar olunmadan həyata keçirilmiş, onun ailə və maddi vəziyyəti nəzərə alınmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onun azad edilməsi barədə cavabdeh SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” NQÇİ-nin SOCAR**********00070020B00126 No-li, 08.05.2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun öz işinə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, ölkə prezidenti işə götürənlərə bildirmişdir ki, pandemiya vaxtı işçiləri çıxartmasınlar. Trestin 80% işçisinə işdən çıxma ilə bağlı xəbərdarlıq edilmiş, lakin onların çox hissəsi ştatları ixtisar olunsa da, işləyirlər. 2020-ci ildə ixtisasla bağlı keçirilən imtahanda 58 bal toplasa da, həmin vaxt o işdən azad olunmamışdır, 8 aydan yuxarı işləmişdir. İşdən azad edilərkən rəhbərlikdən ona demişdilər ki, o az bal toplamışdır. O tək qadındır, başqa yerdən heç bir gəliri yoxdur. Ona görə də işə bərpa olunmasını istəyir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, İddiaçı ilə “Siyəzənneft” NQÇİ arasında müddətsiz 27.12.2005-ci il tarixdən İstehsalat proseslərinin avtomatlaşdırılması xidməti sahəsinin neft və qaz hasilatında idarəetmə pultunun operatoru vəzifəsində işə başlamışdır. “Azneft” İB-nin strukturunun optimallaşdırılması haqqında 01.09.2020-ci il tarixli əmrinə əsasən Baş Nazirinin 25.04.2020-ci il tarixli 6175/5690 nömrəli “+OPEC” ölkələrinin Əməkdaşlıq Bəyənnaməsi çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi haqqında tapşırığına əsasən 01.05.2020-ci il tarixdən etibarən hasilatın azaldılmasını təmin etmək məqsədilə SOCAR üzrə istismar effektivliyi aşağı olan bir sıra yataqların fəaliyyətinin dayandırılması səbəbindən “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrinin strukturuna, ştat cədvəllərinə və buna uyğun olaraq işçilərin optimal sayına yenidən baxılması və müvafiq tədbirlərin görülməsi əmir edilmişdir. 01.09.2020-ci il tarixli əmrə əsasən “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları xidmətini sahəsinin neft və qaz hasilatında idarəetmə pultunun operatoru və başqa vəzifələr ləğv edilmişdir. İşçilərin qiymətlərinə dair 2020-ci ilin sentyabr ayında keçirilmiş imtahanda İddiaçı cəmi 10 muala düzgün cavab verməklə ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin aşağı olduğu müəyyən olunmuşdur. 12.02.2021-ci il tarixdə İşçilərin sayının azaldılması barədə bildirişi iddiaçı L,Tarverdiyeva qəbul etməkdən imtina etmiş, bununla əlaqədar müvafiq akt da tərtib edilmişdir. Bundan sonra işçilərin sayının azaldılması barədə bildiriş İddiaçı göndərilmiş və ona onunla bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri və ARDNŞ və ANQSİHİRK 03.07.2012-ci il tarixli, 81/14- 29ə nömrəli əmr-qərarının 1-ci bəndinə əsasən və ya “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına” dair proqrama qoşulması izah edilmişdir. “Siyəzənneft” NQÇİ Həmkarlar İttifaqı Komissiyasına “Azneft” İB-nin strukturunun optimallaşdırılması haqqında 01.09.2020-ci il tarixli əmrinə və yeni təsdiq edilmiş ştatlarının ixtisar olunması ilə əlaqədar İddiaçı da adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün müraciət edilmişdir. “Siyəzənneft” NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin 26.04.2021-ci il tarixli iclasının 72 saylı protokolu ilə “Siyəzənneft” NQÇİ-nin müraciətinə baxıldığını və İddiaçı adının da olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” NQÇİ-nin 08.05.2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İstehsalat proseslərinin avtomatlaşdırılması xidməti sahəsinin neft və qaz hasilatında idarəetmə pultunun operatoru İddiaçı ilə 27.12.2005-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Həmkarlar ittifaqı təşkilatının razılığı ilə xitam verilmişdir. L. Tarverdiyevaya ilə bağlanmış əmək müqaviləsinə xitam vekilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3cü maddəsinə əsasən ona on ildən əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilmişdir. Həmçinin, iddiaçı nə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçiləri (ƏM 79), nə də işçilərin ixtisarı zamanı işdə saxlamağa üstünlüyü olan şəxslərin (ƏM 78) sırasında deyil. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə İddiaçı əmək kitabçasının kserosurətindən görünür ki, o, 01.08.1990-cı il tarixdə “Azneft” X2 Bazasının nəzarət-ölçü cihazları sexinin 5 No-li xidmət sahəsinə elektro montyoru şagirdi vəzifəsinə qəbul edilmiş, 08.05.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə “Siyəzənneft” NQÇİ ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinin surətinə əsasən Tarverdiyeva X1 Avtomatlaşdırılması sexinin 5-ci dərəcəli neft və qazçıxarma üzrə operator (dispetçer məntəqəsində) vəzifəsinə təyin edilmişdir. İş üzrə 4BZ6E8E000100 saylı, 19.09.2014-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı oğlu “Azneft” İB-nin “Siyəzənneft” NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsinin neft və qaz hasilatında idarəetmə pultunun operator vəzifəsində işləyir. Əmək müqaviləsinin bağlandığı tarix 01.11.1999-cu il tarixidir. İş üzrə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin strukturunun optimallaşdırılması haqqında 01.09.2020-ci il tarixli, SOCAR**********00040020A00135 saylı əmrinə əsasən surətindən görünür ki, Azərbaycan Respublikası Baş Nazirinin 25.04.2020-ci il tarixli 6175/5690 nömrəli “OPEC+” ölkələrinin Əməkdaşlıq Bəyənnaməsi çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi haqqında tapşırığına əsasən 01.05.2020-ci il tarixdən etibarən hasilatın azaldılmasını təmin etmək məqsədilə SOCAR üzrə istismar effektivliyi aşağı olan bir sıra yataqların fəaliyyətinin dayandırılması səbəbindən “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrinin strukturuna, ştat cədvəllərinə və buna uyğun olaraq işçilərin optimal sayına yenidən baxılması və müvafiq tədbirlərin görülməsi əmr edilmişdir. İş üzrə “Azneft” İB-nin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin rəisi tərəfindən 18.12.2019-cu il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin fəhlələrinin 2020-ci il üçün ştat cədvəlindən görünür ki, istehsalat proseslərin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsinin neft və qaz hasilatında idarəetmə pultunun operatoru vəzifəsi üçün 24 ştat vahidi nəzərdə tutulmuşdur. İş üzrə “Azneft” İB-nin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin rəisi tərəfindən 28.04.2021-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin fəhlələrinin 2021-ci il üçün ştat cədvəlindən görünür ki, istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları xidmətini sahəsinin neft və qaz hasilatında idarəetmə pultunun operatoru vəzifəsi ləğv edilmişdir. İş üzrə “Azneft” İB-nin “Siyəzənneft” NQÇİ-nin Həmkarlar İttifaqına ünvanlandığı 26.04.2021-ci il tarixli “razılığın verilməsi barədə” məktubundan görünür ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin strukturunun optimallaşdırılması haqqında 01.09.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən işçilərin sayının azaldılması və ştatlarının ixtisar olunması ilə əlaqədar 72 nəfər işçilərlə, o cümlədən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsini xahiş edilmişdir. İş üzrə “Siyəzənneft” NQÇİ-nin X5 heyyəti iclasının 26.04.2021-ci il tarixli 72 saylı protokolun surətindən görünür ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin strukturunun optimallaşdırılması haqqında 01.09.2020-ci il tarixli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən işçilərin sayının azaldılması və ştatlarının ixtisar olunması ilə əlaqədar 72 nəfər işçilərlə, o cümlədən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İş üzrə SOCAR-ın ”Azneft” İstehsalat Birliyi tərəfindən İddiaçı qızna ünvanlanmış 11.02.2021-ci il tarixli məktubun surətindən görünür ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin strukturunun optimallaşdırılması” haqqında 01.09.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğu vəzifə (peşə) üzrə işçilərin sayının azaldılması nəzərdə tutulur. Bu səbəbdən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 16.04.2021-ci il tarixdə ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla, iş yeri axtarmaq üçün İddiaçı bir iş günü əmək funksiyasının icrasından azad edilə bilər. Əmək müqaviləsi ləğv edilərkən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq orta aylıq əmək haqqı 2 misli miqdarında işdənçıxarma müavinəti və razılığı olduğu halda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq 9 təqvim həftəsi xəbərlarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödənilməsi nəzərdə tutulur. Həmçinin ARDNŞ və ANQSİHİRK-nin 03.07.2012-ci il tarixli 81/14-29ə nömrəli Əmr-Qərarının 1-ci bəndinə əsasən İddiaçı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət almaq üçün 1 ay müddətindən gec olmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə rəhbərliyə müraciət edə və ya “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqramma qoşula bilər. İş üzrə “Siyəzənneft” NQÇİ-nin Personalın uçotu şöbəsinin rəisi T.Məmmədova, kadrlar üzrə aparıcı mütəxəssis X3, kadrlar üzrə mütəxəssis V.Məhərrəmova və Rəhbərlik yanında referent D.Cavadova tərəfindən tərtib edilmiş 12.02.2021-ci il tarixli aktın surətindən görünür ki, “Siyəzənneft” NQÇİ-nin İPA və NÖC sahəsinin 5-ci dərəcəli neft və qaz hasilatında idarəetmə pultunun operatoru İddiaçı tutduğu peşə üzrə ştatların ixtisarı ilə əlaqədar ona işəgötürən tərəfindən rəsmi şəkildə təqdim edilən xəbərdarlıq bildirişini imzalamaqdan imtina etmişdir. Bildiriş işçinin yaşadığı ünvana poçt vasitəsi ilə göndərilmişdir. İş üzrə “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ-nin 08.05.2021-ci il tarixli, SOCAR**********00070020B00126 nömrəli əmrin surətindən görünür ki, “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsinin İstehsalat proseslərinin avtomatlaşdırılması xidmət sahəsinin neft və qaz hasilatında idarəetmə pultunun 5 dərəcəsi operatoru İddiaçı işçilərin sayının ixtisar edilməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 08.05.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: ştat cədvəli, Həmkarlar İttifaqı təşkilatının razılığı. İş üzrə 4BZ6E8E0002X0 saylı, 16.05.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, o, 08.05.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 25.12.2005-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən iddiaçı istehsalat proseslərinin avtomatlaşdırılması xidməti sahəsinin neft və qaz hasilatında idarəetmə pultunun operatoru vəzifəsinə işə başlamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 11.02.2021-ci il tarixdə işəgötürən tərəfindən SOCAR-ın ““Azneft” İB-nin strukturunun optimallaşdırılması” haqqında 01.09.2020-ci il tarixli əmrinə əsasən iddiaçıya ştatların ixtisarı ilə bağlı əmək müqaviləsinə 16.04.2021-ci il tarixdən xitam verilməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış, həmin xəbərdarlıq bildirişini iddiaçı imzalamaqdan imtina etdiyinə görə bildiriş iddiaçının yaşadığı ünvana poçt vasitəsi ilə göndərilmişdir. İşəgötürənin 08.05.2021-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tutduğu ştat işəgötürən tərəfindən ləğv edilməmişdir və mövcuddur. O, ixtisar olunma barədə əmri almaqdan imtina etmiş, ailə və maddi vəziyyəti ilə bağlı ixtisara salınmasına razı olmamış və bu səbəbdəq hesab edir ki, vəzifəsindən qanunsuz və əsassız olaraq azad edilmişdir. Bu səbəbdən iddiaçı 08.05.2021-ci il tarixli əmrin ləğv olunmasını, onun işə bərpa edilməsi və məcburi işburaxmaya görə pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasnə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq əmək stajı on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftə qabaq işçiyə rəsmi xəbərdar edilməlidir. Qanunun yuxarıda göstərilən tələbinə əsasən əmək stajı on ildən çox olan işçilərə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən rəsmi xəbərdarlıq müddəti azı doqquz təqvim həftəsi olmalıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının tutduğu vəzifə - neft və qaz hasilatında idarəetmə pultunun operatoru ştatı 28.04.2021-ci il tarixdə “Siyazənneft” Neft və Qazçıxarma İdarəsinin fəhlələrinin 2021-ci il üçün təsdiq edilmiş Ştat cəvəlində nəzərdə tutulmamışdır. Yəni həmin ştat ixtisar olunmuşdur. Həmin ştat ixtisar olunduqdan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqədar xitam verilməsinə razılıq verilməsi üçün Həmkarlar İttifaqına müraciət olunmuş və bu müraciətə müsbət cavab verilmişdir. Bundan sonra işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 08.05.2021ci il tarixdə əmr qəbul edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tutduğu ştatın və vəzifənin işəgötürən tərəfindən ixtisar olunmamasını iddia etsə də, məhkəmə iclasında bu hallar öz təsdiqin tapmamışdır. Əksinə təsdiq olunmuş ştat cədvəlinə əsasən iddiaçının ştatı ixtisar olunmuş və hazıda belə bir ştat “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində mövcud deyil. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olduğu üçün və iddiaçının həmin əmrin ləğvi ilə əlaqədar gətirdiyi dəlillər öz təsdiqini tapmadığı üçün, irəli sürülmüş işə bərpa olunması barədə tələbi əsaslı hesab edilə bilməz və bu səbəbdən də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi əmrin ləğv edilməsi hissəsində təmin olunmadığı üçün, məcburi işburaxma vaxtı üçün əmək haqqının tutulması hissəsində də tələb əsassızdır və təmin edilməməlidir . Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı SOCAR ”Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə qarşı 08.05.2021-ci il tarixli SOCAR**********00070020B00126 saylı əmrinin ləğv olunması, onun öz işinə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar