Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4826/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Qlobal-SF” MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdehnə və "xxxx" MTK-ya qarşı “müqavilənin ləğv edilməsi, ödənilmiş pul vəsaitinin geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 230/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli "xxxx" müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh MMC-yə nağd olaraq ödədiyi 112000 manat pulun, vurulmuş zərərə və əldən çıxmış faydaya görə 40000 manat pulun, cəmi 152000 manat pul vəsatinin cavabdehdən alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını, məhkəmə işə baxarkən tərəflərin və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkara çıxarsa, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı sonradan, cavabdehlər Cavabdeh MMC-yə və "xxxx" MTK-ya qarşı iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh MMC binanın tikintisinin davam etdirilməsi məqsədi ilə "xxxx" MTK ilə müqavilə imzalamış, sonuncu isə həmin müqaviləyə əsasən dərhal işə başlamalı olduğu halda 3 ay müddətində vaxt keşməsinə baxmayaraq binada heç bir iş görməmişdir. O, həmin MTK-nın rəhbərliyinə də müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Ona bildirmişlər ki, binanın tikintisi 2025-ci ildə başa çatacaqdır. Bu isə onu qane etmir. Bundan əlavə tikinti işləri davam etdirilməyən həmin binada hazırda 1 kv.m. sahə 1000-1200 manata satılır. Qeyd edilənlərə əsasən, məhkəmədən onunla Cavabdeh MMC arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli "xxxx" müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh MMC-yə nağd olaraq ödədiyi 112000 manat əsas məbləğin, vurulmuş zərərə və əldən çıxmış faydaya görə 40000 manat, mənəvi ziyana görə 15000 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16 sentyabr 2020-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov küçəsində tikilməkdə olan yaşayış binasının “D” bokunun 14-cü mərtəbəsində yerləşən, sahəsi 140 kv.m. təşkil edən, 3 otaqlı, 93 saylı mənzilin alqı-satqısına dair cavabdeh MMC-nin direktoru X6 ilə müqavilə bağlamışdır. O, müqavilə bağlayarkən görmüşdür ki, binanın 4cü mərtəbəsinin tikintisi başa çatdırılıb. Onu MMC-nin dirtektoru Eldar Yusifov əmin edib ki, ən geci 2 il müddətinə binanın tikintisi tam başa çatdırılacaq. Bu səbəbdən o, müqavilə əsasında aldığı mənzilin dəyərini, yəni 112000 (yüz on iki min) manat məbləğində pulu MMC-yə tam ödəmişdir. Mənzilin dəyərini ödəməyi barədə Cavabdeh MMC-nin direktoru Eldar Yusifovun imzaladığı və möhürlə təsdiq etdiyi 16 sentyabr 2020-ci il tarixli maliyyə arayışı verilmişdir. Həmin arayışda göstərilir ki, onun aldığı 93 saylı mənzilin dəyərini tam ödəmişdir və MMC-yə borcu yoxdur. O, mənzilə dair müqavilə bağladıqdan və həmin mənzilin dəyərini tam ödədikdən sonra ona məlum olmuşdur ki, mənzil aldığı binada tikinti işləri hələ 2016-cı ildən dayandırılmışdır. Ancaq mənzilə dair alqı-satqı müqaviləsi imzalanarkən MMC-nin direktoru bu barədə ona məlumat verməmiş, əksinə bildirmişdir ki, müqavilə imzalanandan sonra 2 il müddətinə binanın tikintisi tam başa çatdıralacaqdır. Bu səbəbdən o, ödədiyi pul məbləğinin geri qaytarılması xahişi ilə dəfələrlə MMC-nin direktoruna müraciət etmiş, onların ünvanlarına teleqramlar vurmuşdur. Ancaq heç bir müsbət nəticəyə nail olmamışdır. Bu zaman başa düşmüşdür ki, MMC tərəfindən aldadılmışdır. Bundan əlavə, mənzil onun adına rəsmiləşdirilən zaman bu məsələ ilə bağlı X9 ondan əlavə olaraq 3000 (üç min) manat məbləğində pul almışdır. Sonra bilmişdir ki, ondan alınan 3000 manat pul qeyri-qanunidir. Bundan əlavə, 2022-ci ilin avqust ayında öyrənmişdir ki, Cavabdeh MMC binanın tikintisinin davam etdirilməsi məqsədi ilə "xxxx" MTK ilə müqavilə imzalamışdır. Qeyd etdiyi MTK müqaviləyə əsasən dərhal işə başlamalı olduğu halda 3 ay müddətində vaxt keçməsinə baxmayaraq, hələ də həmin binada heç bir iş görməmişdir. O həmin MTK-nın rəhbərliyinə də müraciət etmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Ona bildirmişlər ki, binanın tikintisi 2025-ci ildə başa çatacaqdır. Bu isə onu qane etmir. Bundan əlavə, tikinti işləri davam etdirilməyən həmin binada hazırda 1 kv.m sahə 1000-1200 manata satılır. Qeyd edilənlərə əsasən belə hesab edir ki, Cavabdeh MMC ilə aralarında bağlanmış 16 sentyabr 2020-ci il tarixli müqavilə ləğv edilməli, onun ödədiyi 112000 manat, vurulmuş zərərə və əldən çıxmış faydaya görə 40000 manat, mənəvi zərərə görə, yəni bu iki il müddətində əsəb sisteminin pozulması ilə əlaqədar 32 dişi töküldüyü üçün 10000 manat və əsəb sisteminin düzəldilməsi üçün 5000 manat, cəmi 15000 manat mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, bundan əlavə cavabdeh tərəfindən ona qarşı həmçinin dələduzluq cinayəti törədildiyindən bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələblərini qəbul etməyərək, iddiaya etiraz ərizəsi təqdim etmiş, izahatında həmçinin göstərmişdir ki, iddiaçı mübahisəli mənzilə görə MMC-yə ödədiyini iddia etdiyi 112000 manat pul vəsaitinə dair məhkəməyə heç bir sənəd (ciddi hesabat blankı, qəbz və s.) təqdim etməmişdir. İddiaçı ümumiyyətlə Cavabdeh MMC-yə mənzilin alışı ilə bağlı pul ödəməmişdir. Göstərilən mənzil daha əvvəl X3 barter əsasında satılmışdır. Belə ki, X5 tikinti aparılan dövr verdiyi 84000 manatlıq beton əvəzi olaraq həmin mənzili əldə etmişdir. Sonra isə Xanlar Cəfərov həmin mənzili satmaq istəyini bildirmiş, bir neçə dəfə cəmiyyətə də müraciət edərək, təcili pul lazım olduğunu, dəyərindən ücüz qiymətə olsa da, mənzilin satılmasında köməklik göstərilməsini xahiş etmişdir. Nəhayət, Xanlar Cəfərov iddiaçı ilə birlikdə Cavabdeh MMC-nin Yasamalda tikilməkdə olan binasının ofisinə gələrək mənzili sonuncuya satdığını bildirmiş və razılıq ərizələrini təqdim etmiş, lakin həmin zaman mənzilin hansı qiymətə satmasını Cavabdeh MMC-yə bildirməmiş, təcili pul lazım olduğu üçün dəyərindən ucuz satdığını qeyd etmişdir. İddiaçı da, ofisdə olarkən bildirmişdi ki, “ucuz düşüb alıram, inşaallah nə vaxt tikilər evdi də durub orda”. Ümumiyyətlə həmin dövrdə COVİD-19 pandemiya dövrünün sonları olsa da, binalarda iş zəif gedirdi, binadan ev satışı da demək olar ki, olmurdu, həm də nağd satış qəti dayanmışdı, tələbat demək olar ki, yox idi. Ancaq mənzili olan özü sata bilirdisə, cəmiyyət yeni payçı ilə müqavilə bağlayırdı, necə ki, hazırkı mənzillə bağlı olduğu kimi. Mənzillər yeni payçının adına rəsmiləşdirilən zaman mənzillərin tikilib payçıya təhvil verilməsini cəmiyyət öz öhtəsinə götürürdü. Mənzilin geri qaytarılması isə ancaq mənzil sahibinin razılığı ilə satışa çıxarılıb satıldıqdan sonra ona görə ödənilmiş pul məbləği əvvəlki payçıya qaytarılır. Cavabdeh MMC-nin rəhbərliyi də, iddiaçıya, mənzili özünün iştirakı ilə satılmasını təklif etsə də, razılaşmamışdır. Odur ki, hesab edir ki, hazırkı iddia təmin edilə bilməz. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(009)-230/2023 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli "xxxx" müqavilə ləğv edilərək, həmin müqavilə əsasında Cavabdeh MMC-dən ödənilmiş 84000 (səksən dörd min) manat pul tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri kimi 200 (iki yüz) manat pulun Cavabdeh MMC-dən tutularaq Əmlak Ekspert Mərkəzi MMC-nin hesabına köçürülməsi (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA ********************, Bank: GUNAY Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22) qət edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin qismən, yəni iddianın təmin olunmayan hissələrində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı X5 (mübahisə predmeti olan mənzilin əvvəlki sahibi) müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin qismən, yəni iddianın təmin olunmayan hissələrində əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, mənzilin dəyəri barədə işdə olan qiymətləndirmə rəyinin nəzərə alnmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini, iddia tələblərinin tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, mənzilin əvvəlki sahibi olmuş X5 mənzildən imtina etmiş, bu səbəbdən də cavabdeh MMC həmin mənzili ona 112000 manat satmışdır. O, həmin pulu bilavasitə cavabdeh MMC-yə ödəmiş, sonuncu tərəfindən ona maliyyə arayışı verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş qiymətləndirmə zamanı müəyyən olunmuşdur ki, həmin dövrdə mənzilin dəyəri məhz 112000 manat, hazırda isə 168000 manat təşkil etmişdir. Belə olan halda isə cavabdehdən yalnız 84000 manat pulun tutulması düz deyildir. Bundan əlavə ona maddi və mənəvi zərər də dəymiş, mənəvi sarsıntı keçirmişdir. Birinci instansiya məhkəməsi bu halları da nəzərə almamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, mübahisəli mənzil daha əvvəl X3, sonuncunun tikinti aparılan dövrdə verdiyi 84000 manatlıq beton əvəzi olaraq verilmişdir. Sonra isə Xanlar Cəfərov həmin mənzilin iddiaçının adına rəsmiləşdirilməsi üçün MMC-yə müraciət etmiş, bu barədə notariat qaydasında təsdiq olunmuş müvafiq ərizə təqdim etmişdir. Mənzilin həmin şəxslər arasında hansı qiymətə satılmasından məlumatlı olmamışlar. MMC yalnız mənzilin əvəllki sahibinin müraciətinə əsasən müqaviləni iddiaçı ilə bağlamış, iddia tərəfindən MMC-yə hər hansı pul vəsaiti ödənilməmişdir. İddiaçı mənzili əldə edən zamanı bilirdi ki, tikinti işləri aparılmır, işlər hələ 2016-cı ildən dayanmışdı. Mənzil 84000 manatlıq beton əvəzi olaraq əvəllki sahibin adına rəsmiləşdirildiyindən və birinci instansiya məhkəməsi məhz həmin pul vəsaitinin MMC-dən tutulması nəticəsinə gəldiyindən qətnamədən apellyasiya şikayəti verməmişlər. Lakin, həmin pul vəsaitindən artıq pulun tutulması barədə apellyasiya şikayətinin dəlilləri ilə razı deyildir. Məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh tərəf qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz iddiaçının apellyasiya şikayəti həddində (iddianın təmin olunmayan hissələrində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mənəvi ziyanın rədd olunması hissədə ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, “D” bloku, 14-cü mərtəbə, sahəsi 140 kv.m olan 93 saylı mənzillə bağlı - 16 sentyabr 2020-ci il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə”nin bağlanması, həmçinin mənzilə görə iddiaçının borcunun olmaması barədə eyni tarixli maliyyə arayışının verilməsi işin mübahisə olunmayan hallarıdır. İşdə olan Bakı şəhəri Yasamal rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1342-Ş-22 saylı cavab məktubundan görünür ki, ərizəçinin müraciətinə əsasən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" MMC ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, “D” bloku, 93 saylı mənzili 84000 manat dəyərində "xxxx" müqavilə bağlamış, lakin MMC tərəfindən hazıradək müqavilədə göstərilən öhdəlik icra edilməmiş, yəni bina tikilməmişdir. Dəfələrlə ərizəçinin ödədiyi pul və dəymiş maddi, mənəvi zərər tələb olunsa da onun ödədiyi pul ona geri qaytarılmamışdır. Hazırda ərizəçi mənzildən imtina etməklə zərərini tələb edir. Qeyd olunan müqavilə üzrə MMC-nin öhdəliklərini icra etməməsi Mülki Məcəllənin 23-cü fəsli ilə tənzimlənməklə mülki hüquqi məsələdir. Ona görə də, ərizəçinin məhkəmədə mülki iddia qaldırmaq hüququ vardır. İşdə olan "xxxx" MMC (“Cəmiyyət”) ilə X5 (“Payçı”) arasında bağlanmış 18 oktyabr 2016-cı il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə”dən görünür ki, cəmiyyət "xxxx" MMC tərəfindən Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada, (D blokunda), 14-cü mərtəbədə, sahəsi 140 kv.m olan 93 saylı mənzili “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürür. İşdə olan "xxxx" MMC-nin X3 verdiyi 18 oktyabr 2016-cı il tarixli maliyyə arayışından və 18 oktyabr 2016-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X3 bina 1, mərtəbə 14, mənzil 93, 140 kv.m, 3 otaqlı mənzil 84000 manat dəyərində beton əvəzi olaraq verilmişdir, sonuncunun həmin mənzilə görə borcu yoxdur. İşdə olan X5 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış notariat qaydasında təsdiq olunmuş 16 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında inşa edilmiş 1-ci binada (D blokunda) 14-cı mərtəbədə, ümumi sahəsi 140 kv.m olan 93 saylı mənzilin xx.xx.1965-ci il təvəllüdlü İddiaçı adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmir, razıdır, gələcəkdə bununla bağlı heç bir iddiası, tələbi və şikayəti olmayacaqdır. İşdə olan X4 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada (D blokunda) 14-cı mərtəbədə, həyat yoldaşı X3 məxsus 3 otaqlı, 140 kv.m olan 93 saylı mənzilin satılmasına etiraz etmir. İşdə olan iddiaçının "xxxx" MTK-ya ünvanladığı 17 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı tikinti işlərinin gecikdirilməsi səbəbindən mübahisə predmeti olan mənzilə görə ödədiyi 87000 manat pulun ona qaytarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddia tələbinin mənzil tikintisinə dair müqavilə üzrə cavabdehə ödənilmiş 112000 manat məbləğin geri qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu məbləğin həqiqətən də onun tərəfindən cavabdeh "xxxx" MMC-yə ödənilməsi barədə hər hansı yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Həmin məbləğ nə tərəflər arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli müqavilədə, nə də, cavabdeh tərəfindən iddiaçıya verilmiş maliyyə arayışında öz əksini tapmamışdır. Həmçinin iş materiallarında mənzilin tikintisinə görə iddiaçı tərəfindən cavabdeh MMC-yə qeyd olunan 112000 manat məbləğin ödənilməsini təsdiq edən hər hansı kassa mədaxil orderi də yoxdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, mənzilin əvvəlki payçısı olan X5 ilə cavabdeh "xxxx" MMC arasında "xxxx" MMC tərəfindən Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada, (D blokunda), 14cü mərtəbədə, sahəsi 140 kv.m olan 93 saylı mənzilə dair 18 oktyabr 2016-cı il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə” bağlanmış, Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli kassa mədaxil orderinin qəbzindən göründüyü kimi, X3 həmin mənzil 84000,00 manatlıq dəyərində beton əvəzi olaraq verilmiş, eləcə də, "xxxx" MMC tərəfindən Xanlar Cəfərova mənzilin ümumi dəyərinin tam ödənildiyi, borcu olmadığı barədə xx.xx.2016-cı il tarixli maliyyə arayışı verilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, mənzilin əvvəlki payçısı X5 notarial qaydada təsdiq olunmuş 16 sentyabr 2020-ci il tarixli ərizə ilə "xxxx" MMC-yə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında inşa edilmiş 1ci binada (D blokunda) 14-cı mərtəbədə, ümumi sahəsi 140 kv.m olan 93 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra həmin mənzilə dair İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında kooperativ binada mənzil tikintisi haqqında 16 sentyabr 2020-ci il tarixli müqavilə bağlanmış və "xxxx" MMC tərəfindən İddiaçı tikinti dəyərinin tam ödənildiyi və borcunun olmadığı barədə eyni tarixli maliyyə arayışı verilmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən mənzil tikintisi müqaviləsi üzrə 112000 manat məbləğin ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi həmin məbləğin geri qaytarılması hissəsində qismən, yəni 84000 manat məbləğində təmin edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi vurulmuş zərərə və əldən çıxmış faydaya görə 40000 manat vəsaitin, həmçinin mənəvi ziyanın cavabdehdən tutulması hissələrində də əsassızdır və təmin edilməməlidir. Çünki, iddiaçı həmin hissələrdə iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından göründüyü kimi, tərəflər arasından mənzil tikintisi sahəsində müvafiq alqı-satqı və podrat münasibətləri yaranmış, cavabdeh 16 sentyabr 2020-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, “D” bloku, 14-cü mərtəbə, sahəsi 140 kv.m olan 93 saylı mənzili müəyyənləşdirilmüş müddətdə inşa edib iddiaçının istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. MM-nin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Göründüyü kimi, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Mülki Məcəllənin 752.1 və 762.1-ci maddələri). Podrat müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı). Qanunverici həmçinin podratçının işi qüsurla icra etdiyi təqdirdə, sifarişçinin hüquqi müdafiə vasitələrini açıqlamışdır. Məsələn, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (MM-nin 763, 764.1, 765, 766-cı maddələri). MM-nin 770-1.4-cü maddəsinə əsasən tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-nin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. MM-nin 575.1-ci maddəsinin tələbinə görə, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. İşin hallarından, eləcə də tərəflərin izahatlarından açıq-aşkar görünür ki, cavabdeh iddiaçı ilə bağladığı 16 sentyabr 2020-ci il tarixli müqavilə üzrə müvafiq podrat işini (mənzilin inşası) müəyyənləşdirilmiş müddət ərzində yerinə yetirməmiş, iddiaçının müraciətləri nəticə verməmişdir. Cavabdehin nümayəndəsinin də bildirməsinə görə, tikinti işləri hələ iddiaçı ilə müqavilə bağlanmamışdan əvvəl (təqribən 2016-cı ildən) yarımçıq qalmışdır və tikintinin hansı tarixdə başa çatacağı dəqiq bilinmir. Göründüyü kimi, cavabdeh 16 sentyabr 2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmişdir ki, bu da müqavilənin şərtlərinin əhəmiyyətli şəkildə pozulması ildə nəticələnmişdir. Belə ki, MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmçinin qeyd edilməlidir ki, MM-nin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: - bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; - öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; - xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında da müqaviləyə xitam, ləğvetmə və müqavilədən imtina anlayışlarına aydınlıq gətirərək vurğulamışdır ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Beləliklə, işin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı müqavilədən imtina etməkdə haqlı olmuş, bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etməkdə müvafiq subyektiv hüquqları yaranmışdır. İddiaçının müqavilədən imtina nəticəsində zərərlə bağlı tələbləri aşağıdakılardan ibarət olmuşdur: - 16 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-yə şəxsən ödədiyi 112000 manat pulun qaytarılması, - Vurulmuş maddi zərərə (əldən çıxmış faydaya) görə 40000 manat pulun cavabdehdən tutulması, həmçinin dəymiş mənəvi zərərin ödənilməsi İddiaçı ilk hissədə cavabdehə müqavilə üzrə məhz 112000 manat pul ödəməsini bildirərək, həmin məbləğdə pulun qaytarılmasını tələb etsə də, tələbini əsaslandıra və sübut edə bilməmişdir. Əksinə işdə olan sübutlardan görünür ki, mübahisəli mənzillə bağlı daha əvvəl X5 ilə cavabdeh "xxxx" MMC arasında 18 oktyabr 2016-cı il tarixli analoji müqavilə bağlanmış, mənzilin dəyərini kimi X.Cəfərovun MMC-yə verdiyi 84000 manat dəyərində beton əvəzi göstərilmişdir (bax: xx.xx.2016-cı il tarixli kassa mədaxil orderinin qəbzi). Bundan sonra, X5 notariat qaydada təsdiq olunmuş 16 sentyabr 2020-ci il tarixli ərizə ilə "xxxx" MMC-yə müraciət etmiş və həmin mənzilin iddiaçının adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Elə həmin tarixdə də, yəni 16 sentyabr 2020-ci il tarixdə tərəflər arasında eyni məzmunlu müqavilə bağlanmış, iddiaçının borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Göründüyü kimi, iddiaçı bilavasitə cavabdehə 112000 manat pul ödənilməsini təsdiq edə bilməmiş, eyni zamanda bu hal işdə olan sübutlarla da təkzib olunmuşdur. Bununla yanaşı, işdə olan iddiaçının "xxxx" MTK-ya ünvanladığı 17 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı tikinti işlərinin gecikdirilməsi səbəbindən mübahisə predmeti olan mənzilə görə ödədiyi 87000 manat pulun (iddiaçı iddia ərizəsində ondan əlavə olaraq 3000 manat pulun alınmasını qeyd etmiş, lakin bununla da bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir) qaytarılmasını tələb etmişdir. Eyni zamanda, işdə olan Bakı şəhəri Yasamal rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1342-Ş-22 saylı cavab məktubundan da görünür ki, ərizəçinin müraciətinə əsasən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" MMC ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, “D” bloku, 93 saylı mənzili 84000 manat dəyərində "xxxx" müqavilə bağlamış, lakin MMC tərəfindən hazıradək müqavilədə göstərilən öhdəlik icra edilməmiş, yəni bina tikilməmişdir. Bu səbəbdən də ərizəçiyə məhkəmədə mülki iddia qaldırmaq hüquqları izah olunmuşdur. Göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən (84000 manat) daha artıq pulun tutulmalı olmasını əsaslandıra və sübut edə bilməmişdir. İddiaçı işdə olan, X2 "xxxx" MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinə istinad edərək, sonuncunun mübahisəli mənzili "xxxx" MMC-yə və ya qeyri şəxsə satılmasına etiraz etməməsini göstərmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən dəlili ilə bağlı bildirir ki, həmin hal özüözlüyündə iddiaçının mübahisəli mənzilə görə cavabdehə 112000 manat pul ödəməsini anlamına gələ bilməz. Həmçinin, yuxarıda da qeyd edildiyi kimi, X5 notariat qaydada təsdiq olunmuş 16 sentyabr 2020-ci il tarixli ərizə ilə "xxxx" MMC-yə müraciət etmiş və həmin mənzilin iddiaçının adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmədiyini bildirmiş, məhz həmin gün də tərəflər arasında analoji müqavilə bağlanmışdır. X1 daha əvvəl ümumi formada ərizə yazması qəbul edilsə belə (həmin ərizə notariat qaydasında təsbiq olunmamış, eyni zamanda kserosurət formasında məhkəməyə təqdim edilmişdir), sonuncu sonradan notariat qaydasında təsdiq olunmuş ərizəsində mənzilin məhz iddiaçının adına rəsmiləşdirilməsi istiqamətində iradə ifadəsini bəyan etmişdir. İddiaçının digər dəlili işdə qiymətləndirici təşkilatın mübahisəli mənzilin dəyərinin 2020-ci ildə 112000 manat olması barədə rəyinin olması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası həmin hissədə də iddiaçının mövqeyi ilə razılaşmayaq, bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia etdiyi 112000 manat pulu cavabdeh MMC-yə ödəməsini sübut edə bilməmişdir. Belə olan halda həmin ərazidə analoji mənzillərin dəyəri barədə qiymətləndiricinin rəyi hazırki iddianın qanuni həlli baxımından xüsusi sübut əhəmiyyəti kəsb etmir. Eyni zamanda, işin hallarından (iddiaçının özü də bu halı inkar etmir) görünür ki, cavabdeh mübahisə predmeti olan yaşayış binasının inşasını hələ iddiaçı ilə müqavilə bağlamamışdan bir neçə il əvvəldən yarımçıq saxlamışdır. İddiaçının özü də bildirir ki, müqavilə bağlanan zamanı binanın yalnız 4-cü mərtəbəsi inşa olunmuş halda saxlanılmışdır, halbuki, iddiaçıya 14-cü mərtəbədən mənzil verilməli idi. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab eldir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olmaqla, qətnamənin ləğvinə və ya dəyişdirlməsinə əsas ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia – “vurulmuş maddi zərərə (əldən çıxmış faydaya) görə 40000 manat pulun cavabdehdən tutulması” hissədə də əsassız olmuş, iddia tələbini əsaslandıra və sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əldən çıxmış faydanın tutulması qaydası və şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinin qaydaları ilə tənzimlənir ki, həmin qaydalara əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qanunun yuxarıda qeyd olunan normalarının mənasına görə əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı əldən çıxmış fayda ilə bağlı əsaslandırılmış sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, həmin tələb hissəsində iddia təmin edilməməlidir. İddiaçı həmin hissədə tələbini ümumi sözlərlə əsaslandırmağa çalışmış, məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının özünün izahatı (bildirdikləri) də həmin hissədə iddianın əsaslı olması nəticəsinə gəlməyə imkan vermir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası iddianın mənəvi ziyanın tutulması hissədə iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Baxılan işdə məhkəmənin yuxarıdakı hüquqi mövqeyinə görə cavabdehin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində iddiaçının mənəvi iztirab keçirməsi, hüquqlarının müdafiəsi üçün müraciətlər etməsi və s. sarsıntılara məruz qalması şübhəsizdir. Belə olan halda, məhkəmə kollegiyası, pozuntunun xarakterini və ağırlıq dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, mənəvi ziyanın məbləğinin 2000 manat həddində müəyyən olunaraq, cavabdehdən tutulması ağlabatan, ədalətli və qanunidir. Bu səbəbdən də məhkəmə kollegiyası iddianı həmin hissədə qismən əsaslı hesab edir. Birinci instansiya məhkəməsi iddianı qeyd edilən hissədə tam rədd etməkdə haqlı olmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın mənəvi ziyanın rədd olunması hissədə ləğv olunmalı, cavabdehdən iddiaçının xeyrinə dəymiş mənəvi ziyana görə 2000 manat pul vəsaiti tutulmalı, iddia yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdehnə və "xxxx" MTK-ya qarşı “müqavilənin ləğv edilməsi, ödənilmiş pul vəsaitinin geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 230/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-230/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni iddianın mənəvi ziyanın rədd olunması hissədə ləğv edilsin, iddia həmin hissədə qismən təmin olunsun. Cavabdeh MMC-dən dəymiş mənəvi ziyana görə 2000 (iki min) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamə apellyasiya şikayətinə əsasən, yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4826/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4826/2023
17.10.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver