Məhkəmə qərarları › İş №2(009)-2326/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2326/2022

11.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2326/2022 11.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh X1rşı “çıxarışın ləğv edilməsi və cavabdeh tərəfindən aparılmış tikinti işlərinin onun öz hesabına sökülməsi onun tərəfindən həmin torpaq sahəsinə çəkilmiş hasarın cavabdehin hesabına bərpa edilib əvvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “çıxarışın ləğv edilməsi və cavabdeh tərəfindən aparılmış tikinti işlərinin onun öz hesabına sökülməsi onun tərəfindən həmin torpaq sahəsinə çəkilmiş hasarın cavabdehin hesabına bərpa edilib əvvvəlki vəziyyətinə gətirilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim qeyd edir ki, tələblərdən biri cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlıdır, digər tələb isə cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi ilə bağlıdır. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) poçt ünvanları göstərilir. Hakim qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin qeydiyyatda olduğu və yaşayış yeri barədə məlumatlar iddia ərizəsində göstərilməmiş və iddia ərizəsi məhkəməyə bir nüsxədə göndərmişdir. AR MPM-nin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilməlidir. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim həmçinin qeyd edir ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən, hazırki tələblərdən biri ümumi məhkəmədə deyil, ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalı olduğundan, bununla da tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmasına yol verilmədiyindən, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə hakim hesab edir ki, iddiaçının cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə tələbi ümumi məhkəmədə baxılmalı olmadığından, bununla da iddiaçı tərəfindən bir-biri ilə bağlı olmayan tələblər birləşdirildiyindən, hazırki iddianın məhkəmə icraatı mümkün deyil və bu səbəbdən iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. Hakim izah edir ki, iddiaçı çıxarışın ləğv edilməsi ilə bağlı tələblə müvafiq inzibati məhkəməyə, tikilinin sökülməsi ilə bağlı tələblə təkrar ümumi məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.3 maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh X1rşı “çıxarışın ləğv edilməsi və cavabdeh tərəfindən aparılmış tikinti işlərinin onun öz hesabına sökülməsi onun tərəfindən həmin torpaq sahəsinə çəkilmiş hasarın cavabdehin hesabına bərpa edilib əvvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə ayrıca tələblə müvafiq inzibati məhkəməyə, digər tələblərlə bağlı isə təkrar ümumi məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar