Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-235/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilənin pozulması, qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və vurulmuş zərərin əvəzinin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış xx xxxx 2019-cu il tarixli müqaviləsinin pozulması, qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması, 17400 manat icarə haqqı üzrə borcunun, vəkilə ödənilmiş 500 manat və 31 manat ödənilmiş dövlət rüsumu, cəmi 17931 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, onunla cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində 84.0 kv.m və 2-ci mərtəbəsində 141.9 kv.m, cəmi 225.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə “İcarəçi” icazə obyektindən istifadəyə görə “İcarəyə verənə” hər ay 2900 manat icarə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Lakin «İcarəçi» cavabdeh “xxxx” MMC tərəfindən müqavilə öhdəliklərinə əməl olunmayaraq xx.xx.2020-ci il tarixə qədər 17400 manat icarə haqqı üzrə borcu yaranmışdır. Bununla əlaqədar cavabdeh “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinə müqavilənin pozulması, qeyri-yaşayış sahəsindən çıxarılması və vurulmuş zərərin əvəzinin tələb edilməsi barədə pretenziya göndərilmişdir. Bu barədə cavabdehə pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdeh bu günədək borcu ödəməmişdir. xx xxxxxx 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən aralarında bağlanmış xx xxxx 2019-cu il tarixli müqaviləsinin pozulması, onun qeyri-yaşayış sahəsindən çıxarılması, 29000 manat icarə haqqı üzrə borcun, vəkilə ödənilmiş 500 manat və 31 manat ödənilmiş dövlət rüsumu, cəmi 29531 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələblərini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və eləcə də izah etdi ki, iddiaçı cavabdehə qarşı cavabdeh “xxxx” MMC Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx xxxx 2019-cu il tarixli müqaviləsinin pozulması, cavabdehin qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması, yəni mart 2020-ci il tarixdən oktyabr 2020-ci il tarixədək olan 6 ay üçün, yəni hər ay 2900 manatdan olmaqla 17400 manat icarə haqqı üzrə borcun, vəkilə ödənilmiş 500 manat və 31 manat ödənilmiş dövlət rüsumunun, cəmi 17931 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində nəzərdə tutulan məbləğ xx xxxxxxx 2020-ci il tarixədək olan dövr üçün idi, lakin həmin vaxtdan keçən 2020-ci ilin noyabr, dekabr, 2021ci ilin yanvar və fevral ayları üçün də, icarə haqqı cavabdeh tərəfindən ödənilmədiyindən, iddiaçı iddianın həcmini artırmaq və tələbi dəqiqləşdirmək qərarına gəlmişdir. Əvvəlki iddia tələbində iddiaçı cavabdeh “xxxx“ MMC ilə aralarında bağlanmış xx xxxx 2019-cu il tarixli müqavilənin pozulması, cavabdehin qeyri yaşayış sahəsindən çıxarılması və altı ay üçün 17400 manat icarə haqqı üzrə borcun, vəkilə ödənilmiş 500 manatın və 31 manat dövlət rüsumunun, cəmi 17931 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin vaxtdan 4 aydan artıq müddət keçib və qarşı tərəf müqavilə öhdəliklərini ümumiyyətlə yerinə yetirmir. Həmin müddət ərzində cavabdeh müqavilə əsasında iddiaçıya 11600 manat (2900 manat x 4 ay=11 600 manat) icarə haqqını ödəməmişdir. Ona görə də, cavabdeh “xxxx“ MMC ilə bağlanmış xx xxxx 2019-cu il tarixli müqavilənin pozulması, cavabdehin qeyri yaşayış sahəsindən çıxarılması və 2020-ci ilin mart ayından 2021-ci ilin fevral ayınadək olan müddət ərzində, yəni on ay üçün 29000 manat icarə haqqı üzrə borcun, vəkilə ödənilmiş 500 manatın və 31 manat dövlət rüsumunun, cəmi 29531 manatın cavabdehdən iddiaçının xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı (“İcarəyə verən”) ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“İcarəçi”) arasında bağlanmış xx xxxx 2019-cu il tarixli qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində 84.0 kv.m və 2-ci mərtəbəsində 141.9 kv.m, cəmi 225.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə “İcarəçi” icazə obyektindən istifadəyə görə “İcarəyə verən”ə hər ay 2900 manat icarə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinə müqavilənin pozulması, mülkdən çıxarılması və vurulmuş zərərin əvəzinin tələb edilməsi barədə pretenziya göndərilmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2010-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27, qapı 9 ünvanda 1-ci və 2-ci mərtəbədə ümumi sahəsi 225.9 kv.m. olan qeyriyaşaşyış sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli AR-İ 724132 nömrəli etibarnamədən görünür ki, X1 Dinar Nasir oğluna xüsusi mülkiyyətində olan bütün əmlakını idarə etmək, icarəyə vermək və s. səlahiyyətlər vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci mad.). Qanunun yuxarıda göstərilən normalarının dispozisiyasına əsasən bağlanmış müqavilələr o şərtlər əsasında yerinə yetirilməlidir ki, tərəflər bu şərtlər əsasında razılığa gəlmişlər və bu şərtlər dəyişilməzdir. Ona görə də, müqavilənin qüvvəsi bir qayda olaraq onun iştirakçılarının öz öhdəliklərini tamamilə icra etməsi ilə bitir. Bununla yanaşı, qanunverici müqavilənin vaxtından əvvəl ləğv edilməsini də nəzərdə tutur. Lakin buna yalnız müəyyən əsaslar olduqda yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunun qeyd olunan normalarının tələblərindən göründüyü kimi, öhdəliyin yerinə yetirilməməsi dedikdə müqavilə şərtlərinin pozulması və ya lazımınca yerinə yetirilməməsi başa düşülür. İddiaçı tərəfındən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə bağlanılmış xx xxxx 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürmüş öhdəlikləri dəfələrlə pozmuş, ona xəbərdarlıq edilməsinə baxmayaraq son 10 aylıq icarə haqqını ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulduğu bildirilmiş və öhdəliyi yerinə yetirməsi töviyə olunmuşdur. Əks halda müqavilənin pozulması, cavabdehin mülkdən çıxarılması və vurulmuş zərərin tələb edilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəfindən iddiaçının bu təklifinə hər hansı cavab verilmədiyindən, iddiaçı xx.xx.2020-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması, icarə haqqının ödənilməsi üzrə öhdəliyin yerinə yerinə yetirilməməsi halı təsdiq olunduğundan və cavabdehin bu hərəkətləri müqavilənin ləğv edilməsi üçün əsas olduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında xx xxxx 2019-cu il tarixli müqavilə ləğv edilsin. Cavabdeh “xxxx” MMC Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı binanın 1-ci mərtəbəsində 84,0 kv.m. və 2-ci mərtəbəsində 141,9 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsindən çıxarılsın. Cavabdeh “xxxx” MMC-dən İddiaçı xeyrinə icarə haqqı üzrə 29000 (iyirmi doqquz min) manat məbləğində borc, vəkilə ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-235/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-235/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver