Məhkəmə qərarları › İş №2(009)-2383/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2383/2020

02.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2383/2020 02.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Səmədov Cahan Arif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X4, cavabdeh “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili X7, nümayəndəsi X3 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 Təşkilatı İB işə cəlb edilməklə cavabdeh “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, əmək haqqına əlavələrin, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 Təşkilatı İB işə cəlb edilməklə cavabdeh “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 528 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, cavabdehdən onun xeyrinə xx.xx.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, 7 günə görə istifadə edilməmiş məzuniyyət pulunun, 10000 manat maddi və 15000 manat mənəvi ziyan olmaqla pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli, 528 saylı əmrini əsassız və qanunsuz hesab edir. Belə ki, o, xx.xx.1984-cü ildən əmək fəaliyyətinə başlamış, 36 illik əmək stajına malikdir. O, Əmək müqaviləsi bağlamaqla xx.xx.2012-ci il tarixdə “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialına işə qəbul edilmişdir. Cavabdeh müəssisədə 8 illik iş stajına malikdir və bu şirkətdə müxtəlif peşə və vəzifələrdə işləmişdir. Həmin müəssisədə sonuncu peşəsi xx.xx.2018-ci il tarixdən “takelajçı” olmuşdur. Onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin səbəbi aşağıdakı bəhanə olmuşdur. Belə ki, “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı uzun müddətdir ki, Azərbaycannın bütün yerlərində olduğu kimi, işə qəbul olunmamışdan əvvəl işçiləri müəyyən otellərdə karantində saxlamaqla koronavirus testindən keçirir, testin nəticəsi “neqativ” çıxdıqdan müəyyən müddət sonra işə göndərilirlər. O, cavabdehin bu barədə olan bütün tələblərinə əməl etmişdir. Növbəti dəfə, yəni xx.xx.2020-ciil tarixdə, işçilər, o cümlədən o, “xxxx” otelinə karantinə çağırılmışdır. Oteldə o, pəncərəsiz otaqda qalırdı. O, bu oteldə də bütün karantin qaydalarına əməl etmişdir. O yalnız bir neçə dəfə xahiş etmişdir ki, başqa işçilərin sağlamlıqlarına ziyan vurmadan ona siqaret çəkmək üçün şərait yaratsınlar, o bunu həm otelin işçilərindən, həm də, “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının məsul işçilərindən xahiş etmişdir. Lakin ona bu şərait yaradılmayıb. Halbuki 1 dəfə və ya 2 dəfə siqaret çəkmək nə onun, nə də, digər işçilərin sağlamlığı üçün təhlükəli deyil. Onun bir gündə 2 dəfə siqaret çəkməyini bəhanə edərək, cavabdeh müəssisə xx.xx.2020-ci il tarixli, 528 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən “işçi özünün əmək funksiyasını vəya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə ləğv etmişdir. O, işlədiyi 36 il müddətində, o cümlədən cavabdeh müəssisədə 12 illik müddətdə, heç bir vaxt əmək intizamı məsuliyyətinə cəlb edilməmiş, əksinə cavabdeh müəssisə tərəfindən mükafatlandırılmaqla əmək haqqı artırılmış, tərifnamə və sertifikatlar almışdır. Cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən göstərilən hallar, eləcə də, onun peşəkarlığı, hadisənin iş yerində olmaması, karantin qaydalarının Əmək Məcəlləsi ilə tənzimlənməməsi, karantin qaydalarını pozduğuna görə inzibati cəza almamağı, testin nəticəsinin neqativ olması və sair hallar nəzərə alınmamışdır. Cavabdeh müəssisə AR Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərini pozmuş, bu maddədə nəzərdə tutulmuş qaydada əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmamış və müəssisənin möhürü ilə təsdiqlənərək ona təqdim edilməmişdir. Ona Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə uyğun əmr deyil, cavabdehin “HR/AFA/4402/20 saylı, xx.xx.2020-ci il tarixli Bildiriş”i təqdim olunmuşdur. O, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə məlumatları Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə uyğun əmrdən deyil, əmək kitabçasında olan qeydlərdən götürmüşdür. Onun əmək kitabçasında olan qeydə əsasən o, “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli, 528 saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Lakin əmək müqaviləsi ləğv edilməyib. Hal hazırda qüvvədə olan AR Əmək Məcəlləsinin tələblərinə əsasən işdən azad olunma barədə hüquqi termin yoxdur və əgər işçi ilə bağlanmış əmək müqaviləsi bu Məcəllənin tələblərinə uyğun ləğv edilməyibsə, həmin işçi ilə əmək münasibətləri davam edir. Cavabdeh “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı Əmək Məcəlləsinin 84.1-ci maddəsinin tələblərini pozmuş, bu maddədə nəzərdə tutulmuş qaydada əmək müqaviləsinə xitam verilməsi barədə əmr hazırlamamış və ona təqdim etməmişdir. Cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilsə də, Əmək Məcəlləsinin 84cü maddəsinin tələblərinə əməl edilməməklə əmr tərtib edilməmiş, əmrin əvəzinə ona “HR/AFA/4402/20 saylı, xx.xx.2020-ci il tarixli Bildiriş” təqdim olunmuşdur. Göstərilən əsasdan əmr qanunsuzdur və ləğv edilməlidir. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cavabdehin xx.xx.2020-ci il tarixli, 528 saylı əmri qanunvericiliyin tələblərinə uyğun formada mövcud olmadığından və ona təqdim edilmədiyindən əmr və onun əsaslandırılmasını görmək mümkün deyil. Əmri vermiş işəgötürən ona qarşı qərəzli olmuş və bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Halbuki onun nə səbəbdən və ya əsasdan, yəni hansı müqavilə vəzifələrini yerinə yetirmədiyinə görə işdən azad olunmağı bu əmrdə sübut olunmur və əsaslandırılmır. Göstərilən əsasdan da bu əmr qanunsuzdur və məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə əmrdə onun Əmək Məcəlləsi və ya əmək müqaviləsi üzrə hansı əmək funksiyalarını yerinə yetirmədiyi göstərilməmiş və əsaslandırılmamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin 2-ci hissəsinə görə işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əmək müqaviləsi ləğv edilir. Lakin cavabdehin əmrində onun Əmək Məcəlləsinin bu maddəsində nəzərdə tutulan hansı əmək vəzifələrini yerinə yetirməməyi və ya Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu göstərilməyib və əsaslandırılmayıb. Cavabdeh onun barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq etsə də, əmrdə bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan və həmçinin onun əmək müqaviləsi ilə müəyyən edilmiş hansı vəzifələrini yerinə yetirmədiyini göstərməmişdir və əmr bu əsasdan da qanunsuzdur. Əmrdə bu Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda hansı əmək vəzifələrini kobud şəkildə pozduğu göstərilməyib və əsaslandırılmayıb. Belə ki, o, Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən və əmək vəzifələrinin kobud şəkildə pozulan hallarından heç birinə yol verməmişdir. AR Əmək Məcəlləsinin 70, 72 və 186-cı maddələri tətbiq edilməklə işçiilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə o halda yol verilir ki, qeyd olunan intizam pozuntusu iş vaxtında olsun. Lakin cavabdehin əsaslandığı bu hal işdə olmayıb, oteldə olmaqla karantin qaydalarının pozulması ilə əlaqədardır. Qeyd olunan halla əlaqədar isə qanunvericilikdə intizam tənbehi deyil, inzibati cərimə nəzərdə tutulub. AR Əmək Məcəlləsinin 70, 72 və 186-cı maddələri isə oteldə və ya karantin qaydalarını tənzimləmir və yanlış olaraq intizam pozuntusu kimi təqdim edilən hal iş vaxtında baş verməmişdir. Onun hətta hər hansı bir karantin qaydalarını pozmağı və ya kiçik bir xətaya yol verdiyi halda belə bir başa olaraq ən ağır və ya sonuncu intizam tənbehinin tətbiq olunması üçün əsas yaratmır. O hesab edir ki, o, Əmək Məcəlləsinin 70, 72 və 186-cı maddələri ilə intizam tənbehi ilə deyil, AR İnzibati Xətalar Məcəlləsi ilə ən pis halda cərimə olunmaqla məsuliyyət daşıyır. Cavabdeh ona qarşı intizam tənbehi tətbiq edərkən Əmək Məcəlləsinin 186.3-cü maddəsinin şərtləri nəzərə alınmayıb, onun əmək fəaliyyətində 36 il iş stajının olması,cavabdeh müəssisədə işlədiyi 8 il müddətində əmək funksiyalarını layiqincə yerinə yetirməyi, heç bir vaxt əmək intizamını pozmamağı, hadisənin iş yerində olmaması, karantin qaydalarının Əmək Məcəlləsi ilə tənzimlənməməsi, karantin qaydalarını pozduğuna görə inzibati cəza almamağı, testin nəticəsinin neqativ olması, əmək kollektivində olan nüfuzu, şəxsiyyəti, peşəkarlığı, sertifikatlar almağı, vəzifədə irəli çəkilməyi ehtimal edilən törətdiyi xətanın xarakteri nəzərə alınmamışdır. Cavabdehin “HR/AFA/4402/20 saylı, xx.xx.2020-ci il tarixli Bildiriş”ində bildirilir ki, o, inzibati cəza tədbiri kimi karantin qaydalarını pozduğuna görə şirkətin əmri ilə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə ləğv ediləcəkdir. Əmək müqaviləsinin ləğv edilməsi COVİD-19 virusunun yayılması təhlükəsiilə əlaqələndirilir və bildirilir ki, bununla əlaqədar o, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını pozmuşdur. Lakin Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəsi əməllərə yol verilməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Cavabdehin verdiyi əmr o əsasdan da qanunsuzdur ki, karantin qaydaları Əmək Məcəlləsi və intizam tənbehinin verilməsi ilə deyil, AR İnzibati Xətalar Məcəlləsi və inzibati xəta kimi tənzimlənir. Karantin qaydalarının kobud surətdə və ya daha ağır formada pozulması isə AR Cinayət Məcəlləsi ilə tənzimlənir. Onun barəsində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada karantin qaydalarını pozmağını təsdiq edən hər hansı səlahiyyətli orqanın və ya məhkəmənin inzibati cərimə və ya həbs barədə qərarları olmamışdır. Onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 12-ci maddəsinin də tələbləri pozulmuşdur, belə ki,əmrdə göstəilən əsas, yəni işçi tərəfindən karantin qaydalarının pozulması ilə əlaqədar qəsdən şirkətin hər hansı təhlükəsizlik qaydasının pozulması barədə (karantinlə əlaqədar) Əmək Məcəlləsində konkret bir hüquq norması və ya əsas yoxdur. Əməyin təhlükəsizlik qaydaları Əmək Məcəlləsi ilə, karantin qaydaları isə Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 122 saylı qərarı və digər qərarları isə daha çox Sanitariya-Epidemioloji Salamatlıq haqqında Qanunla əsaslanır. Həmin Qanunun tələblərini pozan şəxs isə Əmək Məcəlləsi ilə deyil, İnzibati Xətalar və ya Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb olunur. xx.xx.2020-ci il tarixi onun iş günü olmamış, istirahət vaxtı olmuşdur. Pandemiya ilə əlaqədar o və digər işçilər oteldə yerləşdirilmişlər. Yəni Əmək Məcəlləsi, Məcəllənin 72-ci maddəsinin “f” bəndi istirahət vaxtının deyil, iş vaxtının əmək münasibətlərini tənzimləyir. Həmin əsaslardan da əmr qanunsuzdur. Onun işlədiyi müddətdə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən 2020-ci iş ili üçün 4 ay müddətinə olmaqla 7 məzuniyyət günləri ödənilməyib və hesab edir ki, onun istifadə etmədiyi bu iş illərinin əsas məzuniyyətlərinə görə bu məzuniyyət pulları da məhkəmə qaydasında cavabdehdən tutulmaqla ona ödənilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən dəymiş ziyanla əlaqədar maddi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 10000 manat məbləğində pul tutulmalıdır. Əmək Məcəlləsinin 290-cı maddəsinə əsasən dəymiş mənəvi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 15000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X12 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia tələbində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və eləcə də, izah etdi ki, bundan əvvəl də o, karantinlə bağlı 5 oteldə olmuşdur, əvvəlki otellərdə şirkətin nümayəndəsi gəlib otaqda onları qaydalarla tanış edir, onlara qaydaları izah edirdilər. Əvvəlki otellərdə qaldığı otaqların eyvanı olduğu üçün onun siqaret çəkməklə bağlı heç bir problemi olmamışdır. xxxx oteldə ona heç bir təlimat keçmədilər, ona çoxlu sənədlər verdilər və həmin sənədləri oxumadan imzaladı. Ona bildidilər ki, bu sənədləri otağında oxuyar. Ona 10-cu mərtəbədə ayrılan otaqda pəncərə görmədi. Oteldə ona dedilər ki, hər saatda bir dəfə siqaret çəkmək olar. O, xahiş etdi ki, ona şərait yaratsınlar ki, hər saatda bir yox, iki dəfə siqaret çəksin. Lakin ona icazə vermədilər. O, sadəcə xahiş etmiş və heç kimə qarşı kobudluq etməmiş, resepşnda oturan qadını təhqir etməmişdir. O öz otağından çıxanda hər dəfə maska taxmış, maskasız otaqdan çıxmamışdır. O, gecə otaqdan çıxmamışdır. O, axşam saat 21:00-a qədər 5 dəfə siqaret çəkmişdir. Sonra ona dedilər ki, oteldən çıxıb getsin, o da, razılaşıb oteldən çölə çıxdı, sonra çantasını götürmək üçün otelə qayıtdı və orada bir nəfər ona yaxınlaşıb bildirdi ki, karantin saatıdır, getsə onu tutub saxlayacaqlar, səhərə qədər oteldə qalsın, səhər çıxıb gedər. Ona görə də, o, oteldəki otağına qayıdıb orada qaldı və səhər ofisə getdi. O, bu oteldə də bütün karantin qaydalarına əməl etmişdir. O yalnız bir neçə dəfə xahiş etmişdir ki, başqa işçilərin sağlamlıqlarına ziyan vurmadan ona siqaret çəkmək üçün şərait yaratsınlar, o bunu həm otelin işçilərindən, həm də, “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının məsul işçilərindən xahiş etmişdir. Lakin ona bu şərait yaradılmayıb. Halbuki 1 dəfə və ya 2 dəfə siqaret çəkmək nə onun, nə də, digər işçilərin sağlamlığı üçün təhlükəli deyil. Onun bir gündə 2 dəfə siqaret çəkməyini bəhanə edərək, cavabdeh müəssisə xx.xx.2020-ci il tarixli, 528 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən “işçi özünün əmək funksiyasını vəya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə ləğv etmişdir. O, işlədiyi 36 il müddətində, o cümlədən cavabdeh müəssisədə 12 illik müddətdə heç bir vaxt əmək intizamı məsuliyyətinə cəlb edilməmiş, əksinə cavabdeh müəssisə tərəfindən mükafatlandırılmaqla əmək haqqı artırılmışdır. Ona görə də, işdən çıxarılması barədə əmri əsassız hesab edir və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili X14 iddia tələbini qəbul etməyib onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etdi və izah etdi ki, cavabdeh İtaliyanın “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialıdır. Şirkət neft və qaz sənayesində çalışan şirkətlər üçün bir sıra xüsusi xidmətlər göstərməklə (məsələn, dəniz şəraitində neft və qaz borularının düzülməsi və izolyasiya edilməsi) Azərbaycan Respublikasında 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Şirkətin Azərbaycan Respublikasındakı əsas biznes tərəfdaşlarından biri Böyük Britaniyanın "BP" şirkətidir. İddiaçı xx xxxxx 2018-ci il tarixli EA0846-971633 saylı əmək müqaviləsinə əsasən "Takelajçı" vəzifəsində çalışırdı. İddiaçının əmək müqaviləsi 4 dəfə uzadılmış və sonuncu düzəlişlərə əsasən əmək müqaviləsinin müddəti xx xxxxxx 2020-ci il tarixdə bitəcəkdir. İddiaçının əsas vəzifə öhdəlikləri gəmi şəraitində yükvurma, yükboşaltma, daşıma və rəngləmə işlərinin görülməsindən ibarətdir. Bununla yanaşı, iddiaçı həmçinin cavabdeh şirkətin daxili aktları iiə təsdiq olunmuş qaydalara, müəssisədaxili intizam qaydalarına və əməyin təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsini də daşıyır. 2020-ci il mart ayından etibarən ölkə ərazisində koronovirus xəstəliyi ilə əlaqədar elan olunmuş xüsusi karantin rejiminə uyğun olaraq cavabdeh şirkətdə də "Koronavirus xəstəliyi dövründə özünü X16" ("Karantin Qaydaları") təsdiq edilmişdir. Qaydaların tətbiq edilməsinin zəruriliyi işçilərin sağlamlığının qorunmasından və cavabdeh şirkətinin fasiləsiz iş rejiminin təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, cavabdeh dənizdə fəaliyyət göstərdiyi üçün, gəmilərdə işləyən işçi heyət bir neçə müddətdən bir dəyişir. Belə olan halda gəmiyə gedən hər hansı işçinin koronavirus xəstəliyinə yoluxması və həmin xəstəliyin gəmidə digər işçilər arasında yayılması, həm dəniz şəraitində insanların səhhəti üçün daha böyük risk təşkil edir, həm cavabdehin işinin dayandırılması, nəticədə "BP" şirkətinin həyata keçirdiyi layihələrin dayandırılması və Azərbaycan Respublikasının iqtisadi maraqlarına əhəmiyyətli zərərin vurulması riskini yaradır. Karantin Qaydalarının 2.2-ci bəndinin ikinci paraqrafına əsasən Azərbaycanda olan və dənizə göndərilməsi planlaşdırılan işçilər dənizə getməzdən əvvəl özlərini təcrid etmə məqsədilə karantinə yerləşdirilir. Karantin Qaydalarının 1.3-cü bəndinin üçüncü paraqrafına əsasən "Yerli kadrlar Fərdi Özünü X10 (Əlavə A) uyğun olaraq yaşadıqları yerdə 7 gün ərzində özlərini təcrid edəcəklər; həmin qaydaları onlar özlərini təcrid etməyə başlamazdan əvvəl alıb imzalayacaqlar. Ev şəraitində özünü təcrid etmənin bitməsinə bir neçə gün qalmış (normal olaraq 3 gün), onlar çubuq vasitəsilə edilən testdən keçməlidirlər və həmin testdən mənfi nəticələr aldıqdan sonra Saipem tərəfindən müəyyən edilən Otelə gedərək Əlavə G (Oteldə Özünü X6) formasına uyğun olaraq əlavə 7 gün müddətində özlərini təcrid edəcəklər." Karantin Qaydalarının 2.6-cı bəndinə əsasən oteldə olduqları müddət ərzində işçilər (i) müvafiq otelin daxili qaydalarına, habelə (ii) Oteldə Özünü X13 riayət etməlidirlər. Qeyd edilməlidir ki, 2020-ci ilin mart ayından sonra iddiaçı hər dəfə dənizə (gəmiyə) getməzdən əvvəl cavabdehin dənizdə işləyən bütün digər işçiləri kimi yuxarıda təsvir edilən qaydada müvafiq karantindən keçirdi. Qeyd edilməlidir ki, bu günə qədər iddiaçı bir neçə dəfə otel şəraitində olmaqla karantinə yerləşdirilmişdir. Aşağıdakı səbəblərə görə cavabdeh hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Yuxarıda qeyd edildiyi kimi, xx xxxxxxx 2020-ci il tarixdə iddiaçı növbəti dəfə 8 günlük karantinə yerləşdirilmişdir. Karantinə yerləşdirmə "BP" şirkəti tərəfindən "xxxx" otelində təşkil edilmişdir. Karantinin təşkil edilməsi və karantinlə bağlı bütün xərclərin qarşılanması Cavabdeh şirkət və BP şirkəti tərəfindən təmin edilmişdir. Karantinin elə birinci günündə İddiaçı tərəfindən Oteldə Özünü X16 kobud şəkildə pozulmuşdur. Belə ki, yuxarıda qeyd edilən Oteldə Özünü X13 əsasən otelə qeydiyyata alındıqdan dərhal sonra hər bir işçidən onun otel otağında təcrid olunmağı tələb olunur. Bu o deməkdir ki, karantin müddəti bitməyənə qədər müəyyən edilmiş hallar istisna olmaqla otağı tərk etmək və ya otel ərazisinə çıxmaq qadağandır. Otağı hər-hansı bir fövqəladə hal baş verərsə maska taxmaqla tərk etmək olar. Qaydaların üçüncü paraqrafına əsasən, heç kimi otağa dəvət etmək və heç kəsə otağa girməyə icazə verilməməlidir. Karantin müddətində yemək və çamaşır otağa çatdırılma xidməti vasitəsi ilə həyata keçirilir. Yemək və camaşır paketləri götürülməsi üçün qapının qarşısına qoyulur. İşçilər yemək qalıqlarını və çamaşırları otaqdan kənar qapının qarşısına qoymalıdırlar. Göründüyü kimi, Qaydalara görə karantin dövründə otel otağını hər hansı fövqəladə hal (yanğın və s.) baş verdiyi halda maska taxmaqla tərk etmək olardı. Bununla yanaşı işçilərin bütün kənar şəxslərlə, hətta otelin əməkdaşları ilə ünsiyyəti məhdudlaşdırılmışdır. Bununla belə, Oteldə Özünü X11 yeddinci paraqrafına əsasən, siqaret çəkən işçilər üçün otağı tərk etmək üçün əlavə imkan nəzərdə tutulmuşdur. Belə ki, Oteldə Özünü X11 yeddinci paraqrafına uyğun olaraq karantində olan işçilər həmçinin siqaret çəkmək məqsədi ilə də otaqlarını tərk edə bilərdilər, lakin buna yalnız xüsusi cədvəl əsasında otelin terrasında yol verilirdi. Hər bir işçi üçün ayrıca siqaretçəkmə qrafiki müəyyən edilmişdir. İddiaçı üçün müəyyən edilmiş siqaretçəkmə qrafikinə əsasən o, gün ərzində saat 09:00-dan etibarən gecə saat 00:00-dək hər növbəti saatın 20-ci dəqiqəsindən başlayaraq 10 dəqiqəlik siqaret fasiləsinə çıxa bilərdi (məsələn, 09:20-09:30-dək, 10:20-10:30-dək, 11:20-11:30-dək və sairə). Karantində olan bütün işçilərdən siqaret fasiləsi müddətlərinə ciddi riayət etmək tələb olunurdu ki, onların bir biri ilə, habelə otelin digər qonaqları ilə mümkün təması minimuma endirilsin və nəticə etibarı ilə yoluxma riski azaldılsın. Cavabdehin bütün digər işçiləri kimi, iddiaçı da Oteldə Özünü X16, o cümlədən siqaretçəkmə qrafiki barədə təlimatlandırılmış və qaydalara riayət edəcəyi barədə razılığını bildirmişdir. Oteldə Özünü X16 barədə təlimat "xxxx" otelində resepşn vəzifəsində çalışan Zaur Zeynalov tərəfindən keçirilmiş, siqaretçəkmə cədvəli barədə məlumat isə "xxxx" otelinin front-ofis meneceri Cavid Alməmmədov tərəfindən verilmişdir. Karantində olan işçilər tərəfindən siqaretçəkmə qrafikinə, habelə Oteldə Özünü X11 digər tələblərinə riayət edilməsinə cavabdeh və BP şirkəti tərəfindən dəvət edilmiş özəl təhlükəsizlik və mühafizə əməkdaşları, habelə otelin əməkdaşları tərəfindən nəzarət edilirdi. Oteldə Özünü X16, o cümlədən siqaretçəkmə qrafiki barədə məlumatlı olmasına baxmayaraq, iddiaçı karantinin elə ilk günündə, yəni xx.xx.2020-ci il tarixdə bu qaydaları pozmuşdur. İddiaçının intizamsızlığı və yol verilməz davranışı barədə ilk məlumat cavabdehin tərəfdaşı olan BP şirkətinin təhlükəsizlik müşaviri Tofiq Şamilov tərəfindən verilmişdir. Sonuncu tərəfindən cavabdehin və BP şirkətinin əməkdaşlarına ünvanlanmış elektron məktubda aşağıdakı məlumat qeyd edilmişdir: "BP şirkətinin Təhlükəsizlik əməkdaşı Rüstəm Salayev tərəfindən bildirilmiş xxxx otelindəki hadisə barədə sizə məlumat vermək istəyirəm. Saipem-dən İddiaçı bu gün (xx/xx/2020) oteldə qeydiyyatdan keçdi, daha sonra BP təhlükəsizlik məsləhətçisinə siqaret çəkmə qrafikinə əməl edə bilməyəcəyini və lazım olduqda siqaret çəkilən əraziyə gedəcəyini söylədi. Daha sonra, Rahim təhlükəsizlik məsləhətçisinin nəzarəti olmadan siqaret çəkilən əraziyə getdi, üz maskası istifadə etməkdən imtina etdi. Rahim siqaret çəkilən yerdə söyüş söymüş və digər şəxsləri narahat etmişdir. Daha sonra, o, resepşna baş çəkmiş və yenidən istədiyi vaxt siqaret çəkilən əraziyə gedəcəyini bildirmiş və otel binasından küçəyə çıxmışdır. Bu tamamilə qəbuledilməz davranış və karantin rejiminin ciddi şəkildə pozulmasıdır. Karantin qaydalarının pozulduğunu nəzərə alsaq, onu karantin müəssisəsində saxlamağın əhəmiyyəti yoxdur. Buna görə, İMT rəhbərliyi ilə məsləhətləşmədən sonra Rahimin karantin müəssisəsindən çıxarılmasına qərar verildi. Hərbi Vəziyyət məhdudiyyətlərini nəzərə alaraq onu bu gecə oteldə qalmaqla səhər oteldən çıxarılmasına qərar verdik." Göründüyü kimi, iddiaçı tərəfindən törədilmiş pozuntu o dərəcədə ciddi hesab edilmişdir ki, onun artıq karantində qalmasının belə əhəmiyyətsiz olması barədə nəticəyə gəlinmişdir. Çünki karantin rejiminin pozuntusu işəgötürənləri məcbur edir ki, karantini pozmuş şəxsi yenidən tam karantin müddətinə yerləşdirsinlər. Bunun nəticəsində isə, gəmiyə getməsi planlaşdırılan heyətdə müvafiq dəyişikliklər aparılmalı, bu mümkün olmadığı halda isə (misal üçün artıq karantindən keçmiş işçi olmadığı halda), gəmidə olan işçilərdən biri növbədənkənar qaydada gəmidə qalmalı idi. Nəticədə cavabdeh şirkətdə normal iş ahənginin pozulması baş verir. Dənizdə gəmi şəraitində işlərin gərginliyini, işləyən işçilərin yorğunluğunu nəzərə alaraq, insanların müəyyən edilmiş vaxtdan artıq vaxtda gəmidə qalması və işlərin görülməsi, həm həmin şəxslərin sağlamlığına zərər gətirə bilər, həm də işin keyfiyyətinin aşağı düşməsinə, nəticədə isə işəgötürənin maraqlarına ciddi zərər yetirə bilər. Bununla yanaşı, karantin qaydalarına nəzarət etmək məqsədilə oteldə xüsusi olaraq xidmət edən özəl mühafizə xidmətinin koordinatoru Anar Gülablı tərəfindən xx.xx.2020-ci il tarixdə elektron məktub vasitəsi ilə verilən məlumata əsasən, iddiaçı aşağıda göstərilən vaxtlarda otağını tərk edərək qeyd olunan yerlərə getmişdir: 12:50-12:57-terras; 13:48-13:49-mərtəbədəki mühafizə xidmətinin otağı; 14:20- 14:36-terras; 15:05-15:52-terras; 16:26-17:32-terras; 18:58-19:18-terras; 19:56-19:57lobbi (əsas girişin qarşısındakı koridor); 19:57-20:13-lobbi (əsas girişin qarşısındakı koridor); 20:13-20:23-çöl; 20:23-20:24-lobbi (əsas girişin qarşısındakı koridor); 20:24- 20:25-çöl; 20:25-20:36-lobbi (əsas girişin qarşısındakı koridor); 20:37-otağına qayıtmışdır. Göründüyü kimi, iddiaçı siqaretçəkmə qrafikinə uyğun (yəni saatda 1 dəfə olmaqla, hər növbəti saatın 20-ci dəqiqəsindən 30-cu dəqiqəsinədək olan müddət ərzində) deyil, faktiki olaraq, istədiyi vaxt və istədiyi müddətə otağından çıxırdı. Eyni zamanda, iddiaçı yalnız terrasa çıxmalı olduğu halda, həmçinin mühafizə xidmətinin otağına, otelin lobbisinə, hətta oteldən çölə belə çıxmışdır. Beləliklə, iddiaçı etinasızlıq nümayiş etdirərək, cavabdeh şirkətinin müəyyən etdiyi intizam qaydalarını, işəgötürənin və iş yoldaşlarının maraqlarını kobud şəkildə pozmuşdur. Bundan əlavə, qeyd olunan eiəktron məktub vasitəsi ilə Anar Gülablı tərəfindən bildirilmişdir ki, mühafizəçilər tərəfindən iddiaçı ilə dəfələrlə söhbət edilməsinə və ona karantin qaydalarının və prosedurlarının izah edilməsinə baxmayaraq, oteldə siqaret çəkməyə icazə verilən otaqların olmamasına baxmayaraq, sonuncu təkidlə siqaret çəkmək üçün ona otağın ayrılmasını tələb edirdi. Eyni zamanda, məlum olmuşdur ki, yuxarıda qeyd olunan vaxtlardan əlavə iddiaçı həmçinin gecə vaxtı da, otağını dəfələrlə tərk etmişdir (baxmayaraq ki, gecə saat 00:00-dan sonra otağı tərk etmək ümumiyyətlə qadağan edilmişdir, o cümlədən siqaret çəkmək məqsədilə). Belə ki, sözügedən elektron məktubda daha sonra qeyd edilir ki, “Bu gün səhər saat 09:00-da bizim heyət növbəyə gəldikdə, otelin mühafizəsi yuxarıda qeyd edilən qonaq (yəni İddiaçı) barədə bizə şikayətlərini bildirmişdir, belə ki, o, gecə vaxtı bir neçə dəfə otağını tərk etmiş, bütün qaydalara saymamazlıq göstərmiş və hətta resepşnda oturan xanım işçini təhqir etmişdir. Nəhayət, saat 10:00-da qonaq oteli tərk etmişdir." Göründüyü kimi, iddiaçının intizamsız davranışı BP şirkəti, habelə özəl təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək cavabdehə bildirilmişdir. Məsələnin araşdırılması məqsədi ilə cavabdeh iddiaçıdan izahatın verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş izahatın məzmunundan görünür ki, sonuncu həqiqətən də "xxxx" otelində Karantin Qaydalarına nəzarət edən şəxslərlə mübahisə etmiş, yəni onlardan 1 saat ərzində 1 dəfə deyil, 2 dəfə siqaret çəkməyə icazə vermələrini tələb etmiş, lakin bu mümkün olmadığı üçün sonuncular icazə verməmişdir. Daha sonra isə nəzarətçilər onun oteldən çıxarılmasını tələb etmişdirlər. İddiaçı həmçinin izahatında söyüş söymədiyini və bu barədə otel əməkdaşlarının yalan danışdığını bildirmişdir. Cavabdeh hesab edir ki, hadisələrin hətta bu cür natamam təsvirindən görünür ki, iddiaçıya həqiqətən də Karantin Qaydaları izah edilmiş, sonuncu bu qaydalarla razılaşmamış və mübahisə yaratmışdır. İddiaçını intizamsız davranışdan çəkindirmək mümkün olmadığından, onun oteldən çıxarılması barədə qərar verilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı əvvəllər bir neçə dəfə otel şəraitində karantin rejimində olmasına, Karantin Qaydaları barədə təlimatlandırılmasına, Karantin Qaydalarına nəzarət edən şəxslər tərəfindən ona dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, qəsdən və kobud şəkildə bir gün ərzində Karantin Qaydalarını bir neçə dəfə pozmuşdur. Onun bu etinasız və intizamsız davranışını müşahidə edən məsul əməkdaşlar tərəfindən cavabdehin rəhbərliyinə yuxarıda qeyd edilən forma və məzmunda məruzə edilmişdir. Karantin rejimi ilə əlaqədar iddiaçı tərəfindən öz vəzifələrinə göstərilmiş laqeyd və səhlənkar münasibət, habelə iddiaçıya edilmiş çoxsaylı xəbərdarlıqlara heç bir məhəl qoymayaraq intizamsız davranışının qəsdən davam etdirilməsi halı cavabdeh tərəfindən təhlil edilmiş və nəticəyə gəlinmişdir ki, iddiaçı kimi işçinin iş yerində saxlanması, onun özünün və iş yoldaşlarının həyat və sağlamlığı üçün təhlükəlidir və işəgötürənin normal iş ahənginin pozulması və nəticədə işəgötürənə əhəmiyyətli zərərin vurulması ilə nəticələnə bilər. Bu səbəbdən cavabdeh iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi qərarına gəlmişdir. Həmçinin iddiaçının əmək müqaviləsinin müddəti xx xxxxxx 2020-ci il tarixdə bitməli idi. Yəni cavabdeh iddiaçının pozuntuları ilə bağlı heç bir tədbir görməsə belə, onsuz da, təxminən 3 həftə sonra müddətin bitməsinə görə iddiaçının əmək müqaviləsinə xitam vermək hüququna malik idi. Buna baxmayaraq, şirkət iddiaçının pozuntusuna göz yuma bilməmişdir. Bu onun göstəricisidir ki, iddiaçının pozuntusu cavabdehin mənafelərinə çox ciddi zərər vurmuş və onun üçün son dərəcədə ağrılı olmuşdur. Məhz bu səbəbdən cavabdeh şirkət iddiaçının bu pozuntusu ilə bağlı güzəştə gedə bilməmiş və onunla əmək müqaviləsini dərhal ləğv etmək qərarına gəlmişdir. Cavabdeh şirkət tərəfindən təsdiq olunmuş daxili Karantin Qaydaları və onun tərkibinə daxil olan Oteldə Özünü X16 şirkətin əmək mühafizəsi qaydalarının tərkib hissəsidir. Karantin Qaydalarının tələblərinə riayət edilməməsi həm iddiaçının öz həyat və sağlamlığını, həm də onun iş yoldaşlarının həyat və sağlamlığını təhlükə altına qoyur. Eyni zamanda, koronovirus xəstəliyinin xarakterini və gəmi kimi qapalı olan məkanlarda sürətlə yayılma mümkünlüyünü nəzərə alaraq, Karantin Qaydalarına riayət edilməməsi cavabdehin müvafiq gəminin göyərtəsində olan bütün işçi heyətinin yoluxması ilə nəticələnə bilər və nəticə etibarı ilə cavabdehin fəaliyyətini qeyri müəyyən müddətə iflic edərək ona külli miqdarda zərər vura bilərdi. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 8.3-cü bəndinə əsasən işçi özünün və ya iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur. Göründüyü kimi İddiaçı əmək müqaviləsi ilə nəzərdə tutulmuş öhdəliyini pozmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən işçi əmək müqaviləsi üzrə öhdəliklərini verinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Odur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi haqlı və əsaslı olaraq cavabdeh tərəfindən ləğv edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının intizamsız davranışı həmçinin onun əmək vəzifələrinin də kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, Karantin Qaydalarının pozulması nəticəsində iddiaçının gəmiyə göndərilməsi mümkünsüz olduğundan (yoluxma riskinin yüksək olması səbəbi ilə), onun gəmidəki növbə yoldaşı olan Kamran Səlimovun vaxtında əvəzlənməsi mümkün olmamış və sonuncu iddiaçının səhlənkarlığına görə gəmidə əlavə olaraq 21 gün keçirməli olmuşdur. Nəticədə cavadeh şirkətdə istehsal prosesinin, habelə əmək və icra intizamının normal ahəngi pozulmuş, cavabdehə və əmək kollektivinin ən azı bir üzvünün hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan vurulmuşdur (xələl gətirilmişdir). Əmək Məcəlləsinin 72-ci maddəsinin (e) bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddia ərizəsində iddiaçı tərəfindən gətirilən əsas dəlillərdən biri odur ki, guya o, əslində heç bir qayda pozmamış, karantin qaydalarına riayət etmiş və cavabdeh onun bir-iki dəfə siqaret çəkməsini bəhanə edərək onunla əmək müqaviləsinə xitam vermişdir. İddiaçının bu dəlilləri həqiqətə uyğun deyil. Belə ki, bu etirazın 13-19-cu bəndlərində qeyd edildiyi kimi, əslində cavabdeh ona edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymayaraq otelin işçiləri və nəzarətçilərlə kobud və aqressiv şəkildə danışmış, qəsdən icazə verilməyən vaxtlarda otağını müntəzəm olaraq tərk etmiş, otağını tərk edərkən tibbi maska taxmamış, tələb olunan müddətdə otağına qayıtmamış, qadağan edilmiş yerlərə baş çəkmiş və hətta oteldən qırağa çıxmışdır. Həmçinin bildirilməlidir ki, iddiaçının guya pəncərəsiz otaqda qalması barədə qeydi də həqiqətə uyğun deyil, belə ki, otaqda pəncərə (günəş işıqlandırılmasını təmin etmək məqsədilə) mövcud idi. Əlavə olaraq qeyd edilməlidir ki, oteldə havalandırma sistemi olduğundan təmiz havanın otağa daxil olması təmin edilirdi və bu səbəbdən otel otaqlarında pəncərənin açılması tələb olunmurdu. Oteldə otaqlarda siqaret çəkmək ümumiyyətlə qadağan olması səbəbindən, karantində qalan bütün şəxslərə saatda 1 dəfə olmaqla müəyyən edilmiş cədvələ əsasən siqaret çəkmək üçün şərait yaradılmışdır. Cədvəlin müəyyən edilməsi zərurəti karantində olan işçilərin və digər şəxslərin fiziki ünsiyyətini məhdudlaşdırmaqla yoluxma risklərinin minimuma endirilməsi zərurətindən irəli gəlirdi. İddiaçının dəlillərinin sırasında qeyd edilmişdir ki, guya hadisə onun iş yerində və iş vaxtında baş verməmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, cavabdeh şirkət tərəfindən bütün işçilərə xx xxxxxxxx 2020-ci il tarixli "Müstəsna tədbirlərin tətbiqinə dair bildiriş" təqdim edilməklə bildirilmişdir ki, x xxxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək olan müddət ərzində gəmidə işin yerinə yetirilməsi, evdə özünütəcrid və karantin məkanında keçirilən müddət üçün ödənişlər, əsas iş yeri olan gəminin "status"undan (dəniz və ya liman) asılı olmayaraq, 75% dəniz əmsalının tətbiqini nəzərdə tutacaq. Karantin dövrü "Karantin - Dəniz Əmsalı" hesab ediləcəkdir. Həmin dövr ərzində işçi tərəfindən birbaşa əmək funksiyalarının verinə yetirilməsi nəzərdə tutulmasa belə, karantin məkanlarında keçirilən hər bir günə görə 12 is saatının ödənişi tətbiq olunacaq. Həmin ödəniş iş fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulan məbləğdə və müvafiq ay ərzində ödəniləcək. Göründüyü kimi, şirkət tərəfindən tətbiq edilən karantin dövründə iddiaçı tərəfindən müvafiq karantin məkanında (oteldə) keçirilmiş hər gün cavabdeh tərəfindən 12 saatlıq iş gününə bərabər tutularaq iddiaçıya müvafiq məbləğdə ödənişlər edilmişdir. İddia ərizəsində göstərilən başqa bir dəlil ondan ibarətdir ki, guya iddiaçı ilə əmək müqaviləsi işəgötürənin əmri ilə deyil, bildiriş vasitəsi ilə ləğv edilmişdir. Bununla əlaqədar qeyd edilir ki, iddiaçının bu dəlili də həqiqəti əks etdirmir. Belə ki, iddiaçı tərəfindən istinad edilən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli bildirişdə əslində qeyd olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən "ləğv olunacaqdır" ("ləğv olunur" deyil). Yəni sözügedən bildiriş iddiaçının əmək müqaviləsini ləğv etmir, lakin onun işəgötürən tərəfindən ləğv ediləcəyini bildirir. Bundan sonra həmin tarixdə, yəni, xx.xx.2020-ci il tarixdə, qeyd olunan bildiriş əsasında cavabdeh şirkət tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2020-ci il tarixli 528 nömrəli əmrlə ləğv edilmişdir. İddiaçı həmçinin qeyd edir ki, cavabdeh tərəfindən ona yalnız əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş verilmiş, əmrin surəti isə verilməmişdir. Bununla bağlı bildirir ki, iddiaçı tərəfindən əmrin surətinin əldə edə bilməməsi onunla bağlı olmuşdur ki, sonuncu əmrin surətinin ona təqdim edilməsi üçün cavabdehə heç vaxt müraciət etməmişdir. Həmçinin qeyd edilməlidir ki, müvafiq əmr sadə formada yazılmaqla bildirişin əsasında tərtib edilmiş və əmrin məzmununda bildirişdə göstərilənlərdən başqa hər hansı əlavə məlumatlar göstərilməmişdir. Əksinə əmək müqaviləsinin ləğvi ilə bağlı bütün təfərrüatlar məhz iddiaçı təqdim edilmiş bildirişdə qeyd edilmişdir. Odur ki, əmrin iddiaçıya təqdim edilməməsində cavabdehin hər hansı marağı olmamışdır. İddiaçının başqa bir dəlili ondan ibarətdir ki, onun əmək kitabçasında əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdeh tərəfindən edilmiş qeyd düzgün icra edilməmiş və "əmək müqaviləsinin ləğv olunması" əvəzinə iddiaçının "işdən azad olunması" qeyd edilmişdir. İddiaçının mövqeyinə görə Əmək Məcəlləsində "işdən azad olunma" termini ümumiyyətlə istifadə edilmədiyindən, belə termindən istifadə edilməklə əmək müqaviləsi ləğv oluna bilməz. Bununla əlaqədar öncə qeyd edir ki, əslində Əmək Məcəlləsinin bir sıra maddələrində "işdən azad olunma" termini istifadə edilir (məsələn, 12.1-ci maddəsinin (f) yarımbəndi; 16.1-ci maddənin ikinci paraqrafı; 27.4-cü maddə, 38.2-ci maddənin (x) yarımbəndi, 77.8-ci maddə və s.) və bütün kontekstlərdə əmək müqaviləsinə xitam verilməsi (ləğv olunması) mənasında istifadə edilir. Digər tərəfdən, hətta əmək kitabçasında termin seçimi baxımından hər hansı yanlışlıq və ya texniki səhv olsaydı, belə yanlışlıqlar müəssisə tərəfindən qəbul edilmiş əmrin etibarsızlığına heç bir halda səbəb ola bilməz. İşçi onun əmək kitabçasındakı edilmiş qeyddən narazıdırsa müvafiq düzəliş edilməsi üçün işəgötürənə müraciət edə bilər. İddiaçı tərəfindən həmçinin bildirilir ki, onunla əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Qeyd edir ki, iddiaçının bu dəlili də həqiqətə uyğun deyil. İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi müvafiq əmrlə rəsmiləşdirilmiş və həmin əmrin məzmunu 84.1-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, əmrin surətindən görünür ki, cavabdeh tərəfindən müəssisənin adı, hüquqi ünvanı, əmrin sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrin məzmununda öz əksini tapmışdır. Əmrin əsasları ilə bağlı həmçinin qeyd edilməlidir ki, bununla əlaqədar əmrdə xx.xx.2020-ci il tarixli "Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş"ə istinad edilir və əsaslarla bağlı bütün təfərrüatlar qeyd olunan bildirişdə öz əksini tapmışdır. Hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ona qoşma edilmiş bütün sənədlərlə birlikdə vahid bir akt təşkil edir və həmin sənədlərlə birgə oxunmalıdır. Əmr qanunvericiliyin bütün tələblərinə riayət edilməklə tərtib edilmişdir. İddiaçının başqa birdəlili ondan ibarətdir ki, guya cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən ləğvetmənin zəruriliyi əsaslandırılmamışdır. Bildirir ki, iddiaçının bu qeydi də həqiqətə uyğun deyil. Cavabdeh tərəfindən ləğvetmənin zəruriliyi əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdə geniş şəkildə əsaslandırılmışdır. Xüsusi olaraq qeyd edilməlidir ki, sözügedən bildirişdən də göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini zəruri edən əsas hallardan biri o olmuşdur ki, iddiaçı qeyd olunan pozuntuları təsadüfən və ya ehtiyatsızlıqdan deyil, əksinə bilərəkdən etinasızlıqla törətmiş, karantin nəzarətçilərinin çoxsaylı xəbərdarlıqlarına heç bir məhəl qoymadan, hərəkətlərinin işəgötürənin müəyyən etdiyi qaydalara zidd olduğunu bilə-bilə onları törətməkdə qəsdən davam etmişdir. İddia ərizəsində həmçinin qeyd edilir ki, guya cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən sonuncu tərəfindən əmək müqaviləsi üzrə hansı öhdəliyinin yerinə yetirilmədiyi göstərilməmişdir. Bununla əlaqədar qeyd edir ki, sözügedən dəlil həqiqəti əks etdirmir və əslində əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdə iddiaçı tərəfindən əmək müqaviləsinin 8.3-cü bəndi ilə nəzərdə tutulmuş əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı müvafiq öhdəliyin pozulduğu qeyd edilmişdir (işçi özünün və ya iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur). İddiaçı tərəfindən həmçinin qeyd edilmişdir ki, cavabdeh əmək müqaviləsinin ləğv edilməsinə dair bildirişdə Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edərək iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına işarə etmiş, halbuki iddiaçı tərəfindən guya heç bir kobud pozuntuya yol verilməmişdir. Bununla əlaqədar qeyd edir ki, əslində iddiaçı tərəfindən törədilmiş pozuntu onun həm əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halını, həm də, Əmək Məcəlləsinin 72-ci maddəsinin (e) bəndinə uyğun olaraq onun əmək vəzifələrinin kobud şəkildə pozulması halını təşkil etmişdir. Hər iki hal özlüyündə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. İddiaçının başqa bir dəlilinə əsasən cavabdeh yanlış olaraq Əmək Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş ən ağır və sonuncu intizam tənbehini tətbiq etməklə əsassız və qanunsuz davranmışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, əslində cavabdeh Əmək Məcəlləsinin intizam tənbehinə dair qaydalarına əməl etmişdir. Belə ki, ƏM 187-ci maddəsinə əsasən hadisə barədə işçidən izahatın verilməsi tələb olunmuşdur və müvafiq qərar qəbul edilmişdir. İddia Ərizəsinin 12 - 15-ci bəndlərində göstərilən dəlillərlə bağlı qeyd edir ki, həmin dəlillər işin faktiki və hüquqi hallarından çox uzaq olduğundan tamamilə əsassızdır. İddiaçı tərəfindən həmçinin qeyd edilmişdir ki, guya cavabdeh tərəfindən iddiaçıya istifadə edilməmiş 7 məzuniyyət gününə görə haqq ödənilməmiş və həmin haqqın da cavabdehdən tutularaq ona verilməsini məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar qeyd edir ki, iddiaçının tələbləri həqiqətə uyğun deyil. Qanunvericiliklə nəzərdə tutulmuş bütün ödənişlər cavabdeh tərəfindən ona təqdim edilmişdir. İddiaçının bu tələbi əsaslı olsaydı, onun tərəfindən müvafiq haqqın məbləği, hesablanma qaydası və sair məsələlər iddia ərizəsində təsvir edilərdi. Göstərilənlərdən başqa, iddiaçı tərəfindən həmçinin ona vurulmuş maddi ziyanla bağlı cavabdehdən 10000 manat tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçının bu tələbləri də tamamilə əsassızdır və heç bir halda təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən ona dəymiş maddi ziyanın konkret nədən ibarət olduğu və 10.000 manat məbləğinin necə hesablandığı iddia ərizəsində göstərilməmişdir. Eyni zamanda, iddiaçı məhkəmədən həmçinin 15000 manat məbləğində mənəvi zərərə görə pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Bu hissədə də hesab edir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, bu tələbini əsaslandırarkən iddiaçı tərəfindən istinad edilmiş Əmək Məcəlləsinin 290-cı maddəsinin qeydinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı tərəfindən yuxarıda qeyd edilən müddəaya istinad edilsə də, cavabdeh tərəfindən ona konkret olaraq hansı formada və hansı hərəkətlər nəticəsində mənəvi ziyanın vurulduğu açıqlanmamış və bununla əlaqədar hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və X8 iddia tələbini qəbul etməyib onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etdi və izah etdi ki, 2020-ci il mart ayından etibarən ölkə ərazisində koronovirus xəstəliyi ilə əlaqədar elan olunmuş xüsusi karantin rejiminə uyğun olaraq cavabdeh şirkətdə də "Koronavirus xəstəliyi dövründə özünü X16" ("Karantin Qaydaları") təsdiq edilmişdir. Qaydaların tətbiq edilməsinin zəruriliyi işçilərin sağlamlığının qorunmasından və cavabdeh şirkətinin fasiləsiz iş rejiminin təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, cavabdeh dənizdə fəaliyyət göstərdiyi üçün, gəmilərdə işləyən işçi heyət bir neçə müddətdən bir dəyişir. Belə olan halda gəmiyə gedən hər hansı işçinin koronavirus xəstəliyinə yoluxması və həmin xəstəliyin gəmidə digər işçilər arasında yayılması, həm dəniz şəraitində insanların səhhəti üçün daha böyük risk təşkil edir, həm cavabdehin işinin dayandırılması, nəticədə "BP" şirkətinin həyata keçirdiyi layihələrin dayandırılması və Azərbaycan Respublikasının iqtisadi maraqlarına əhəmiyyətli zərərin vurulması riskini yaradır. Karantin Qaydalarının 2.2-ci bəndinin ikinci paraqrafına əsasən Azərbaycanda olan və dənizə göndərilməsi planlaşdırılan işçilər dənizə getməzdən əvvəl özlərini təcrid etmə məqsədilə karantinə yerləşdirilir. Karantin Qaydalarının 2.6-cı bəndinə əsasən oteldə olduqları müddət ərzində işçilər müvafiq otelin daxili qaydalarına, habelə Oteldə Özünü X13 riayət etməlidirlər. Qeyd edilməlidir ki, 2020-ci ilin mart ayından sonra iddiaçı hər dəfə dənizə (gəmiyə) getməzdən əvvəl cavabdehin dənizdə işləyən bütün digər işçiləri kimi yuxarıda təsvir edilən qaydada müvafiq karantindən keçirdi. Qeyd edilməlidir ki, bu günə qədər iddiaçı bir neçə dəfə otel şəraitində olmaqla karantinə yerləşdirilmişdir. İddiaçının dəlillərinin sırasında qeyd edilmişdir ki, guya hadisə onun iş yerində və iş vaxtında baş verməmişdir. Bununla əlaqədar bildirirəm ki, cavabdeh şirkət tərəfindən bütün işçilərə xx xxxxxxxx 2020-ci il tarixli "Müstəsna tədbirlərin tətbiqinə dair bildiriş" təqdim edilməklə bildirilmişdir ki, x xxxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək olan müddət ərzində gəmidə işin yerinə yetirilməsi, evdə özünütəcrid və karantin məkanında keçirilən müddət üçün ödənişlər, əsas iş yeri olan gəminin "status"undan (dəniz və ya liman) asılı olmayaraq, 75% dəniz əmsalının tətbiqini nəzərdə tutacaq. Karantin dövrü "Karantin - Dəniz Əmsalı" hesab ediləcəkdir. Həmin dövr ərzində işçi tərəfindən birbaşa əmək funksiyalarının verinə yetirilməsi nəzərdə tutulmasa belə, karantin məkanlarında keçirilən hər bir günə görə 12 is saatının ödənişi tətbiq olunacaq. Həmin ödəniş iş fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulan məbləğdə və müvafiq ay ərzində ödəniləcək. Göründüyü kimi, şirkət tərəfindən tətbiq edilən karantin dövründə iddiaçı tərəfindən müvafiq karantin məkanında (oteldə) keçirilmiş hər gün cavabdeh tərəfindən 12 saatlıq iş gününə bərabər tutularaq iddiaçıya müvafiq məbləğdə ödənişlər edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Təşkilatı İB-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında dindirilən şahid X9 ifadəsində göstərdi ki, o, xxxx otelində Qonaqlarla əlaqələndirmə üzrə nəzarətçi vəzifəsində işləyir. Onun iş vaxtı səhər saat 07:00-dan axşam saat 17:00-dəkdir. O, İddiaçı tanıyır, çünki İddiaçı onun işlədiyi otelə xx xxxxxxx 2020-ci il tarixdə gəlmiş və ona otel haqqında qısa məlumat vermişdir. O, iddiaçıya sənədləri vermiş, ondan siqaret çəkib-çəkmədiyini soruşmuş, iddiaçı siqaret çəkdiyini bildirdi. İddiaçıya demişdir ki, hər saatda bir dəfə siqaret çəkə bilər. İddiaçı istədiyi vaxtda siqaret çəkmək istədiyini bildirdi. O, iddiaçıya bu məsələni şirkətlə danışmasını bildirdi. İddiaçı onun cavabına neytral qalmışdır. İddiaçı ona qarşı heç bir kobudluq etməmişdir. Hər saatda bir dəfə siqaret çəkmək şirkətin qaydalarında göstərilmişdir. Həmin qaydalar onlara şifahi deyilmişdi və onlar da qonaqlara bu barədə deyirdilər. Məhkəmə iclasında dindirilən şahid X5 ifadəsində göstərdi ki, o, xxxx otelində Qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyir. O, İddiaçı heç vaxt görməmiş, onunla yalnız 16:30 radələrində telefonla əlaqə saxlamışdır. Qonaq iki dəfə resepşna narazılıq etdiyi üçün ona bu barədə məlumat verildi və o da, qonağın qaldığı otağa zəng etdi. Qonaq ona bildirdi ki, siqaret çəkmək üçün uyğun otaq istəyir. O, qonağa bildirdi ki, saatda 10 dəqiqə siqaret çəkə bilər. Qonaq bildirdi ki, o, bu qaydalarla razı deyil. Hoteldə onlar siqaret çəkənlərə iki şərt qoyurlar: ya başqa otaq versinlər ki, orada siqaret çəksin, ya da, bəlli saatlarda siqaret çəksin. Onlar qonağı buna məcbur etmirlər, mümkün olan seçimləri qonağa təklif edirlər. O, qonağa bildirdi ki, 2-3 günə otaq boşalacaq və ona həmin otağı verərlər ki, o, otaqdan çıxmadan siqaret çəkə bilsin. Lakin qonaq bununla razılaşmadı və bildirdi ki, o yalnız saatda iki dəfə siqaret çəkmək istəyir. O buna etiraz etdikdə, qonaq bildirdi ki, buna görə oteli məhkəməyə verəcək. Ona görə də, o, Saipem şirkəti ilə danışıb ona bu barədə məlumat verəndə, şirkət bundan razı qalmadı. O, şirkətin razı qalmadığını qonağa bildirəndə, qonaq əsəbiləşdi. Səhər işə gələndə, o, qeydiyyat jurnalında iddiaçının gecə saatlarında otaqdan çıxdığına dair qeydlə tanış oldu. Halbuki gecə saat 12-dən terras bağlanır və ora çıxmaq qadağandır. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Təqdim olunmuş “işəgötürən” “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi N.Əfəndiyeva ilə “işçi” İddiaçı arasında bağlanmış EA0846-971633 saylı, xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Takelajçı” vəzifəsinə işə götürülmüşdür. Təqdim olunmuş “işəgötürən” “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi N.Əfəndiyeva ilə “işçi” İddiaçı arasında bağlanmış EA0846-971633 AEA 4 saylı, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə düzəlişdən görünür ki, bu Müqavilə 1611.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olacaq. Təqdim olunmuş “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının TO- 971633-528 saylı, xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, takelajçı İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilir. Əmrin verilməsinə əsas kimi əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göstərilmişdir. Təqdim olunmuş “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən təsdiq edilmiş "Koronavirus xəstəliyi dövründə özünü X16"nın ("Karantin Qaydaları") 1.3-cü bəndindən görünür ki, yerli işçi heyət Fərdi özünü təcrid haqqında Ümumi Qaydalara uyğun olaraq öz evlərində 7 gün müddətində özünü təcrid etməlidirlər. Fərdi özünü təcrid haqqında Ümumi Qaydalar həmin işçiheyətin özünütəcrid müddətinin başlanmasından əvvəl onlara təqdim edilir və onlar tərəfindən imzalanır. Evdə özünütəcridin sona çatmasından bir neçə gün (bir qayda olaraq 3 gün) əvvəl həmin işçilər yaxma analizi verir və yaxma analizinin nəticəsi mənfi çıxdıqdan sonra Saipem tərəfindən müəyyən edilən Otelə yerləşdirilir. Həmin Oteldə onlar əlavə olaraq 7gün müddətinə “Oteldə Özünütəcrid Qaydaları Qəbul” şərtlərinə uyğun olaraq özünü təcrid edirlər. "Koronavirus xəstəliyi dövründə özünü X16"na ("Karantin Qaydaları") əlavə edilmiş “Otellərdə fərdi karantində qalanlar üçün ümumi qaydalar və tövsiyələr”dən görünür ki, oteldə yalnız otelin icazə verdiyi yerlərdə siqaret çəkilməsinə icazə verilir. Otelin qaydasını pozanlara qarşı siqaret çəkmək intizam tədbirləri həyata keçiriləcək. Təqdim olunmuş təhlükəsizlik üzrə koordinator Anar Gülablı tərəfindən cavabdeh şirkətə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 1012 saylı otaqdakı qonaq İddiaçı (dünən saat 12:00-da qeydiyyatdan keçən Saipem əməkdaşı) nalayiq şəkildə davranmağa başladı və bütün karantin qaydalarını tamamilə görməməzliyə vurdu, siqaret çəkmə vaxtı rejimini pozdu – yüksək səslə danışırdı, söyüş söyürdü, səbəbsiz otaqdan çıxırdı, hədələyici və təhdid edici nitqdən istifadə edirdi. Onun ümumi olaraq otağını tərk etdiyi vaxtları göstərən xülasə: 12:50-12:57-terras; 13:48-13:49-mərtəbədəki mühafizə xidmətinin otağı; 14:20-14:36-terras; 15:05-15:52-terras; 16:26-17:32-terras; 18:58-19:18-terras; 19:56-19:57-lobbi (əsas girişin qarşısındakı koridor); 19:57-20:13lobbi (əsas girişin qarşısındakı koridor); 20:13-20:23-çöl; 20:23-20:24-lobbi (əsas girişin qarşısındakı koridor); 20:24-20:25-çöl; 20:25-20:36-lobbi (əsas girişin qarşısındakı koridor); 20:37-otağına qayıtmışdır. Dünən dəfələrlə Karantin Qaydalarını, proseduru və sair məsələləri izah etməyə çalışsalar da, təəssüf ki, o yenə də təkidlə siqaret çəkmək üçün ona otağın ayrılmasını tələb edirdi. Bu gün səhər saat 09:00-da onların heyəti növbəyə gəldikdə, otelin mühafizəsi yuxarıda qeyd edilən qonaq barədə onlara şikayətini bildirmişdir, belə ki, o, gecə vaxtı bir neçə dəfə otağını tərk etmiş, bütün qaydalara saymamazlıq göstərmiş və hətta resepşında oturan xanım işçini təhqir etmişdir. Nəhayət saat 10:00-da qonaq oteli tərk etmişdir. İddiaçının iddia tələbinin hüquqi əsasına, yəni onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən orada göstərilən əsasların onun əməllərində mövcud olmaması iddiasına qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki işin materiallarında olan “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının TO-971633-528 saylı, xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, takelajçı İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir. Həmin əmrə əsas kimi göstərilən və iş materiallarına əlavə olunmuş “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı ünvanlanmış HR/AFA/4402/20 saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə Bildirişdən görünür ki, yeni koronavirus pandemiyası ilə bağlı qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində o, təhkim olunduğu gəmidə iş növbəsinə başlamazdan öncə 7 günlük karantin keçmək üçün 19.10.20-ci il tarixində “xxxx” otelinə yerləşdirilmişdir. Şirkətin Landmark İ ofisində şifahi müzakirə zamanı o, otelə yerləşdirildikdə karantin qaydaları barədə ətraflı təlimat aldığını təsdiq etmişdir. Karantin vaxtı digər tələblərlə yanaşı otelini tərk etməmək, müvafiq qoruyucu maskalardan istifadə etmək, eləcə də, digər adamlarla sosial məsafə saxlamaq tələb olunurdu. Qeyd olunan təhlükəsizlik tədbirlərinin bir hissəsi kimi siqaret çəkmək üçün də müəyyən cədvəl yaradılmışıdr. Halbuki o, oteldə yerləşdiyi ilk gündən atrıq dəfələrlə öz otağını və oteli tərk edərək, qoruyucu maska taxmayaraq karantin qaydalarını kobud şəkildə pozmuşdur. Otelin işçiləri onu karantin qaydalarına riayət etməyə dəvət etsələr də, o, siqaret çəkmək üçün müəyyən olunmuş cədvələ riayət eləməkdən boyun qaçırmış və istədiyi zaman siqaret çəkəcəyini qeyd etmişdir. Eyni zamanda onun aqressiv davrandığı, səsini qaldıraraq danışdığı və nalayiq sözlərdən istifadə etdiyi barədə məlumat verilmişdir. Onun davranışı və karantin rejimini pozduğunun təsdiq olunduğunu nəzərə alaraq otel işçiləri onun oteli tərk etməsini tələb etmişdir. O, oteli tərk etməkdən imtina etmiş, aqressiv davranış sərgiləmişdir. Onun yol verdiyi qayda pozuntuları ən əsası həm onun, həm də digər işçi heyətinin sağlamlığını ciddi təhlükə altına atmış, eləcə də, bu çətin şəraitdə dənizdə iş əməliyyatlarının gedişatının pozulmasına zəmin yaratmışdır. Bu cür laqeyd davranış sosial məsuliyyətsizlik, qoyulan qaydalara məhəl qoyulmaması yolverilməz olmaqla AR Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin, eləcə də, Şirkətin müəssisədaxili qayda-qanunlarının pozuntusu hesab olunur. Buna görə də, AR Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrini kobud şəkildə pozduğu üçün onunla bağlanmış əmək müqaviləsi həmin Məcəllənin 72-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən ləğv olunacaqdır. Cavabdeh tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə olunmuş İddiaçı xx.xx.2020-ci il tarixli izahatından görünür ki, o xahiş etmişdir ki, 1 saata 2 dəfə siqaret çəksin və onlar buna razı olmamışlar. Sonra ona demişlər ki, “sən oteli tərk et” və sonra tanımadığı bir şəxs yaxınlaşıb ona demişdir ki, “sən getsən səni postpatrul tutacaq”. O, oteldə verilən otağa gedib yatmışdır. Səhər onu çağırıb dedilər ki, “sən oteldən çıxarsan”. Onlar telefonla danışıb ona telefonu verdilər. Telefonda danışan adam ona dedi ki, “gəl ofisə”. O da ofisə getdi. Otel işçiləri deyblər ki, o söyüş söyüb. Yalan məlumatdır. O onlardan xahiş etmişdir ki, ona 2 dəfə siqaret çəkməyə icazə versinlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur. Belə ki, məhkəmə iclasında verilən izahatlardan, şahid ifadələrindən iddiaçının karantində olan işçilərin siqaretçəkmə qrafikinə uyğun olaraq saatda bir dəfə deyil, iki dəfə siqaret çəkmək üçün müraciət etməsi öz əksini tapmışdır. Bununla yanaşı, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən hər hansı kobud hərəkətlərə yol verilməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, işlədiyi müddət ərzində iddiaçı əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olub-olmadığı araşdırılmamış, iddiaçıya istinad olunan pozuntunun onun barəsində müvafiq intizam tənbehinin tətbiqinə əsas verib-vermədiyi aydınlaşdırılmamış və beləliklə, əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin İİ hissəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində müəyyən olunmuşdur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (Əmək Məcəlləsinin 71-cü mad. 3-cü bən.). Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə hərəkətlərini obyektiv və əsaslı kimi qiymətləndirmək olmaz və deməli, iddiaçının işdən azad edilməsinin qanunun tələblərinə uyğun hesab edilməsi üçün əsaslar yoxdur. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən işçi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifədən azad olunması açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi 7 günə görə istifadə edilməmiş məzuniyyət pulunun, 10000 manat maddi və 15000 manat mənəvi ziyan olmaqla pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir, belə ki, həmin hissədə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında lazımi sübutlarla təsdiq etmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020ci il tarixli 528 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar