Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2275/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzilin qapalı hərracdan satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin qapalı hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş **********61-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil üzərində 1/15 hissədə Cavabdeh xüsusi mülkiyyət hüququ tanınmışdır. Bununla bağlı olaraq mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə tərəfindən mənzilin real bazar qiymətinin 1/15 hissəsinin əvəzi kimi pulun hesablanaraq cavabdehə ödənilməsi və bununla da mənzilin iddiaçının mülkiyyətinə keçməsi təklif edilmişdir. Lakin bu təklifə cavabdeh hər hansı münasibət bildirməmişdir. Həmin əmlakın naturada bölünməsi ilə bağlı o, 2016-cı ildə məhkəməyə müraciət etmiş, lakin Nizami rayon Məhkəməsinin 2(007)-78/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən mümkün olmadığı qət edilmişdir. Ona görə hesab edir ki, mənzilin qapalı hərracda satılması və satış pulunun cavabdehə ödənilərək mənzil üzərində olan hissəsinin onun mülkiyyətinə keçməsi zəruridir. Beləliklə mənzilin naturada bölünməsi mümkün olmadığından, mülkiyyətçi (iddiaçı) payının dəyərini digər mülkiyyətçi (cavabdehə) ödəməyi tələb etsə də, cavabdeh razılıq vermədiyindən mənzilin qapalı hərracda satılması və 1/15 payın iddiaçının mülkiyyətinə keçirilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin yalnız paylı mülkiyyətçilərin iştirakı ilə qapalı hərracdan satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mülkiyyətdə olan mənzilin sahəsi 255 kv.m-dir. Onun payına düşən sahə təxminən 17 kv.m-dir. Həmin evdən payın ayrılması mümkündür. Onun xeyrinə məhkəmə qərarları da çıxmışdır. Ona görə də evin qapalı hərracdan satılmasına razı deyil. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsində yerləşən ümumi sahəsi 255,10 kv.m. olan 1 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı (14/15 hissə) və Cavabdeh (1/15 hissə) adlarına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-91/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinə dair iddiası təmin edilməmişdir. İş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-78/2016 saylı, xx.xx.2016-cı il tarixli İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsi, 1 saylı evdən tərəflərin 14/15 və 1/15 paylarına uyğun olaraq iki təcrid hissəyə bölünməsi texniki cəhətdən mümkün olmamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsində yerləşən ümumi sahəsi 255,10 kv.m. olan 1 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı (14/15 hissə-xx.xx.2008-ci il tarixdən) və Cavabdeh (1/15 hissə - xx.xx.2010-cu il tarixdən) adlarına qeydiyyata alınmışdır. İş üzrə Sadıxov X1 əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən ünvan 2 ünvanında yerləşən əmlakın xx.xx.2025-ci il tarixə bazar dəyəri - 85000 manat, likvid dəyəri - 76.500 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsində yerləşən 1 saylı evin üzərinə iddiaçı (14/15) və cavabdehin (1/15) paylarla mülkiyyət hüququ müəyyən edilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsi, 1 saylı evdən tərəflərin 14/15 və 1/15 paylarına uyğun olaraq iki təcrid hissəyə bölünməsi texniki cəhətdən mümkün olmadığından, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində 1/15 hissədə Cavabdeh xüsusi mülkiyyət hüququ tanınmışdır. Bununla bağlı olaraq mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə onun tərəfindən mənzilin real bazar qiymətinin 1/15 hissəsinin əvəzi kimi pulun hesablanaraq cavabdehə ödənilməsi və bununla da mənzilin onun mülkiyyətinə keçməsi təklif edilmişdir. Lakin bu təklifə cavabdeh hər hansı münasibət bildirməmişdir. Həmin əmlakın naturada bölünməsi ilə bağlı o, 2016-cı ildə məhkəməyə müraciət etmiş, lakin Nizami rayon Məhkəməsinin 2(007)-78/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən mümkün olmadığı qət edilmişdir. Beləliklə mənzilin naturada bölünməsi mümkün olmadığından, mülkiyyətçi (iddiaçı) payının dəyərini digər mülkiyyətçi (cavabdehə) ödəməyi tələb etsə də, cavabdeh razılıq vermədiyindən mənzilin qapalı hərracda satılması və 1/15 payın iddiaçının mülkiyyətinə keçirilməsi barədə qətnamə qəbul edilməlidir. Bu səbəbdən iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin yalnız paylı mülkiyyətçilərin iştirakı ilə qapalı hərracdan satılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. X3 qeyd edilmişdir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadında göstərilmişdir ki, - Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3- 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. - Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). - Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. - Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Qeyd edilən qərardadda göstərilmişdir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Qərardadda eyni zamanda göstərilmişdir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə Plenum Qərarlarında qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə payın naturada ayrılması, bununla da ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsünün mümkün olmadığı müəyyən edildiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıması nəzərə alınmalıdır. Bu səbəbdən həmin faktın yenidən sübut edilməsi yolverilməz hesab edilməlidir. Məhkəmə iclasında paylı mülkiyyətçilərə məxsus mübahisəli mənzilin real bazar qiymətinin 85.000 manat olması müəyyən edilmişdir. Belə ki, Qiymətləndirmə Palatasının üzvü tərəfindən təqdim olunan qiymətləndirmə hesabatına əsasən mübahisəli evin bazar qiymətinin həmin məbləğdə olması qeyd edilmişdir. Məhkəmə qiymətlə bağlı alternativ hesabat olmadığı üçün iddiaçı tərəfindən təqdim olunan qiymətləndirmə hesabatını mötəbər sübut kimi qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli evin tərəflərin paylarına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, iddia tələbi təmin edilməli, əmlak ilkin satış qiyməti 85.000 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsində yerləşən 1 saylı evi ilkin satış qiyməti 85.000 (səksən beş min) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 14/15 hissə, Cavabdeh 1/15 hissə) mütənasib olaraq bölüşdürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2275/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2275/2025
04.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver