Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2298/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bakı şəhəri Səbail rayon MKTB-nin Cavabdeh qarşı “yaşayış sahəsinə görə borcun tutulması və müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bakı şəhəri Səbail rayon MKTB-nin Cavabdeh qarşı “yaşayış sahəsinə görə borcun tutulması və müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənzil xidmət haqqı üzrə 102,48 manat, məişət tullantıları üzrə 100,80 manat, cəmi 203,28 manat borcun tutulub iddiaçıya ödənilməsi, həmçinin, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh iddia ərizəsinə əlavə edilmiş mülkiyyət hüquqlarının qeydiyyat vəsiqəsinə əsasən yaşadığı Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 60 saylı evin 22 saylı mənzilinin mülkiyyətçisidir və 45 saylı Mənzil Kommunal İstismar Sahəsinin sakinidir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixə mənzil haqqı üzrə 102,48 manat, məişət tullantıları üzrə 100,80 manat, cəmi 203,28 manat borcu vardır. Lakin, cavabdeh istifadə etdiyi yaşayış sahəsinə görə qanunla müəyyən edilmiş haqların ödənilməsindən əsassız olaraq imtina edir. Dəfələrlə cavabdehə 45 saylı MKİS-nin işçiləri tərəfindən şifahi və yazılı xəbərdarlıq edilib borcun ödənilməsi tələb olunsa da, o, buna əhəmiyyət verməyib bu günə kimi borcunu ödəməmişdir. Mövcud qanunvericiliyə görə kommunal xidmətləri göstərən təşkilatlarla (elektrik enerjisi, qaz, su təchizatı üçün) vətəndaşlar arasında müqavilə bağlanmalıdır, lakin cavabdeh bu təşkilatlarla müqavilə bağlamadığı halda həmin xidmətlərin haqqını ödəyirlər, amma mənzil haqqı və məişət tullantılarının haqqlarını ödəməkdən əsassız imtina edir. Ona xidmət müqaviləsi bağlamasını təklif etdikdə bundan da imtina edir, halbuki cavabdehlə müqavilə olmadan da ona zibil daşınması, binanın ümumi istifadə olan yerlərinin təmiri, həyətlərin süpürülməsi və sair kimi xidmətlər göstərilir. Cavabdehə qanuna riayət hissini aşılamaq, onun üzərinə dövlət tərəfindən qoyulmuş öhdəliyin yerinə yetirilməsini təmin etmək və dövlət büdcəsinə yığımların ödənişinə kömək məqsədilə iddia tələbi təmin olunmalıdır. Sonda qeyd olunanlara rəğmən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2 və 191.1-ci maddələrində tərəflərə verilən hüquqdan istifadə edib barışıq sazişi kimi cavabdehə təklif edilir: könüllü surətdə ondan tələb olunan borclarını tam həcmdə ödəsə bunun müqabilində iddia ərizəsi geri götürülər. Əks təqdirdə iddianın tam təmin olunmasını xahiş edilir. İddia ərizəsinə əlavə edilən Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 104629 nömrəli qeydiyyat vəsiqəsinin məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 60 saylı evin 22 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İddia ərizəsinə əlavə edilən Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 45 saylı MKİS-nin 75 nömrəli, xx.xx.2024-cü il tarixli arayışının məzmunundan görünür ki, Cavabdeh özü ilə birlikdə 4 nəfər ailə üzvü Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 60 saylı evin 22 saylı mənzilində qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilən Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 45 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli haqq-hesab cədvəlinin məzmunundan görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 60 saylı evin 22 saylı mənzilə dair xx.xx.2024-cü il tarixə mənzil xidmət haqqı üzrə 102,48 manat, məişət tullantılarına görə 100,80 manat, cəmi 203,28 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə edilən Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 45 saylı MKİS-nin 55/2 saylı, xx.xx.2024-cü il tarixli və 93 nömrəli, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının məzmunundan görünür ki, cavabdehə mənzil xidmət haqqı və məişət tullantılarına görə mövcud olan borcunun ödənilməsi xahiş edilmiş, lakin cavabdeh kommunal borcunu ödəməmişdir. İddia ərizəsinə əlavə edilən Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 45 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli aktın məzmunundan görünür ki, cavabdehə mənzil xidmət haqqı və məişət tullantılarına görə mövcud olan borcunun ödənilməsi barədə xəbərdarlıq təqdim edilmiş, lakin cavabdeh xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 104629 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 60 saylı evin 22 saylı mənzili xx.xx.1997-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Səbail rayon MKTB 45 saylı MKİS tərəfindən Cavabdeh verilmiş 75 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 60 saylı evin 22 saylı mənzilində Cavabdeh, X1, X3 və X2 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli haqq-hesab cədvəlindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 60 saylı evin 22 saylı mənzilinin sahibi Cavabdeh xx.xx.2017-xx.xx.2024-cü il dövründə mənzil xidmət haqqı üzrə 102,48 manat, məişət tullantıları üzrə 100,80 manat, cəmi 203,28 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdeh Səbail rayon MKTB 45 saylı MKİS-ə olan mənzil xidmət haqqı və məişət tullantılarına görə borcunun ödənilməsi barədə xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 60 saylı evin 22 saylı mənzilinin mülkiyyətçisi olmaqla həmin mənzildə qeydiyyatdadır, onun qeydiyyatda olduğu mənzilə Səbail rayonu MKTB-nin 45 saylı MKİS-si xidmət göstərir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 60 saylı evin 22 saylı mənzilinin sahibi Cavabdeh mənzil xidmət haqqı üzrə 102,48 manat, məişət tullantıları üzrə 100,80 manat, cəmi 203,28 manat borcu vardır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq olunsa da, həmin haqq hal-hazırki vaxtadək ödənilməmişdir. Bu səbəbdən iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır (maddə 135.2.4). Həmin Məcəllənin 136.2-ci madəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: - çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Həmin Məcəllənin 140.3-cü madəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarı ilə tənzimlənin mənzil-kommunal xidmət tarifləri ödəniş qəbzlərində, eyni zamanda həm köhnə, həm də yeni miqyasda, denominasiya olunmaqla mənzil xidməti tarifləri 1 kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, məişət tullantılarının daşınmasına görə adambaşı ayda 30 qəpik miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində mənzil xidməti və məişət tullantıları haqqını ödəmədiyindən, iddiaçı həmin borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yaşayış sahəsinə görə haqqın ödənilməsi ilə bağlı müqavilə bağlanmamış, iddiaçı tərəfindən yaşayış sahəsinin saxlanması üçün müqavilənin bağlanılması cavabdehə təklif olunsa da, cavabdeh müqavilə bağlamaqdan imtina etmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən hal-hazıradək cavabdehə xidmət göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mənzil xidmət haqqı və məişət tullantılarının daşınması ilə bağlı yaranmış borc ödənilmədiyindən iddia borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə qeyd edir ki, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5ci maddələri). Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Məhkəmə qeyd edir ki, müqavilənin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulmaqla iddia tələbinin həmin hissədə təmin edilməsi “müqavilə azadlığı” prinsipinin mahiyyətinə zidd olar. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh mənzil xidmət haqqı üzrə 102,48 (bir yüz iki manat qırx səkkiz qəpik) manat, məişət tullantıları üzrə 100,80 (bir yüz manat səksən qəpik) manat borc olmaqla, cəmi 203,28 (iki yüz üç manat iyirmi səkkiz qəpik) manat borc tutularaq Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xeyrinə ödənilməli, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh mənzil xidmət haqqı üzrə 102,48 (bir yüz iki manat qırx səkkiz qəpik) manat, məişət tullantıları üzrə 100,80 (bir yüz manat səksən qəpik) manat borc olmaqla, cəmi 203,28 (iki yüz üç manat iyirmi səkkiz qəpik) manat borc tutularaq Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2298/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2298/2024
25.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver