Məhkəmə qərarları › İş №2(009)-2241/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2241/2025

28.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2241/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, 3-cü şəxs AR ƏƏSMN DSMF publik hüquqi şəxsin Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə3 və 3-cü şəxs DSMF-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasına (AR ƏƏSMN DSMF publik hüquqi şəxsi 3-cü şəxs qismində) qarşı «öhdəliyin yerinə yetirilməsi» barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasına (AR ƏƏSMN DSMF publik hüquqi şəxsi 3-cü şəxs qismində) qarşı «öhdəliyin yerinə yetirilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddət ərzində Dövlət Sosial Müdafiə Fonduna edilməmiş ödənişlərin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 oktyabr 2004-cü il tarixdə cavabdeh kompaniyada operator vəzifəsinə işə qəbul edilmişdir. Həmin vaxtdan 02 may 2023-cü il tarixədək əmək müqaviləsi əsasında cavabdeh kompaniyada çalışmışdır. 02 may 2023-cü il tarixdə işdən azad edilmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh tərəfindən 2004-cü il tarixdən 2012-ci il tarixədək ümumiyyətlə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər edilməmişdir, 2012-ci il tarixdən 2023-cü il tarixədək mütəmadi olaraq müəyyən aylarda ödənişlər həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi G.Zeynalova qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. 3-cü şəxsin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, iddiaçı barəsində cavabdeh tərəfindən 2012-ci ilin iyul ayından əvvəl məcburi sosial sığorta haqları ödənilməmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Cavabdeh Tele-Radio Kompaniyasında operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmiş, yenidən xx.xx.2019-cu il tarixdə həmin Kompaniyada işə qəbul edilmiş, ən sonda isə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. AR ƏƏSMN tabeliyində DSMF-nin Sosial sığorta və fərdi uçot mərkəzi filialının direktorunun AR ƏƏSMN tabeliyində DSMF-nin məhkəmə mübahisələri ilə iş üzrə mərkəzinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilir ki, araşdırma zamanı nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin sığorta (hesabay) altsistemində Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasının 2006-cı ilə dair məcburi dövlət sosial sığortası üzrə hesabat məlumatları aşkar edilməmiş, həmçinin 2007-2012-ci illər üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı dair məlumatların (2012-ci ilin iyul-dekabr ayları istisna olmaqla) qeyd edilmədiyi məlum olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2017ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh Tele-Radio Kompaniyasında operator vəzifəsində işləmişdir. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh kompaniyada işlədiyi dövrün müəyyən hissəsində cavabdeh tərəfindən onun barəsində DSMF-yə məcburi sosial ödənişlərin edilmədiyini iddia edir. Məhkəmə qeyd edir ki, işdə olan sübutlardan və tərəflərin izahatlarından görünür ki, iddiaçı 2004-cü il tarixdən 2017-ci il tarixədək və 2019-cu il tarixdən 2023-cü il tarixədək cavabdeh kompaniyada çalışmağına baxmayaraq xx.xx.2004-cü il tarixdən 2012-ci ilin iyul ayına kimi onun barəsində cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta ödənişləri edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən işəgötürən işçi üçün sosial sığorta haqlarını ödəmək öhdəliyi daşıyır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixədək iddiaçı barəsində DSMF-yə edilməmiş ödənişləri həyata keçirmək öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. AR Əmək Məcəlləsinin: 9-cu maddəsinin L bəndinə əsasən sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək işçinin hüququdur. 12.1-ci maddəsinin J bəndinə əsasən işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək işəgötürənin vəzifəsidir. 12.1-ci maddəsinin K bəndinə əsasən elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin vəzifəsidir. 175.2-ci maddəsinin A bəndinə əsasən işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun: 2.0.1-ci maddəsinə əsasən dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatlardan ibarət informasiya bazasının yaradılması fərdi uçotun məqsədlərindəndir. 2.0.2-ci maddəsinə əsasən əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədlərindəndir. 4.2-ci maddəsinə əsasən fərdi uçot sahəsində elektron xidmətlər (sığortaolunanın və sığortaedənin uçota alınması, sığortaolunana fərdi şəxsi hesabı barədə məlumatların təqdim olunması, sosial sığorta nömrəsinin öyrənilməsi və s.) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixədək Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasın çalışdığı dövr müddətində İddiaçı barəsində DSMF-yə ödənilməmiş ödənişləri həyata keçirmək öhdəliyi Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasının üzərinə qoyulsun. 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar