Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-234/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma və s.» tələbi barədə iddiasına, habelə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pulun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən iki otaqlı yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı 2010-cu ildə həmin mənzilin qarşısında 2 otaq, mətbəx və hamam-tualetdən ibarət yardımçı sahə inşa etdirmişdir. 2019-cu ilin fevral ayında aralarındakı şifahi razılığa əsasən həmin yardımçı sahəni iddiaçı Cavabdeh1 25.200 manata satmağa razılaşmışdır. Cavabdeh həmin məbləği 1 il ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. Ötən müddət ərzində cavabdeh həmin məbləğdən 12,145 manat hissəni hissə-hissə ödəmiş, qalan məbləği ödəməkdən imtina etmişdir. Belə olan halda iddiaçı cavabdehdən ya qalan məbləği ödəməyi, ya da mənzili boşaltmağı tələb etmiş, həmin mənzilimdigər şəxsə satıb onun indiki vaxta kimi ödədiyi 12,145 manat məbləğin bir hissəsinin hər ay 200 manatdan hesablanmaqla kirayə puluna çıxılacağını, qalan məbləğin isə ona qaytarılacağını bildirmişdir. Ancaq cavabdehlər bu təklifə razı olmayaraq mənzili tərk etməkdən imtina etmişdirlər. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlərin iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən iki otaqlı yaşayış sahəsindən çıxarılması və 2019-cu ilin fevral ayından hər ay üçün 200 manat hesablanmaqla 5.000 manat məbləğində kirayə haqqının cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16,060 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin fevral ayında cavabdeh ilə şifahi razılaşma əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Razılaşmaya əsasən o, evə və onun yanındakı 10,49 kv.m olan boş torpaq sahəsinə görə cavabdehə hissə-hissə 25.000 manat məbləğində pul ödəməli idi. 10 mart 2019-cu il tarixdə ilk ödəniş kimi 12,160 manat məbləğində pulu cavabdehə ödəmişdir. Eyni zamanda cavabdehlə razılaşdıqları kimi həmin boş sahədə iddiaçı tikinti işləri aparmış və əlavə olaraq 3,200 manat məbləğində xərc çəkmişdir. Bundan başqa sözügedən evin layihə-smeta sənədlərinin hazırlanması üçün 700 manat məbləğində pul xəərcləmişdir. 10 mart 2019-cu il tarixdən iddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşamış və kommunal xərcləri ödəmişdir. Lakin cavabdeh evə hələn qaz və su xətlərini kəsmiş, pulun qalan hissəsini tələb etmişdir. Belə olan halda iddiaçı cavabdehə müraciət edərək, xərclədiyi pulu qaytarmasını və bununla da aralarında olan razılaşmaya son verilməsini təklif etsə də, cavabdeh bununla razılaşmamışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı özünün iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun iddiasının təmin olunması, qarşı tərəfin iddia tələbinin isə qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddia ərizəsini tərtib edərkən və polisə izahat verərkən fikirli olduğundan yalnış olaraq cavabdeh tərəfindən ona 12,145 manat məbləğində pul verildiyini qeyd etmişdir. Belə ki,qarşı tərəflə ilkin olaraq kirayə barədə razılaşmışdırlar. Lakin sonradan Gülnarə ona evləri olmadığını və sözügedən evi almaq istədiklərini bildirmişdir. Ümumilikdə qarşı tərəf ona 8,945 manat pul ödəmişdir. Həmin puldan 26 ayın kirayə haqqını çıxmaqla yerdə qalan məbləği qarşı tərəfə ödəməyə hazırdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, İddiaçı iddiasının təmin olunması, qarşı tərəfin iddia tələbinin isə qismən (8,945 manat puldan 26 ayın kirayə haqqı çıxılmaqla cavabdehə ödənilməsi) təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 özünün iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun iddiasının təmin olunması, qarşı tərəfin iddia tələbinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Gülşən 16,060 manat məbləğində pul vəsaitini ona qaytarsa, o qeyd şərtsiz sözügedən evdən çıxmağa razıdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 Cavabdeh2 iddia tələbinin təmin olunması, qarşı tərəfin iddia tələbinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, İddiaçı onunla qonşuluqda yaşayır. İddiaçı ilə cavabdehlər arasında mübahisəli ev ilə bağlı kirayə yaxud alqı-satqı münasibətlərinin olmasından, o cümlədən cavabdehlər tərəfindən Gülşən xanıma pul verilib-verilməməsindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, İddiaçı onunla qonşuluqda yaşayır. Mübahisəli ev Gülşən xanıma məxsus olub və Gülşən xanım əvvəldən həmin evdə yaşamışdır. Cavabdehlər tərəfindən hər hansı tikili aparılmamışdır. Şahməmmədova ilə cavabdehlər arasında mübahisəli ev ilə bağlı kirayə yaxud alqı-satqı münasibətlərinin olmasından, o cümlədən cavabdehlər tərəfindən Gülşən xanıma pul verilib-verilməməsindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, hər iki tərəfi tanıyır və eyni yerdə işləyirlər. Tərəflər arasında sözügedən evin alqı-satqısı ilə bağlı razılıq əldə olunmuşdur. Cavabdehlər tərəfindən İddiaçı ümumilikdə 12.000 manat civarında pul verilmişdir. Elşən evi təmir etdirərkən S.Nağıyevanın həyat yoldaşı orada işləmək üçün usta tapıb göndərmişdir. O, Gülnarəgildə olarkən Gülşən özü də ona 12.000 manat məbləğində pul verilməsini ona bildirmişdir. Bundan başqa Elşən evi təmir etdirərkən Gülşənin bundan xəbəri olmuş və buna heç bir etiraz etməmişdir. Müəllim kollektivi tərəfləri nə qədər barışdırmağa cəhd etsələr də, buna nail olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, hər iki tərəfi tanıyır və eyni yerdə işləyirlər. Belə ki, Gülşən məktəbdə müəllimə, Gülnarə isə bufetçi işləyir. Məndə olan məlumata görə Gülşən ilə Gülnarə mübahisəli evin alqı-satqısı barədə razılaşdıqdan sonra ilkin olaraq Gülnarə ilə Elşən axşam saatlarında Gülşən ilə görüşərək ona ilkin ödəniş kimi 4.000 manat məbləğində pul vermişdirlər. Bundan sonra hissə-hissə təxminən 12.000 manat məbləğində Gülşənə pul vermişdilər. Mən sözügedən evdə Gülnarə ora köçdükdən 1 il sonra olmuşam. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, sözügedən evdə əvvəllər də kirayəşinlər qalmışdır. Cavabdeh tərəfindən orada təmir işləri aparılmamış, sadəcə qazıntı işləri aparılmışdır. Tərəflər arasında evin alqı-satqısına dair razılıq əldə olunmuş və müəyyən məbləğdə pul ödənilmişdir. Lakin sonradan razılaşdırılmış məbləğin qalan hissəsi cavabdehlər tərəfindən İddiaçı ödənilməmişdir. Məhkəmə tərəfləri və şahidləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xoşginabi küçəsi ev 13 ünvanında yerləşən 3 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə hər iki tələbə münasibətdə aşağıdakıları qeyd edir: 15 fevral 2021-ci il tarixli məhkəmə iclasının protokolundan və İddiaçı iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı izahatında və ərizədə göstərmişdir ki, cavabdeh ilə aralarında olan şifahi razılığa əsasən ilkin ödəniş kimi 4.000 manat məbləğində pul vəsaiti ona verilmişdir. Ümumilikdə ona 12,145 manat pul hissə-hissə verilmişdir. Evin təmirinə cavabdehlər 3,200 manat pul sərf ediblər. O, 2019-cu ilin mart ayından indiki vaxta kimi 24 ayın kirayə pulunu ayı 200 manatdan hesablamaqla 4,800 manat kirayə pulunu çıxıb yerdə qalan 7,345 manat məbləğində pul vəsaitini cavabdehlərə ödəməyə razıdır. 8-ci Polis bölməsinə İddiaçı vermiş olduğu izahatın surətindən görünür ki, İddiaçı izahatında göstərmişdir ki, sözügedən evi o, cavabdehlərə aylıq 150 manat məbləğində kirayə vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən evin alqı-satqısını 25,200 manat qiymətinə razılaşmışdırlar. Fevral ayında ona 4,000 manat məbləğində pul verilmişdir. Fevraldan avqusta kimi 9,300 manat məbləğində pul verilmişdir. Fevral ayında cəmi ona 12,145 manat məbləğində pul verilmişdir. 8-ci Polis bölməsinə Cavabdeh2 vermiş olduğu izahatın surətindən görünür ki, Cavabdeh2 izahatında göstərmişdir ki, o, İddiaçı ilk olaraq 4.000 manat, hissə-hissə isə ümumilikdə 12,160 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar, şahid ifadələri və tərəflərin vermiş olduğu izahatlar ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Xoşginabi küçəsi ev 13 ünvanında yerləşən özbaşına tikilinin alqı-satqısına dair 25,200 manat müqabilində şifahi razılığa gəlmişdirlər. Bundan sonra ilkin olaraq İddiaçı 4.000 manat, ümumilikdə isə 12,145 manat məbləğində ödəniş edilmişdir. Cavabdehlər sözügedən evə köçdükdən sonra orada öz hesablarına yaxşılaşdırma işləri aparmış və bunun üçün 3,200 manat məbləğində xərc çəkmişlər. İddiaçı 17 mart 2021-ci il tarixli ərizəsində cavabdehlərin təmir işlərini onun məlumatı və icazəsi olmadan apardığını bildirsə də, iddia ərizəsində, keçirilmiş məhkəmə iclaslarında vermiş olduğu izahatlarında təmir işlərindən xəbəri olduğunu və cavabdehlər tərəfindən təmir üçün 3,200 manat məbləğində xərc çəkildiyini etiraf etmişdir. Cavabdeh2 iddia ərizəsində evin sənədləşməsi xərcləri üçün İddiaçı əlavə olaraq 700 manat məbləğində pul vəsaiti verdiyini qeyd etsə də, işin bu halı iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh2 tərəfindən İddiaçı ödənilmiş ümumilikdə 15,345 manat məbləğində pul vəsaiti (12,145 manat mənzilin dəyəri üçün ödənilmiş + 3,200 manat təmirə xərclənmiş vəsait) İddiaçı alınaraq Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə İddiaçı iddia ərizəsinə əlavədə göstərdiklərinə münasibətdə qeyd edir ki, İddiaçı ərizəyə əlavədə sözügedən mənzili cavabdehlərə aylıq 200 manat müqabilində kirayə verdiyini göstərsə də, iddia ərizəsində və eyni zamanda öncəki məhkəmə iclaslarında vermiş olduğu izahatlarda cavabdeh ilə mübahisəli evin alqı-satqısı barədə razılaşdıqlarını və 2019-cu ilin fevral ayında ilkin ödəniş kimi cavabdehlərdən 4.000 manat məbləğində pul vəsaitini qəbul etdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə İddiaçı sonradan izahatını dəyişməsini səmimi qəbul etməyərək, onun iddia ərizəsində və məhkəmə iclaslarında vermiş olduğu izahatlara əsaslanaraq belə nəticəyə gəlir ki, tərəflər arasında ilkin olaraq evin kirayə verilməsi deyil, məhz alqı-satqı edilməsi barədə razılıq əldə edilmiş və İddiaçı 4.000 manat məbləğində pul vəsaitini cavabdehlərdən qəbul etdikdən sonra onları həmin evə köçürtmüşdür. Buna görə də, İddiaçı iddia tələbi qismən - cavabdehlərin mənzildən çıxarılması hissəsində əsaslı hesab edilərək təmin edilməli, kirayə haqqının cavabdehlərdən tutulması hissəsində isə əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında əldə edilmiş şifahi razılıq pozulduğundan və onlar hazırda həmin razılaşmanın yerinə yetirilməsində maraqlı olmadıqlarından tərəflər bir-birindən aldıqlarını geri qaytarmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma və s.» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilin həyətində inşa edilmiş ümumi sahəsi 28 kv.metrdən ibarət olan 2 otaq (bir otaq həm də mətbəx kimi istifadə olunur), dəhliz və hamam-tualetdən ibarət köməkçi tikililərdən əşyaları ilə birlikdə çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pulun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. 15,345 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Cavabdeh2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə hər iki iddia tələbinə münasibətdə eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-234/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-234/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver