Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-233/2023 06.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı - Cavabdeh ASC-yə qarşı «əmrin ləğvi» tələbinə dair iddiası üzrə mülki işə 06 yanvar 2023-cü il tarixdə Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı «əmrin ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 mart 2022-ci il tarixli əmrin ləğv edilməsi və həmin əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə iddiaçı cavabdeh bankın Sumqayıt filialının mikro və aqro kreditlər üzrə baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir. Başqa bankdan gələn daha sərfəli maaş təklifinə görə iddiaçı və daha dörd filial əməkdaşı xx.xx.2022-ci il tarixdə öz xahişləri ilə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə ilə müraciət etmişdirlər. Bundan sonra filialda monitorinq keçirildi. Bu monitorinqdən bir həftə sonra xx.xx.2022-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmr tam olaraq əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizədə və etirazda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2021-ci ildən Bankın Sumqayıt filialının mikro və aqro kreditlər üzrə aparıcı mütəxəssisi vəzifəsinə qəbul olunub, xx.xx.2021 -ci ildə Sumqayıt filialının mikro və aqro kreditlər üzrə baş mütəxəssisi vəzifəsinə keçirilib və xx.xx.2022-ci il tarixli 039/K №-li əmrlə onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib. 2022-ci ilin mart ayında iddiaçının portfelinə daxil olan, 2021-ci ildə və 2022-ci ilin əvvəlində verilmiş kreditlərin monitorinqi aparılıb və müəyyən olunub ki, iddiaçı borcalanların kreditin verilməsinə və onun məbləğinə təsir edən maliyyə göstəricilərini bilərəkdən təhrif edərək (xərcləri az, gəlirləri çox göstərərək) müxtəlif məbləğlərdə kreditlərin verilməsinə nail olub. Hər bir kreditin monitorinqi haqqında iddiaçının özünün də imzaladığı aktlar tərtib edilib və iddiaçı aktlarda göstərilənlər barədə izahat verərək müştərilərin xərclərini az, gəlirlərini isə az göstərdiyini, məqsədinin yalnız kredit vermək olduğunu etiraf edib. İddiaçı iddia ərizəsində əmək müqavləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız olduğunu göstərsə də, əmrin qanunsuzluğunun nədən ibarət olduğunu əsaslandırmamış və müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM- in 77.1-ci maddəsi). İddiaçı xx.xx.2022-ci ildə əmrlə tanış edilib, həmin tarixdə əmrin surətini və əmək kitabçasını bankdan təhvil alıb. ƏM-in 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. ƏM-in 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göründüyü kimi, əmək müqaviləsi işəgötürən tərəfindən onun təşəbbüsü ilə ləğv olunarkən müqavilənin hansı əsasla ləğv olunmasını müəyyən etmək işəgötürənin səlahiyyətinə aiddir. Məhkəmə əmək müqaviləsinin ləğvini qanunsuz hesab etdikdə bu barədə işəgötürənin əmrini yalnız ləğv edə bilər (ƏM-in 300-cü maddəsi). Məhkəmənin əmək müqaviləsinin ləğvinin əsasını dəyişdirmək, məsələn, əmək müqaviləsinin işçinin öz xahişi ilə ləğv olunmuş saymaq kimi səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddianın əmək müqaviləsinə xitamın əsası kimi göstərilən ƏM-in 70-ci maddəsinin “ç” bəndinin ləğv olunaraq dəyişdirilməsi tələbi barədə hissəsi məhkəmədə baxılmalı olmadığı (yolverilməz iddia) üçün həmin hissədə işin icraatına xitam verilməlidir. İddiaçı eyni zamanda iddia müddətinin ötürülməsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyib, iddia ərizəsinə verilmiş etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, həmin izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən mikro və aqro kreditlər üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 039/K №-li əmrinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş təhvil jurnalının vərəqəsinin surətindən görünür ki, iddiaçı əmək kitabçasını və əmrin surətini 10 mart 2022-ci il tarixdə imza etməklə qəbul etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatla müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Cavabdeh ASC-nin Sumqayıt filialında mikro və aqro kreditlər üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Sonradan Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 039/K №-li əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı əmək kitabçasını və əmrin surətini xx.xx.2022-ci il tarixdə əldə etməsinə və bununla da həmin gün hüquqlarının pozulmasının aşkar etməsinə baxmayaraq, hüquqlarının müdafiəsi haqqında mediasiya şurasına xx.xx.2022-ci il tarixdə, hazırkı iddia ərizəsi ilə isə məhkəməyə məhz xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı «əmrin ləğvi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-233/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-233/2023
06.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver