Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2380/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və üzr istəmək vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və üzr istəmək vəzifəsinin qoyulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı işdən çıxarılması barədə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-nin xx xxxxx 2020-ci il tarixli 194 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və ona qarşı böhtan xarakterli ifadələr işlətdiyinə görə cavabdehin üzərinə İddiaçı üzr istəməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1998-ci il fevralın 1-dən cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-də sürücü vəzifəsində işləməyə başlamışdır. İşlədiyi müddət ərzində üzərinə düşən əmək vəzifələrini həmişə vicdanla yerinə yertirmiş, işçilər arasında hörmətə malik olmuş, onların rəğbət və etimadını qazanmış, işlədiyi illər ərzindən bir dəfə də olsun əmək intizamını pozmamış və intizam məsuliyyətinə cəlb edilməmişdir. 2020-ci ilin aprel ayında cəmiyyətə yeni rəhbər gəldikdən sonra ona qarşı münasibət dəyişmiş, özünə yaxın adamları ətrafına yığmaq üçün İddiaçı işdən kənarlaşdırmağa bəhanələr axtarmağa başlamış, ona ərizə yazıb öz xahişi ilə işdən azad olunması təklif olunmuş, əks halda müxtəlif əsaslarla işdən azad ediləcəyi ilə hədələnmişdir. Əmək kitabçası korlanmasın deyə məcburiyyət qarşısında qalaraq 2020-ci ilin aprelin 22-dən öz xahişi ilə işdən azad olunması barədə 194 nömrəli əmr verilmiş və Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. İddiaçı əmək qanunvericiliyini pozmamış, sadəcə olaraq işdən azad olunması barədə ərizəni məcburiyyət qarşısında yazmış, bu barədə müxtəlif orqanlara müraciət etmiş və nəhayət pozulmuş hüquqların müdafiəsi üçün məhləməyə müraciət etməyə məcbur olmuşdur. İşdən azad olunduqdan sonra cavabdeh özünə haqq qazandırmaq üçün qanunsuz hərəkətlərini davam etdirərək internet saytlarında İddiaçı işdən azad olunmasının əsası olaraq guya yanacaq oğurlanması kimi yalan və böhtan xarakterli məlumatlar verməklə, onun şərəf və ləyaqətini ləkələməklə ona mənəvi zərər vurmuşdur. Cavabdehin ona qarşı işlətmiş olduğu yalan və böhtan xarakterli ifadələrə görə, yəni dost, tanış və qohumların arasında nüfuzdan düşdüyü üçün cavabdehin üzərinə ondan üzr istəmək vəzifəsi də qoyulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya işdən azad olunmasına görə heç bir təsir göstərilməmişdir. İddiaçı öz xahişi ilə işdən azad olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-1 009004 nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-də avtonəqliyyat idarəsinə 1-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-də avtonəqliyyat idarəsinə 1-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə isə öz təşəbbüsü ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Beləliklə, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün təsir göstərildiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbinin böhtan xarakterli ifadələr işlətdiyinə görə cavabdehin üzərinə iddiaçıdan üzrə istənilməsi vəzifəsinin qoyulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçı iddia tələbinin qeyd olunan hissəsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216‑220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhəri «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və üzr istəmək vəzifəsinin qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2380/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2380/2020
13.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver