Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2321/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X7, cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli 12/k nömrəli əmrini ləğv edib, onun həmin Cəmiyyətin böyük bağbanı vəzifəsinə bərpa olınmasına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, «xxxx» MMC 1809.2020-ci il tarixli 12/k nömrəli əmri ilə onu Cəmiyyətin böyük bağbanı vəzifəsindən azad etmişdir. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız hesab edir. Belə ki, həmin əmrin qəbul edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi və 72-ci maddəsinin «e» bəndi əsas kimi qeyd olunaraq, əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verilməsi, əmək funksiyalarının kobud şəkildə pozulması, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirilməsi göstərilmişdir. İşəgötürən onu səbəb göstərmişdir ki, onun tərəfindən kobud səhvlərə və hüquq pozuntularına yol verilib. Lakin belə bir hal olmayıb. Onlar əmrə əsas kimi göstərilən videogörüntülər ilə təsdiqlənir. Həmin videogörüntülərdə onun tərəfindən «İçərişəhər» ərazisində kənar şəxslər tərəfindən aparılan işlər zamanı bir sıra dağıntıların aradan qaldırılması, onların bir kənara toplanması görünür. Bunların isə onun vəzifə funksiyaları ilə heç bir əlaqəsi yoxdur, qeyd olunana əsaslanaraq onun hər hansı nöqsan əsasında işdən çıxarılmağı cəfəngiyatdır. Hesab edir ki, hüquqi əsası olmadığından yuxarıda qeyd olunan əmr qanunsuz və əsassızdır, ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izah etdi ki, o, 2013-cü ildən cavabdeh Cəmiyyətdə bağban vəzifəsində işləyir və indiyədək əmək fəaliyyətində hər hansı kobud səhvə və hüquq pozuntusuna yol verməmiş, hər hansı tənbeh almamışdır. Bu səbəbdən də əmrdə göstərilənlərlə razı deyil. Belə ki, cavabdehə ünvanladığı izahatında da göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində, bağban kimi öz vəzifə borcunu yerinə yetirərkən, İçərişəhərdə yerləşən Miniatür kitablar muzeyinin direktoru olan Zərifə xanım Salahova ona yaxınlaşaraq muzeyin girəcəyi tərəfdə olan parkda yerləşən ağlay daş üzərinə vurulmuş taxta reykalardan ibarət oturacaqlarda taxtaların arasına düşmüş xəzəlin təmizlənməməsinə öz iradını bildirmişdir. O, Zərifə xanıma izah etmişdir ki, o bağbandır təmizlik işləri onun vəzifəsi deyil, təmizlik işlərinə MKTX baxır və xəzəl gündəlik təmizlənir, lakin payız fəsli olduğundan yarpaqlar tökülür və oturacaqların arasına dolur. Zərifə xanım ona həmin oturacaqların reykalarının sökülməsi göstərişini verdikdə, o buna etiraz edərək, bunun onun səlahiyyətinə aid olmadığını bildirmişdir. Bundan sonra Zərifə xanım özü oturacaqların reykalarını dartıb sökməyə başlamışdır. Həmin reykalar köhnə olduğundan asanlıqla sökülmüşdür. Bütün bunlar mühafizə xidmətinin, eyni zamanda İçərişəhər mühafizə xidmətinin əməkdaşlarının gözü önündə baş vermişdir. Sökülmüş mismarlı taxtaların ərazidən keçən insanlara xətər gətirməsin deyə o, həmin taxtaları səliqə ilə bir kənara yığmış və bu haqda MKTX-nın direktoru Ə.Məmmədova məlumat vermişdir. Bütün bu söylədikləri həmin ərazidə olan kameralarda öz əksini tapmışdır. Ona görə də, o, barəsində verilmiş əmrlə razı deyil və onu tamamilə ədalətsiz və qanunsuz hesab edir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X11 iddia tələbinin əsaslı olduğundan təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X8 iddianı qəbul etməyib onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan «xxxx» MMC-nin 12/k saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Cəmiyyətin böyek bağbanı İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”, 72-ci maddəsinin e) bəndinə uyğun olaraq, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi ilə əmək vəzifələrini kobud şəkildə pozduğuna, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi xx.xx.2020-ci il tarixli akt (videogörüntü-kompakt disk), İddiaçı izahatı, ƏM-nin 70 ç, 72 e maddəsi göstərilmişdir. Təqdim olunmuş “işəgötürən” «xxxx» MMC-nin direktoru R.Dadaşovla “işçi” İddiaçı arasında bağlanmış 19/2013 saylı, xx.xx.2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı həmin tarixdən 5 il müddətinə bağban vəzifəsinə işə götürülmüşdür. Müqaviənin 3.1-ci bəndinə əsasən “işçi” aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: bağbanlıq, İçərişəhər və ya Qala DTEQ ərazisində yaşıllaşdırma işlərinin aparılması. Təqdim olunmuş “İçərişəhər” Dövlət X3 Aparat Rəhbərinin vəzifə səlahiyyətlərini icra edən E.Məmmədov tərəfindən Bakı şəhəri Səbail rayon Mühafizə Polisinin rəisi H.Əsədova ünvanlanmış 04/13/447 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “İçərişəhər” Dövlət X6 ilə Səbail rayon Mühafizə İdarəsi arasında AR DİN Baş Mühafizə İdarəsinin hissələri tərəfindən əmlakın mühafizəsi haqqında müqavilə bağlanmışdır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən Şirvanşahlar sarayı yaxınlığında olan bağda xx.xx.2020-ci il tarixində gündüz 12:00 radələrində iki şəxs tərəfindən dövlət əmlakına zərər vurma halları baş vermişdir. Hadisə baş verən an bağı mühafizə edən Səbail rayon Mülki Mühafizə xidmətinin əməkdaşı Afiyəddin Məmmədhüseynli həmin bağda gündüz növbəsində olmuşdur. A. Məmmədhüseynli növbədə olmasına baxmayaraq tərəfindən baş verən halın qarşısının alınması üçün hər hansı bir addın atılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Səbail rayon Mülki Mühafizə əməkdaşı Afiyəddin Məmmədhüseynli barədə ölçü götürülməsi xahiş olunmuşdur. Təqdim olunmuş AR DİN Baş Mühafizə İdarəsi Səbail rayon Mühafizə İdarəsinin rəisi H.Əsədov tərəfindən “İçərişəhər” Dövlət X4 ünvanlanmış 1133 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Səbail RMİ-nin MMX üzrə mühafizəçisi X1 dövlət əmlakına zərər vurma halına seyrçi münasibət bəslədiyinə, qanun pozuntusu hallarının qarşısının alınması ilə bağlı vəzifəsini icra etmədiyinə, bununla da DİN-in xx.xx.2015-ci il tarixli “Mülki mühafizə xidmətinin fəaliyyətinin təşkilinə dair Təlimat”ın təsdiq edilməsi barədə Q10-001- 15 nömrəli qərarının 6.1.1 bəndinin tələblərini kobud şəkildə pozduğuna görə idarənin xx.xx.2020-ci il tarixli 306 nömrəli əmri ilə “Töhmət” intizam tənbehi verilmişdir. İddiaçının iddia tələbinin ilk hüquqi əsasına, yəni, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması iddiasına qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin materiallarında olan «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli 12/k saylı əmrinin surətindən görünür ki, cəmiyyətin böyük bağbanı İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”, 72-ci maddəsinin e) bəndinə uyğun olaraq, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi ilə əmək vəzifələrini kobud şəkildə pozduğuna, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə xitam verilmişdir. Həmin əmrə əsas kimi göstərilən və iş materiallarına əlavə olunmuş “İçərişəhər” Dövlət X6 Ərazinin inkişafı və əmlakın İdarə olunması şöbəsinin ərazinin mühafizəsi sektorunun baş məsləhətçisi V.N.Məhərrəmov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən Şirvanşahlar sarayı yaxınlığında olan bağda xx.xx.2020-ci il tarixində gündüz 12:00 radələrində «xxxx» MMC-nin əməkdaşı İddiaçı tərəfindən dövlət əmlakına zərər vurma halı video müşahidə nəticəsində müəyyən olunmuşdur. Həmin əmrə əsas kimi göstərilən və iş materiallarına əlavə olunmuş «xxxx» MMCnin böyük bağbanı İddiaçı MMC-nin direktoru Orxan Məmmədova xx.xx.2020-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2020-ci il, saat 12 radələrində öz vəzifə borcunu yerinə yetirərkən Miniatür kitablar muzeyinin sahibi Zərifə Salahova ona yaxınlaşaraq parkda yerləşən oturacaqların (oturacaqlar ağlay daş üzərində vurulmuş taxta reykalardan ibarətdir) arasına düşmüş xəzəlin təmizlənməməsinə öz iradını bildirmişdir. Tərəfindən izah edilmişdir ki, təmizlik işlərinə MKTX baxır və gündəlik təmizlənir. Payız fəsli olanda yarpaqlar istər-istəməz oturacaqların arasına dolmuşdur. Zərifə xanım Salahova ona həmin oturacaqların reykalarını sökülməsini göstəriş verdikdə, tərəfindən etiraz etmiş və bunun onun səlahiyyətində olmadığını bildirmişdir. Bundan sonra Zərifə xanım özü oturacaqların reykalarını sökməyə başladı. Bütün bunlar mühafizə xidmətinin, eyni zamanda İçərişəhər mühafizə xidmətinin əməkdaşlarının gözü önündə baş vermişdir. Tərəfindən sökülmüş mismarlı taxtaların ərazidən keçən insanlara xətər gətirməməsi üçün onları bir qırağa səliqə ilə yığıb və bu haqda MKTX-nın direktoru Ə.Məmmədova məlumat verdi. Məhkəmə iclasında əmrə əsas kimi qeyd olunan videogörüntü-kompakt diskə tərəflərin iştirakı ilə baxış zamanı müəyyən olundu ki, iddiaçının izahatında qeyd olunan hallar həmin videogörüntüdə öz əksinin tamamilə tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər” başlıqlı 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur. Belə ki, məhkəmə iclasında verilən izahatlardan, habelə cavabdeh tərəfindən təqdim olunmuş videogörüntüdən iddiaçının «İçərişəhər» ərazisində kənar şəxs (qadın) tərəfindən edilən dağıntının aradan qaldırılması, sökülmüş taxtaların bir kənara toplanması görünür. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, işlədiyi müddət ərzində iddiaçı əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olub-olmadığı araşdırılmamış, iddiaçıya istinad olunan pozuntunun onun barəsində müvafiq intizam tənbehinin tətbiqinə əsas veribvermədiyi aydınlaşdırılmamış və beləliklə, əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin İİ hissəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində müəyyən olunmuşdur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (Əmək Məcəlləsinin 71-cü mad. 3-cü bən.). İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən «xxxx» MMC-nin böyük bağbanı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifədən azad olunması açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Əmək müqaviləsinin ləğv edilməsinin əsaslılığını təsdiq edən sübutların olmaması, onun ləğv edilməsi zamanı əmək qanunvericiliyinin pozulmasını təsdiq edir. Deməli, cavabdehin göstərilən hərəkətləri qanunsuzdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 12/k nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2321/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2321/2020
17.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver