Məhkəmə qərarları › İş №2(009)-2323/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2323/2020

20.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2323/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxxxxxxxxxxxxxxxxxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqının, istifadə olunmamış məzuniyyət haqları, son haqq hesab pulunun və maddi yardım pulunun indeksasiya edilməklə birdəfəlik ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxxxxxxxxxxxxxxxxxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqının, istifadə olunmamış məzuniyyət haqları, son haqq hesab pulunun və maddi yardım pulunun indeksasiya edilməklə birdəfəlik ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X3 1992-ci ildə Bakı şəhəri Xətai rayonu Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar zamanı xx.xx.1994-cü il tarixdə Kəlbəcər istiqamətində Murovdağ uyğunda gedən döyüşlərdə itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilmişdir. “Şəhid adının əbidləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən X3 “Şəhid”, onun ailəsi isə “Şəhid Ailəsi” hesab edilmişdir. Hərbi xidmətə çağırılanadək X3 Bakı şəhəri Xətai rayon Telefon Qovşağında işləmişdir. X3 qeyd olunan səbəblərdən itkin düşdüyündən və geri qayıtmadığından qanunvericiliklə nəzərdə tutulmuş qaydada iş yerindən əmək kitabçasını və son haqq hesabını ala bilməmişdir. Bir müddət əvvəl ərizə ilə xxxxxxxxxxxxxxxxxxxxx MMC-yə müraciət edərək və əmək qanunvericiliyin tələblərini rəhbər tutaraq xx.xx.1994cü il tarixdə Kəlbəcər istiqamətində Murovdağ uyğunda gedən döyüşlərdə şəhid olmuş X3nun iş yerindən onun əmək haqqının, istifadə olunmamış məzuniyyət haqları, son haqq hesab pulunun, əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin surətinin ona təqdim olunması və eyni zamanda işçinin vəfat etməsi, şəhid olması ilə əlaqədar ona maddi yardım göstərilməsi barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Cavabdeh xxxxxxxxxxxxxxxxxxxxx MMC xx.xx.2017-ci il tarixli BTRMMC-KŞ- 1/10193 saylı cavab məktubunda ona izah edilmişdir ki, qardaşı X4 iş yeri olan X17 vərəsəlik təsdiq edən sənəd təqdim edildikdən sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq müavinətin verilməsi məsələsinə baxılacaqdır. Bundan sonra o, qardaşının son yaşayış yeri üzrə Xətai rayonunda yerləşən 40 saylı notariat kontoruna müraciət etdikdən sonra və notariat kontorunun müvafiq sorğusuna cavab olaraq xxxxxxxxxxxxxxxxxxxxx MMC-yə müraciət etdikdən sonra arxiv məlumatlarına əsasən qardaşı X7 ödənilməli olan müavinət 105914 manat (köhnə) müəyyən edilməsi göstərilmişdir. Həmin pul vəsaitinin xx.xx.1993-cü il tarixdn hesablanmış olmasını və həmin müddətdən bu günə kimi ölkədə manatın denominasiya olduğunu, eyni zamanda bir neçə dəfə manatın devalvasiyaya uyğaması nəticəsində həmin pul məbləğinin indeksasiya olunaraq neçə manat təşkil etməsi ilə bağlı müvafiq dövlət orqanlarına vəkili tərəfindən müraciətlər edilmişdir. Həmin orqanlardan və xüsusi ilə də Dövlət Statistika Komitəsindən alınmış sorğuya cavab məktubundan da məlum olmuşdur ki, bu gün həmin pul vəsaiti indeksasiya olunmaqla təxminən 18328 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı xxxxxxxxxxxxxxxxxxxxx MMC-dən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uyğunda gedən hərbi əməliyyatlar zamanı xx.xx.1994-cü il tarixdə şəhid olmuş X3nun əmək kitabçası, ona ödənilməli olan 105914 köhnə Azərbaycan manatı məbləğində müavinətin (əmək haqqının, istifadə olunmamış məzuniyyət haqları, son haqq hesab pulunun) indeksasiya olunaraq və 5000 manat maddi yardımın cəmi 23.328 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi AR MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilat tərəfindən ödəməli olan 105914 köhnə Azərbaycan manatının indeksasiya olunmaqla 3 misli miqdarında pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, iddia tələbinin həcmi Əmə Məcəlləsinin 77.7-ci maddəsinin tələbləri baxımından artırılmışdır. Belə ki, həmin norma ödənəcək məbləğin 3 misli həddində olmasını nəzərdə tutur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxxxxxxxxxxxxxxxxxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinmn izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə İsmayıllı rayon Məhkəməsinin 2-194/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, xx.xx.1966-cı ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş 1992-ci ildə Bakı şəhər Xətai rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və xx.xx.1994-cü il tarixdə Kəlbəcər istiqamətində Murovdağ uyğunda gedən döyüşlərdə itkin düşmüş Mamedov (Məmmədov) Məhərrəm Ağalı oğlunun ölmüş elan edilməsi, qətnamənin qanuni qüvvəsini aldığı günün Mamedov (Məmmədov) Məhərrəm Ağalı oğlunun ölüm günü hesab edilməsi, X8 ölümünün VVADQnın aparılmasının İsmayıllı rayon VVADQ şöbəsinə tapşırılması qət edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışının kserosurətindən görünür ki, kiçik gizir X10, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uyğunda hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən kiçik gizir X10 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. İş üzrə Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, 1966-cı il təvəllüdlü X1 rayon hərbi komissarlığından daxil olmuş xx.xx.1994-cü il tarixdə Kəlbəcər rayonunun Murovdağ ərazisində Ermənistan hərbi birləşmələrinə qarşı gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata götürülmüşdür. Barəsində beynəlxalq təşkilatlar məlumatlandırılmışdır. Onun taleyinə aydınlıq gətirilməsi üçün axtarış araşdırma tədbirləri davam etdirilməsini göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxxxxxxxxxxxxxxxxxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, qardaşı X4 iş yeri olan X17 vərəsəlik təsdiq edən sənəd təqdim edildikdən sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq müavinətin verilməsi məsələsinə baxılacaqdır. Məhərrəm Məhərrəmovun əmək kitabçasını X14 kadrlar şöbəsindən götürə bilməsini göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Sərəfbərlik və Hərbi Xidəmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdiri E.Rəcəbovaya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, 1966-cı il təvəllüdlü X2 Xətai rayon Hərbi Komissarlığı tərəfindən köönüllü olaraq Əfqanıstan Demokratik Respublikasının Beynəlmiləlçi döyüşçülər üçün yaradılmış batalyonunda iştirak etmək üçün göndərilmişdir. İş üzrə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş X8 vərəsəsi qardaşı İddiaçıdur və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 105-1-11-8104 saylı məktubuna əsasən 105914 (bir yüz beş min doqquz yüz on dörd) (köhnə) Azərbaycan manatı vəsaitindən ibarətdir. İş üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, pul məbləğlərinin indeksasiyası Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətlərinə aid deyil. Məlumat üçün nəzərinə çatdırırlar ki, x xxxxxx 2006-cı il tarixdən etibarən 5000 köhnə manat (AZM) = 1 yeni manat (AZN) nisbətdə denominasiya olunmuşdur. xx.xx.2015-ci il tarixdə 1 ABŞ dollarının manata (AZN) nəzərən rəsmi məzənnəsi əvvəlki günə (xx.xx.2015) nisbətən 33,5%, xx.xx.2015-ci il tarixdə isə 1 ABŞ dollarının manata nəzərən rəsmi məzənnəsi əvvəlki tarixə (xx.xx.2015) nisbətən 47,6% möhkəmlənmişdir. İnflyasiya ilə bağlı hər hansı məlumat əldə etmək üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə müraciət edilməsi tövsiyyə olunur. İş üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, istehlak qiymətləri indeksi 2019-cu ilin oktyabr ayında 1993-cü ilin noyabr ayın nisbətən 18328,4 faiz təşkil etmişdir. Cari ilin noyabr ayı üzrə istehlak qiymətləri indeksinə dair məlumatlar isə dekabr ayının ikinci yarısında hazır olacaqdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, pul məbləğlərinin indeksasiyası Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətlərinə aid deyil. Məlumat üçün nəzərinə çatdırırlar ki, x xxxxxx 2006-cı il tarixdən etibarən 5000 köhnə manat (AZM)= 1 yeni manat (AZN) nisbətində denominasiya olunmuşdur. Bunu nəzərə alaraq qeyd edilmiş 105.914 manat (AZM) nominal olaraq (inflyasiya nəzərə alınmadan) 21.18 manat (AZM) təşkil edəcək. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının X3 1994-cü ildə Kəlbəcər istiqamətində Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə X16 xx.xx.1994-cü il tarixdə Kəlbəcər istiqamətində Murovdağ uyğunda gedən döyüşlərdə itkin düşlüyü üçün ölmüş elan olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən iddiaçının qardaşı Məhərrəm Məmmədov “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, iddiaçının X3 birinci Qarabağ müharibəsinə getməmişdən əvvəl X15 işləmiş, itkin düşdüyünə görə iş yerindən əmək kitabçasını və son haqq hesabını ala bilməmişdir. Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2007-ci il tarixdə ölmüş X8 vərəsəsi onun qardaşı İddiaçı hesab edilmişdir və onun almalı olduğu miras əmlak “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 105-1-11-8104 saylı məktubuna əsasən 105914 (bir yüz beş min doqquz yüz on dörd) (köhnə) Azərbaycan manatı vəsaitindən ibarətdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun mərhum qardaşı müharibədə itkin düşdüyü üçün və işlədiyi yerdən son haqq hesabı almadığı üçün, o, qardaşının vərəsəsi kimi vərəsəlik şəhadətnaməsinin əsasında onun almalı olduğu pula vərəsəlik hüququ əldə etmişdir. Lakin miras əmlak hesab edilən və “xxxxxxxxxxxxxxxxxxxxx” MMCnin xx.xx.2019-cu il tarixli, 105-1-11-8104 saylı məktubuna əsasən hesablanmış məbləğ – 105914 (köhnə manatla) manat hazırda inflasiyaya və denominasiyaya uğramışdır. Həmin halları nəzərə alaraq o, qardaşının almalı olduğu məbləği inflyasiya nəzərə alınmaqla ona ödənilməsini cavabdehdən tələb etsə də, sonuncu ödənilməli olan məbləği inflyasiya nəzərə alınmadan ona ödəyir. Bu səbəbdən iddiaçı ona ödənilməli olan 105914 köhnə Azərbaycan manatı məbləğində müavinətin indeksasiya olunaraq 3 misli həddində ona ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mərhum qardaşı işlədiyi yerdən son haqq- hesabı almadığı üçün və müharibədə itkin düşüb ölmüş elan olunduqdan sonra onun işlədiyi yerdən almalı olduğu pula iddiaçının vərəsəlik hüquqları tanındığı üçün, iddiaçı həmin pulu ona ödənilməsini tələb etməkdə tam hüququ var. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylı əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçının almalı olduğu pul məbləği - 105914 köhnə Azərbaycan manatı hazırda manatın denominasiyası nəzərə alınmaqla cəmi 21 manat təşkil edir. Lakin qeyd olunmalıdır ki, 1994-cü illə müqayisədə həmin məbləğ hazırda istehlak indeksi nəzərə alınmaqla dəyərdən düşmüş və çox cüzi bir məbləğ təşkil edir. İstehlak qiymətləri indeksi (İQİ) — istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyərinin dəyişməsini xarakterizə edən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İQİ-nin başlıca təyinatı istehlak mallarının və xidmətlərinin qiymət dinamikasını müəyyənləşdirməkdən ibarətdir. Ümumiyyətlə, İQİ müəyyən edilmiş məhsul və xidmətləri özündə birləşdirən səbətin cari və baza qiymətinin nisbətidir. Respublikada İQİ-nin hesablanması üçün məsul orqan Dövlət Statistika Komitəsidir (DSK). Məhkəmə qeyd edir ki, iddiaçının qardaşının 1994-cü ildə almalı olduğu pul vəsaiti hazırda dəyərdən düşdüyü üçün, cavabdeh təşkilat ödəməli olduğu pulu istehlak qiymətləri indeksi nəzərə alınmaqla həyata keçirməlidir. AR Mülki Məcəllənin 1124.1-ci maddəsinə əsasən dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir. Həmin Məcəllənin 1124.2-ci maddəsinə əsasən şərti maliyyə vahidinin artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı şərti maliyyə vahidinin artımına mütənasib surətdə artırılır. Beləliklə məhkəmə belə nəticəyə gəlmişdir ki,ödənilməli olan ödənişlərin indeksləşdirilməsi üçün onun İstehlak qiymətləri indeksinə münasibətdə olan dəyəri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi isə istehlak qiymətləri indeksinin göstəricisini hesablayan rəsmi dövlət orqanı olduğu üçün məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan pul məbləğinin indeksləşdirilməsi Dövlət Statistika Komitəsinin müəyyən etdiyi istehlak qiyməti indeksinin nisbəti nəzərə alınmaqla həyata keçirilməlidir. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, məbləğin indeksləşdirilməsi həyata keçirilərkən Azərbaycan manatının xx.xx.2006-cı ildə denominasiyası da nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan 105914 köhnə Azərbaycan manatının indeksləşdirilməsi bu yolla həyata keçirilməlidir: 105914 * 18328,4 faiz / 100 = 19412341 manat (köhnə Azərbaycan manatı). 19412341 / 5000 = 3882,46 AZN. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi müavinətin ödənilməsi hissəsində qismən təmin edilməli və iddiaçıya vəfat etmiş qardaşına ödənilməli olan əmək haqqının, istifadə olunmamış məzuniyyət haqların və son haqq-hesab pulunun əvəzi kimi 3882,46 manat məbləğində pul ödənilməlidir. Məhkəmə indeksləşdirilmiş pulun 3 misli həddində müavinətin tutuması barədə iddiaçının tələbi üzrə qeyd edir ki, iş materiallarında cavabdeh təşkilat tərəfindən həmin məbləği AR Əmək Məcəlləsinin 77.7-ci maddəsinə uyğun hesablanması və həmin məbləğlə bağlı iddiaçını məlumatlandırılması müəyyən edildiyindən bu hissədə tələb təmin ediməməlidir. AR MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 3882,46 (üç min səkkiz yüz səksən iki manat qırx altı qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar