Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2308/2020 18.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Səmədovun sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” barədə məhkəmədə iddia qaldıraraq, onun uşaqları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi 23, 5 nömrəli mənzildə yerləşən 18 kv. metrlik otağa köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,o, cavabdeh ilə xx xxxx 2000-ci il tarixində ailə həyatı qurmuşdur. Birgə nikahdan Fidan və Amin adlı iki övladları olmuşdur. Səbail rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah ləğv edilmişdir. Cavabdehlə nikahları pozulanadək Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi 23, 5 nömrəli mənzildə yaşamışdırlar. Lakin indi cavabdeh onu və uşaqları orada yaşamağa qoymur. İddiaçının yaşamağa başqa yeri yoxdur. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun məzmunda ifadə verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1410/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, Səbail rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi 23, 5 nömrəli mənzildən istifadə hüququ tanınmış və sözügedən qətnamə apellyasiya instansiyasi məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarına əsasən, iddiaçı ilə cavabdeh xx.xx.2000-ci il tarixdə rəsmi olaraq ailə qurmuşlar və iddiaçı mübahisə predmeti - Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi 23, 5 nömrəli mənzilə gəlin köçmüş, tərəflərin birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 adlı uşaqları dünyaya gəlmişdir. İddiaçı mübahisəli mənzildə cavabdeh ilə birgə yaşamışdır. Tərəflər arasında nikah Səbail rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş və tərəflərin yetkinlik yaşına çatmayan uşaqların anaları Zeynəb İmamalıyevanın yanında qalması qət edilmişdir. İddiaçı mübahisə predmeti olan evə köçmək istəsə də, cavabdeh onu həmin evə buraxmır. Hazırda iddiaçının azyaşlı uşaqları ilə yaşamağa yeri yoxdur. Cavabdeh isə hazırki mübahisə predmeti olan mənzildə yaşayır. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia təmin olunaraq, iddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi 23, 5 nömrəli mənzilin iddiaçının cehiz əmlakları yerləşən 18 kvadrat metrlik otağına köçürülməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2011-cil tarixli qətnaməsindən də göründüyü kimi iddiaçının sözügedən mənzilə istifadə hüquqları tanınmışdır. Lakin buna baxmayaraq iddiaçının həmin hüquqların həyata keçirməsinə cavabdeh tərəfində maneələr yaradılır. Hazırkı mübahisədə fərdi yaşayış evindən (iqtisadi dəyərdən) cavabdeh yararlanaraq orada yaşadığı halda, həmin evdən cavabdehlə əvvəllər birgə yaşamış, məcburiyyət qarşısında oradan çıxmış və hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçərək yaşamaq tələbinin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi səbəbilə təmin edilməməsi qanunvericiliyin tələbinə və ədalət qaydasına uyğun olmazdı. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda -hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşılmalı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edilməlidir. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır Habelə, əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin müəyyən edilmiş hallarından o da görünür ki, mübahisə predmeti olan evdən çıxarılmış iddiaçının hazırda mülkiyyətində və ya qanuni istifadəsində onun ev şəraitində yaşama ehtiyacının təmin edəcək hər hansı başqa yaşayış sahəsi müəyyən edilməmişdir. Belə olan halda, iddiaçı, hüquqi vəziyyətindən asılı olmayaraq, iqtisadi dəyər kəsb edən, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi 23, 5 nömrəli mənzildən cavabdeh ilə birlikdə yararlanaraq orada yaşaması üçün həmin evə köçürülməlidir. Məhkəmə iddia tələbinin “uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi” hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin MM-in 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə, iddiaçı mübahisəli fərdi yaşayış evinə köçürülməsi tələbinin haqlı sayıldığını və qanunvericinin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçının azyaşlı uşaqları da onunla birlikdə sözügedən evə köçürülməlidir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia təmin olunmaqla, İddiaçı iki nəfər uşaqları - xx.xx.2000-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi 23, 5 nömrəli mənzilin iddiaçının cehiz əşyaları yerləşdiyi 18 kvadrat metrlik otağına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı iki uşaqları - xx.xx.2000-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzilin iddiaçının cehiz əşyaları yerləşdiyi 18 kvadrat metrlik otağına köçürülsünlər. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2308/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2308/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver