Məhkəmə qərarları › İş №2(009)-226/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-226/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-226/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MTK-nın - Cavabdeh qarşı «müqaviləyə xitam verilməsi, mənzilin geri qaytarılması və pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 12 yanvar 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK - Cavabdeh qarşı «müqaviləyə xitam verilməsi, mənzilin geri qaytarılması və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış “Tower A”-da 119A saylı mənzilin satışı ilə bağlı 13.01.2014-cü il tarixli Müqaviləyə vaxtından əvvəl xitam verilməsi, mənzilin və mənzilin giriş qapısının açarlarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması, mənzilin üçüncü şəxsə satılması, satışdan əldə olunan vəsaitdən xərclərin, cərimənin, vurulmuş ziyanın tutulması və qalan vəsaitin cavabdehə qaytarılmasının Müqavilənin 7-ci bəndində nəzərdə tutulmuş qaydada aparılması, cavabdehdən 73176,96 manat pulun və dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK (İddiaçı) ilə Cavabdeh (Cavabdeh) arasında Bakı şəhəri Neftçilər prospekti 151 ünvanda yerləşən Tower A binanın 1-ci mərtəbəsində yerləşən 119A saylı mənzilin (Mənzil) satışı ilə bağlı 13 yanvar 2014-cü il tarixdə PBR № 787 saylı Müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı 119A saylı mənzili tikməyə və yaşayış məqsədləri üçün Cavabdehə təqdim etməyə razılaşır və Cavabdeh həmin mənzili yaşayış məqsədləri üçün qəbul etməyə razılıq verir. Müqavilələrin 1.4-cü bəndinə əsasən Cavabdeh bununla binanin idarə olunmasının idarəetmə şirkəti vasitəsilə həyata keçirilməsini seçir və İddiaçıya binanın idarə olunması, nəzarətdə saxlanması və ona texniki xidmət göstərilməsinə görə məsuliyyət daşımaq səlahiyyəti verir. Müqavilənin 4.1-ci bəndinə əsasən Mənzil üçün ödəniləcək ümumi qiymət bu Müqaviləyə əsasən 381 209.00 (üç yüz səksən bir min iki yüz doqquz manat, 00 qəpik) manat (Qiymət) təşkil edir. Müqavilənin 4.3 və 4.4-cü bəndlərinə əsasən Tərəflər bununla razılaşırlar ki, Mənzilin qiyməti Əlavə 5-də göstərilən ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödənilməlidir. Bu Müqavilə çərçivəsində ödənilməli qiymətin hər hansı hissəsinin ödənişi gecikdirildiyi halda, İddiaçı ödənişin verilməli olduğu tarixdən faktiki ödəniş tarixinə qədər (hər iki tarix daxil olmaqla) ödənilməmiş məbləğin hər gecikdirilmiş günü üçün gündəlik əsasda hesablanan illik 24 % cərimə ödəməlidir.Müqavilənin 5.2-ci bəndinə əsasən Cavabdehin İddiaçının bu Müqavilədən və ya qüvvədə olan qanunvericilikdən irəli gələn hər hansı digər öhdəliklərinə ziyan vurmadan aşağıdakı öhdəlikləri vardır: 5.2.1. Qiyməti bu Müqavilənin Əlavə 5-də müəyyənləşdirilmiş qaydada vaxtında hissə-hissə ödəmək. 5.2.7 Əmlak (Mənzil) ilə əlaqədar su, elektrik enerjisi, kanalizasiya sistemi, telefon və digər kommunal xidmət birləşmələrinin istifadə olunması xərclərinin hansının gec başlanmasından asılı olaraq X1 və ya İddiaçı tərəfindən məlumat verilmiş hər hansı digər tarixdən etibarən müvafiq kommunal xidmət və/və ya servis şirkətlərinə və/və ya qurumlarına birbaşa ödənilməsinə görə məsuliyyət daşımaq. Kommunal xidmətlər və servislər Cavabdehə İddiaçı vasitəsilə təmin edildiyi halda Əmlaka tətbiq olunan müvafiq xərclər İddiaçı tərəfindən burada müəyyənləşdirilmiş Xidmət Haqqları kimi tətbiq olunmalı və Cavabdeh bütün bu cür xərcləri tələb olunduğu təqdirdə dərhal ödəməlidir. 5.2.8 X1 başlayaraq İddiaçı tərəfindən göstərilən texniki xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərə (“Xidmətlər”) bağlı Xidmət Haqqlarının bu sənədə qoşulmuş Əlavə 4-də nəzərdə tutulduğu kimi aylıq əsasda İddiaçıya ödəmək və məsuliyyət daşımaq. Müqavilənin 7-ci bəndinə əsasən Müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuş müddəalara baxmayaraq, Cavabdeh Əlavə 5-də nəzərdə tutulan ödəniş müəyyənləşdirilmiş müvafiq son tarixdən sonra 6 (altı) aydan çox gecikdirdiyi halda və ya Cavabdeh Mənzili almaqdan imtina etdikdə İddiaçının hüququ var ki, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər hüquqlara xələl gətirmədən bu Müqaviləyə xitam versin və Qiymətin 20 %-nə bərabər məbləği vurulmuş ziyan kimi tutulsun və bu halda Cavabdeh xüsusi olaraq razılaşır ki, bu məbləğ Cavabdehin öhdəliyini yerinə yetirməməsi nəticəsində İddiaçının məruz qalacağı ziyanların həqiqi və əsaslı şəkildə öncədən hesablanan məbləğidir. 7.1-ci bənddə nəzərdə tutulmuş Qiymətin 20 %-i çıxmaq şərtilə Cavabdehə qaytarılması, İddiaçı tərəfindən Əmlakı göstərilən Qiymətə bərabər və daha artıq qiymətə digər investora satdıqdan sonra baş verəcək və Qiymətin qaytarılması yalnız digər İnvestor tərəfindən bu Mülkiyyətlə bağlı ödənişi tam şəkildə İddiaçıya ödənildikdən sonra həyata keçiriləcək. Əmlak Qiymətdən aşağı qiymətlə digər investora satıldığı təqdirdə, İddiaçıya qaytarılmalı olan məbləğ digər investora təqdim olunduğu faktiki qiymətlə Qiymət arasında müvafiq nisbətə və 7.1-ci bənddə nəzərdə tutulmuş 20 % tutulması şərtilə azaldılacaq. Əgər xitam tarixinədək Cavabdeh tərəfindən ödənilmiş Qiymət məbləği İddiaçının ziyanları almaq hüququ ilə bağlı tələblərə cavab vermək üçün yetərli olmazsa, onda Cavabdeh çatışmayan məbləğin ödənilməsinə görə məsuliyyət daşımaqda davam edir və o, bu məbləği tələb əsasında İddiaçıya ödəməlidir. Hər hansı anlaşılmazlığın aradan qaldırılması üçün bu Müqavilənin 4.4-cü bəndinə uyğun olaraq hesablanmış hər hansı cərimə Cavabdeh tərəfindən ödənilməlidir və ödəniləcək.Müqavilənin 11.2-ci bəndinə əsasən bu Müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan və Tərəflər arasında dostcasına həll oluna bilməyən bütün mübahisələr həll edilmək üçün Azərbaycan Respublikasının məhkəmələrinə göndərilməlidir.Müqavilənin tərkib hissəsi olan 4 saylı Əlavənin (Xidmətlər) 1-ci bəndində İddiaçının Cavabdehə göstərilən Xidmətlər sadalanmışdır. Həmin Xidmətlərə gətirilən malların toplanması, təhlükəsizlik sistemlərinin idarə olunması, qonaqların qarşılanması və salamlanması üçün əsas yaşayış qəbul sahəsində sutkada 24 saat ərzində mehmanxana üslublu qəbul və qapıçı otağı və ümumi qapıçı avadanlıqları aiddir. Bundan əlavə Binanın nəzarətdə saxlanması və qorunması üçün təhlükəsizlik xidmətinin və/və ya təhlükəsizlik avadanlıqlarının təmin olunması, podiumun üstündə 15 000 kv m landşaft bağlarına texniki xidmətin göstərilməsi, binanın ümumi istifadədə olan və ya bir neçə icarədarının və ya sakininin mənafeyi naminə istifadə edilən sahələrin (Ümumi sahələrin) təmizlənməsi, tullantıların kənarlaşdırılması xidmətinin təmin olunması və s. bu cür xidmətlər öz əksini tapmışdır.Bu Əlavənin 2-ci bəndində qeyd edilir ki, burada nəzərdə tutulmuş heç bir müddəaya baxmayaraq İddiaçı bu Müqavilədə istinad olunan və Cavabdeh tərəfindən İddiaçıya ödənilməli və ya kompensasiya edilməli hər hansı Xidmət haqqlarının, kommunal xidmətlərinin və ya digər haqqların ödənilməməsi halında Xidmətlərin göstərilməsini təmin etməyə məcbur olmayacaq.Əlavənin 5-ci bəndində qeyd edilir ki, Cavabdeh yuxarıda göstərilən Xidmətlərin müqabilində Şirkətə əmlakın hər kvadrat metrəsi üçün hər ay 2 AZN məbləğində xidmət haqqı ödəyəcək. Əlavənin 7-ci bəndinə əsasən Cavabdeh bu Müqavilədə istinad olunan Xidmət haqqlarını və digər haqqları aylıq olaraq müvafiq hesab-faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində İddiaçıya ödəməlidir. Müqaviləyə 5 saylı Əlavəyə (Ödəniş cədvəli) əsasən Cavabdeh 29.09.2016-cı il tarixdən başlayaraq aylıq 2730 manat olmaqla ödənişləri 80 ay müddətində 29.04.2023-cü il tarixədək İddiaçıya ödəməyi üzərinə götürmüşdür. Diqqətinizə çatdırmaq istərdik ki, İddiaçı 13 yanvar 2014-cü il tarixdə PBR № 787 saylı Müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və hazırda da icra etməkdə davam edir. Buna baxmayaraq Cavabdeh halhazıradək qeyd edilən Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, Mənzilin dəyərini ödəməmiş, həmçinin İddiaçı tərəfindən həyata keçirilən Əlavə 4-də nəzərdə tutulan xidmətlərə görə xidmət haqqlarını hal-hazıradək ödəməmişdir. Cavabdehin PBR№ 787 saylı Müqavilə üzrə 13.01.2014-cü il 12.10.2021-ci il tarixə Mənzilə görə 60 060.00 (altmış min altmış manat, 00 qəpik) manat, ödənişin gecikdirilməsi ilə bağlı cərimə borcuna görə 13 116.96 (on üç min bir yüz on altı manat, 96 qəpik) manat, ümumilikdə 73 176.96 (yetmiş üç min bir yüz yetmiş altı manat, 96 qəpik) manat məbləğində İddiaçıya borcu vardır. Qeyd edirik ki, Cavabdeh 17.12.2019-cu il tarixdən etibarən mənzil ilə bağlı İddiaçıya hər hansı məbləğdə pul ödəməmişdir. Artıq 2 ilə yaxın müddətdir ki, Cavabdeh İddiaçıya PBR № 787 saylı Müqavilə üzrə mənzilin satış məbləğindən hər hansı məbləğdə pul ödəmir. Göstərilənlərə əsaslanaraq iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2014-cü il tarixli Müqaviləyə əsasən İddiaçı MTK Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanda yerləşən “Tower A”-da 119A saylı mənzili Cavabdeh təqdim edir, Cavabdeh isə həmin mənzili qəbul edir. İddiaçı MTK-nın 04.11.2021-ci il tarixli arayışından görünür ki, 119 A saylı mənzilin gecikmə üzrə borcu 73,176 manat təşkil edir. Müqavilənin 4.2 və 4.3-cü bəndlərində qeyd edilmişdir ki, mənzilin qiyməti Əlavə 5-də göstərilən ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödənilməlidir. Bu Müqavilə çərçivəsində ödənilməli qiymətin hər hansı hissəsinin ödənişi gecikdirildiyi halda, iddiaçı ödənişin verilməli olduğu tarixdən faktiki ödəniş tarixinə qədər (hər iki tarix daxil olmaqla) ödənilməmiş məbləğin hər gecikdirilmiş günü üçün gündəlik əsasda hesablanan illik 24 % cərimə ödəməlidir. Müqavilənin 7.1.və 7.3-cü bəndlərində qeyd edilmişdir ki, Müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş müddəalara baxmayaraq, cavabdeh Əlavə 5-də nəzərdə tutulan ödəniş müəyyənləşdirilmiş müvafiq son tarixdən sonra 6 aydan çox gecikdirdiyi halda və ya cavabdeh mənzili almaqdan imtina etdikdə iddiaçının hüququ var ki, qanunvercilikdə nəzərdə tutulmuş hər hansı digər hüquqlara xələl gətirmədən bu müqaviləyə xitam versin və qiymətin 20 %-nə bərabər məbləği vurulmuş ziyan kimi tutulsun və bu halda cavabdeh xüsusi olaraq razılaşır ki, bu məbləğ cavabdehin öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçının məruz qalacağı ziyanların həqiqi və əsaslı şəkildə öncədən hesablanan məbləğidir. Əgər xitam tarixinədəkcavabdeh tərəfindən ödənilmiş qiymət məbləği iddiaçının ziyanları almaq hüququ ilə bağlı tələblərə cavab vermək üçün yetərli olmazsa, onda cavabdeh çatışmayan məbləğin ödənilməsinə görə məsuliyyət daşımaqda davam edir və o bu məbləği tələb əsasında iddiaçıya ödəməlidir. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 420.3.3-cü maddəsinə əsasən təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərin əvəzləşdirilməsi hüququndan məhrum edən müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin qadağan edilməsi) etibarsız sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Müqaviləyə 4 saylı Əlavəyə əsasən cavabdeh 29.09.2016-cı il tarixdən başlayaraq aylıq 2370 manat olmaqla 80 ay müddətində iddiaçıya ödəməyi üzərinə götürmüşdür. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu müqavilənin şərtlərinə əməl etməmiş və hazırki vaxta kimi öhdəliklərini lazımınca və vaxtında yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının tələbi təmin edilərək, tərəflər arasında imzalanmış “Tower A”-da 119A saylı mənzilin satışı ilə bağlı 13.01.2014-cü il tarixli Müqaviləyə vaxtından əvvəl xitam verilməli, mənzilin və mənzilin giriş qapısının açarlarının cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, mənzilin üçüncü şəxsə satılması, satışdan əldə olunan vəsaitdən xərclərin, cərimənin, vurulmuş ziyanın tutulması və qalan vəsaitin cavabdehə qaytarılmasının Müqavilənin 7-ci bəndində nəzərdə tutulmuş qaydada aparılmalı, cavabdehdən 73176,96 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunduğundan hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanda yerləşən “Tower A”-da 119A saylı mənzilin alqı-satqısı barədə 13.01.2014-cü il tarixli müqaviləyə vaxtından əvvəl xitam verilsin. Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanda yerləşən “Tower A”-da 119A saylı mənzil və mənzilin giriş qapısının açarları Cavabdeh alınaraq İddiaçı MTK-ya geri qaytarılsın. Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanda yerləşən “Tower A”-da 119A saylı mənzilin üçüncü şəxsə satılması, satışdan əldə olunan vəsaitdən xərclərin, cərimənin, vurulmuş ziyanın tutulması və qalan vəsaitin cavabdehə qaytarılması 13.01.2014-cü il tarixli Müqavilənin 7-ci bəndində nəzərdə tutulmuş qaydada aparılsın. Cavabdeh mənzil üzrə gecikmə borcu olaraq 73176,96 manat məbləğində pul vəsaiti İddiaçı MTK-nın xeyrinə tutulsun. Ödənilmiş 341 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MTK-nın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya təqdim edildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar