Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2316/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh2 QSC-yə qarşı “əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1998-ci ildə fevral-mart aylarında kurslarda olduğu müddətlər, 1997-ci il dekabr ayından 1998-ci ilin iyun ayının 23-nə kimi ona düşən ezamiyyət pullarının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu ildən Xəzər Gəmiçiliyində müxtəlif vəzifələrdə işə başlamışdır. 1980-ci ildən gəmi kapitanı olaraq işləmişdir. 1998-ci ilin fevral-mart aylarında kurslara getmiş və həmin ilin iyun ayının 20-nə qədər heç bir ödəmə almamışdır. İş günlərində mütəmadi olaraq idarənin kadrlar şöbəsinə getmiş və bütün gün gözləmişdir. Bunu kadrlarda işləyən insanlar da təsdiq edə bilərlər. İyun ayının 20-də iş vermədiklərinə görə İstanbul şəhərinə getmiş və xx.xx.1998-ci ildə Türkiyədə kapitan vəzifəsində işə başlamışdır. 2011-ci ilin iyun ayının 23-nə kimi müxtəlif şirkətlərin müxtəlif gəmilərində işləmişdir. 2012-ci ilin oktyabr ayından ADDA–da baş müəllim vəzifəsində işə başlamış və 2016-cı ilin aprel ayında ərizə ilə işdən azad olmuşdur. 2013cü ildən 2016-cı ilə qədər X6 İdarəsində qəbula düşüb, əmək haqqının hesablanmasını istəmiş, lakin hər dəfə müxtəlif bəhanələr ilə qəbula düşə bilməmişdir. xx.xx.2022-ci ildə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir, xx.xx.2022-ci ildə telefon ilə işin qəbul edilməməsini bildirmişdirlər, xx.xx.2022-ci ildə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 xx.xx.2022-ci il tarixdə iddiaya qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı 1961-ci ildən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində işə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1998-ci il tarixdə X4 k-530 saylı əmri ilə əmək müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə həmin dövr qüvvədə olan Əmək Məcəlləsinin 38-ci maddəsinin “g” bəndinə əsasən işdən azad edilmişdir (əmrin surəti əlavə olunur). İddiaçı iddia ərizəsində fevral-mart aylarında kursda olmağını və 1998-ci ilin iyun ayına kimi əmək haqqı ödənişini almamasını iddia etsə də təqdim edilmiş əmrdən müəyyən olunur ki, İddiaçı 20 mart 1998-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi işdə olmamış və bu səbəbdən də işdən azad olunmuş və xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi işlədiyi müddət üçün məzuniyyət kompensasiyası ödənilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi fevral-mart aylarında ixtisasartırma kurslarında olmuş, 20 mart 1998-ci il tarixdə ixtisasartırma kursunu bitirdikdən sonra işə çıxmamağı səbəbindən k-530 saylı əmr ilə işdən azad olunmuşdur. İddiaçı tərəfindən müvafiq əmr mübahisələndirilməmiş və bununla da iddia ərizəsində qeyd olunan xüsusatlar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmçinin qeyd edir ki, iddiaçı 1998-ci il tarixdə işdən azad olunmuş və məhkəməyə isə 24 ildən sonra müraciət etməklə qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına əsasən: iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə qərarın çıxarılması üçün əsasdır. İddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı qaldırdığı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiasını əsassız və qanunsuz olduğuna görə və həmçinin tərəflərindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəni nəzərə alaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onu qanunsuz olaraq öz hesabına kurslara yazmışlar. Həmin il ona iş verməmişlər və o, Türkiyəyə gedib orada özünə iş tapmışdır. 4 il müəllim işlədiyi Akademiyada onu get-gələ salmışlar. 6 ay bu işi Bakı İnzibati Məhkəmədə saxlamışlar. 2 ay Mediasiya sessiyasında cavabdeh iştirak etmədiyi üçün gecikmişdir. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 etiraz ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, iş materiallarında olan xx.xx.1981-ci il tarixli, k-530 saylı əmr ilə iddiaçıya xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək işlədiyi müddət üçün 12 təqvim günü miqdarında məzuniyyət kompensasiyasının verilməsi nəzərdə tutulmuşdur. Ödənilməsi də mübahisələndirilmir. 24 il müddət keçdiyi üçün ödəniş tapşırığını da tapmaq qeyri-mümkündür. Həmçinin, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Əmək qanunvericiliyində göstərilən 1 il müddət keçmişdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/9-100171 saylı “X2 iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı X2 iştirak etmiş, lakin Cavabdeh2 QSC iştirak etməmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli, k-530 saylı əmrin surətindən görünür ki, İddiaçı 1998-ci ilin martın 20-də özbaşına işburaxdığı üçün işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, Cavabdeh2 QSC-də gəmi kapitanı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1998-ci ildə Türkiyəyə getmiş və kapitan vəzifəsində işə başlamışdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, xx.xx.1959-cu ildə işə qəbul edilmişdir. xx.xx.2012-ci idə Azərbaycan Dəniz Akademiyasında “Gəmi sürücülüyü” kafedrasına baş müəllim vəzifəsinə (seçkilər keçirilənə qədər), xx.xx.2013-cü ildə “Gəminin idarə edilməsi” kafedrasına baş müəllim vəzifəsinə, xx.xx.2014-cü ildə "Naviqasiya" kafedrasına 14-cü ödəmə dərəcəsi ilə (seçkilər keçirilənə qədər) bir il müddətinə baş müəllim vəzifəsinə, xx.xx.2015-ci ildə "Naviqasiya" kafedrasına (növbəti seçkilər keçirilənə qədər) 5 il müddətinə 1,0 şt. baş müəllim vəzifəsinə, xx.xx.2015-ci ildə “Dəniz naviqasiyası kafedrasına” 13-cü ödəmə dərəcəsi ilə baş müəllim vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2015-ci ildə Azərbcaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1970, xx.xx.1970, xx.xx.1971, xx.xx.1973, xx.xx.1977, xx.xx.1982, xx.xx.1985, xx.xx.1986, xx.xx.1986, xx.xx.1989, xx.xx.1992-ci illərdə həvəsləndirilmələr və təltiflərlə mükafatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xİdməti Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli, **********1 nömrəli müraciətə cavab məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh2 QSC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.1998-ci il tarixində həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 38-ci maddəsinin “q” bəndinə əsasən xitam verildiyi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin tələblərinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxıldığından müvafiq məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 QSC-də gəmi kapitanı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1998-ci il tarixli, k-530 saylı əmrlə İddiaçı 1998-ci ilin martın 20-də özbaşına işburaxdığı üçün həmin dövr qüvvədə olan Əmək Məcəlləsinin 38-ci maddəsinin “g” bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 QSC-yə cavabdehdən 1998-ci ildə fevral-mart aylarında kurslarda olduğu müddətlər, 1997-ci il dekabr ayından 1998-ci ilin iyun ayının 23-nə kimi ona düşən ezamiyyət pullarının ödənilməsi barədə tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən mübahisələndirilən əsas hal məhz sözügedən tələb üzrə müddətin keçməsidir. Bu baxımdan, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il tarixinə kimi qüvvədə olmuş) 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Həmin hüququn realizəsini nəzərdə tutan Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə 3 illik müddət şamil edilməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçının aradan uzun bir müddət keçməsinə baxmayaraq tələbi irəli sürməməsi, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan iddiaçının hüquqən qorunmağa daha az layiq olduğu meydana çıxır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Məhkəmə mülki qanunvericilikdə müəyyən edilmiş 3 illik müddətin ötürüldüyünü nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddiaya iddia müddəti tətbiq edilməli və İddiaçı Cavabdeh2 QSC-yə qarşı 1998-ci ildə fevral-mart aylarında kurslarda olduğu müddətlər, 1997-ci il dekabr ayından 1998-ci ilin iyun ayının 23-nə kimi ona düşən ezamiyyət pullarının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2316/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2316/2022
08.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver