Məhkəmə qərarları › İş №2(009)-2313/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2313/2020

19.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2313/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi T.Ə.Məmmədovanın iştirakı ilə İddiaçı Cavabdeh qarşı sahədən çıxarılma və əmlakı qanunsuz istifadədən geri tələb edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sahədən çıxarılma və əmlakı qanunsuz istifadədən geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, boşaldılması və geri tələb edilməsinə dair tələbin yönəldiyi tikili sahəsinin aid olduğu ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. Həm in bir otağının küçəyə açılan qapısı vardır və əvvəllər foto atelye kimi işlədilmiş, son illərdə isə qadın bərbəri salonu kimi istifadə olunur. Əvvəllər həmin sahənin icarə və işlədilməsinə xalası X5 baxırdı. Kirayə haqqı olaraq hər ay ona 300 manat verirdi. X4 vəfatından sonra, onunla işləyən qadın bərbəri Cavabdeh, salonu işlətməkdə davam etmiş, lakin hər dəfə bir bəhanə ilə kirayə haqqını ödəmir. Salondan çıxıb, boşaldılmasından da imtina edir. Sonuncunun iradəsinə zidd əmlakından istifadə etməsi kimi qanunsuz özbaşınalığı ilə bağlı şikayətinə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsində baxılmışdır. Cavabdeh salonla bağlı qeyd etdiklərini izahatında təsdiqlənmiş, eyni zamanda salonda tək çalışdığını və çıxmayacağını bildirmişdir. Məsələnin mülki xarakterli olduğu qənaəti ilə polis araşdırmanı dayandırmış, bu barədə arayış vermiş və mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Bundan sonra da cavabdehlə məsələni mübahisəyə çevrilmədən, həll etməyə çalışsa da, nəticəsi olmamışdır. Bu səbəbdən də məsələni məhkəmə qaydasında həll etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ona məxsus ünvan 2 ünvanda yerləşən mənzilinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahənin boşaldılıb, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, dəfələrlə cavabdehdən onların sahibliyində olan sahədən çıxarılması barədə bildirilsə də, cavabdeh həmin sahədən çıxmaqdan imtina etmişdir. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət olunmuşdur. Cavabdehə bildiriş çatdırıldıqdan sonra cavabdeh bildirmişdir ki, məhkəmə iclasında iştirak etməyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümyəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə 19 saylı MİS tərəfindən verilmiş mənzil kirayəçisi haqqında 19009 saylı məlumata əsasın İddiaçı Salyan yolu, dalan 3, 3 saylı özbaşına tikili olan evin xx.xx.2011-ci ildən kommunal xidmətlərinin ödəmək məqsədilə ərizəsi əsasında 28 saylı forma üzrə arayış tərtib edilmişdir. İş üzrə mənzil-kommunal xidməti üçün DĞM seriyalı 346304 nömrəli xx.xx.2011-ci tarixli mədaxil qəbzinin kserosurətindən görünür ki, Bakı şəhəri, Salyan yolu, dalan 3, ö/t 3A ünvan üzrə kommunal ödənişləri İddiaçı tərəfindən ödənilmişdir. İş üzrə Səbail rayonu, ünvan 4 ünvanında yaşayış X1 xx.xx.2020-ci il tarixli əizəsinin baxılmasına dair Səbail RPİ-nin 8-ci polis sahə inspektoru tərəfindən tərtib edilmiş arayışından görünür ki, ərizədə T.Məmmədova Salyan yolu, 3 ünvanında foto atelye kimi istifadə olunan yerinə ona məxsus olmasını bacısı rəhmətə getdikdən sonra oranın kimin istifadə etdiyini bilməməsini qeyd etmişdir. Araşdırma aparılmış və həmin yerdə gözəllik salonunda işləyən Cavabdeh izahatı alınmışdır. İzahatında o, 7-8 ildir ki, orada işlədiyini və Gülnarə Əliyeva adlı qadınla müqaviləsinin olduğunu, hazırda həmin qadının rəhmətə getməsi səbəbindən heç kimlə müqavilə bağlamadan işlədiyini bildirmişdir. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin rəisi adına yazılmış Cavabdeh izahatının surətindən görünür ki, o, 7-8 ildir ki, Salyan yolu, 3-də yerləşən qadın gözəllik salonunda tək işləyir. O, Gülnarə Əliyeva adlı qadınla müqavilə bağlamışdır. 2019-cu ildə Gülnarə Əliyeva rəhmətə getmişdir və bu səbəbindən o, heç kimlə müqavilə bağlamadan işləyir. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin rəisi adına yazılmış İddiaçı izahatların surətlərindən görünür ki, onun Səbail rayonu, Salyan yolu, 3a ünvanında evləri var, orada ona məxsus şəxsi yeri qadın atelyesi vardır. Həmin yeri anası və xalası Gülnarə işlədirdilər, oranı icarəyə Südabə adlı qadın götürüb işlədir. Xalası Gülnarə rəhmətə getmişdir. Hal-hazırda həmin yeri sənədləşdirib işlətmək istəyir. Xalası qızı Günay ona məxsus olan yerini işlətməyə imkan vermir, heç bir müqavilə olmadan ona məxsus olan yerini icarəyə verərək hər ay oradan 200 manat icarə pulu alır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 3-də yerləşən 3 saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidir və iddiaçıya məxsusdur. Həmin evin bir otağının əvvəllər foto atelye kimi işlədilmiş, son illər isə qadın salonu kimi istifadə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, həmin sahənin icarə və işlədilməsinə iddiaçının xalası Gülnarə Əliyeva məşğul olmuşdur və kirayə haqqı olaraq hər ay ona 300 manat pul vermişdir. Xalası vəfat edəndən sonra onunla işləyən Cavabdeh salonu işlətməkdə davam etmişdir, lakin kirayə haqqını ödəmir, həmçinin salondan çıxaraq onu boşaldılmasından da imtina edir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin əmlak onun faktiki sahibliyində olduğu üçün, onun pozulmuş hesab etdiyi hüquqlarının məhkəmə vasitəsi ilə bərpa edilməsini tələb etməyə subyektiv hüququ vardır. AR Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qeyd edilən Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 2 №-li «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Qərarının 15-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yalnız mülkiyyətində olan torpaq sahəsində tikilmiş özbaşına tikililər üzərində mülkiyyət hüququ məhkəmə tərəfindən tanına bilər. Özbaşına tutulmuş torpaqlarda inşa edilən tikililərin müqəddəratı torpaq sahəsi məxsus olan müvafiq icra hakimiyyəti orqanları və yaxud bələdiyyələr tərəfindən həll edilir. AR Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır(maddə 4.2). AR Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «…İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.» Məhkəmə Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, iddiaçı həmin əmlak faktiki sahibilyi həyata keçirən şəxs kimi həmin əmlak üzərində pozulmuş hüquqlarının bərpasını tələb etməkdə tam haqlıdır. Digər tərəfdən AR Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Qeyd edilən Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin əmlakla bağlı hər hansı tələb irəli sürməni məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, iddiaçıya hazırki tələblə çıxış etməyə mane deyil. AR Mülki Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Qeyd edilən Məcəllənin 158.1-ci maddəsiən əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən bu hüquqların xüsusiyyəti ondadır ki, onlar mülkiyyətçi olmayan şəxslərə də mənsub olurlar. Mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçının istifadəsində olan sahənin şifahi qaydada razılaşdırılma əsasında icarəyə götürmüş, həmin razılaşma iddiaçının xalası olan mərhum Gülarə Əliyeva ilə həyata keçirilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının xalası G.Əliyevanın vəfatından sonra cavabdeh əmlakdan istifadə etsə də, əvvəllər icarəçi kimi işlətdiyi əmlaka dair icarə haqqını ödəmir. AR Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (maddə 700.2). Qeyd edilən Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Göstərilən Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (mad.337.1). Göründüyü kimi qanunvericilik tərəflər arasında icarə münasibətinin yaranması hüquqi əsası kimi onlar arasında bağlanılmalı və notariat qaydada təsdiq edilməli olan əqdin mövcudluğunu müəyyən edir. Lakin məhkəmə iclasında tərəflər arasında belə bir müqavilənin bağlanılması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki,cavabdehin iddia etdiyi icarə müqaviləsi özlüyündə etibarlı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə mübahisəli yaşayış sahəsinin qanuni sahibi kimi iddiaçının tələbini əsaslı hesab edir və hesab edir ki, cavabdeh qadın salonu kimi işlətdiyi sahədən çıxarılmalı, həmin sahə boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 5 3 ünvanında yerləşən yaşayış evinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılsın, həmin sahə boşaldılıb İddiaçı təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar