Məhkəmə qərarları › İş №2(009)-2312/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2312/2020

20.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2312/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2016-cı ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Dölvət X34 direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli 207K saylı əmri ilə onunla bağlanmaşı əmək müqaviləsinə xitam verilmişdir. Buna əsas kimi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və əmək vəzifələri kobud şəkildə pozması göstərilmişdir. O, indiyədək işində heç bir nöqsanlara yol verməmişdir, əmək vəzifələrini heç bir şəkildə pozmamışdır, barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Kənd Təsərrüfatı Nazirliyinin hansı səbəbə görə belə bir qənaətə gəlməsi ona məlum deyildir. Bu barədə o, açıqlama verilməsini xahiş etsə də, onun müraciəti cavabsız qalmışdır. Onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması üçün heç bir əsas yoxdur, o, işinə laqeyd münasibət göstərməmişdir, əksinə namusla və vicdanla yanaşmış, əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmiş, əmək vəzifələrini heç bir şəkildə pozmamışdır. Ona görə də onun həmin hərəkətinin əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirilməsi qanunsuz, əsassız və ədalətsizdir. Hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyindən, həmin Nazirliyin onun işdən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli 207K saylı əmri ləğv edilməli, o, tutduğu direktor vəzifəsinə bərpa olunmalıdır. Bundan başqa, məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin onun işdən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli, 207K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməklə onun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Dövlət X34 direktoru vəzifəsi üzrə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, o, 2016-cı ildən Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyinin Qusar Dövlət X34 direktoru vəzifəsində işləyir. Rayonda kifayət qədər nüfuzu var. Hər bir fermer özü aldığı subsidiyanın hesabını ona verməlidir. Rayonda monitorinq aparılmış və bunu yoxlayıb. Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyinin xx xxxxxxxx 2020-ci il tarixli 207K saylı əmri ilə onunla bağlınılmış əmək müqavləsinə xitam verilmişdir. Buna əsas kimi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini və əmək vəzifələrini kobud şəkildə pozmasını göstərilmişdir. Onu çağırdılar Nazirliyə və bildirmişlər ki, “ərizə yazın, Nazirlik sizinlə işləmək istəmir”. Monitorinqin nəticəsini ona göndəriblər. O, qeyd olunan nöqsanlara görə cavabdeh şəxs deyil. O, indiyədək işində heç bir nöqsanlara yol verməmişdir, əmək vəzifələrini heç bir şəkildə pozmamışdır, barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Kənd Təsərrufatı Nazirliyinin hansı səbəbə görə belə bir qənaətə gəlməsi ona məlum deyildir. O, 2015-ci ildən orada işləyir, aktda olan səhvlər bu ilindir. Operatorlar onların işçiləridir, sənədlər yoxlandıqdan sonra operator tərəfindən göndərilir. Operator həmin sənədləri yoxlamalıdır, onun isə öhdəliyi CPS-lə fermerin götürdüyü subsidiyanı yoxlasın. Subsidiya almaq üçün elektron qaydada daxil olan ərizə və məlumatlarda şübhəli məqamlar olarsa, operator yoxlayaraq buna aydınlıq gətirir. Ümumiyyətlə isə çarpaz qaydada yoxlamalar həyata keçirilir. Cavabdehin nümayəndəsi məhkəmədə guya onlar tərəfindən çarpaz yoxlamaların aparılmaması barədə izahat vermişdir. Hazırda işləmədiyi üçün çarpaz yoxlamaların nəticələrini əks etdirən hesabatların hamısını məhkəməyə təqdim edə bilmir. Lakin əlində olan bir neçə belə hesabatı məhkəməyə təqdim edir və cavabdehin bununla bağlı dediklərinin düzgün olmamasını bildirir. 17 min müraciətin yalnız 14 mininə müsbət cavab verilmiş və aparılan yoxlamalar nəticəsində düzgün olmayan məlumatlar aşkar edilməmişdir. o Həmkarların üzvüdür, aylıq əmək haqqından üzvlük haqqı tutulub. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, monitorinqin nəticəsini heç kim şübhəyə almır. Hər bir şəxsin öz məsuliyyəti var ki, işə vaxtında başlasın, qaydalara riayət etsin və s. Hər bir operator yanında bir şəxs olmalıdır ki, çarpaz şəkildə şübhə olanda gedib yerində yoxlasın. Bunu aşkar etmək direktora aid deyil. Onlar monitorinqin nəticəsindən narazı deyillər. İşin proseduru budur. Direktorun hər bir işçiyə görə məsuliyyəti yoxdur. Subsidiya almaqla bağlı 17min subyektin 3 mininin müraciətinə uyğunsuzluqla bağlı rədd cavabı verilmişdir. Operator daxil olan sənədləri vizual yoxlamalı, seçmə şəklində, doğruluğuna şübhə yarandıqda mərkəzin müvafiq texniki işçiləri vasitəsi ilə məlumatları yerində yoxlamalıdır. Qaydalara görə aqrar kredit subyekti subsidiya almaq üçün yanlış məlumat verdiyi aşkar olduqda növbəti illərdə həmin şəxsə subsidiyanın verilməsi kəsirlə olmalı, ya da imtina olunmalıdır. Göründüyü kimi qaydaların prinsipi və məzmununda bu proses zamanı yanlışıqların baş verməsi ehtimal edilir və baş verdikdə buna konkret reaksiya verilməsi qaydası nəzərdə tutulur. Proses zamanı cavabdeh tərəf subsidiya ayırma prosesində vəzifələrin səlahiyyət hədlərini aydın şəkildə açıqlaya bilməmişdir. İntizam tənbehinin ən son həddi işdən azad olunmalıdır. Bu öhdəliklərin yerinə yetirilməməsi, vəzifələrin kobud şəkildə pozulması kimi hallarda tətbiq olunmalıdır. Hazırki halda isə belə sərt intizam məsuliyyətinin tətbiq edilməsinə lüzum yox idi. Digər tərəfdən Əmək Məcəlləsinin tələblərinə əsasən işçinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunduğu təqdirdə Həmkarlar Təşkilatının razılığının alınması tələb olunur. Lakin belə bir razılıq alınmamış və bu hal işə bərpa əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı ilə xx xxx 2016-cı ildə işə qəbul olanda əmək müqaviləsi baglanılıb. Qusar rayon X24 struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək İddiaçı əmək funksiyaları kimi muəyyən edilmişdir və həmin müqaviləni iddiaçı şəxsən imzalamışdır. Pandemiya dövrundə butun əməkdaşların sərbəst hərəkət etməyə icazələri olub. 17 hektar bağ sahəsi olub və iddiaçı hər birinə seçmə üsülu ilə nəzarət etməsini bildirmişdir. Lakin onların əməkdaşları tərəfindən 3 gün müddətində aparılan yoxlama əsasında 12 fakt üzrə nöqsan aşkara çıxarılmışdır ki, bu monitoriq nəticəsində 247.185 manat məbləğində subsidiyanın artıq ödənilməsi müəyyən edilmişdir. Elşad müəllim işdən çıxandan sonra da monitorinqlər keçirilir, monitorinqin nəticəsindən asılı olaraq müvafiq orqanlara da müraciət olunacağı nəzərdə tutulur. Aşkara çıxarılan nöqsanlardan iddiaçının necə xəbəri olmayıb. Bütün aşkara çıxarılan nöqsanlara Elşad müəllim cavabdehdir. Növbəti yoxlamalar da aparılır və tədbir də görüləcək. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, operatorlar barəsində tədbir görülməsi üçün qurumun rəhbərliyinə göstəriş verilmişdir. Eyni zamanda iddiaçının işdən azad olunması zamanı həmkarların razılığının alınması tələb olunmur. Ona görə də belə bir razılıq alınmamışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi ilə İddiaçı arasında bağlanılmış 1221 saylı, xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin (kontaktın) kserosurətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Rayon Kənd Təsərrüfat İdarəsinin rəis vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin 2-ci maddəsinə əsasən müqavilə xx.xx.2016-cı il tarixdən 3 ay müddətinə bağlanmış, müqavilənin müddəti başa çatdıqdan sonra bir həftə ərzində tərəflərdən biri digər tərəfi xəbərdarlıq etməklə onu poza bilər. Əgər tərəflərdən heç biri, bu müqasiləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsinin müddəti daha üç ay uzadılır. Həmin müqavilənin 3.1-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı əmək funksiyası kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar rayon X25 struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək olmuşdur. İş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli 04Q nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin Əsasnaməsi təsdiq edilmişdir. Əsasnamənin 5.2-ci bəndinə əsasən, DAİM-nin (dövlət aqrar inkişaf mərkəzlərinin) fəaliyyətinə Nazir tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir. Həmin Əsasnamənin 5.6.1-ci bəndinə əsasən DAİM-nin direktoru fəaliyyəti təşkil edir və ona rəhbərlik edir. İş üzrə Kənd Təsərrüfat Nazirliyinin Daxili nəzarət və audit şöbəsi, Audit sektorunun baş məsləhətçisi Ramin Əhmədov, Nazirliyin Daxili nəzarət və audit şöbəsi, Audit sektorunun məsləhətçisi Vüsal Kərimov, Qusar Dövlət X34 direktoru İddiaçı, Aqrar Kredit və X17 və Uçot şöbəsinin, Daxili nəzarət və monitoriq sektorunun baş məsləhətçisi Orxan Cabbarov, Qusar Dövlət X34 Bitkiçilik sektorunun aparıcı məsləhətçisi Şamxal Nurmətov tərəfindən tərtib edilmiş: - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X35 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X10 (“xxxxxxxxxx” MMC) Həzrə kəndində ümumilikdə 115,39 ha-da alma və Girik kəndində ümumilikdə 85,79 ha-da alma bağlarının 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpaq sahələrinə baxış keçirilmiş və Girik kəndində bağın olmadığını, Həzrə kəndində isə cəmi 56,7 ha intensiv bağ olduğu müəyyən edilmişdir. Mövcud olan alma bağının əkin ilinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X35 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X11 Qullar kəndində ümumilikdə 19,67 ha-da qoz və Yeni Tahircal kəndində ümumilikdə 26,63 ha-da qoz bağlarının 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpan sahələrinə baxış keçirilmiş və Qullar kəndində cəmi 17 ha intensiv bağ, Yeni Tahircal kəndində isə bağın olmadığı müəyyən edilmişdir. Mövcud olan qoz bağının əkin ilinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X35 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X38 və X29 (“xxxxxx” MMC) Qalacıq kəndində ümumilikdə 11 ha, Yeni Həyat kəndində 18,52 ha və Aşağı Ləgər kəndində 75 ha bağlarının (alma, armud,heyva, gavalı, şaftalı, gilas) 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpan sahələrinə baxış keçirilmiş və Qalacıq, Yeni Həyat kəndlərində mövcud olan bağların intensiv bağ olmasına baxmayaraq 2017-2018-ci illərdə salındığı, Aşağı Ləgər kəndində mövcud olan bağlardan 14 ha alma, 5 ha armud, 9 ha şaftalı bağının intensiv olmasına baxmayaraq 2017-2018-ci illərdə salındığı müəyyən edilmişdir. Bəyan edilmiş bağların əkin ərazisinin və əkin ilinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X35 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X13 Yeni Həyat kəndində ümumilikdə 15,87 ha bağın (gilas, gavalı,heyva, qaysı) 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpan sahələrinə baxış keçirilmiş və 15,87 ha-da intensiv bağın olmasına baxmayaraq əkin ilinin 2016-2017-ci illərdə olduğu müəyyən edilmişdir. Mövcud olan bağların sahələrinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X35 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X26 (“xxxxxxxxxxx” MMC) Caqar kəndində ümumilikdə 44,24 ha bağın (gilas, şaftalı, alma, armud) 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpan sahələrinə baxış keçirilmiş və 44.24 ha-da intensiv bağın olmasına baxmayaraq əkin ilinin 2013-2017-ci illərdə olduğu müəyyən edilmişir. Mövcud olan bağların əkin sahələrinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X35 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X9 (“xxxxxxxxxxxx” MMC) Cadar kəndində ümumilikdə 22,7 ha bağın (gilas, alma) 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpan sahələrinə baxış keçirilmiş və 20 ha-da intensiv bağ (alma) olmasına baxmayaraq əkin ilinin 2016-2017-ci illərdə olduğu müəyyən edilmişdir. Mövcud olan bağların sahələrinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdü; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X35 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X27 (“xxxxxxx” MMC) Düztahir kəndində ümumilikdə 97,33 ha bağın (gilas, şaftalı,alma, gavalı, xurma, heyva və ərik) və Çiləgir kəndində ümumilikdə 10,75 ha bağın (heyva və armud) 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpaq sahələrinə baxış keçirilmişdir. Mövcud olan bağların əkin ilinin və əkin sahələrinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X35 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X26 (“xxxxxxxxxxx” MMC) Caqar kəndində ümumilikdə 44,24 ha bağın (gilas, şaftalı, alma, armud) 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpan sahələrinə baxış keçirilmiş və 44.24 ha-da intensiv bağın olmasına baxmayaraq əkin ilinin 2013-2017-ci illərdə olduğu müəyyən edilmişdir. Mövcud olan bağların əkin sahələrinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür. İş üzrə Kənd Təsərrüfat Nazirliyinin Daxili nəzarət və audit şöbəsi, Audit sektorunun baş məsləhətçisi Ramin Əhmədov, Nazirliyin Daxili nəzarət və audit şöbəsi, Audit sektorunun məsləhətçisi Vüsal Kərimov, Qusar Dövlət X34 direktoru İddiaçı, Aqrar Kredit və X17 və Uçot şöbəsinin, Daxili nəzarət və monitoriq sektorunun baş məsləhətçisi Orxan Cabbarov,Qusar Dövlət X34 Bitkiçilik sektorunun aparıcı məsləhətçisi Şamxal Nurmətov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almış fermerlərin X32 İnformasiya Sistemində (EKTİS) bəyan etdikləri əkinlərin və təsdiq edilmiş torpaq sahələrinin monitorinqi zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir:

1. X1 EKTİS-də keçirdiyi 2 ha torpaq sahəsinin (RX 0958055) 2 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növünü “sahibkarlıq” olsa da DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.

2. X3 EKTİS-də qeydiyyatdan keçirdiyi 10,1 ha torpaq sahəsinin (RX 1083097) 10,1 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növünü “Digər” olsa da, DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.

3. X4 EKTİS-də qeydiyyatdan keçirdiyi 3,4 ha torpaq sahəsinin (**********) 3,4 hektarında 1,7 ha torpaq sahəsinin (**********) 1,7 hektarında, 0,8 ha torpaq sahəsinin (RX 1285756) 0,8 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növünü “Digər” olsa da DAİM-nin əməkdaşları tərəfindən təsdiq edilmişdir.

4. X4 EKTİS-də qeydiyyatdan keçirdiyi 9,3 ha torpaq sahəsinin (RX 1182919) 9,3 hektarında 3,5 ha torpaq sahəsinin (RX 0789697) 3,5 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahələrinin məqsədli istifadə növü “Kənd təsərrüfat Məhsullarının İstehsalı” olsa da müvafiq arayış alınmadan DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.

5. X52 Mənsimovun EKTİS-də qeydiyyatdan keçirdiyi 1,44 ha torpaq sahəsinin (**********) 1,44 hektarında, 5,95 ha torpaq sahəsinin (**********) 5,95 hektarında əkin aparıldığı həyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü “Digər” olsa da, DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.

6. Vətəndaş Şöhrət Malik oğlu Məmmədovun EKTİS-də qeydiyyatdan keçirdiyi 4,5 ha torpaq sahəsinin (**********) 4,5 hektarında 4,1 ha torpaq sahəsinin (**********) 4,1 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü “Digər” olsa da DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.

7. X2 EKTİS-də qeydiyyatdan keçirdiyi 10 ha torpaq sahəsinin (RX 0080534) 10 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü “Örüş otlaq” olsa da DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.

8. X5 EKTİS-də qeydiyyatdan keçirdiyi 10 ha torpaq sahəsinin (RX 1323658) 10 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü “X12 İstehsalı” olsa da müvafiq arayış alınmadan DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.

9. Vətəndaş Rüfət Şövkət oğlu Məcidovun EKTİS-də qeydiyyatdan keçirdiyi 5 ha torpaq sahəsinin (RX 1084322) 5 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü “X18 İstehsalı” olsa da müvafiq arayış alınmadan DAİM-nin əməkdaşları tərəfindən təsdiq edilmişdir.

10. X8 EKTİS-də qeydiyyatdan keçirdiyi 3,3 ha torpaq sahəsinin (JN 0830) 3,3 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü “və sair sahələr” olsa da müvafiq arayış alınmadan DAİM-nin əməkdaşları tərəfindən təsdiq edilmişdir.

11. X6 EKTİS-də qeydiyyatdan keçirdiyi 2,5 ha torpaq sahəsinin (RX 1147443) 2,5 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü ”X12 İstehsalı” olsa da müvafiq arayış alınmadan DAİM-nin əməkdaşları tərəfindən təsdiq edilmişdir.

12. Qeyd edilən pozuntular barədə müvafiq izahat alnmışdır. İş üzrə üzrə Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli 207 K saylı əmrin kserosurətindən görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Qusar Dövlət X34 direktoru İddiaçı xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Qusar Dövlət X34 direktoru vəzifəsinin icrası müvəqqəti olaraq həmin mərkəzin direktor müavini - Maliyyə-təsərrüfat seektorunun müdiri X16 həvalə edilmişdir. Qusar Dövlət X34 direktoru vəzifəsini müvəqqəti icra edən A.M.Şalbuzova əmrin 1-ci bəndi ilə əlaqədar müəyyən olunmuş qaydada təhvil-təslim işlərinin aparılmasını və İddiaçı sonhaqq hesabın ödənilməsini təmin etməsi, A.M.Şalbuzova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq həvalə olunmuş vəzifə üzrə nəzərdə tutulmuş əmək haqqının 50%-i həcmində əlavə əmək haqqının ödənilməsinin təmin etməsi tapşırılmışdır. Əsas: Daxili nəzarət və audit şöbəsinin müdiri Fuad Mayılovun xx.xx.2020-ci il tarixli 06/H0-19 hesabatı və A.M.Şalbuzovun razılı ərizəsidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərar). Məhkəmələrdə müraciətlərə (şikayətlərə) baxılmasının prosessual qaydasını tənzimləyən Mülki Prosessual Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit edilmişdir. Həmin maddəyə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq hüquq aktlarında, o cümlədən “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələrində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində öz əksini tapmışdır. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Beləliklə, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin bibaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Rayon Kənd Təsərrüfat İdarəsinin rəis vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin 3.1-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı əmək funksiyası kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar rayon X25 struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli 207 K saylı əmri ilə iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Qusar Dövlət X34 direktoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Daxili nəzarət və audit şöbəsinin müdiri Fuad Mayılovun xx.xx.2020-ci il tarixli 06/H0-19 hesabatı və A.M.Şalbuzovun razılıq ərizəsi göstərilmişdir. Məhkəmə ilk növbədə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdeh orqan tərəfindən qanunda nəzərdə tutulmuş tələblərinə riayət edib-edilməməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. AR Əmək Məcəlləsinin 80-cı maddəsinini 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı həmkarlar ittifaqının üzvü olmuşdur və onunla əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqının qabaqcadan yazılı razılığı alınmamışdır. Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli 207 K saylı əmrindən də göründüyü kimi həmin əmr qəbul edilərkən həmkarlar təşkilatının hər hansı qərarına (razılığına) istinad olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 207 K saylı əmr əmək qanunvericiliyinin tələblərini pozulmaqla qəbul edildiyi üçün qanuni hesab edilə bilməz və bu səbəbdən də ləğv edilməlidir. Məhkəmə iddiaçı ilə bağlanlmış əmək müqaviləsinə xitam verilməsi üçün əsasların olubolmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikasınm Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasmm Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətldəndirən halları dəqiq şəkildə müəyyən edir. Bu hallardan bir neçəsi işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və ya əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsidir. Yəni işçinin əmək vəzifələrinin kobud şəkildə pozulma maddi ziyanın vurulması ilə nəticələnməlidir. Mülki qanunvericiliyə əsasən maddi ziyanın vurulması real olmalı və mötəbər sübutlarla təsdiq olunmalıdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda, həmçinin həmin aktın tərtib edilməsi üçün əsas olmuş digər aklarda aparılmış monitoringin nəticələri sənədləşdirilmiş və həmin aktlarda nöqsanlar göstərilmişdir. Lakin bu nöqsanlar nəticəsində işəgötürənə real maddi ziyanın vurulması və ya mənafeyinin pozulması müəyyən olunmur. Cavabdeh nümayəndəsi izahatında monitoriq nəticəsində 247.185 manat məbləğində subsidiyanın artıq ödənilməsinin müəyyən edilməsini göstərmişdir. Cavabdehin bu izahatı ilə bağlı məhkəmə qeyd edir ki. fermerlərə verilən subsidiyalar Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilir. Monitorinq nəticəsində aşkar edilmiş kənarlaşmalar barəsində fermerə SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Fermerə verilmiş və onun tərəfindən istifadə edilmiş subsidiyanın məbləği ilə monitorinq nəticəsində müəyyən edilmiş məbləğ arasındakı fərd sonradan fermer tərəfindən Agentliyə qaytarılır. Bu vəsait geri qaytarılmadınqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. Göründüyü kimi cavabdehin nümayəndəsinin maddi ziyan kimi göstərdiyi məbləğin ziyan kimi hesab edilməsi məsələsi özü mübahisəlidir. Digər tərəfdən bu ziyanı müəyyən edən qanuni qüvvəyə minmiş hər hansı məhkəmə qərarı da mövcud deyil. Bütün bu göstərilənlər iddiaçının hərəkətləri nəticəsində işəgötürənə hər hansı maddi ziyan vurulmaması barədə nəticəyə gəlməyə tam əsas verir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının öz əmək funksiyalarını və vəzifələrini kobud şəkildə pozulması faktı da məhkəmə araşdırması nətiəcsində öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsindən görünür ki, onun əmək funksiyaları müqavilənin 3.1-ci bəndində öz əksini tapmışdır. Cavabdehin nümayəndəsi etirazında göstərmişdir ki, iddiaçı əmək müqaviləsinin 3.1-ci bəndinin “a” yarımbəndi ilə müəyyən edilmiş əmək funksiyalarını icra etməmiş və “Azərbaycan Respublikasının Kənd TƏsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin Əsasnaməsi”nin tələblərindən irəli gələn vəzifələri düzgün yerinə yetirməmişdir. Əmək müqaviləsinin 3.1-ci bəndinin “a”yarımbəndinə əsasən iddiaçı Qusar rayon X25 rəisi kimi Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi ilə İdarənin struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək funksiyasını həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilsə də, iddiaçının konkret hansı əmək funksiyalarını və vəzifələrini lazımınca və düzgün icra etməməsi göstərilməmişdir. Digər tərəfdən monitorinqin nəticələri ilə bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda nöqsanların aşkar edilməsi göstərilsə də, bu nöqsanların birbaşa iddiaçının əmək funksiyaları və vəzifələri ilə bağlı olması ilə bağlı konkret sübutlar məhkəməyə təqdim olunmamışdır. Əmək qanunvericiliyin tələblərinə əsasən işçinin əmək funksiyalarının dairəsi əmək müqaviləsində dəqiq və birmənalı göstərilməlidir. Məhz bu səbəbdən də işçi ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən onun hansı əmək funksiyalırının pozulması konkret göstərilməli, pozuntu ilə baş vermiş hallarla əlaqə olmalıdır. AR Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Beləliklə yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, işçinin əmək funksiyalarını və ya vəzifələrinin pozulması o halda əsaslı hesab edilir ki, bu vəzifələr və ya funksiyalar əmək müqaviləsində konkret göstərilsin. Eyni zamanda əmək funksiyaların və vəzifələrin pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalı və bütün bunlar işəgötürənə maddi ziyanın vurulması, yaxud mənafeyinə ciddi xələl gətirilməsi ilə nəticələnməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçının rəhbərlik etdiyi idarədə monitorinqş nəticəsində nöqsanlar aşkar edilsə də, bu onun əmək funksiyalarının lazımınca yerinə yetirilməməsi və ya vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilə bilməz. Eyni zamanda hətta qəbul olunsa ki, aşkar edilmiş nöqsanlar iddiaçının öz əmək funksiyalarının lazımınca yerinə yetirilməməsi nəticəsində baş vermişdir, bu pozuntunun nəticəsində hər hansı maddi ziyanın vurulması faktı hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsiin “ç” bəndi ilə xitam verilməsi barədə qəbul edilmiş əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının işə bərpa tələbi əsaslı hesab edildiyi üçün, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələb də əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İddiaçı işdən azad olunması barədə xx.xx.2020-ci il tarixli 207 K saylı əmri ləğv edilsin, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Dövlət X34 direktoru vəzifəsinə bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar