Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2236/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 4698/4 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, 2020-ci ilin sentyabr ayında Vətən müharibəsində iştirak etmiş və döyüşlər zamanı kəllə-beyin travması almışdır. 2021-ci ilin dekabr ayının 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt şəhər Baş İdarəsində müfəttiş vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun narkotik vasitələrdən istifadə edib-etməməyinin müəyyən edilməsi məqsədi ilə DTX-nın poliklinikasında "ekspress-test" üsulu ilə tibbi müayinədən keçdikdən sonra DTX-nın Hərbi Tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasının sidik/qan analizinin nəticələrində şübhəli vəziyyətdə THC- COOH (marixuana) aşkar edilmiş, əvvəllər isə heç vaxt narkotik vasitə və və psixotrop maddələrdən istifadə etməmiş, 2021-ci ilin noyabr ayının əvvəllərində Beyləqan rayonu Xocavənd qəsəbəsində yerləşən xəstəxanada, 2022-ci ilin yanvar ayında isə DSX-nın Hospitalında sinir-əsəb şöbəsində müalicə almış, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasının nəticəsində şübhəli vəziyyətin aradan qaldırılması məqsədi ilə atası X2 ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə "Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X8"ndə təkrar müayinə üçün qan və sidik nümunələri götürülmüş və xx.xx.2024-cü il tarixdə götürülən nümunələrin cavabında qan və sidik analizlərində heç bir narkotik tərkibli maddələr aşkar edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2024-cü il tarixli 148 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilmişdir. Həmin əmr o, məzuniyyətdə olduğu dövrdə qanunsuz vəziyyətdə verildiyi üçün etirazlarımdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2024-cü il tarixli 4698/4 nömrəli əmri ilə 2-ci dəfə işdən azad edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ekspert rəyini araşdırmaq və hüquqi qiymət vermək hüququ mühafizə orqanlarına müraciət etmiş, məsələ ilə bağlı Bakı şəhəri Səbail rayonun 41-ci polis bölməsində material üzrə araşdırma aparılmış və onun barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan səbəblərdən sözügedən əmri qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Nəzərə çatdırır ki, mübahisə ilə bağlı əvvəlcə Mediasiya təşkilatına müraciət etmişdir. Bakı şəhər 9 saylı Mediasiya Təşkilatının ərizəsinə əlavə etdiyi arayışını xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Barəsində verilən işdən çıxartma əmrini aşağıdakı əsaslarla qanunsuz hesab edir. Qanunvericiyin normalarının pozulması: AR Əmək Məcəlləsinin 187.1-ci maddəsində göstərilən tənbeh vermə qaydalarına əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh təşkilat ondan izahat almalı idi. Lakin, ona bu barədə heç bir təklif edilməyib. Buna görə də o, göstərilən "nöqsanlara" qarşı öz dəlillərini təqdim edə bilməmişdir. Əmrdə guya onun izahat verməkdən imtina etməyi qeyd edilsə də, bu yanlış məlumatdır, bununla bağlı heç bir akt və ya başqa sənəd mövcud deyil və əmrə əlavə edilməmişdir. Cavabdeh təşkilatın bu hərəkətləri Əmək Qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və onun işçi kimi hüquqlarını kifayət qədər məhdudlaşdırmışdır. Araşdırma zamanı pozuntular: onun barəsində ilkin əmr verilərkən o, rəsmi qaydada əmək məzuniyyətində olmuşdur. Bu barədə araşdırma aparıldığını, həmçinin ekspertizasının nəticəsinin nə olduğunu ümüumiyyətlə bilməmişdir. Yəni tam məlumatsız şəkildə əmək məzuniyyətində olduğu halda onu idarədən çağıraraq işdən azad edildiyi və əmək kitabçası təqdim edilmişdir. Hətta o, əmrin surətini belə əldə edə bilməmişdir. Bu barədə həm özünün, həm də nümayəndəsi olan atasının müraciətlərindən sonra işdən azad olunmağı barədə növbəti əmr qəbul edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 4698/4 nömrəli əmr ilə müffətişlik vəzifəsinə işdən azad edilməyi ilə bağlı xitam verilmişdir. Hesab edir ki, barəsində verilmiş əmr tam qanunsuz və əsassızdır, heç bir məntiqə sığmır və məhkəmə qaydasında ləğv edilməlidir. Halhazırda işsizdir və cavabdehin onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxartmasına görə başqa iş tapmaqda çətinlik çəkir. Gəliri yoxdur. Ona görə də hesab edir ki, həmçinin ona iş buraxdığı dövrlərə görə cavabdeh təşkilat tərəfindən əmək haqqı ödənilməlidir. Etirazın dəlilləri: Xidmətin Sumqayıt şəhər baş idarəsinin Səfərbərlik hazırlığı yə səfərbərlik şöbəsinin müfəttişi İddiaçı 16 may 2024-cü il tarixdə "Narkoloji xidmət və nəzarət haqqında" 29 iyun 2001-ci il tarixli 161-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nın tələblərinə əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin poliklinikasında “ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərkən ondan götürülmüş sidik analiz nümunəsində THC maddəsi aşkar olunduğu üçün qan nümunəsi də götürülmüş və bununla bağlı “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz” protokolu tərtib edilərək İddiaçı tərəfindən imzalanmışdır. 31 may 2024-cü il tarixdə qan nümunələri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasına qəbul edilərək tədqiq edilmiş və 5 iyun 2024-cü il tarixli nəticələrə əsasən İddiaçı narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi müəyyən olunmuşdur (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml narkotik maddə aşkar edilmişdir). Mövcud qanunvericiliyin tələblərinə uyğun İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması halı) əsasən işdən azad edilməsi ilə bağlı Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixdə təqdimat göndərilmiş və 21 iyun 2024-cü il tarixdə təqdimata İddiaçı iştirakı ilə baxılaraq yuxarıda qeyd olunan əsaslarla onun işdən xaric edilməsinə razılıq verilmişdir. Xidmət rəisinin 27 iyun 2024-cü il tarixli 148 nömrəli əmri ilə İddiaçı ilə Xidmət arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş (TNBİ-nin rəyi əsasında) və toplanmış material həmin fakt üzrə prosessual qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. İddiaçının atası X5 tərəfindən təqdim olunmuş İddiaçı 1 iyul 2024-cü il tarixdə (44 gün keçdikdən sonra) götürülmüş qan və sidik nümunələri üzrə aparılmış müayinənin nəticəsində narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin aşkar edilməməsinə dair tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nin xx.xx.2024-cü il tarixli 2226/k saylı məhkəmə-kimyəvi aktla əlaqədar qeyd olunmalıdır ki, marixuana maddəsinin izlərinin qanda aşkar edilməsi 2 həftəyə qədər mümkündür. İddiaçı 4 iyun 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək növbəti məzuniyyətdə olduğunu, 24 iyul 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək xəstəliklə əlaqədar müalicə aldığını, 23 avqust 2024-cü il tarixdə isə işə çıxdığını nəzərə alaraq bağlanmış əmək müqaviləsi Xidmət rəisinin şəxsi heyət üzrə 27 avqust 2024-cü il tarixli 469 nömrəli əmri ilə ləğv edilmişdir. Bu səbəbdən hesab edirlər ki, İddiaçı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 etiraza uyğun məzmunda izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli 326 saylı narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz protokolundan görünür ki, İddiaçı oğlunun müayinə zaman sidikdə THC aşkarlandığı üçün qan nümunəsi götürülmüşdür. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli 25 nömrəli qərarından görünür ki, Xidmətin Təşkilati nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı polkovnik Əziz Hidayevin xx.xx.2024-cü il tarixli təqdimatına əsasən Xidmətin Mərkəzi Hərbi komissiyanın müfəttişi X6, Sumqayıt Şəhər Baş İdarəsinin müfəttişi İddiaçı və Yasamal Rayon İdarəsinin müfəttişi X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsininn 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmələrinə razılıq verilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2024-cü il tarixli 148 saylı əmrindən çıxarışdan görünür ki, əmək qanunvericiliyinin tələblərini pozaraq qanunsuz yolla əldə olunmuş narkotik vasitədən istifadə etdiyinə görə Sumqayıt şəhər baş idarəsinin müfəttişi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş, İddiaçı qanunsuz yolla narkotik vasitə əldə etməsi faktına prosessual qiymət verilməsi üçün toplanmış material Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞ-nin xx.xx.2024-cü il tarixli 2226/K saylı maddi sübutların ekspertizası aktından görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), metadon, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, 1,4 benzodiazepin törəmələri, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) və akta əlavə edilmiş cədvəl 1 və cədvəl 2-də qeyd edilmiş digər maddələr aşkar edilməmişdir. - Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X6, İddiaçı və X12 barələrində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X6 və X12 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin aidiyyəti əməkdaşına verilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-43-96/2-H-xx/xx/2024 saylı məktubundan görünür ki, oğlunuz İddiaçı qarşı qanunsuz hərəkətlərin edilməsi barədə Sizin Azərbaycan Respublikası Prezidentinə ünvanladığınız müraciətinizə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (bundan sonra - Xidmət) baxılmışdır. Bildiririk ki, "Narkoloji xidmət və nəzarət haqqında" 29 iyun 2001-ci il tarixli 161-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü i! tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydasi”nın tələblərinə əsasən Xidmətin Sumqayıt şəhər baş idarəsinin Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin müfəttişi İddiaçı 16 may 2024-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin poliklinikasında “ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərkən götürülmüş sidik analiz nümunəsində THC (narkotik) vasitə aşkar olunduğu üçün oğlunuzdan qan nümunəsi götürülmüşdür. Bununla bağlı “Narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsinə dair tibbi analiz” protokolu tərtib edilərək İddiaçı və digər səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. İddiaçı götürülmüş qan nümunələri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasında 31 may 2024-cü il tarixdə müayinə edilmiş və 5 iyun 2024-cü il tarixli nəticələrinə əsasən oğlunuzun narkotik (marixuana tərkibii) vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndinə əsasən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi hesab olunur. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması halı baş verdikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə, mövcud qanunvericiliyinin tələblərinə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq işdən azad edilməsi ilə bağlı Xidmətin Həmkarlar ittifaqı Komitəsinə təqdimat göndərilmiş və 21 iyun 2024-cü ildə onun iştirakı ilə təqdimata baxılaraq yuxarıda qeyd olunan əsasla əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. Tərəfinizdən təqdim olunmuş İddiaçı 1 iyul 2024-cü il tarixdə (44 gün keçdikdən sonra) götürülmüş qan və sidik nümunələri üzrə aparılmış müayinənin nəticəsində narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin aşkar edilməməsinə dair tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nin xx.xx.2024-cü il tarixli 2226/k saylı məhkəmə-kimyəvi aktla əlaqədar bildiririk ki, marixuana maddəsinin izlərinin qanda aşkar edilməsi 2 həftəyə qədər mümkündür. Nəzərə alınması xahiş edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2024-cü il tarixli 469 ş/h saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddəsinin “b” bəndi - alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması)) müvafiq olaraq İddiaçı 27 avqust 2024-cü il tarixdən Sumqayıt şəhər baş idarəsi Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin müfəttişi vəzifəsindən azad edilməklə əmək müqaviləsi ləğv edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-H- 73415/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində əmək hüquqlarınızın pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə daxil olmuş müraciətinizə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar araşdırmaya izahatınızı təqdim etmiş olsanız da, əmək haqqı bank hesabınızdan çıxarışı təqdim etməmisiniz. Eyni zamanda Xidmətin ünvanına (ünvan 2masiya Sistemi vasitəsilə işəgötürənin şəxsi kabinetinə tərəfimizdən 3-17-5/2-62324/2024 nömrəli 11,09.2024-cü il tarixli məktub göndərilərək sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müvafiq sənədlərin araşdırmaya təqdim olunması işəgötürən tərəfindən təmin olunmamışdır. Həmçinin tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Sizinlə Xidmətin işəgötürəni arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinin xx.xx.2024cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən qüvvədən salındığı məlum olmuşdur. Nəzərinizə çatdırırıq ki, Xidmətin rəhbərliyi tərəfindən sizə aid müvafiq sənədlər X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-39-2-19/2008/2024 saylı məktubundan görünür ki, laboratoriyada qan və sidik nümunələrinin saxlanma şəraiti ümumi laboratoriya işi haqqında təlimata əsasən qan və sidik nümunələrinin saxlanılma şərtləri aşağıda göstərilən şəkildədir: Otaq temperaturunda: 20-22°C - 24 saat; Soyuducuda 4°C - 5;7 gün; Dondurucuda -20° C və ya -80° C-də 6 aya qədər saxlanıla bilər. Vətəndaş İddiaçı götürülmüş nümunələr analiz olunan günə qədər -20°C-də saxlanılmışdır. Bu şəraitdə nümunələrin 6 aya qədər saxlanılaraq analiz olunması nəticənin dəyişməsinə səbəb ola bilməz. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilir ki, 2021-ci ilin dekabr ayının 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt şəhər Baş İdarəsində müfəttiş vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun narkotik vasitələrdən istifadə edib-etməməyinin müəyyən edilməsi məqsədi ilə DTX-nın poliklinikasında "ekspress-test" üsulu ilə tibbi müayinədən keçirilmişdir. Bu müayinə "Narkoloji xidmət və nəzarət haqqında" 29 iyun 2001-ci il tarixli 161-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nın tələblərinə əsasən keçirilmişdir. Göstərilən üsulla tibbi müayinədən keçirilərkən iddiaçıdan götürülmüş sidik analiz nümunəsində THC maddəsi aşkar olunduğu üçün iddiaçıdan qan nümunəsi də götürülmüş və bununla bağlı xx.xx.2024-cü il tarixdə “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz” protokolu tərtib edilərək İddiaçı tərəfindən imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, 31 may 2024-cü il tarixdə qan nümunələri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasına qəbul edilərək tədqiq edilmiş və 5 iyun 2024-cü il tarixli nəticələrə əsasən İddiaçı narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi müəyyən olunmuşdur (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml narkotik maddə aşkar edilmişdir). Bundan sonra, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması halı) əsasən işdən azad edilməsi ilə bağlı Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixdə təqdimat göndərilmiş və 21 iyun 2024-cü il tarixdə təqdimata İddiaçı iştirakı ilə baxılaraq yuxarıda qeyd olunan əsaslarla onun işdən xaric edilməsinə razılıq verilmişdir. İclas protokolunda əksini tapmış İddiaçı izahatında səhhətində Vətən müharibəsində iştirakı etdiyindən sonra problemlər yaranması və o, müalicə olunduğuna görə qəbul etdiyi dərman preparatlarının bu cür fəsad verə bilməsi göstərilmişdir. İşin materiallarından görünür ki, İddiaçı ilə Xidmət arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair cavabdeh Xidmətin rəisinin 27 iyun 2024-cü il tarixli 148 nömrəli əmr verilmiş və həmin əmrlə də toplanmış material həmin fakt üzrə prosessual qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Polis orqanında təhqiqat zamanı İddiaçı 1 iyul 2024-cü il tarixdə götürülmüş qan və sidik nümunələri üzrə aparılmış müayinənin nəticəsində narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin aşkar edilməməsinə dair tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nin xx.xx.2024-cü il tarixli 2226/k saylı məhkəməkimyəvi akt təqdim edilmiş və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarı ilə həmçinin İddiaçı barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı 4 iyun 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək növbəti məzuniyyətdə olmuş, 24 iyul 2024-cü il tarixindən 22 avqust 2024-cü il tarixədək xəstəliklə əlaqədar müalicə almış və 23 avqust 2024-cü il tarixdə isə işə çıxmışdır. Xidmət rəisinin şəxsi heyət üzrə 27 avqust 2024-cü il tarixli 469 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq İddiaçı 27 avqust 2024-cü il tarixdən Sumqayıt şəhər baş idarəsi Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin müfəttişi vəzifəsindən azad edilməklə əmək müqaviləsi ləğv edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddənin İ hissəsinə görə Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddəni İİ hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. 186-cı madddənin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 189-cu maddəsinin 2-ci hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 292-ci maddəsinin 3-cü hissəsinə əsasən pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddəsinin 1-ci hissəsinə dair “qeyd”ə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Cavabdeh tərəfin mövqeyinə əsasən 16 may 2024-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin poliklinikasında “ekspress-test” üsulu ilə cavabdehə münasibətdə tibbi müayinənin nəticələrin “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz protokolu» tərtib edilməsinə baxmayaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasının 5 iyun 2024-cü il tarixli nəticələrə əsasən İddiaçı narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi müəyyən olunduqdan sonra Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixdə təqdimat göndərilmiş, 21 iyun 2024-cü il tarixdə təqdimata baxılmış və Xidmət rəisinin 27 iyun 2024-cü il tarixli 148 nömrəli əmri ilə İddiaçı ilə Xidmət arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Lakin işin materiallarından görünür ki, 16 may 2024-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin poliklinikasında “ekspress-test” üsulu ilə tibbi müayinə zamanı iddiaçıdan əvvəl sidik analiz nümunəsi götürülmüş, THC maddəsi aşkar olunduğu üçün qan nümunəsi də götürülmüşdür. Məhz bundan sonra cavabdeh tərəfindən 16 may 2024-cü il tarixli 326 saylı “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz protokolu» tərtib edilmişdir. Adından da görünür ki, protokol tibbi analiz nəticəsində narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edildiyi üçün tərtib edilmişdir. Başqa sözlə, artıq cavabdehə özünün təbirincə deyilsə iddiaçıdan götürülmüş nümunədə THC maddəsinin olması məlum olduğu üçün qeyd edilən başlıqlı protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən protokolun tərtibi artıq iddiaçının narkotik vasitələrin və ya psixotrop, ya da güclü təsiredici maddələrin istifadəsi hallarının təsdiqidir. Lakin cavabdeh özünün tərtib etdiyi protokola kifayətlənməyərək analiz nümunələrini Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi- Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasına göndərmiş və 5 iyun 2024-cü il tarixli nəticələrə əsasən İddiaçı konkret olaraq hansı narkotik vasitədən (marixuana tərkibli) istifadə etməsi müəyyən olunmuşdur. Xidmət rəisinin 27 iyun 2024-cü il tarixli 148 nömrəli əmri hazırki iddianın predmeti olmasa da, məhkəmə qeyd edir ki, iddiaçının narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi faktı cavabdehə xx.xx.2024-cü il tarixdən əvvəl də, yəni xx.xx.2024-cü il tarixində sözügedən protokol tərtib edilərkən məlum olduğu halda həmin əmri verərkən cavabdeh Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq Xidmətin rəhbərliyinin adına yazılı izahat almamış, həm də iddiaçının 4 iyun 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək növbəti məzuniyyətdə olmasını nəzərə almadan törədilmiş xətanın məlum tarixindən 1 ay keçdikdən sonra iddiaçıya intizam tənbehi vermişdir. Başqa sözlə, qeyd edilən əmr qüvvədə olsa idi cavabdeh tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin də tələbinin pozulması faktı mübahisəsiz olardı. Müəyyən edilmişdir ki, cavabdeh tərəf İddiaçı ilə Xidmət arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi və 189-cu maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olmamasını müəyyən etdiyi üçün həmin əmrin icrasını dayandırmış, (əmr elektron sistemə yüklənməmiş) lakin ləğv də edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının Xidmətin Həmkarlar İttifaqı Komitəsində 21 iyun 2024-cü il tarixdə təqdimatına baxarkən izahat verməsi qeyd edilən normanın tələbinə uyğun alınmış izahat kimi qiymətləndirilmir. Bu izahat Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixdə ünvanladığı təqdimatın müzakirəsi zamanı iddiaçının mövqeyidir. Buna qədər isə cavabdeh iddiaçının narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi faktının qəbul edilməsi faktı xx.xx.2024-cü il tarixdə ona məlum olduqdan sonra Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən ondan yazılı izahat almalı idi. Bu qanunvericinin imperativ tələbidir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı 23 avqust 2024-cü il tarixdə isə işə çıxdığı və 26 avqustda da işdə olduğu halda ondan yenə də yazılı izahat alınmayaraq onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair bu dəfə Xidmət rəisinin şəxsi heyət üzrə 27 avqust 2024-cü il tarixli 469 nömrəli əmri verilmişdir. İşin materiallarından görünür ki, sözügedən əmr verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinin pozulmasından əlavə həmin Məcəllənin 84–cü maddəsinin tələbləri baxımından da əmrdə cavabdehin hüquqi ünvanı və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı göstərilməmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununa dair tələblər də Əmək Məcəlləsində nəzərdə tutulmuşdur və nəzərdə tutulmuş məlumatlardan hər hansı birinin və ya bir neçəsinin göstərilməməsi əmrin (sərəncamın, qərarın) məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsas sayılır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri sayır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi hallarının mövcudluğu ilə şərtləndirilmişdir. Məhkəmə daha sonra iddiaçının 23 avqust 2024-cü il tarixdə çıxdığı və 26 avqustda da işdə olduğu onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Xidmət rəisinin şəxsi heyət üzrə əmri göstərilən tarixlərdə deyil, məhz 27 avqust 2024-cü il tarixdə ləğv edilməsinin səbəblərini cavabdeh tərəfin bunu işəgötürənin hüququ kimi əsaslandırmasına dair mövqeyinə qiymət verərək hesab edir ki, iddiaçının yol verdiyi nöqsanla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində sadalanan halların hər hansı biri qətiyyətli şəkildə uzlaşmadığı halda, onunla əmək müqaviləsi məhz işə çıxdığı tarixdə ləğv edilməli idi. Lakin bu əmrin iddiaçının işə çıxmasından 4 gün sonra (şənbə və bazar günləri nəzərə alınmaqla) verilməsi cavabdehin iddiaçı ilə əmək münasibətlərinin dərhal kəsmək istəmədiyinə də bir növ dəlalət edir. Bu konteksdə xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə 2021-ci ilin dekabr ayının 13-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt şəhər Baş İdarəsində müfəttiş kimi fəaliyyət göstərən, 2020-ci ilin sentyabr ayında Vətən müharibəsində iştirak etmiş və döyüşlər zamanı kəllə-beyin travması almış, bununla əlaqədar dəfələrlə müalicələr almış iddiaçının yol verdiyi iddia olunan pozuntunun (analizinin nəticələrində şübhəli vəziyyətdə THC-COOH (marixuana) aşkar edilməsi) mövcudluğu qəbul edilsə belə onunla əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun xarakterinə adekvat olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarında göstərilmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir və işəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Sadalanan normaların birgə təhlilindən görünür ki, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsaslardan biridir (Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi). Lakin işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin 70-ci maddənin "ç" bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi üçün yetərli deyil. Bunun üçün tələb olunan şərt ondan ibarətdir ki, işçinin sadalanan hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə, o cümlədən "ç" bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsini ləğv edərkən bunun zəruriliyini əmrdə (sərəncamda, qərarda) əsaslandırmaq öhdəliyi daşıyır. Məhkəmə bir daha vurğulayır ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmri tərtib olunarkən yalnız Əmək Məcəlləsinin tələbləri əsas götürülməlidir. Göstərilənlər ümumilikdə cavabdehin iddiaçı ilə əmək müqaviləsinin ləğvi ilə bağlı əmrinin əmək qanunvericiliyinin sadalanan normalarının tələblərinin pozulması ilə verilməsinin təsdiqidir. Məhkəmə cavabdeh tərəfin İddiaçı 1 iyul 2024-cü il tarixdə (44 gün keçdikdən sonra) götürülmüş qan və sidik nümunələri üzrə aparılmış müayinənin nəticəsində narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin aşkar edilməməsinə dair tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nin xx.xx.2024-cü il tarixli 2226/k saylı məhkəmə-kimyəvi akta dair mövqeyinə qiymət verərək qeyd edir ki, əvvəla bu akt nəticəsində cavabdeh tərəfindən hüquq mühafizə orqanlarına göndərilmiş material üzrə İddiaçı barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İkincisi də məhkəmənin qənaətinə görə göstərilən akt marixuana maddəsinin izlərinin qanda aşkar edilməsinin 2 həftəyə qədər mümkünlüyünə baxmayaraq İddiaçı narkotik vasitələrinin istifadəçisi olmamasına və aludə olmamasına bir növ dəlalət edir. Beləliklə, müəyyən olundu ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Bu isə əmək müqaviləsinə xitam verilməsi barədə 27 avqust 2024-cü il tarixli, 469 ş/h nömrəli əmrin qanuni sayılmasını istisna edir. Ona görə də məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin müfəttişi vəzifəsinə bərpa olunmalı, ona 27 avqust 2024-cü il tarixindən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə görə, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 27 avqust 2024-cü il tarixli, 469 ş/h nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin müfəttişi vəzifəsinə bərpa olunsun. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 27 avqust 2024-cü il tarixindən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2236/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2236/2024
28.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver