Məhkəmə qərarları › İş №2(009)-2367/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2367/2021

01.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2367/2021 01.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı əmrin təqdim edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı əmrin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Prosessual qanunvericiliyin tələbinə əsasən hüquqi şəxsə qarşı iddia onun rəsmi ünvanı üzrə verilir. “Elektron Məhkəmə” vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121-dir, "xxxx" İstehsalat Birliyinin hüquqi ünvanı isə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 73-dür. Hakim qeyd edir ki, cavabdehin hüquqi ünvanı iddia ərizəsində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 73 kimi göstərilsə də, həmin ünvan "xxxx" İstehsalat Birliyinin hüquqi ünvanıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 olduğu üçün, irəli sürülmüş iddia tələbinə Səbail rayon Məhkəməsində baxıla bilməz. Belə ki, prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbinə əsasən iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Hakim iddia ərizəsinə əlavə olunmuş Nizami rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərardadında qeyd olunanlarla bağlı qeyd edir ki, həmin qərardadda düzgün olmayaraq Azərbaycan Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyi kimi göstərilmişdir. Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə "xxxx" İstehsalat Birliyi ayrı-ayrı hüquqi şəxslərdir. Yəni "xxxx" İB Azərbaycan Dövlət Neft Şirkətinə aid olsa da, həmin hüquqi şəxslər ayrıayrı VÖEN-lər üzrə vergi orqanında qeydiyyatdadır ("xxxx" İB-nin VÖEN-i **********, Cavabdeh isə VÖEN-i **********). Eyni zamanda həmin hüquqi şəxslərin hüquqi ünvanları da ayrı-ayrıdır. Bu səbəbdən həmin hüquqi şəxslər ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş tələblər üzrə cavabdehlik daşıyırlar. Belə olan halda hakim hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb "xxxx" İstehsalat Birliyinə qarşı deyil, Cavabdehnə qarşı yönəldiyi üçün bu tələbə AR DNŞ-nin hüquqi ünvanı üzrə məhkəmədə, yəni Nərimanov rayon Məhkəməsində baxılamlıdır. Beləliklə hakim hesab edir ki, cavabdeh hüquqi şəxsin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 olduğu üçün, bununla da iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığı üçün, iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı əmrin təqdim edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyət qaydalarına riayət edilməklə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar