Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-380/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “girov müqaviləsinə xitam verilməsi, qızıl-zinət əşyalarının qaytarılması, mənəvi zərərin ödənilməsi və faizlərin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(007)- 3283/2019 saylı qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28 fevral 2018-ci il tarixli 939 nömrəli saxlanc girov müqaviləsinə xitam verilməsi, Cavabdeh QSC-dən 1 ədəd 10 qram çəkidə, 583 əyar, vahidinin qiyməti 38 manat olmaqla 380 manat dəyərində saat (şüşəsi yox), çəkisi 18 qram, 585 əyar, vahidinin qiyməti 38 manat olmaqla 5 ədəd üzük, cəmi qiyməti 684 manat, 12 qram çəkidə, 750 əyar, vahidinin qiyməti 48 manat olmaqla cəmi 576 manat olmaqla 1 ədəd sırğa və 4,8 qram çəkidə, 750 əyar, vahidinin qiyməti 225.6 manat olmaqla 1 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarının alınaraq ona qaytarılması və mənəvi zərərə görə 500 manat, qeyri-qanuni hesablanmış 1175 manat faizlərin silinməsi, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(007)- 3283/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 28 fevral 2018-ci il tarixli 939 nömrəli girov müqaviləsi üzrə 10 qram çəkidə, 583 əyar, vahidinin qiyməti 38 manat olmaqla 380 manat dəyərində saat (şüşəsi yox), çəkisi 18 qram, 585 əyar, vahidinin qiyməti 38 manat olmaqla 5 ədəd üzük, cəmi qiyməti 684 manat, 12 qram çəkidə, 750 əyar, vahidinin qiyməti 48 manat olmaqla cəmi 576 manat olmaqla 1 ədəd sırğa və 4,8 qram çəkidə, 750 əyar, vahidinin qiyməti 225,6 manat olmaqla 1 ədəd üzükdən ibarət qızıl əşyalarının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh QSC-dən alınaraq İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, qızıl əşyalarının qaytarılmasının İddiaçı 28 fevral 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1865 manat məbləğində əsas kredit borcunu Cavabdeh QSC-yə ödəməsi ilə eyni vaxtda icra olunması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, İddiaçı 4 üzük əvəzinə 5 üzük tələb etmə şikayətinin qəbul olunmaması, İcra və Probasiya Şöbəsinin girovlar barədə Akt-nın nəzərə alınması və qalıq borcun düzgün göstərilməsi barədə Cavabdeh QSC-nin xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müştərimiz olan İddiaçı girov predmenti olaraq 28 fevral 2018 ci il tarixdə 12 ay müddətinə illki 48 % ödəmək şərtilə bağlanmış girov müqaviləsinə əsasən 1 ədəd saat -10 qr çəkidə, 583 əyar, vahidinin qiyməti 38 manat olmaqla 4 ədəd üzük, cəmi qiyməti 684 manat, 12 qr çəkidə 750 əyar, vahidinin qiyməti 48 manat olmaqla cəmi 576 manat olmaqla 1 ədəd sirqa və 4.8 qr çəkidə, 750 əyar, vahidinin qiyməti 225.6 manat olmaqla 1 ədəd üzük kreditin təminatı olaraq onun tərəfindən girov qoyulmuşdur. Girovun qiymətləndirilməsinə dair 1 saylı əlavədə texniki səhv nəticəsində 5 ədəd üzük göstərilsədə fakitiki olaraq girova cəmi 4 ədəd üzük qoyulmuşdur. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin girovlar barəsindəki AKT-da göstərilmişdir ki faktiki olaraq girov paketi açılarkən onun içərisindən 5 ədəd deyil 4 ədəd üzük olmuşdur. Bundan əlavə olaraq tələbkar İddiaçı itmiş olduğunu iddia etdiyi üzüyün nə çəkisini, nə formasını bilmir. Bu halda İddiaçı tələbi qəbul edilməməlidir. Bu tələbdə müştərinin qalıq borcu mübahisə predmenti deyil və qətnamədə müştərinin qalıq borcu onun krediti rəsmiləşdirilərkən ona ayrılmış 1865 manat olaraq göstərilmişdir. Halbuki müştərinin məhkəməyə müraciət etdiyi tarixdə - 11.09.2019-cu ildə onun kredit müqaviləsi üzrə qalıq borcu 1865 manat əsas, 770 manat faiz, 433.55 manat cərimə olaraq, cəmi 2903.68 manat olmuşdur. Qətnamədə müştərinin ya tam şəkildə həminki günə olan qalıq borcu yəni 2903 manat göstərilməlidir, ya da borc mübahisə predmeti olmadığı üçün ümumiyyətlə göstərilməməlidir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan işdə iddiaçı qətnamədən apellyasiya şikayəti verməsə də, cavabdeh isə qətnamənin tam ləğvini xahiş etməsə də mübahisənin predmeti bölünməz olduğundan baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 28 fevral 2018-ci il tarixli KR-8-939-2018 nömrəli kredit müqaviləsinə əsasən kreditor kredit alana 12 ay müddətinə 1865 manat məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə kreditora illik 48 faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatının həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan “Saxlanc girov müqaviləsi” № 939 ilə müəyyən olunması razılaşdırılmışdır. 28 fevral 2018-ci il tarixli 939 nömrəli saxlanc girov müqaviləsinə əsasən bu müqavilə üzrə girovla təmin edilən öhdəlik(lər) girov saxlayanla girov qoyan arasında bağlanmış 28 fevral 2018-ci il tarixli KR-8-939 nömrəli kredit müqaviləsindən əmələ gələn mövcud, həm də girov saxlayanla girov qoyan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən, mövcud və gələcək kredit müqavilələrinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn girov saxlayanın girov qoyana qarşı olan qanunvericiliklə müəyyən edilən bütün pul tələbləridir. Girovun predmeti qızıl-zinət əşyalarıdır. Girov qoyan girov predmetini bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada girov qoyur. Girov predmeti müqavilənin bağlanması ilə eyni vaxtda saxlanc girovun qiymətləndirilməsinə dair 1 saylı Əlavəyə əsasən girov qoyan tərəfindən girov saxlayanın birbaşa (vasitəsiz) sahibliyinə verir, girov saxlayan tərəfindən isə girov predmeti girov qoyanın iştirakı ilə ağzı möhürlənib imzalanmış zərfə qoyularaq girov saxlayanın sahibliyində saxlanılır. 28 fevral 2018-ci il tarixli 939 nömrəli kredit müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən borcalan İddiaçı illik 48 faizlə, 12 ay müddətinə verilmiş 1865 manat məbləğində kreditin 28 mart 2018-ci il tarixdən başlayaraq 28 fevral 2019-cu il tarixədək ödənilməsi müəyyən edilmişdir. Faiz məbləği 891,42 manat olmaqla cəmi ödəniləcək məbləğ 2731,52 manat olmuşdur. X1, girov saxlayan Cavabdeh MMC-nin Əcəmi filialının direktoru X5 və qiymətləndirici X7 tərəfindən imzalanmış və MMC-nin “Memar Əcəmi” filialına məxsus möhürlə təsdiq edilmiş saxlanc girovun qiymətləndirilməsinə dair Əlavə 1-dən görünür ki, girovqoyan İddiaçı Hazim oğlunun Cavabdeh MMC-dən götürdüyü kreditə təminat olaraq girov kimi təklif edilmiş qızıl-zinət əşyalarının aşağıda qeyd edilmiş ölçüdə, çəkidə və dəyərdə olduğunu və onların iştirakı ilə saxlanca qəbul edildiyini təsdiqləyirlər: “Saat (şüşəsi yox) 61038-1 ədəd, çəkisi 10 qram, əyarı 583, vahidinin qiyməti manatla 38, cəmi qiyməti (manatla) 380”; “Üzük-5 ədəd, çəkisi 18 qram, əyarı 585, vahidinin qiyməti manatla 38, cəmi qiyməti (manatla) 684”; “Sırqa-1 ədəd, çəkisi 12 qram, əyarı 750, vahidinin qiyməti manatla 48, cəmi qiyməti (manatla) 576”; “Üzük-1 ədəd, çəkisi 4,8 qram, əyarı 750, vahidinin qiyməti manatla 47, cəmi qiyməti (manatla) 225,6”. Cəmi çəki 44,8 qram, cəmi qiymət (manatla) 1865,6. Cavabdeh MMC-nin mütəxəssisi, nəzarətçisi və ambardarı, o cümlədən girov verən tərəfindən imzalanmış və MMC-nin “Memar Əcəmi” filialına məxsus möhürlə təsdiq edilmiş GJN 290463 nömrəli girov biletindən görünür ki, 28 fevral 2018-ci il tarixdə 1865,6 manat dəyərində girov qəbul edilmiş, X3 1865 manat məbləğində kredit verilmişdir. Girov verilən əşyalar - saat (şüşəsi yox) 61038 1 ədəd, üzük 5 ədəd, sırğa 1 ədəd, üzük 1 ədəd. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin iddianı təmin etmək üçün tədbirlər görülməsinə dair 13 sentyabr 2019-cu il tarixli qərardadını icra edən Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmurları Murad Xudaverdiyevin, Ceyhun Hidayətlinin, Cavabdeh QSC-nin Əcəmi filialının müdiri Taleh Salahovun, ekspert zərgərqiymətləndirici Elmir Abdinovun, hal şahidləri Samir Abbasovun və Cavid Fərəczadənin iştirakları ilə tərtib olunmuş 27 sentyabr 2019-cu il tarixli aktın surətindən görünür ki, icra sənədinin icrası ilə əlaqədar qeyd olunan ünvana gəlmişlər. Onların və qızıl-zinət əşyaları üzrə mütəxəssisin iştirakları ilə icra sənədində qeyd olunan qızıl-zinət əşyalarının olduğu bağlama açılmışdır. Bağlamanın içərisindən 1 ədəd 10 qram çəkidə 583 əyar şüşəsi olmayan saat, 1 ədəd 12 qram çəkidə 750 əyar sırğa, 1 ədəd 4,8 qram çəkidə 750 əyar üzük, 4 ədəd 18 qram çəkidə 585 əyar üzük çıxmışdır. Filialın müdiri T.Salahov bildirmişdir ki, qızıl-zinət əşyaları onlar tərəfindən saxlanca qəbul olunduğu zaman tərtib olunan aktda 585 əyar olan üzüklərin sayı mexaniki olaraq 4 əvəzinə 5 yazılmışdır. Lakin həmin üzüklərin çəkisi aktda və icra sənədində göstərilənlərlə eynilik təşkil edir. Qızıl-zinət əşyaları tərəflərinən yenidən qablaşdırılmış, icra sənədinin mahiyyəti izah olunaraq saxlanılmaıs üçün Cavabdeh QSC-yə təhvil verilərək məsuliyyətləri izah olunmuşdur. Cavabdeh QSC-nin 12 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 28 fevral 2018-ci il tarixdə QSC-dən EC0002638-18 nömrəli lizinq müqaviləsinə əsasən 1865 manat maliyyə lizinq krediti götürmüşdür. Həmin kredit üzrə o, 12 noyabr 2019-cu il tarixədək faiz borcu qismində 770 manat, cərimə borcu qismində 70 manat olmaqla cəmi 840 manat ödəniş etmiş, əsas borcdan ödəniş etməmişdir. İddiaçı müqavilə üzrə əsas borcu 1865 manat, faiz borcu 756,81 manat, cərimə borcu 433,55 manat olmaqla, cəmi 3055,36 manatdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia edən tərəf olaraq üzərinə düşən vəzifəni icra edərək cavabdehə göstərilən sayda, çəkidə və adda qızıl əşyalarını girov qoyduğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etmişdir. Həmin sübutlar məhz cavabdeh tərəfindən verildiyinə görə burada, artıq iddiaçı əlavə sübutetmədən azaddır. Cavabdeh tərəfin irəli sürdüyü dəlillərin, o cümlədən cavabdehin nümayəndəsinin, iddiaçının üzüyün mövcudluğunu təsdiq edən bir sübut təqdim etmədiyinə dair dəlilinin əsası yoxdur, cavabdehin müvafiq səlahiyyətli şəxslərinin özlərinin iddiaçıya təqdim etdikləri girov biletində, saxlanc girovun qiymətləndirilməsinə dair Əlavə 1-də əksini tapmış sübutlar mötəbər sübut qismində qəbul edilməli, bu hal cavabdehin riski kimi qiymətləndirilməli, iddia həmin hissədə əsaslı hesab olunaraq təmin edilməli, girov qoyulmuş qızıl əşyalar tam şəkildə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Həmin Məcəllənin 300.0.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu girov növlərindən biridir. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 302.5-ci maddəsinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Həmin Məcəllənin 302.6-cı maddəsinə əsasən lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən girova aşağıdakı hallarda xitam verilir: girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; Mülki Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə; əgər girov qoyan Mülki Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya məhv olduqda və ya girov qoyulmuş hüquqa xitam verildikdə; tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda. Həmin Məcəllənin 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, işdə girova xitam verilməsi və girova qoyulmuş əşyaların iddiaçıya geri qaytarılması üçün əsas mövcud deyildir. 28 fevral 2018-ci il tarixli 939 nömrəli saxlanc girov müqaviləsinin 5.3.3-cü maddəsinə əsasən girov ilə təmin edilən öhdəliyə tam icra ilə əlaqədar xitam verildikdə və (və ya) tərəflər bu öhdəliyə xitam verilməsi barədə razılığa gəldikdə, girov predmetini bu Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada “girov qoyan”a qaytarır və girova xitam verildiyi barədə “girov qoyan”a qanunvericilikdə nəzərdə tutulan hallarda isə müvafiq icra hakimiyyəti orqanına təsdiqedici sənədləri təqdim edir. Hazırkı işin hallarından görünür ki, iddiaçı girovla təmin olunmuş öhdəliyi tam icra etməmişdir. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2020-ci il tarixli 9/4111 saylı ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 28 fevral 2018-ci il tarixli, KR-8-939-2018 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə İddiaçı banka olan borcu aşağıdakı kimi müəyyən olunur, 28.02.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixə) 1983, 76 manat əsas borc üzrə 1860,79 manat, faiz borcu üzrə 122,97 manat. Tərəflər arasında bağlanmış 28 fevral 2018-ci il tarixli KR-8-939-2018 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra 28.03.2019-cu il tarixdə 70,00 manat məbləğində ödəniş olmuşdur. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspert rəyi ilə iddiaçının 28 fevral 2018-ci il tarixli, KR-8-939-2018 nömrəli kredit müqaviləsi üzrə 1860,79 manat əsas, 122,97 manat faiz borcunun olduğu müəyyən olunur. Borcun tam ödənilməsi öz təsdiqini tapmadığından girov qoyulan qızılların geri qaytarılması üçün heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən də, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Kollegiya iddia tələbinin “28 fevral 2018-ci il tarixli 939 nömrəli saxlanc girov müqaviləsinə xitam verilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış həmin müqavilə 12 ay müddətinə bağlanmışdır və 28 fevral 2019-cu il tarixdə müqavilənin müddəti bitmişdir. Qüvvədə olmayan müqaviləyə xitam verilməsi üçün əsaslar yoxdur, ona görə iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “1175 manat faizlərin silinməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbinin təmin olunması üçün əsaslar mövcud deyil. Mənəvi ziyanın tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı mənəvi zərərlə bağlı iddia tələbinin əsaslılığına dair, yəni özünə mənəvi zərər vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kollegiya qeyd edir ki, iddiaçının müqavilə üzrə borcunun olmasına baxmayaraq birinci instansiya məhkəməsi qızıl əşyalarının qaytarılması barədə gəldiyi nəticə əsaslı olmamışdır, eyni zamanda qızıl əşyalarının qaytarılmasının borcun ödəməsi ilə eyni vaxtda icra olunması hissəsində iddia tələbindən kənara çıxmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(007)- 3283/2019 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2(103)-380/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-380/2021
02.02.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver