Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-230/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdehnə və "xxxx" MTK-ya qarşı “kooperativ binada mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi, ödənilmiş pul vəsaitinin geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli "xxxx" müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh MMC-yə nağd olaraq ödədiyi 112000 (yüz on iki min) manat əsas məbləğin, vurulmuş zərərə və əldən çıxmış faydaya görə 40000 (qırx min) manat, cəmi 152000 (yüz əlli iki min) manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını, məhkəmə işə baxarkən tərəflərin və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkara çıxarsa, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdehnə və "xxxx" MTK-ya qarşı iddia ərizəsinə dəqiqləşmə verərək, ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC binanın tikintisinin davam etdirilməsi məqsədi ilə "xxxx" MTK ilə müqavilə imzalayıb. MTK isə müqaviləyə əsasən dərhal işə başlamalı olduğu halda 3 ay müddətində vaxt keşməsinə baxmayaraq hələ də həmin binada heç bir iş görmür. O həmin MTK-nın rəhbərliyinə də müraciət etmişdir, lakin heç bir nəticə yoxdur. Onlar bildirirlər ki, binanın tikintisi 2025-ci ildə başa çatacaqdır. Bu isə onu qane etmir. Bundan əlavə tikinti işləri davam etdirilməyən həmin binada hazırda 1 kv.m. sahə 1000-1200 manata satılır. Qeyd edilənlərə əsasən onunla Cavabdeh MMC arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli "xxxx" müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh MMC-yə nağd olaraq ödədiyi 112000 (yüz on iki min) manat əsas məbləğin, vurulmuş zərərə və əldən çıxmış faydaya görə 40000 (qırx min) manat, cəmi 152000 (yüz əlli iki min) manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını, məhkəmə işə baxarkən tərəflərin və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkara çıxarsa, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli "xxxx" müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh MMC-yə nağd olaraq ödədiyi 112000 manat əsas məbləğin, vurulmuş zərərə və əldən çıxmış faydaya görə 40000 manat, mənəvi ziyana görə 15000 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16 sentyabr 2020-ci il tarixdə, ünvan 3ndə tikilməkdə olan yaşayış binasının “D” bokunun 14-cü mərtəbəsində yerləşən, sahəsi 140 kv.m. təşkil edən, 3 otaqlı, 93 saylı mənzilin alqı-satqısına dair MMC-nin direktoru X5 ilə müqavilə bağlamışdır. O, müqavilə bağlayarkən görmüşdür ki, binanın 4cü mərtəbəsinin tikintisi başa çatdırılıb. Onu MMC-nin dirtektoru Eldar Yusifov əmin edib ki, ən geci 2 il müddətinə binanın tikintisi tam başa çatdırılacaq. Bu səbəbdən o, müqavilə əsasında aldığı mənzilin dəyərini, yəni 112000 (yüz on iki min) manat məbləğində pulu MMC-yə tam ödəmişdir. Mənzilin dəyərini ödəməyi barədə Cavabdeh MMC-nin direktoru Eldar Yusifovun imzaladığı və möhürlə təsdiq etdiyi 16 sentyabr 2020-ci il tarixli maliyyə arayışı verilmişdir. Həmin arayışda göstərilir ki, onun aldığı 93 saylı mənzilin dəyərini tam ödəmişdir və MMC-yə borcu yoxdur. O, mənzilə dair müqavilə bağladıqdan və həmin mənzilin dəyərini tam ödədikdən sonra ona məlum olub ki, mənzil aldığı binada tikinti işləri 2016-cı ildən dayandırılıb. Ancaq mənzilə dair alqı-satqı müqaviləsi imzalanarkən MMCnin direktoru bu barədə ona məlumat verməyib, əksinə o ona bildirib ki, müqavilə imzalanandan sonra 2 il müddətinə binanın tikintisi tam başa çatdıralacaq. Bu səbəbdən o, ödədiyi pul məbləğinin geri qaytarılması xahişi ilə dəfələrlə MMC-nin direktoruna müraciət etmişdir, onların ünvanlarına teleqramlar vurmuşdur. Ancaq heç bir müsbət nəticəyə nail olmamışdır. Bu zaman başa düşmüşdür ki, MMC tərəfindən o aldadılmışdır. Bundan əlavə, mənzil onun adına rəsmiləşdirilən zaman bu məsələ ilə bağlı X8 ondan əlavə olaraq 3000 (üç min) manat məbləğində pul alıb. Sonra bilmişdir ki, ondan alınan 3000 manat pul qeyri-qanunidir. Bundan əlavə, 2022-ci ilin avqust ayında öyrənmişdir ki, Cavabdeh MMC binanın tikintisinin davam etdirilməsi məqsədi ilə "xxxx" MTK ilə müqavilə imzalayıb. Qeyd etdiyi MTK müqaviləyə əsasən dərhal işə başlamalı olduğu halda 3 ay müddətində vaxt keçməsinə baxmayaraq, hələ də həmin binada heç bir iş görmür. O həmin MTK-nın rəhbərliyinə də müraciət etmişdir, lakin heç bir nəticə yoxdur. Onlar bildirirlər ki, binanın tikintisi 2025-ci ildə başa çatacaqdır. Bu isə onu qane etmir. Bundan əlavə, tikinti işləri davam etdirilməyən həmin binada hazırda 1 kv.m sahə 1000-1200 manata satılır. Qeyd edilənlərə əsasən belə hesab edir ki, Cavabdeh MMC ilə aralarında bağlanmış 16 sentyabr 2020-ci il tarixli müqavilə ləğv edilməli, onun ödədiyi 112000 manat, vurulmuş zərərə və əldən çıxmış faydaya görə 40000 manat, mənəvi zərərə görə, yəni bu iki il müddətində əsəb sisteminin pozulması ilə əlaqədar 32 dişi töküldüyü üçün dişlərinin bərpası üçün 10000 manat və əsəb sisteminin düzəldilməsi üçün 5000 manat, cəmi 15000 manat mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, bundan əlavə cavabdeh tərəfindən ona qarşı həmçinin dələduzluq cinayəti törədildiyindən bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş, iddia tələbinə uyğun izahat verərək, eləcə də bildirmişdir ki, mənzilə görə pul onun tərəfindən Cavabdeh MMC-nin idarə edən Tağı İbrahimova verilmişdir. Cavabdeh MMCnin rəhbərləri Tağı İbrahimov və onun oğlu Elşən İbrahimovdur. Bu şəxslər pulu almamış heç bir müqaviləyə möhür vurmurlar. Beləliklə, binada 2016-cı ildən bu günə qədər heç bir tikinti aparılmamışdır. Ona görə də, onun pulunun Cavabdeh MMC tərəfindən ödənilməsi və ona dəyən maddi və mənəvi ziyanın tam şəkildə ödənməsi məhkəmə tərəfindən təmin edilməlidir. Göründüyü kimi, mənzilin əvvəlki alıcısı deyilən şəxs ailə üzvü ilə 2020-ci ilin iyul ayında MMC-yə yazılı surətdə bildirmişdir ki, 2016-cı ildə bağlanmış müqavilə üzrə mənzilin MTK tərəfindən satılmasına etiraz etmir. MTK rəhbərliyi onunla razılaşdıqdan sonra gələcəkdə öz səhvlərini bağlamaq üçün iki ay sonra, yəni 2020-ci ilin sentyabr ayında qarşı tərəfədən həmin mənzilin onun adına sənədləşdirilməsi üçün notarial qaydada razılıq ərizəsi təkrarən almışlar. Bir şeyə fikir vermək lazımdır ki, notarial qaydada razılıq ərizəsi verilən zaman onun, yəni İddiaçı pasport seriyası və ünvanı tam yazılmamışdır. "xxxx" MTK-nın rəhbərinin etirazından da görünür ki, günü bu gün də, dövlət tərəfindən binanın “D” blokunun tikilməsinə icazə verilmir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun əsassız olduğundan rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı iddia ərizəsinə, iddia etdiyi pul vəsaitinin cəmiyyətə ödənilməsi barədə heç bir sənəd (ciddi hesabat biankı-qəbz) əlavə etməmişdir. Ona görə ki, o, Cavabdeh MMC-yə mənzilin alışı ilə bağlı pul ödəməmişdir. Göstərilən mənzil daha əvvəl X1 barter əsasında satılmışdır. X3 tikinti aparılan dövr verdiyi 84 000 manatlıq beton əvəzi olaraq həmin mənzili götürmüşdür. Sonra isə Xanalar Cəfərov həmin mənzili satmaq istəyirdi. Bir neçə dəfə cəmiyyətə də müraciət edərək, təcili pul lazım olduğunu, dəyərindən də ücüz qiymətə olsa da, evinin satılmasında köməklik göstərilməsini xahiş etmişdir. Nəhayət, X13 Hümbətovla birlikdə Cavabdeh MMC-nin Yasamalda tikilməkdə olan binasının ofisinə gələrək mənzili sonuncuya satdığını bildirmiş və razılıq ərizələrini təqdim etmişdir. Lakin həmin zaman mənzilin neçəyə satmasını Cavabdeh MMC-yə bildirməsə də, təəssüf hissi ilə bildirdi ki, təcili pul lazım olduğu üçün dəyərindən qat-qat ucuz satır. İddiaçı da, ofisdə olarkən bildirmişdi ki, “ucuz düşüb alıram, inşaallah nə vaxt tikilər evdi də durub orda”. Ümumiyyətlə həmin dövrdə COVİD 19 pandemiya dövrünün sonları olsa da, binalarda iş də zəif gedirdi, binadan ev satışı da demək olar ki, olmurdu, həm də nağd satış qəti dayanmışdı, tələbat demək olar ki, yox idi. Ancaq mənzili olan özü sata bilirdisə, cəmiyyət yeni payçı ilə müqavilə bağlayırdı, necə ki, hazırkı mənzillə bağlı olduğu kimi. Mənzillər yeni payçının adına rəsmiləşdirilən zaman mənzillərin tikilib payçıya təhvil verilməsini cəmiyyət öz öhtəsinə götürürdü. Mənzilin geri qaytarılması isə ancaq mənzil sahibinin razılığı ilə satışa çıxarılıb satıldıqdan sonra ona görə ödənilmiş pul məbləği əvvəlki payçıya qaytarılır. Cavabdeh MMC-nin rəhbərliyi də, İddiaçı, o, mənzili neçəyə aldığı məlum olmadığı üçün mənzilə dair müqavilənin şərtlərinə əsasən evinin özünün iştirakı ilə satılmasını təklif etsə də, razılaşmamışdır. Odur ki, hesab edir ki, hazırkı iddia təmin edilə bilməz, məhkəmə iddia ərizəsinin rədd edilməsi barədə qərar çıxarmalıdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, Cavabdeh MMC tərəfindən yarımçıq tikili formasında qalmış binanın tikintisi ilə əlaqədar olaraq "xxxx" MTK məsuliyyət daşımır və həmin yarımçıq tikili ilə əlaqədar onun davam etdirilməsi üçün heç bir rəsmi öhdəliyi yoxdur. Cavabdeh MMC-yə məxsus yarımçıq tikili X6 adlı şəxsə notarial qaydada alqısatqı yolu ilə satılmış və satıldıqdan sonra da orada hər hansı bir tikintiyə icazə verilməmişdir. Hesa edir ki, iddiaçı verdiyi pulunu ya "xxxx" MMC-nin köhnə rəhbərliyindən almalıdır, ya da ki, tikintiyə icazə verilərsə, yeni rəhbərliklə dəqiq araşdırma aparılaraq öz hüquqi həllini tapmalıdır. Hər bir halda bu iddianın "xxxx" MTK-ya heç bir aidiyyəti yoxdur, MTK heç bir fəaliyyət göstərmir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC (“Cəmiyyət”) ilə İddiaçı (“Payçı”) arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə”dən görünür ki, cəmiyyət "xxxx" MMC tərəfindən Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, “D” bloku, 14-cü mərtəbə, sahəsi 140 kv.m olan 93 saylı mənzili “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən göstərilən mənzilin ümumi dəyəri “Binanın tikintisi başa çatdıqdan sonra dəyəri müəyyənləşəcəkdir” məbləğində müəyyən olunur (mənzilin ümumi sahəsinin artıb azalmasına uyğun olaraq). İş materiallarında olan "xxxx" MMC-nin 16 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, “Payçı” adlanacaq vətəndaş İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan "xxxx" MMC-nə məxsus bina 1, “D” bloku, 14-cü mərtəbə, sahəsi 140 kv.m olan 93 saylı mənzilin tikinti dəyərini tam ödəmişdir və "xxxx" MMC-nə borcu yoxdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1342-Ş-22 saylı cavab məktubundan görünür ki, ərizəçinin müraciətinə əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" MMC ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, “D” bloku, 93 saylı mənzili 84 min AZN dəyərində "xxxx" müqavilə bağlamış, lakin MMC tərəfindən hazıradək müqavilədə göstərilən öhdəlik icra edilməmiş, yəni bina tikilməmişdir. Dəfələrlə ərizəçinin ödədiyi pul və dəymiş maddi, mənəvi zərər tələb olunsa da onun ödədiyi pul ona geri qaytarılmamışdır. Hazırda ərizəçi mənzildən imtina etməklə zərərini tələb edir. Qeyd olunan müqavilə üzrə MMC-nin öhdəliklərini icra etməməsi AR Mülki məcəlləsinin 23-cü fəsli ilə tənzimlənməklə mülki hüquqi məsələdir. Ona görə də, ərizəçinin məhkəmədə mülki iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, “Cəmiyyət” "xxxx" MMC tərəfindən Yasamal rayonu Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, “D” bloku, 14 mərtəbə, sahəsi 140 kv.m olan 93 saylı mənzil ona məxsusdur. O, bu günki günü mənzilin ödənilmiş pulunu geri tələb edir. Tağı İbrahimov deyib ki, tikintini "xxxx" MTK aparmalıdır və onun pulu onlar ödənilməlidir. Ona ərazidə mənzil gecikdirdiklərinə görə ödənilmiş pulunu geri qaytarılmasını Tağı İbrahimov onlara həvalə etmişdir. Ona görə də, Tağı İbrahimova verməli olduqları puldan 87 000 manat saxlayıb ona ödəməlidirlərəsiniz və 140 kv.m mənzil onun tərəfindən onlara qaytarılacaq. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış bildirişdən görünür ki, o, "xxxx" MMC tərəfindən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Ə.Əhmədov küçəsində tikilməkdə olan bina 1, D bloku, 14-cü mərtəbəsində yerləşən 93 saylı 140 kv.m olan mənzilin bu günə qədər tikilməmə səbəbilə mənzilin dəyərinin tam olaraq 112000 manat geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC (“Cəmiyyət”) ilə X3 (“Payçı”) arasında bağlanmış 18 oktyabr 2016-cı il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə”dən görünür ki, cəmiyyət "xxxx" MMC tərəfindən Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada, (D blokunda), 14-cü mərtəbədə, sahəsi 140 kv.m olan 93 saylı mənzili “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən göstərilən mənzilin ümumi dəyəri “Binanın tikintisi başa çatdıqdan sonra dəyəri müəyyənləşəcəkdir” məbləğində müəyyən olunur (mənzilin ümumi sahəsinin artıb azalmasına uyğun olaraq). İş materiallarında olan "xxxx" MMC-nin X1 verdiyi 18 oktyabr 2016-cı il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış binasında “D” bloku (bina-1), mərtəbə-14, sahəsi-140 kv.m, mənzil-93 olan 3 otaqlı mənzilin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur. İş materiallarında olan Cavabdeh MMC-nin 18 oktyabr 2016-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X1 bina 1, mərtəbə 14, mənzil 93, 140 kv.m, 3 otaqlı mənzil 84000,00 manatlıq dəyərində beton əvəzi olaraq verilmişdir. İş materiallarında olan X3 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada (D blokunda) 14-cı mərtəbədə, ona məxsus 3 otaqlı, 140 kv.m olan 93 saylı mənzili "xxxx" MMC-yə və ya qeyri şəxsə satılmasına etiraz etmir. İş materiallarında olan X2 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada (D blokunda) 14-cı mərtəbədə, həyat yoldaşı X1 məxsus 3 otaqlı, 140 kv.m olan 93 saylı mənzili "xxxx" MMC-yə və ya qeyri şəxsə satılmasına etiraz etmir. İş materiallarında olan X3 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış notarial qaydada təsdiq olunmuş 16 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında inşa edilmiş 1-ci binada (D blokunda) 14-cı mərtəbədə, ümumi sahəsi 140 kv.m olan 93 saylı mənzilin xx.xx.1965-ci il təvəllüdlü İddiaçı adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmir, razıdır, gələcəkdə bununla bağlı heç bir iddiası, tələbi və şikayəti olmayacaqdır. İş materiallarında olan məhkəmə qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ƏEM/A 07-188/23 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində yeni tikilən hündürmərtəbəli yaşayış binalarında 14- cü mərtəbədə yerləşən və müqaviləyə əsasən ümumi sahəsi 140 kv.m. olan təmirsiz (pod mayak) mənzillərin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 168.000 manat təşkil edir. Həmin mənzillərin 2020-ci il tarixinə bazar dəyəri 112.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci mad.). Qanunun yuxarıda göstərilən normalarının dispozisiyasına əsasən bağlanmış müqavilələr o şərtlər əsasında yerinə yetirilməlidir ki, tərəflər bu şərtlər əsasında razılığa gəlmişlər və bu şərtlər dəyişilməzdir. Ona görə də, müqavilənin qüvvəsi bir qayda olaraq onun iştirakçılarının öz öhdəliklərini tamamilə icra etməsi ilə bitir. Bununla yanaşı, qanunverici müqavilənin vaxtından əvvəl ləğv edilməsini də nəzərdə tutur. Lakin buna yalnız müəyyən əsaslar olduqda yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunun qeyd olunan normalarının tələblərindən göründüyü kimi, öhdəliyin yerinə yetirilməməsi dedikdə müqavilə şərtlərinin pozulması və ya lazımınca yerinə yetirilməməsi başa düşülür. İddiaçı tərəfındən irəli sürülmüş tələbdən görünür ki, o, Cavabdeh MMC ilə aralarında bağlanmış 16 sentyabr 2020-ci il tarixli "xxxx" müqavilənin ləğv edilməsini, həmin müqavilə əsasında Cavabdeh MMC-yə ödədiyi 112000 manat əsas məbləğin, vurulmuş zərərə və əldən çıxmış faydaya görə 40000 manat, mənəvi zərərə görə 15000 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Təqdim olunmuş materiallara əsasən hazırki iş üzrə tədqiqatın predmeti tərəflərin 16 sentyabr 2020-ci il tarixli podrat müqaviləsi ilə müəyyən olunmuş hüquq və vəzifələridir. Müqavilənin ləğv edilməsi barədə tələb irəli sürmüş tərəf sübut etməlidir ki, müqavilənin davam etdirilməsi ona əhəmiyyətli ziyan vura bilər. Məhkəmə iclasında tərəflərin izahatı və iş materialları ilə müəyyən olundu ki, mübahisələndirilən müqavilə 3 il əvvəl bağlansa da, mənzilin yerləşdiyi bina tikilib başa çatmamış, yarımçıq tikili vəziyyətində qalmışdır. Bundan əlavə, məhkəmə iclasında cavabdehin nümayəndəsi öz izahatlarında tikinti işlərinin tam həcmdə yerinə yetirilməsinin son vaxtı və evin istismara verilməsi vaxtı barədə məlumat verə bilmədi. Həmin hal iddiaçı üçün əhəmiyyətli ziyan kimi tanınmalıdır, belə ki, mənzilin tikintisinə onun tərəfindən qoyulmuş vəsait, ona hal-hazırda öz ölçüsünə və yerinə görə oxşar yaşayış sahəsi əldə etməyə imkan vermir. Eləcə də, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi və mənzili təhvil vermədiyi üçün mənzilə görə ödənilmiş məbləğin ona geri qaytarılması barədə cavabdehə bildiriş göndərmiş, cavabdeh tərəfindən iddiaçıya cavab verilmədiyindən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması, mənzilin tikilib təhvil verilməməsi halı təsdiq olunduğundan və cavabdehin bu hərəkətləri müqavilənin ləğv edilməsi üçün əsas olduğundan, iddia tələbi 16 sentyabr 2020-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. İddia tələbinin mənzil tikintisinə dair müqavilə üzrə cavabdehə ödənilmiş 112000 manat məbləğin geri qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu məbləğin həqiqətən də onun tərəfindən cavabdeh "xxxx" MMC-yə ödənilməsi barədə hər hansı yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Həmin məbləğ nə tərəflər arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli müqavilədə, nə də, cavabdeh tərəfindən iddiaçıya verilmiş maliyyə arayışında öz əksini tapmamışdır. Həmçinin iş materiallarında mənzilin tikintisinə görə iddiaçı tərəfindən cavabdeh MMC-yə qeyd olunan 112000 manat məbləğin ödənilməsini təsdiq edən hər hansı kassa mədaxil orderi də yoxdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, mənzilin əvvəlki payçısı olan X3 ilə cavabdeh "xxxx" MMC arasında "xxxx" MMC tərəfindən Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada, (D blokunda), 14-cü mərtəbədə, sahəsi 140 kv.m olan 93 saylı mənzilə dair 18 oktyabr 2016cı il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə” bağlanmış, Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli kassa mədaxil orderinin qəbzindən göründüyü kimi, X1 həmin mənzil 84000,00 manatlıq dəyərində beton əvəzi olaraq verilmiş, eləcə də, "xxxx" MMC tərəfindən Xanlar Cəfərova mənzilin ümumi dəyərinin tam ödənildiyi, borcu olmadığı barədə xx.xx.2016-cı il tarixli maliyyə arayışı verilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, mənzilin əvvəlki payçısı X3 notarial qaydada təsdiq olunmuş 16 sentyabr 2020-ci il tarixli ərizə ilə "xxxx" MMC-yə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında inşa edilmiş 1-ci binada (D blokunda) 14-cı mərtəbədə, ümumi sahəsi 140 kv.m olan 93 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra həmin mənzilə dair İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında kooperativ binada mənzil tikintisi haqqında 16 sentyabr 2020-ci il tarixli müqavilə bağlanmış və "xxxx" MMC tərəfindən İddiaçı tikinti dəyərinin tam ödənildiyi və borcunun olmadığı barədə eyni tarixli maliyyə arayışı verilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mənzil tikintisi müqaviləsi üzrə 112000 manat məbləğin ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi həmin məbləğin geri qaytarılması hissəsində qismən, yəni 84000 manat məbləğində təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş zərərə və əldən çıxmış faydaya görə 40000 manat vəsaitin cavabdehdən onun xeyrinə tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Əldən çıxmış faydanın tutulması qaydası və şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinin qaydaları ilə tənzimlənir ki, həmin qaydalara əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qanunun yuxarıda qeyd olunan normalarının mənasına görə əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı əldən çıxmış fayda ilə bağlı əsaslandırılmış sübutlarıı məhkəməyə təqdim etməmişdir. Ona görə də, həmin tələb hissəsində iddia təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin mənəvi ziyana görə 15000 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin qanunsuz hərəkətinin, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan və həmin tələbdə göstərilənlər məhkəmə araşdırması zamanı qismən sübuta yetirildiyindən iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDI : İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli "xxxx" müqavilə ləğv edilsin və həmin müqavilə əsasında Cavabdeh MMC-dən ödənilmiş 84.000 (səksən dörd min) manat pul tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh MMC-dən tutularaq Əmlak Ekspert Mərkəzi MMC-nin aşağıdakı hesabına köçürülsün: VÖEN: **********, Hesab N AZN: AZ30GUNA ********************, Bank: GUNAY Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-230/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-230/2023
22.05.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver